Mühacirətdə yaşamı və mübarizəsi Anadan olmasının 150 illiyinə həsr olunur V Hissə Xəlil bəy Xasməmmədlinin mühacirət həyatı çox ağır və keşməkeşli olub. Mühacirətdə olduğu zaman sovetlərə qarşı mübarizənin ən fəal simalarından biri kimi müəyyən təşkilat və mərkəzlərin təsis edilməsində yer almışdı. Hər zaman olduğu kimi yenədə amalı vətən və millət olmuşdu. Onun 1921-ci il 23 may tarixli Əbdüləli bəy Əmircanova Parisdən ünvanlanmış məktubu bu baxımdan çox əhəmiyyətlidir : . “Hörmətli Əbduləli bəy! Sizin may tarixli məktubunuza cavab olaraq bildirirəm ki, mənim sərəncamımda bizim həmyerlilərimizə - qacqınlara kömək üçün heç bir maliyyə yoxdur. Parisdəki Sülh Konfransının nümayəndələri tərəfindən bir neçə adama müəyyən dotasiya verilir ki, onların da siyahısı bizim indiki konsulluqdadır. Sizin xatırlatdığınız 25 min frank, həqiqətən, bizim nümayəndəliyin dediyi F.B.Vəkilovun adına göndərilib. Bu pul Vəkilova və onun iki dostuna ödənilməsi, eləcə də, işin təşkil olunması üçün ayrılıb. Hazırkı şəraitdə vəziyyətin dəyişdiyini nəzərə alıb yazılı şəkildə Vəkilovdan xahiş etmişəm ki, həmin pulun ikinci iş üçün nəzərdə tutulan hissəsi Azərbaycanın harasında qeydiyyatından asılı olmayaraq Anadoluda yaşayan qacqınlara verilsin. Bununla birgə təklif etmişəm ki, ona ayrılan pul yerlərdəki qacqın təşkilatlarına verilsin. X.Xasməmmədli(1, 228). 20-ci illərin əvvəllərində Müsavat Partiyasının Xarici Bürosu təsis edilir və Xəlil bəy Xasməmmədli həmin büronun əsas rəhbər şəxslərindən biri idi. Belə ki, Xarici Büro bütöv partiyanın fəaliyyətinə rəhbərlik edən bir orqan idi və yarandığı vaxtdan etibarən Azərbaycandakı gizli Müsavat təşkilatı ilə əlaqəyə girmişdi. Büronun MK-sı nisbətən geniş tərkibə malik olduğundan, əsas məsələlər partiyanın Başqanı M. Ə. Rəsulzadənin rəhbərlik etdiyi üçlüyün-Rəyasət Heyətinin qərarı ilə həll edilirdi. Bu üçlüyə Başqandan əlavə iki nəfər-Xəlil bəy Xasməmmədli və Məmməd Sadıx Axundzadə də daxil idi. Azərbaycandakı gizli Müsavat MK-sının tərkibini ancaq üçlüyün üzvləri bilirdi, gizli Müsavat MK-sı da öz növbəsində üçlüyün göstərişləri və qərarları ilə hərəkətə edirdi. “Azərbaycan haqqında ayda bir dəfə Partiyanın Başqanı məruzə edirdi. Bu məruzələr ümumi məlumat xarakterli olduğundan mübahisələr doğurmurdu(2, 95). 1927-ci il fevralın 26-da İstanbulda Azərbaycan Milli Mərkəzi yaradıldı. Mərkəzin sədri Ə. Topçubaşi, baş katibi M.Rəsulzadə, xəzinədarı Ə. Əmircanov idi(4, 220). Həmin mərkəzin əsas üzvülərindən biri Xəlil bəy idi. Mərkəzin əsas fəaliyyət yeri İstanbul olduğundan Xəlil bəy onun işində fəal iştirak edirdi. Xəlil bəy Xasməmmədli mühacirətdə Azərbaycan istiqlalı uğrunda mübarizənin önündə dayanan Əlimərdan bəy Topçubaşi, M.Ə.Rəsulzadə, Xosrov bəy Sultanov kimi əsas simalardan biri sayılırdı. Heç şübhəsiz ki, mühacirətdaxili qarşıdurmalar, qarşılıqlı ittihamlar zamanı oda bu məsələlərdə yer almışdı. Ümumiyyətcə çox diqqət çəkən bu məqam izah və şərhlərə ehtiyacı olan bir mövzudur. Kökündə nə qədər siyasi məsələlərin durduğu sezilsədə, əsl mahiyyəti sosial amillərlə bağlı olan bu problemli münasibətlər ağır günlər keçirmiş azərbaycanlı mühacirlərin yaşamının açıq güzgüsüdür. Hər biri zəngin siyasi bioqrafiya malik bu qurucu dövlət xadimləri bir-birinə nələrisə güzəştdə getməyi düşünməkdən öncə, onların həmin zamankı ağır yaşam durumunu nəzərə almaq lazımdır. 20-ci illərin sonu və 30-cu illərdə Xəlil bəy Xasməmmədlinin M.Ə.Rəsulzadə ilə münasibətləri mütləq ciddi şəkildə gözdən keçirilməli və dəyərləndirilməlidir. Müsavat partiyası Xarici Bürosu daxilində sədr M.Ə.Rəsulzadə ilə rəqabət apara biləcək və partiyanın fəaliyyətinə yön verə biləcək birinci şəxs Xəlil bəy Xasməmmədli idi. Dumalardakı, seymdəki və Gəncə bələdiyyəsində çalışdığı zaman qazandığı təcrübə, Azərbaycan Cümhuriyyəti dönəmi ən ağır və məsuliyyətli dövlət postlarında tutduğu vəzifələr və həmçinin illərlə topladığı nəzəri biliklər buna imkan verirdi. Partiyanın və həmin zaman mövcud olan bir sıra mərkəz və təşkilatların tək əldə cəmləşməsi qıcıqyaradıcı mahiyyətə malik idi. Xəlil bəy və onunla birlikdə Şəfi bəy Rüstəmbəylinin, Nağı Şeyxzamanlının, Məmməd Sadıq Aranın, Səlim Ağasıbəylinin və digər bir sıra müsavatçıların ortaya qoyduğu mövqey nə qədər müxaliflik əlaməti idisə, həmçinin bir o qədərdə etiraz idi. 1934-cü ilin 24 martında X. Xasməmmədli, Ş. Rüstəmbəyli və S. Ağasıbəylinin imzası ilə Parisdə yayımlanan rusca “Qafqaz” məcmuəsində “Müsavat firqəsinin rəsmi təbliği” başlığı altında sensasiya doğuran yazı dərc olunmuşdu. Burada Müsavat firqəsinin 1933-cü il 18 dekabrda müxtəlif yerlərdəki firqə nümayəndələrinin iştirak etdiyi konqresindən söhbət açılır, aşağıdakı məsələlərin müzakirə edildiyi göstərilirdi: 1. Əsas prinsip, taktik və təşkilat məsələlərində firqənin əksəriyyəti ilə firqə rəisi Mehmet Emin Rəsulzadə bəy arasında ciddi ixtilafın olması. 2. Rəisin ötkəm (eqoistik) hərəkətləri. 3. İki buçuq sənədən bəri firqə mərkəzinin bulunmaması, firqənin təşkilatsız və şəkilsiz olması və yuxarıda qeyd edilən səbəblərdən dolayı bir mərkəzin vücuda gətirilməsi. 4. Bu şəkildəki üsuli-idarənin nəticəsi olaraq firqənin təcrid edilməsi. Bu vəziyyəti nəzərə alaraq yığıncaq qərara almışdır: Məmməd Əmin bəy Rəsulzadəni bundan sonra firqə rəisi olaraq tanımamaq və onunla tamamilə qəti əlaqə etməmək, yerinə başqasını təyin və yeni firqə Divanı intihap (seçmək) etmək(2, 117). İndiyə qədər aparılmış bir çox tədqiqat və araşdırmalarda Xəlil bəy Xasməmmədli və onun rəhbərlik etdiyi müxalif qanad Məhəmməd Əmin Rəsulzadəyə əks mövqeydə dayandıqlarına görə aşağılanmış və işin əsl mahiyyəti subyektiv formada izah olunmuşdu. Belə ki, hörmətli Aydın Balayev Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə yaşam və mücadiləsi ilə bağlı apardığı tədqiqat işində mühacirətdaxili münasibətləri belə şərh edir: “Azərbaycan mühacirətinin tanınmış nümayəndələri arasında münasibətlərin mütamadi olaraq gərginləşməsinin çoxsayılı səbəbləri vardı. Burada paxıllıq, qısqanclıq, təşəxxüs kimi adi insani naqisliklər ilə yanaşı olaraq, ayrı-ayrı şəxslərin siyasi ambisiyaları və liderlik uğrunda mübarizəsi də az rol oynamırdı”(3, 96-97). Əlbəttə ki, bu yanaşma subyektiv yanaşmadı, şərh və izaha ehtiyacı var. Biz Azərbaycan Cümhuriyyətinin qurucu atalarından və onların uğrunda mübarizə apardığı istiqlaldan və dəyərlərdən danışırıq. Xəlil bəy Xasməmmədli əlbəttə ki, rəhbər də ola, prosesə də rəhbərlik edə bilərdi. Bu onun təbii haqqı idi və daşıdığı respublikaçılıq ideallarına tam uyğun idi. Cümhuriyyət və onun uğrunda mübarizə fərdi iradəyə qarşı, toplum iradəsinin güc gəlməsi və siyasi davamlılığın, siyasi yeniliklərin davam etməsidir. Hürriyyət ideyası tələb edir ki, bu gün Məhəmməd Əmin, sabah Xəlil bəy, o biri gün Şəfi bəy və s. Bu məsələyə baxış və yanaşma hesab edirəm ki, çox önəmlidir. Digər tərəfədən paxıllıq və qısqanclıq məsələsinə gəldik də bu fikirlərdə ciddi əsaslara söykənmir. Xəlil bəy Xasməmmədli 1917-ci ildə Türk Ədəmi Mərkəziyyət Partiyası qurularkən heç fikrinə gətirmədi onun rəhbəri olsun, həmçinin həmin partiyanın Müsavatla birləşmə qurultayında və yaxud da 1919-cu il qurultayında. Siyasi qanuna uyğunluqların məntiqi ortaya bir fakt qoyur, siyasi münasibətlərdə davamlılıq üçün mütləq dəyişiklər olmalı və yeni simalarada yer verilməlidir. 1. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları”, Bakı, 2018. 2. Xaləddin İbrahimli “ Azərbaycan mühacirət tarixi”, Bakı, 2012. 3 .Aydın Balayev “ Məhəmməd Əmin Rəsulzadə - Qürbətdə vətən davası(1923-1943)”, Bakı, 2019. 4. Giorgi Mamulia, Ramiz Abutalıbov “ Odlar Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015.
Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi