11:50 Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev dəfn olunub. Sozcu.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında Əməkdar artist Tünzalə Əliyevanın məzarının yaxınlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, incəsənət xadimləri, sənət dostları, yaxınları iştirak ediblər. Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 19 iyun 1968-ci ildə İrəvan şəhərində xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. 1985-ci ildə İrəvan şəhəri M.F.Axundov adına orta məktəbi bitirib. 1987-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram rejissoru fakültəsində təhsil alıb. Oqtay Əliyev 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb. O, ötən gün Saray qəsəbəsi yaxınlığında baş verən qəzada dünyasını dəyişib.
Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti, şəhid Rövşən Nurzadənin atası Əli Nur vətənpərvərliyin içdən gələn duyğu olduğunu və hər kəsdə olmadığını bildirib: “Biri var, vətənpərvərlik, biri də var vətən oğruları. Vətənpərvər insanlar ailədə bu cür yetişir, belə tərbiyə olunur və vətəni, dövləti, xalqı, milləti sevirlər. Onlar bu vətən uğrunda canlarından keçən insanlardır. Mən şəhid olan oğlum Rövşəndən misal gətirəcəyəm, o, “İstanbul” restoranını işlədirdi, iki övladı, cavan xanımı var idi, amma müharibə vaxtı bir kəlmə dedi ki, vətən məni çağırır, getməliyəm. O komissara dedi ki, cavan, 18-19 yaşlı uşaqlar düşmənlə bacara bilməz, ora təcrübəli, mənim kimi zabitlər lazımdır. Özü və onunla bərabər 5 zabit dostu döyüşə getdi. Füzulidə, Cəbrayılda, Qubadlıda vuruşdu, Şuşa uğrunda döyüşdə yaralandı, yaralananda ona morfin vuruldu və hayqırdı ki, qələbəni birimiz canımız, birimiz qanımızla almalıyıq! Amma həmin dövrdə Azərbaycanın bütün məmur, nazir və millət vəkilinin balaları hamısı qaçıb Dubaya, Londona, Avropaya, Amrikaya getdilər. Mən bu haqda prezidentə də müraciət etmişdim. Onlar müharibədən sonra, qələbə qazanandan sonra Bakıya qayıtdılar, atalarının aldığı bahalı maşınlara minib bayraqları çıxarıb şou yaratdılar. Amma əslində həmin adamlar hamısı fərari idilər. Onlar vətənin, dövlətçiliyin düşməni idilər, lakin görün necə şou yaratdılar. Onların hamısını, ataları ilə bir yerdə içəri basmaq lazım idi”. Sənətçi İkinci Qarabağ Müharibəsi dövründə ölkədən qaçan məmur övladlarını sərt şəkildə tənqid edib: “İkinci Qarabağ müharibəsində 3 min şəhid verdik. O şəhidlərin hamısı kasıb balaları idi. O qaçanlara isə Azərbaycanın pulu lazımdır. Onlara məhz pul lazımdır ki, gedib xaricdə villa alsınlar, otel tikdirsinlər, şirkət qursunlar, kef çəksinlər. Bunlarda milli hiss yoxdur. Milli hiss genlə gəlir, nəsildə olur, evdə aldığı tərbiyədən gəlir. Bir yəhudi misalı var: deyir ki, bir insan 3 nəfər siyasətçi ilə oturub-dursa, 4-cü siyasətçi olacaq, vətənpərvərlə oturub-dursa özü də elə olacaq və narkomanla oturub-dursa, 4-cü narkoman elə özü olacaq. Bunlarda vətənpərvərlik, dövlətə xidmət hissi yoxdur! Onlar gözüyumulu yaşayırlar, çünki hamısının genində qarışıqlıq var, onlarda ya erməni, ya da rus qanı var. Müharibə vaxtı ölkədən qaçan bu adamlar indi milyonlar qazanırlar”.
Bu gün ölkəmizdə ilaxır çərşənbələrin üçüncüsü, Yel çərşənbəsi qeyd olunur. El arasında bəzən Yel çərşənbəsində “Küləkli çərşənbə” də deyirlər. İnanca görə, yel hava, həyat, təbiətin yenidən doğulması anlamına gəlir. Qeyd edək ki, bir çox bölgələrdə çərşənbələrin yeri dəyişdirilir. Məsələn, bu gün əksəriyyət Yel çərşənbəsini qeyd edirsə, ayrı-ayrı bölgələrdə, məsələn, Naxçıvanda Torpaq çərşənbəsi kimi qeyd olunur. Hətta bu barədə folklorşünas və araşdırmaçıların da fikirlər üst-üstə düşmür. İddialara görə, “Avesta”da Novruz bayramının və çərşənbələrin kifayət qədər açılımı verilib və izah olunub. Belə ki, “Avest”ya görə, ilk tanrı Ahura Məzdadır. O, ilk olaraq dünyadakı xaos və qarışıqlıqdan suyu ayırıb. İkinci isə Günəşin istisi ilə suyun müəyyən hissəsini buxarlandıraraq xassələrə ayırıb və bu zaman torpaq üzə çıxıb. Daha sonra isə hava və yel digər varlıqları hərəkətə gətirib. Bu baxımdan üçüncü çərşənbənin Torpaq, sonuncu çərşənbənin isə Yel çərşənbəsi kimi keçirilməsinin doğru olduğu iddia edilir. Ümumiyyətlə, çərşənbələrlə adət-ənənəni araşdıranda müxtəlifliyə rast gəlirik. Tədqiqatçılar həmrəy olub, əsl sıralamanı verə bilmirlər. Yel çərşənbəsinin adət-ənənələrinə gəldikdə, bu çərşənbə də digər xüsusiyyətlərinə görə fərqlənir. Məhz bu çərşənbədə evlərdə təmizlik işləri aparılır, hər tərəf səliqəyə salınır. İnanca görə, yel, külək insanlara xoş təəssürat bəxş edəcək. Belə ki, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Bu barədə folklorumuzda müxtəlif əfsanələr, rəvayətlər, nəğmələr də mövcuddur. Yel çərşənbəsinin unudulmuş adətləri “Yüyət günü”: Yel çərşənbəsində “yüyət günü”nü mütləq keçirərdilər. Bu adət son illərə qədər az da olsa bəzi kəndlərdə qalırdı. Bu gün insanın özü təmizlənməklə yanaşı, ev-eşiyini də səliqəyə salır, həyət-bacasını təmizləyir. Bu, iməclikdən başqa, həm də bir ayin, inancdır. Yel çərşənbəsində həyata keçirilən qədim adətlərin bəziləri bunlardır: Cıdır falı: bunu oğlanlar icra edir. Kəndin cavanları cıdıra gedər, hansısa atı ürəyində nişanlayıb niyyət tutardılar. Kimin işarələdiyi at birinci olardısa, o zaman həmin adamın niyyəti yeni ildə gerçəkləşə bilərdi. Buradakı at və cıdır isə qədim türkün düşüncə sistemindən qopmadır. Həm də yel kimi sürətli olan atın sahibini il ərzində bolluq, ruzi gözləyirdi. Hər halda, insanlar buna inanırdılar. Çökə: Bu, unudulmuş adət yox, unudulmuş şirniyyat növüdür. Bizim bildiyimiz şəkərburaya oxşasa da ondan əsaslı dərəcədə fərqlənir. Üzərindəki işarələr qədim xalqımızın mifoloji düşüncəsini özündə əks etdirib. Çökə ilk olaraq evə gələn qonağa verilirdi. Başmaq falı: İlaxır çərşənbə axşamı ərgən qızlar evin qapısından arxası həyətə doğru qalıb sağ çiyin üzərindən başmaq tullayırlar. Əgər başmağın burun tərəfi evə daban tərəfi yola sarı düşərsə deməli, qarşıdakı il həmin qız yenə də bu evdə qalacaq. Yaxud əksinə olarsa, o zaman çox yaxında xeyir xəbər eşidəcəklərinə inanırlar. Buradakı başmaq isə arxaik dünyagörüşlə əlaqədardır. Yel çərşənbəsinin inancları Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var. Məsələn, “Yel əsib qoz tökülüb”, “Yelnən gələn selnən gedər”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Külək kimi hərdən bir yana əsmə”, “Yel əsir, yengələr oynayır”, “Yel aparan yelinki, yerdə qalan mənimki”, “Kələknən gələn, küləknən gedər”, “Yel qayadan nə aparar”... Qeyd edək ki, xalq təqviminə əsasən Yel çərşənbəsi martın 7-nə, sonuncu ilaxır, Torpaq çərşənbəsi isə martın 14-nə təsadüf edir. Azərbaycan ərazisinə baharın gəlişi isə martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək. Martın 19-u ölkəmizdə bayram axşamı, 20-si isə bayram günü kimi qeyd ediləcək.
“Hal-hazırda Mingəçevir Dram Teatrında müqavilə ilə çalışıram. Sağ olsun, teatrın direktoru İntiqam Soltan məni dəvət edib. Burada mənimlə bərabər bizim hörmətli aktyorumuz Natiq Fərzəliyev də çalışır. Əli Əmirlinin “Varlı qadın” tamaşasını hazırlayıram. Tamaşanın rejissoru mənəm, özüm də oynayıram. Bu tamaşa bir çox teatrlarda səhnələşdirilib, bizim teatrda da olacaq. Yəqin ki, tamaşaçılarımızı bu tamaşa vasitəsilə teatra cəlb edə biləcəyik”. Bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov deyib. “Uzun illərdir çalışdığım Sumqayıt Dövlət Dram Teatrından yaşa görə işdən azad olundum. 70 yaşım var. Təklif olundu ki, müqavilə ilə çalışaq, mən razı olmadım. Bu mənə çox toxundu. Bəzən sual verirlər ki, “Valeh müəllim, filmlərdə niyə çəkilmirsiniz?”. Çəkilmirsiniz sözü bir az böyük çıxır. Çəkən yoxdur axı. Çəkən olsa çəkilərəm. Bəlkə də düşünürlər ki, qiymətim bahadır. Amma elə də fövqəlada qiymətə çəkilmirəm. Teatra, filmə gənc aktyor da lazımdır, qoca da. Gənc aktyorun başına pudra töküb ağartmaqdansa, elə ağsaqqal aktyorunu çək də. Bu gün bizim sahədə yoldaşlıq, dostluq, qohumbazlıq daha böyük rol oynayır. Bu problemlər insanları sənətlə məşğul olmağa qoymur. Hər kəs öz dostunu, qohumu çəkir. Hətta zəif də olsa belə deyir ki, mənə qəbuldur. Belə olan halda da sənət uçuruma gedir. Bu sənət deyil, özfəaliyyətdir. Bəzən özüm haqda eşidirəm, rejissorlar deyir ki, “Nə qədər rol oynasa da, Moşudur da, ona nə rol verək?”. Bu düzgün yanaşma deyil, bu sözü yalnız aciz rejissorlar deyə bilər” deyə sənətkar bildirib. Xalq artisti “Bəxt üzüyü-2” filmində əməkdar artistlər Gülşad Baxşıyeva və Ayşad Məmmədovun çəkilməməsinə bu cür aydınlıq gətirib. “Gülşad xanımdan xəbərim yoxdur, amma Ayşada şəxsən özüm demişəm. Dedi ki, istəmirəm. İstəmirsən sağ ol da. Ramiz Əzizbəyli filmi tam başqa cür çəkmişdi, Tahir İmanov isə tam başqa cür. O tragikomediya idi, bu isə komediya. Şekspirin “Hamlet” əsərini dünyanın bütün teatrları səhnələşdirib, hər kəs də özünəməxsus şəkildə. Bəlkə sabah “Bəxt üzüyü” filmini bizdən yaxşı çəkəcəklər?! Heç kimi qınamaq olmaz” deyə sənətkar bildirib. Xalq artisti şəxsi həyatından da danışıb. “O vaxt aktyor olduğum üçün qızlarını mənə vermirdilər. Aktyorluğu hamı qəbul etmirdi. Heç mənim atam da sənətimi qəbul etmirdi. Qaynatama demişdilər ki, aktyor deyil, rejissordur. Demişdi ki, “bu lap pis, rejissor aktyorlara, aktrisalara qucaqlaşmağı, öpüşməyi öyrədir” (gülür). Bir neçə ay qapılarına gedib-gəldik. Sonunda nəhayət ki, evləndik. Həyat yoldaşım artıq həyatda yoxdur. İkinci dəfə evlənməyi özümə rəva bilmirəm. Teatrda rolu iki nəfərə verirlər, biri o birini əvəz edir. Buna teatr dilində dublyor deyirlər. Mən ikinci qadını dublyor hesab edirəm. O nə məni, nə də ki, övladlarımı sevə bilməz” deyə sənətkar bildirib.
Əbülfəs Qarayevin 2020-ci il may ayının 21-də Mədəniyyət naziri vəzifəsindən azad olmasından sonra bu qurum ətrafında yaranmış ajiotaj səngimək bilmir. Yenisabah.az xatırladır ki, ölkənin ən stajlı nazirlərindən biri olan Ə.Qarayev istefaya göndəriləndən sonra onu bir müddət keçmiş diplomat Anar Kərimov əvəz etdi. Amma A.Kərimovun sələfini əvəzləməsi çox da uzun çəkmədi. Ötən il dekabr ayının 22-də A.Kərimov da dövlət başçısının imzaladığı sərəncamla vəzifəsindən azad edildi. Sabiq Mədəniyyət nazirinin hansı səbəbdən “vurulduğu” bu günə kimi ictimaiyyətə qaranlıq qalır. Ə.Qarayevin xələfinin cəzalandırılmasıyla bağlı müxtəlif mülahizələr irəli sürülsə də, bu barədə heç bir rəsmi açıqlama verilməyib. Qeyd edək ki, A.Kərimov gözlənilmədən işdən çıxarılandan sonra bu qurumun fəaliyyəti ən müxtəlif aspektlərdən təftiş olundu. Məlum oldu ki, A.Kərimovun çox da uzun çəkməyən fəaliyyəti dövründə ciddi qanun pozuntularına yol verilib. Külli miqdarda dövlət əmlakının mənimsənilməsi ilə bağlı faktlar hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində öz təsdiqini tapdı. Başda Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev olmaqla, qurumun bir neçə vəzifəli şəxsi də DTX tərəfindən saxlanıldı. Onların vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlarla manat dövlət əmlakını mənimsədiyi məlum olub. “Sağ əli” E.Əliyevin və Mədəniyyət Nazirliyinin bir neçə yüksək rütbəli şəxsinin həbs olunmasına baxmayaraq, A.Kərimov yenə bəlli olmayan səbəblərdən bütün təhlükələrdən sığortalana bildi. Mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin bu gün verdiyi açıqlamalar isə göstərir ki, sələfinin başı hələ də dərddədir. Belə ki, A.Kərimli bu gün sələfinin dövrünə aid xeyli qanun pozuntusunun üstünü açıb. Hazırda nazir vəzifəsini icra edən birinci müavin sələfinin dövründə qeyri-ixtisas sahiblərinin Mədəniyyət Nazirliyində işə götürüldüyünü etiraf edib. A.Kərimli deyib ki, hazırda Mədəniyyət Nazirliyinin tabeliyində 41 min nəfər çalışır. Onların cəmi 7%-i mədəniyyət sahəsi üzrə təhsil alıb. Nazir vəzifəsini icra edən Adil Kərimlinin sonrakı açıqlaması isə növbəti biabırçılığa işıq salıb. Məlum olub ki, Anar Kərimovun təxminən 2 il davam karyerası dövründə təkcə qeyri-ixtisas sahibləri deyil, hətta heç bir ixtisas sahibi olmayan adamlar da Mədəniyyət Nazirliyində müxtəlif postlara sahiblənə biliblər. Onların hansı yolla qurumun sıralarına yol tapması isə bəllidir. A.Kərimovun nazir işlədiyi dövrdə rüşvətlə, o cümlədən dostluq, şəxsi tanışlıq hesabına təyinatlar həyata keçirdiyi heç kimə sirr deyil. “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, A.Kərimovun nazir işlədiyi dövrdə ən böyük qanunsuzluqlar regionlarda baş verib. A.Kərimovun “zəif damarı”nı tutan bəzi işbazlar Mədəniyyət Nazirliyinin regional strukturlarındakı yüksək vəzifələrə təyinatlar ala biliblər. Onlar arasında baytar, aqronom, mühasib, feldşer, hətta ginekoloq ixtisasına sahib olan şəxslərin də olduğu bildirilir. Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli bu sektorda çalışanların 93%-nin qeyri-ixtisas sahibi olduğunu deməklə, əslində, bunu nəzərdə tutub.
“O məni depressiyaya saldı, daim filmlərdə çəkilən aktyor üçün bu olduqca çətin idi...” “Bütün rollarım mənim bir taleyimdir. Həmişə düşünmüşəm ki, yaxşı ki, o filmlərdə çəkilmişəm. Su gələn arxa bir də gələr. Bu barədə mən xoşbəxt aktyoram ki, qismətimə yaxşı rollar düşüb. Çox vaxt istedadlı aktyorlar olur, amma onlara yaxşı rollar rast gəlmir”. Sozcu.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevimli sənətkar Rasim Balayev deyib. “Uğur qazanmaq üçün, yaxşı aktyor olmaq üçün 3 şey vacibdir. Təbii ki, birinci fitri istedadın olmalıdır. Zəhmətkeş, əməksevərlik də öz yerində. Bir də bəxt, şans. Bunların üçü birləşəndə müəyyən bir uğura nail olursan. Bunlardan biri olmayanda görürsən ki, çətindir. 40 il bilməmişəm ki, illərim necə keçib. Bir də ayılıb görürdüm ki, artıq ilin əvvəlidir. İki filmdə burada çəkilirdim, ikisinə xarici ölkədə, sonra gəlirdim burada dublyaj edirdim. O qədər iş-güc olurdu ki, zamanın necə keçdiyindən xəbərim olmurdu” deyə sənətkar bildirib. Rasim Balayev deyir ki, aktyor filmə çəkilməyəndə də xəstələnir. “Kinoya çəkilmək üçün aktyor sağlam olmalıdır. 6 il evdə oturdum, filmlərə çəkilmədim. Daim filmlərə çəkilən aktyor üçün bu çox çətin idi. Bu isə məni depressiyaya saldı. Sonra belimdə ağrılar başladı. "Babək" filmində iki dəfə atdan yıxılmışdım. O vaxt hiss eləmirdim, sonradan belimdəki ağrılar üzə çıxırdı. Belimdə yırtıq var. Gənclik illərimdə idmanla biləvasitə məşğul olmuşam. Daha çox futbol, voleybol oynamışam. Filmlərdə çəkilirdik, at çapırdıq, bunun özü elə bir idman idi də. “Babək”, “Dədə Qorqud”, “Nəsimi” filmlərində bu cür səhnələr daha çox idi. İndi müalicəvi idmanlar var ki, həkimin məsləhəti ilə onları edirəm. İmkanım və həvəsim olanda bir az təmiz havada gəzirəm. Artıq yaş da, o yaş deyil. Aktyor çəkilməyəndə də xəstələnir, sağlamlığı sözünə baxmır. Gənc ikən özümüzə qulluq etməliyik ki, yaşa dolanda səhhətimiz heç olmasa normal olsun” deyə sənətkar bildirib. Sənətkar kino sahəsində hələ də çatışmazlıqların olduğunu bildirib. “Bizim kinomuz hər zaman güclü olub, irəlidə olmuşuq. O vaxt Türkiyədə güclü senarilərlə filmlər çəkilmirdi. Onlarda bu sahə birdən-birə irəliyə getdi. Bizdə televiziya olanda heç Türkiyədə olmayıb. Bilirsiniz Türkiyədə kino və serial sahəsi niyə inkişaf etdi? Çünki gənclərini o illərdə xarici ölkələrə təhsil almağa, təcrübə toplamağa göndərdilər. O gənclər də öz ölkələrinə gəlib kinonu irəli apardılar. Bu gün ara-sıra bəzi baxımlı, maraqlı filmlər çəkilir, amma senariləri bir o qədər də güclü deyil. Bu sahədə naşi insanlar da çoxdur. Rejissorluqdan başı çıxmayan insan film çəkir. Toy operatorları serial çəkir. Çox təəssüf ki, bu sahədə peşəkarlardan, onların əməyindən istifadə olunmur. Aktyoru rejissor yetişdirir, o əsərlərdə parıldayıb, sevilir” deyə sənətkar bildirib.