Deməli görkəmli tarixçimiz Nailə Vəlixanlının 1974-cü ildə nəşr olunan "IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" əsərinin 48-ci səhifəsində macarların Azərbaycana gəldiyi və Tovuz ərazisində yerləşdikləri qeyd edilir. Güya bu macarlara erməni dilində "sevordik" (qara oğullar) deyildiyi və ərəb mənbələrində "siyavurdiya" adlı xalqla eyni olub, sonradan xristianlaşaraq erməniləşdikləri ərz edilr.
Müəllif bu məlumatı K. Baqrayanarodnı, Məsudi, Marqvard və V. Minorskidən əldə etdiyini qeyd edir.
Məlumat məndə şübhə yaratdığından əvvəlcə Minorskinin qeyd edilən kitabına baxdım. Məlum oldu ki, Nailə xanım Minorskinin verdiyi məlumatı olduğu kimi almış, digər mənbələri də elə Minorskinin qeyd etdiyi şəkildə öz kitabına daxil etmişdir.
Tənbəllik etməyib Minorskinin istifadə etdiyi mənbələrə baxdım və şübhəmdə haqlı olduğum ortaya çıxdı. Deməli məlumatın əsas qaynağı Bizans imperatoru da olan Konistantin Porfirogennetosun (ruslar Baqrayanarodnı yazır ki, Nailə xanım da belə yazıb) kitabıdır. Bu kitabda hadisə peçeneqlər tərəfindən yurdlarından qovulub Azərbaycana köç edən sabir türklərindən bəhs edilir. Nə macardan, nə də xristianlaşıb erməniləşən siyavurdilərdən danışılır. Minorski türk və sabir adını çıxardıb özündən macar adını daxili etmiş və bu məlumatı da aparıb Məsudinin siyavurdilər haqqında məlumatına bağlamışdır. Nailə xanım da həmin mənbələri görmədən görmüş kimi davranıb Minorskinin səhv məlumatını olduğu kimi təkrarlamışdır. Nəticədə də ermənilər üçün əsaslı məlumat ortaya çıxıb. Nə deyək, olan şeydir. Onsuz da tariximiz belə görünməyən ancaq görmüş kimi yazılan məlumatlarla doludur.
Yaxşı bəs həqiqi mənbələr nə deyir? Birincisi, Azərbaycana gələnlər macar deyil, özlərinə türk deyən və xəzərlərin müttəfiqi olan sabilər olub. Üstəlik onlar xristian deyil Tarım bölgəsinə yerləşdikdən sonra (indiki Qəzvinin şimalında) müsəlmanlığı qəbul ediblər. Və bu sabirlər də Salarilər dövlətini yaradıblar. Bizanslı müəllif bunu olduqca aydın şəkildə əsərində şərh edib. İkincisi, ərəb müəlliflərinin bəhs etdikləri siyavurdiyə isə indiki Şəmkir bölgəsində məskunlaşıblar və Sabir xaqanlığının (500-568) davamçıları olublar. Xristianlığı qəbul etsələr də erməniləşməyiblər. Üçüncüsü ermənilərin sevordik dedikləri elə sabirlərdir və sabir adının ermənicə "qara oğulları" ilə əlaqəsi yoxdur.
Nəticəyi kəlam, mənbəni görmədən, başqa bir tarixçiyə istinad etmək olar və həmin məlumatı səhv də olsa o tarixçidən aldığınızı qeyd etsəniz problem sizin deyil istinad etdiyiniz müəllifin olacaqdır. Yox istinad etdiyiniz müəllifin istifadə etdiyi mənbələri yoxlamadan görmüş kimi göstərsəniz o zaman iki problem ortaya çıxır. Birincisi oxumadığınız mənbəni oxumuş kimi göstərirsiniz, ikincisi səhv tarixi məlumatı yayırsınız. Elə tarixçinin də evini görmədiyi və oxumadığı mənbələri görmüş və oxumuş kimi ahkam kəsmək yıxır. Sonrada tariximiz niyə bu gündədir deyib bizə ahkam kəsirlər.
Əkbər Nəcəf