Bu ilin may ayının əvvəlində Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının qərarı ilə Ankarada yaradılan Əhməd Cavad adına İnstitut Türkiyədə “Çırpınırdı Qara dəniz” adlı məşhur mahnının ilk ifasının 100 illiyinə həsr olunmuş konsert təşkil etməyi planlaşdırır.
Sözcü.az AZƏRTAC'a istinadən xəbər verir ki, institutun rəhbəri, MHP liderinin baş məsləhətçisi, türkoloq, professor Ruhi Ersoy “Anadolu” Agentliyinə görkəmli Azərbaycan şairi və maarifçisinin irsinin təbliği ilə bağlı planlarından söz açıb.
Onun sözlərinə görə, bu günlərdə rəhbərliyin iclasında institutun fəaliyyətinin prioritet istiqamətləri müəyyənləşdirilib, Əhməd Cavadın xatirəsinə həsr olunmuş konsertin keçirilməsi qərara alınıb.
“Çırpınırdı Qara dəniz” mahnısı ilk dəfə 8 oktyabr 1924-cü ildə Qarsda Türkiyənin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün səfərlərindən birində səsləndirilib. Bu hadisənin yüzüncü ilində Ankarada konsert proqramı təşkil etməyi planlaşdırırıq. Məsələ Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestri və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə müzakirə olunur”, - deyə Ruhi Ersoy bildirib.
İnstitutun fəaliyyət planlarında məşhur Azərbaycan şairinin adının məktəblərə, küçələrə və təhsil mərkəzlərinə verilməsi ilə bağlı qərarların da imzalanması nəzərdə tutulur.
Bundan əlavə, Əhməd Cavadın həyat və fəaliyyəti mövzusunda qısametrajlı, sənədli və bədii filmlərin çəkilişi, bioqrafik çap nəşrinin hazırlanması nəzərdə tutulur.
“Gündəliyimizdə Kahramanmaraşda inşa edilən “Azərbaycan” məhəlləsində şairin adının əbədiləşdirilməsi məsələsi də var. Əhməd Cavad haqqında məlumat Türk dünyasının maariflənməsinin simvollarından biri kimi institutumuzun saytında da yerləşdiriləcək. Türk dünyasının gənc nəsli belə görkəmli şəxsiyyətlərdən xəbərdar olmalıdır” - deyə o, əminliyini ifadə edib.
Sözcü.az