"Azərbaycan" qəzetinin nəşrə başlamasının 105-ci ili tamam olur

Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetinin nəşrə başlamasının 105-ci ili tamam olur.  105 il öncə Gəncədə ilk sayı nəşr edilmiş bu qəzet Azərbaycan Cümhuriyyətinin qısa fəaliyyət dönəmini öyrənmək üçün ən geniş, sanballı, məlumatlılıq baxımından yüksək dərəcədə zəngin bir mənbədir. Bu baxımdan onu əvəz edəcək ikinci bir mətbu nəşr yoxdur. Yazar kadroları arasında dövrün çox önəmli jurnalist kadrolarının, yazarlarının, qələm sahiblərinin yer aldığı bu mətbuat orqanı qızıldan belə dəyərli mirasdır. Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Şəfi bəy Rüstəmbəyli, Əhməd Həmdi Qaraağazadə, Şəfiqə xanım Əfəndizadə, Xəlil İbrahim, Məhəmməd Hadi, Piri Mürsəlzadə, Əhməd Cavad, Fərhad Ağazadə kimi dövrün qabaqcıl imzalarının yer aldığı bu mətbu orqan Azərbaycan mətbuat tarixinin şah əsəridir.  Qəzeti ərsəyə gətirənləri, nəşr edənləri, yazarları böyük sevgi və ehtiramla anırıq ! Sözcü.az

Çinarlı qəsəbəsində avtoqəza nəticəsində dağılmış "Əməkçi qadın" heykəli yenisi ilə əvəzləndi

Şəmkir rayon Çinarlı qəsəbəsinin girişində, Gəncə-Şəmkir yolunun üstündə körpünün çıxışında yerləşən “Əməkçi qadın” heykəli və alt hissəsi yeni görkəmdə restavrasiya olunub. Bu heykəl Çinarlı qəsəbəsinin simvollarından biridir(həmçinin kifayət qədər tarixi var idi) və qəsəbənin girişində özünəməxsus gözəllik verir. 2022-ci ilin may ayında yüksək sürətlə avtomobilin çırpılması nəticəsində heykəl dağılaraq parça-parça olmuşdu. Dağılmış heykəlin bərpası ilə bağlı Çinarlı qəsəbə sakinləri Şəmkir Rayon İcra Hakimiyyətinin başcısı Rəşad Tağıyev ilə səyyar görüşdə bu məsələni birbaşa onun diqqətinə çatdırmışdılar. "Əməkçi qadın" heykəli artıq yeni görkəmdə yerinə qoyulub. Heykəlin heykəltaraşı Savalan Hüseynovdur. Sözcü.az

İsmayıl bəy Qaspıralının vəfatından 109 il ötür

1914-cü ilin bu günündə fikir və düşüncələrimizə işıq gətirmiş İsmayıl bəy Qaspralı əbədiyyətə qovuşmuşdur. Yaşamının son 30 ilində çoxlu sayda düşüncə, əməl və məfkurə adamları onun yandırdığı ocağın başına toplaşdı və o adamlar hər biri o ocaqdan bir köz götürdü, öz yurduna, məmləkətinə apardı. Bu gün bizlər üçün bir işıq mənbəyi, yanan ocaq varsa bu Qaspıralı mirasıdır. Vəfat etdiyi zaman Sadri Maqsudi Arsal onun haqqında yazırdı:  " İsmayıl bəyin vəfatı ilə hiss etdiyim ağır kədərimi, dərin iztirabımı, bərk fəryadımı dışarı çıxarmaq istəyirəm, ancaq qəlbimdən mənəvi yaşlar axdığı bir zamanda bu mümkün olmur. Hazırda ən müqəddəs və ən əziz bir əşyasını itirmiş bir uşaq kimi ağlamaqdan başqa əlimdən bir şey gəlmir! Ancaq bu kafi deyil, bir səmimi fikri açıq sözlə ifadə etmək istəyirəm. Qaspıralı hamımızın fikrində, qəlblərimizdə ən böyük bir yeri tutan bir şəxsdir. Hamımızın milli idealında ən nurani bir nöqtədir. Hər birimizin təvəssümü fikri tarixində ən məlum bir alimdir. Qeyri-ixtiyari hər birimizin səmimi ehtiramlarını cəlb edən, adı çəkildikdə hamımızın ağzına «Böyük» kəlməsini gətirən şey isə onun işləridir». Böyük aydınlatıcını hörmət, sayğı və sevgi ilə anırıq ! Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi 

Şəmkirli gənc şair Türkiyədə ödülə layiq görülüb

Milli üslubda şeirləri ilə tanınan şəmkirli haqq şairi, araşdırmaçı-yazar Sənan Səbuhi Şəmkirli Türkiyədə ödülə layiq görülüb. "Məni danışdıran vicdanımın səsidir" adlı ilk şeirlər kitabı ilə oxuculara tanınan Sənan Səbuhi şeirləri ilə türkiyəli oxucular tərəfindəndə rəğbətlə qarşılanıb və sevilib. Şeirləri və bir sıra araşdırmaları ilə rəğbət görən gənc şair, araşdırmaçı "İmaj Maqazin Sanat Ödülləri" layihəsinə uyğun olaraq İmaj Medya Maqazin təşkilatı tərəfindən ödülləndirilib. Tədbirdə bir sıra millət vəkilləri, jurnalistlər, tanınmış media təmsilçiləri iştirak edib. Gənc şair aldığı ödülü onu əziyyətlərlə böyütmüş ata-anasına mükafat olduğunu və onlara aldığını bildirib. Mükafatlandırma tədbiri 3 sentyabr tarixində İstanbulda baş tutub. Sözcü. az

Bu gün Şəfiqə xanım Qaspıralının vəfatından 48 il keçir

Keçmiş Rusiya müsəlmanları qadın hərəkatının öncüsü, ilk türk-müsəlman qadın jurnalı "Aləmi-Nisvan"nın baş redaktoru, Kırım Cümhuriyyətinin qurucularından, həmin Cümhuriyyətin parlamentinin katibi, qadın millət vəkillərindən biri, İsmayıl bəy Qaspıralının qızı, Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin həyat yoldaşı Şəfiqə xanım 1975-ci il 31 avqustda İstanbulda vəfat edib. Məzarı İstanbul Zincirlquyu məzarlığındadır. Ceyhun Nəbi 

Bu gün Müxalifət qəzetinin baş redaktoru Rövşən Kəbirlinin doğum günüdür

Bu gün müasir Azərbaycan mətbuatının işıqlı imzalarından biri Rövşən Kəbirlininin ( Rövşən Ələsgər oğlu Mahmudov) doğum günüdür. Həsən bəy Zərdabinin ölməz izində kim var sualı versək ?  Rahatlıqla nümunə kimi adını çəkəcəyimiz imzalardan biri Rövşən bəydir.  Rövşən bəy 1961-ci il 29 avqust tarixində Ağcəbədi rayonunda anadan olmuşdur. Orta məktəbi 8-ci sinfinə qədər Mehrablı kənd məktəbində, 9-10-cu sinfləri isə Örənqala orta məktəbində oxumuş və 1977-ci ildə bitirmişdir. Bir neçə cəhddən sonra 1983-ci ildə Xankənd Pedaqoji İnstitutunun Tarix fakultəsinə daxil olmuş, 1987-ci ildə oranı Qırmızı diplomla bitirmişdir.  Əmək fəaliyyətini 1987-1989 illərdə Beyləqan rayon Kəbirli kəndində müəllim kimi davam etmişdir. 1991-ci ildən jurnalistikayla məşqul olub: "Muxalifət" qəzitində müxbir, şöbə redaktoru, baş redaktorun müavini, nəhayət 2003-ci ildən bu günə qədər baş redakor vəzifələrində çalışır.  Azərbaycanın ilk müstəqil parlament qəzeti sayılan "Müxalifət" qəzetində, onun ölümsüz baş redaktoru, təsisçisi Ağamalı Sadiq Əfəndi ilə birgə çalışmaq onun həyatının ən dəyərli anlarından birinə çevrilib. Ağamalı Sadiq Əfəndini daha dərindən tanımağımda onun əməyi böyükdür. Rövşən bəyə ilk öncə can sağlığı və mətbu həyatında uğurlar arzu edirik ! Ceyhun Nəbi 

Şəfiqə xanım Qaspıralının 1971-ci ildə İstanbuldan Gəncəyə göndərdiyi foto

Fotonun arxa hissəsində "Oğlum Envere sevgilerle - Şefika 24-12.1971" qeyd olunub.  Foto Azərbaycan Cümhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəylinin böyük qardaşı Həmid bəy Yusifbəylinin yeganə övladı Ənvər Yusifova göndərilib. Şəfiqə xanım və övladları Azərbaycanı tərk edəndə Ənvər çox balaca uşaq idi. Fotodakı balaca uşaq odur. Ceyhun Nəbi

Bu gün Maestro Niyazinin anadan olmasının 111-ci ili tamam olur

Görkəmli Azərbaycan drijoru Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində anadan olub.  Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925–1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinifində davam etdirir. 1929–1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinifində təhsil alır. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib. Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada "Suprafon", ABŞ-də "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 1951–1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlamışdır. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamışdır. Həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçmişdir. Niyazi P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbulOpera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmişdir. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almaz", S.Vurğunun "Vaqif, A. Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almaz", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. Niyazi Azərbaycan dirijorluq məktəbinin banisidir. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934–35-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini — "Rast" və "Şur"u nota köçürür. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayev (bəstəkar)in "Nərgiz" operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun "Koroğlu", Qara Qarayevin və Cövdət Hacıyevin "Vətən", Fikrət Əmirovun "Sevil" operalarının, Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin dirijorluğunu da Niyazi etmişdir. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə ən məşhur əsərini — "Rast" simfonik muğamını yazır. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in xalq artisti, SSRİ xalq artisti adlarına, Ü.Hacıbəyov adına Azərbaycan dövlət mükafatına, SSRİ dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülmüşdür. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru və Azərbaycan Dövlət Filarmoniyasının direktoru olmuşdur.  2 avqust 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.  Məzarı Bakıda Fəxri Xiyabandadır.  Sözcü.az

Ölüm sahibi sənsən

Məndə itib gecə, gündüz, Səbəbkarı özünsən. Yuxu gəlmir gözlərimə,  Bunun sahibi sənsən. ******************  Sən canımda ağrı, acı, Dilimdə ah-naləsən. Gözlərimi parıldadan  Suyun sahibi sənsən. ******************* Havam, suyum sən deyildin?  İndi ağır nəfəssən. Su içirəm, acı dadır, Dadın sahibi sənsən. ****************** Mən varam, mən yaşamıram,  Mən ağlar, sən gülürsən. Həyat eşqim çoxdan ölüb, Ölüm sahibi sənsən. ****************** Səni Tanrım qədər sevdim, Cəzası nə, bilirsən? Cəhənnəmə yol gedirəm, Yolun sahibi sənsən. ********************* Gah sevgimsən, gah nifrətim, Gah mələk, gah iblissən. Bu şeirim sənin üçün,  Təbin sahibi sənsən ********************   Müəllif: Şahin İsmayıl

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi...

Sozcu.az Kulis.az-a istinadən Xalq artisti Rasim Balayev haqqında maraqlı faktları təqdim edir. 1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda əsl tamaşaçı sevgisini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rollarda çəkilib. Xalq artisti "Özbəkfilm", "Mosfilm" və digər kinostudiyalarda filmlərə çəkilib. 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci il mayın 31-dən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyətə başlayıb. Rasim Balayevin kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün də əsl sənət məktəbidir. “Ən yaxşı kişi rolu”na görə nominasiyanın qalibi olaraq, ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə alıb. Həmin ərəfədə onun 25-26 yaşı vardı. Aktyor 31 yaşında isə Babək rolunu oynayıb. Görkəmli sənətkar Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda ekranlaşdırılan 70 filmdə sanballı rolları ifa edib. O, yalnız müsbət qəhrəman kimi sevilməyib, həm də cəmiyyətdəki mənfi tipləri tamaşaçının gözü qarşısında bütün çılpaqlığı ilə canlandırıb. Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq artisti idi. Rasim Balayev onlarla əcnəbi filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib. Rasim müəllimi 75 illiyi münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq. *** Ailənin böyüyü Rasim boyca hündür olsa da, çəlimsizin biri idi, hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, beş yaşında artıq əlifbanı bilir, altı yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. *** Ədəbiyyat müəlliminin sayəsində ədəbiyyata, incəsənətə marağı yaranır:  “Nədənsə, mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım Nabat müəllimin xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi”. Rayonda - xəstəxananın həyətində dostunun bir nəfərlə sözü çəpləşir. Dava başlayır. Rasim də, təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. Sovet milisi xuliqanlığa görə Rasimi həbs edir.  “100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə həyat dərsi oldu. Çox burnu yuxarı idim, həyat mənim üçün əyləncə idi elə bil. Həbsxana göstərdi ki, əslində, həyat nədir, necədir...” Rasim Balayev sevdiyi əmisi qızı ilə evlənmişdi. Bakıda bir erməninin evində kirayədə yaşayırdılar. Atasının ölüm xəbərindən sonra xəstəxanaya düşür. Həmin vaxt onun ikinci oğlu dünyaya gəlir. Rasim xəstəxanadan xəbər göndərir ki, oğlanın adını Asim qoyun, ölsəm, adının əvvəlinə “R” hərfini əlavə edərsiniz. Depressiya onu çox pis hala salmışdı. Rasim Balayevin ən yaxın dostlarından biri də Ramiz Əzizbəyli olub. Onların arasındakı dostluq münasibətləri zamanla şəxsi münasibətlərin pozulmasına, hətta düşmənçiliyə çevrilib. "Qızımı, Xədicə balamı o vaxt çox yaxın dostum Rasim Balayevin baldızı oğluna verdim. Amma alınmadı. Ayırdım. Hələ də ailə qurmayıb. Artıq neçə illərdir Rasimi danışdırmıram. Çox yaxın dost idik. Amma övladıma görə dostluğumuzun üstündən qara xətt çəkdim. Əvvəl peşmanlıq hissim olurdu, amma indi hiss edirəm ki, ondan qırıldığıma sevinirəm. Bu saat Rasim Balayev qapıdan içəri girsə, xoş gəldin deyərəm, süfrə açaram, amma ürəyimdəki də ürəyimdə qalar. Onu heç vaxt bağışlamayacam". ***  Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli isə atası haqqında danışarkən deyir: “Rasim əmi nə xəstə yatanda, nə də atam dünyasını dəyişəndə gəlmədi. Baxmayaraq ki, biz bir evli kimi olmuşuq. Sonradan soyuqluq yarandı. Görünür, onların da incidikləri məqamlar var. Amma Rasim əminin uşaqları atamı çox istəyirdilər, atam da onları əzizləyirdi. Çünki onun əlində böyümüşdülər. O, xəstə yatanda oğlanları bir neçə dəfə zəng vurmuşdu. Atam rəhmətə gedəndə də zəng vurub baş sağlığı vermişdilər”. İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi roluna aktyor axtarırlarmış. Həsən Seyidbəyli Tədris Teatrında gördüyü oğlanı xatırlayır və tapşırır ki, ssenarini verin ona oxusun, sınağa gəlsin. Rasim ona xəstəxanada təqdim olunan ssenarini oxumadan qaytarır ki, mənim ömrümə az qalıb, sizi naümid etməyim. Rejissor Səhiyyə nazirinə zəng vurur. Xahişdən sonra Rasim yenidən müayinədən keçirilir və onu Mərdəkana - əsəb sanatoriyasına göndərirlər. *** 1973-cü ildə “Azərbaycanfilm”in Bədii Şurası Rasimin həyatı ilə bağlı çox önəmli bir qərar verir – onu Nəsimi roluna təsdiqləməklə həm də ölümün pəncəsindən qoparır. Rasim sevindiyindən uşaq kimi hönkür-hönkür ağlayırmış. “Nəsimi” filmi Rasim üçün uğurlu başlanğıc olur. Filmin ilk nümayişinin səhəri o, artıq bütün Sovet İttifaqında məşhur idi. Moskvada, kino festivalı vaxtı köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbaycandan gedən başqa sənətkarlar da görüb, Rasimə deyirlər ki, öz şəklindən birini də özün al. Rasim elə bilir, onunla zarafat eləyirlər, cavab verir ki, hə, mənə yaman oxşayır. Köşkə yaxınlaşıb şəkli alır və baxır ki, öz şəklidir, arxasında da haqqında məlumat yazılıb.

Rasim Balayevin özü üçün arzusu: Xəstələnməyim, ayaq üstə keçirim

Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür. Sozcu.az Publika-ya istinadla xəbər verir ki, onun 75 yaşı tamam olur. Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. Böyük və çətin rollardan əlavə R. Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün, gecəyarısı” kimi filmlərdə epizodik rol oynayıb. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib.  Xalq artisti qeyd edib ki, 75 yaş onun üçün qocalıq deməkdir: “Yaşadığım ömürdə sevincli günlərim qədər, kədərli günlərim də oldu. Bir ömür yaşadıq. Allah mənə sağlam ömür verdi. Şükürlər olsun ki, hələ də yaşayıb yarada bilirəm. Özümə arzum odur ki, Allah mənə nə qədər ömür veribsə, xəstələnməyim, ayaq üstə keçirim. Elə belə, söhbət edə-edə gedim o biri dünyaya. Ötən gün Prezidentimiz tərəfindən “İstiqlal” ordeni ilə təltif olundum. Ad günümü daha da özəlləşdirdi”.

İlham Əliyev Rasim Balayevə orden təqdim etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.