XIX əsrin az saylı, sağlam mövqeyli din xadimlərindən biri –Hacı Məcid Əfəndi Əfəndizadə (1829-1908) indiki İsmayıllı rayonunun Diyallı kəndində anadan olub. İstanbulda, Bağdadda, Tiranada dini təhsil alıb, qayıtdıqdan sonra Şamaxı Cümə məscidinin baş imamı, Şamaxı qəza qazisi (sünni), Bakı Quberniya Müsəlman Məclisinin sədri olmuşdur. 1869-cu ildə Seyid Əzim Şirvaninin açdığı "üsuli-cədid" məktəbindən sonra Şamaxıda açılan, yeni tipli məktəblərin açılmasının təşəbüskarı və iştirakçısı olmuşdur. Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşovla yaxın münasibətdə olmuşdur. Mirzə Ələkbər Sabir onun ölümünə iki mərsiyə yazıb, Əhməd bəy Ağaoğlu onu "ustadı-kamil" adlandırıb, Mirzə Cəlil isə Ağaoğlunun Hacı Məcid Əfəndini tərifləməsini "Molla Nəsrəddin" jurnalında istehza ilə qeyd edir (1906, 21 aprel, say 16). Ömər Faiq Nemanzadə isə xatirələrində yazır: " Hacı Məcid Əfəndi Qafqazın ən böyük ruhani alimlərindən biridir. Şirvan mahalında ondan böyük və nüfuzlu kimsə yox idi. Yerli hökumət bir çox işlərdə onun köməyinə möhtac idi. O, istədiyi vaxt məscid, mədrəsə, məktəb tikmət və ya təmir etmək üçün minlərcə manat yığdırardı. Özü Diyallı kəndindən idi. Arabir kənddəki evinə gedərdi...Hacı Məcid Əfəndi yaxşı natiq və psixoloq idi. Yeniliyə, yeni üsula tərəfdar görünürdü..." Nəqşibəndi təriqətinə mənsub idi.
Fotoda: Hacı Məcid Əfəndi(ortada),oğlu Süleyman Əfəndi və şagirdi Molla Abdulla
Ceyhun Nəbi