Məndə itib gecə, gündüz, Səbəbkarı özünsən. Yuxu gəlmir gözlərimə, Bunun sahibi sənsən. ****************** Sən canımda ağrı, acı, Dilimdə ah-naləsən. Gözlərimi parıldadan Suyun sahibi sənsən. ******************* Havam, suyum sən deyildin? İndi ağır nəfəssən. Su içirəm, acı dadır, Dadın sahibi sənsən. ****************** Mən varam, mən yaşamıram, Mən ağlar, sən gülürsən. Həyat eşqim çoxdan ölüb, Ölüm sahibi sənsən. ****************** Səni Tanrım qədər sevdim, Cəzası nə, bilirsən? Cəhənnəmə yol gedirəm, Yolun sahibi sənsən. ********************* Gah sevgimsən, gah nifrətim, Gah mələk, gah iblissən. Bu şeirim sənin üçün, Təbin sahibi sənsən ******************** Müəllif: Şahin İsmayıl
Sozcu.az Kulis.az-a istinadən Xalq artisti Rasim Balayev haqqında maraqlı faktları təqdim edir. 1948-ci il avqustun 8-də Ağsu rayonunda anadan olan sənətkar 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. O, ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda əsl tamaşaçı sevgisini qazanıb. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rollarda çəkilib. Xalq artisti "Özbəkfilm", "Mosfilm" və digər kinostudiyalarda filmlərə çəkilib. 1990-cı ildən 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, 2022-ci il mayın 31-dən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi fəaliyyətə başlayıb. Rasim Balayevin kino sənətinə həsr etdiyi mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyor nəsli üçün də əsl sənət məktəbidir. “Ən yaxşı kişi rolu”na görə nominasiyanın qalibi olaraq, ömür boyu bir aktyorun ala biləcəklərini Rasim Balayev yalnız Nəsimi roluna görə alıb. Həmin ərəfədə onun 25-26 yaşı vardı. Aktyor 31 yaşında isə Babək rolunu oynayıb. Görkəmli sənətkar Almaniyada, Türkiyədə, İranda, Tacikistanda, Osetiyada, çeçenlərin ilk kinosunda, Özbəkistanda, Moskvada, Gürcüstanda ekranlaşdırılan 70 filmdə sanballı rolları ifa edib. O, yalnız müsbət qəhrəman kimi sevilməyib, həm də cəmiyyətdəki mənfi tipləri tamaşaçının gözü qarşısında bütün çılpaqlığı ilə canlandırıb. Rasim Balayev 34 yaşında artıq Azərbaycanın Xalq artisti idi. Rasim Balayev onlarla əcnəbi filmin dublyajında da müxtəlif xarakterli obrazları səsləndirib. Rasim müəllimi 75 illiyi münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq. *** Ailənin böyüyü Rasim boyca hündür olsa da, çəlimsizin biri idi, hətta kiçik bacı-qardaşları ondan böyük görünürdülər, amma bu uşağın oxumağa, öyrənməyə o qədər həvəsi vardı ki, beş yaşında artıq əlifbanı bilir, altı yaşında heç kimin köməyi olmadan kitab oxuyurdu. *** Ədəbiyyat müəlliminin sayəsində ədəbiyyata, incəsənətə marağı yaranır: “Nədənsə, mənim şeir deməyim, əsərləri intonasiyalı oxumağım Nabat müəllimin xoşuna gəlirdi. Sinifdə dram əsərlərini rollara görə bölüşdürürdü. O vaxt radio-tamaşalar olurdu, onlara qulaq asırdım və bu da sinifdə rolumu yaxşı oynamağıma kömək edirdi”. Rayonda - xəstəxananın həyətində dostunun bir nəfərlə sözü çəpləşir. Dava başlayır. Rasim də, təbii ki, dostuna kömək etməyə çalışır və dava böyüyür. Onları tutub milis məntəqəsinə gətirirlər. Sovet milisi xuliqanlığa görə Rasimi həbs edir. “100 gün Gəncə həbsxanasında yatdım. Həmin 100 gün mənə həyat dərsi oldu. Çox burnu yuxarı idim, həyat mənim üçün əyləncə idi elə bil. Həbsxana göstərdi ki, əslində, həyat nədir, necədir...” Rasim Balayev sevdiyi əmisi qızı ilə evlənmişdi. Bakıda bir erməninin evində kirayədə yaşayırdılar. Atasının ölüm xəbərindən sonra xəstəxanaya düşür. Həmin vaxt onun ikinci oğlu dünyaya gəlir. Rasim xəstəxanadan xəbər göndərir ki, oğlanın adını Asim qoyun, ölsəm, adının əvvəlinə “R” hərfini əlavə edərsiniz. Depressiya onu çox pis hala salmışdı. Rasim Balayevin ən yaxın dostlarından biri də Ramiz Əzizbəyli olub. Onların arasındakı dostluq münasibətləri zamanla şəxsi münasibətlərin pozulmasına, hətta düşmənçiliyə çevrilib. "Qızımı, Xədicə balamı o vaxt çox yaxın dostum Rasim Balayevin baldızı oğluna verdim. Amma alınmadı. Ayırdım. Hələ də ailə qurmayıb. Artıq neçə illərdir Rasimi danışdırmıram. Çox yaxın dost idik. Amma övladıma görə dostluğumuzun üstündən qara xətt çəkdim. Əvvəl peşmanlıq hissim olurdu, amma indi hiss edirəm ki, ondan qırıldığıma sevinirəm. Bu saat Rasim Balayev qapıdan içəri girsə, xoş gəldin deyərəm, süfrə açaram, amma ürəyimdəki də ürəyimdə qalar. Onu heç vaxt bağışlamayacam". *** Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli isə atası haqqında danışarkən deyir: “Rasim əmi nə xəstə yatanda, nə də atam dünyasını dəyişəndə gəlmədi. Baxmayaraq ki, biz bir evli kimi olmuşuq. Sonradan soyuqluq yarandı. Görünür, onların da incidikləri məqamlar var. Amma Rasim əminin uşaqları atamı çox istəyirdilər, atam da onları əzizləyirdi. Çünki onun əlində böyümüşdülər. O, xəstə yatanda oğlanları bir neçə dəfə zəng vurmuşdu. Atam rəhmətə gedəndə də zəng vurub baş sağlığı vermişdilər”. İsa Hüseynovla Həsən Seyidbəyli Nəsimi roluna aktyor axtarırlarmış. Həsən Seyidbəyli Tədris Teatrında gördüyü oğlanı xatırlayır və tapşırır ki, ssenarini verin ona oxusun, sınağa gəlsin. Rasim ona xəstəxanada təqdim olunan ssenarini oxumadan qaytarır ki, mənim ömrümə az qalıb, sizi naümid etməyim. Rejissor Səhiyyə nazirinə zəng vurur. Xahişdən sonra Rasim yenidən müayinədən keçirilir və onu Mərdəkana - əsəb sanatoriyasına göndərirlər. *** 1973-cü ildə “Azərbaycanfilm”in Bədii Şurası Rasimin həyatı ilə bağlı çox önəmli bir qərar verir – onu Nəsimi roluna təsdiqləməklə həm də ölümün pəncəsindən qoparır. Rasim sevindiyindən uşaq kimi hönkür-hönkür ağlayırmış. “Nəsimi” filmi Rasim üçün uğurlu başlanğıc olur. Filmin ilk nümayişinin səhəri o, artıq bütün Sovet İttifaqında məşhur idi. Moskvada, kino festivalı vaxtı köşklərdə bir aktyorun şəkillərinin satıldığını görür. Şəkilləri Azərbaycandan gedən başqa sənətkarlar da görüb, Rasimə deyirlər ki, öz şəklindən birini də özün al. Rasim elə bilir, onunla zarafat eləyirlər, cavab verir ki, hə, mənə yaman oxşayır. Köşkə yaxınlaşıb şəkli alır və baxır ki, öz şəklidir, arxasında da haqqında məlumat yazılıb.
Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür. Sozcu.az Publika-ya istinadla xəbər verir ki, onun 75 yaşı tamam olur. Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. Böyük və çətin rollardan əlavə R. Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün, gecəyarısı” kimi filmlərdə epizodik rol oynayıb. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilib. Xalq artisti qeyd edib ki, 75 yaş onun üçün qocalıq deməkdir: “Yaşadığım ömürdə sevincli günlərim qədər, kədərli günlərim də oldu. Bir ömür yaşadıq. Allah mənə sağlam ömür verdi. Şükürlər olsun ki, hələ də yaşayıb yarada bilirəm. Özümə arzum odur ki, Allah mənə nə qədər ömür veribsə, xəstələnməyim, ayaq üstə keçirim. Elə belə, söhbət edə-edə gedim o biri dünyaya. Ötən gün Prezidentimiz tərəfindən “İstiqlal” ordeni ilə təltif olundum. Ad günümü daha da özəlləşdirdi”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bu gün aktyor Məmmədrza Şeyxzamanovun anadan olduğu gündür. O 1915-ci ildə Gəncə şəhərində dünyaya gəlib. İmamzadənin keşikçisi olan atası Hacı İsa bəy bir neçə dəfə ailə qurmuşdu. Sonuncu dəfə Böyükxanım adlı ikiuşaqlı, dul qadınla evlənən Hacı İsa bəyin bu evlilikdən biri Məmmədrza olmaqla daha üç övladı dünyaya gəldi. Aktyorluq həvəsi onu Gəncə Dram Teatrına gətirmişdi. Gənclik illərində bu teatrın səhnəsində fasilələrlə çalışmışdı. Tezliklə aktyorluq sənətinin sirlərini mənimsəyən aktyor məşhurlaşdı. Ona daha mürəkkəb xarakterli rollar həvalə etdilər. Sonralar 30 ilə yaxın Azərbaycan Dövlət Dram Teatrında çalışan aktyor Məmmədrza Şeyxzamanov Azərbaycan və dünya klassiklərinin əsərlərində uğurlu rolların ifaçısı olmuşdur. Qacar, Xosrov ("Vaqif", "Fərhad və Şirin"), İmamyar, Aydın ("Yaşar, "Aydın"), Edqar ("Antoni və Kleopatra"), Hacı Həsən ("Ölülər"), İxtiyar ("İblis") və başqa onlarla rolları ona teatr sahəsində böyük şöhrət qazandırmışdı. Məmmədrza Şeyxzamanov hansı rolda çəkilməsindən asılı olmayaraq onu özününküləşdirirdi. Elə bilirdin ki, rol onun üçün yazılıb. Rola girməzdi, rol onun daxilində kök salardı və tamaşaçının da ona rəğbəti məhz bu müsbət qəhrəmanların yaratdığı işıqlı auradan mənbə alardı. M.Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə -"Bəxtiyar" filmində Rəcəbov rolu ilə çıxır. Bununla da kino yolunda ilk uğurlu cığır açır. Daha sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. "Qızmar günəş altında" Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradır. Olduqca həssas, nəcib qəlbə malik bu mehriban insanın ekran taleyi hər birimiz üçün əziz və doğmadır. O 25 yanvar 1984-cü ildə dünyaya göz yummuşdur. Sözcü. az
Gəncə şəhərində məhşur "cücələrim" mahnısının bəstəkarı Qəmbər Hüseyinlinin xatirə lövhəsi aylarladı baxımsız şəkildə qalmaqdadır. Qeyd edək ki, ona məxsus xatirə lövhəsində adı və soyadının hərfləri yerində mövcud deyil. Görkəmli bəstəkar Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Uşaqların sevimli mahnısı "cücələrim"in bəstəkarının anadan olduğu şəhərdə ona məxsus lövhədə utancverici duruma aidiyyatı qurumları diqqət ayırmağa dəvət edirik...!!! Sözcü.az
Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı” və “Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoydu. Bundan sonra onlarla film çəkildi. Onlar arasında ən yadda qalanı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilmiş ilk milli kinokomediyası olmuşdu. 2001-ci ildən Azərbaycan prezidentinin sərəncamı ilə avqustun ikisi Azərbaycan Milli Kino günü kimi rəsmiləşdirilib. Sözcü.az
Ustad xanəndə, Xalq artisti Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Xalq artisti Bəyimxanım Cavanşirova-Verdiyeva Mədəniyyət Nazirliyi yanında İctimai Şuradan istefa verib. Sozcu.az xəbər verir ki, o bu barədə mətbuata açıqlamasında bildirib: “Tanınmış nəslin nümayəndəsi, ustad xanəndə, Xalq artisti Xan Şuşinskinin övladı olaraq hər zaman mədəniyyətə, mədəni dəyərlərimizə yaxın insan kimi 2011-ci ildə atamın adına Xan Şuşinski Fondunu təsis etmişəm. Ötən dövr ərzində Xan Şuşinski Fondu olaraq mədəniyyət və incəsənətimizin təbliğinə töhfə vermişik və bu missiyamızı bu gün də davam etdiririk. 2021-ci ildə qeyri-hökumət təşkilatları tərəfindənmənə etimad göstərilib və Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzv seçilmişəm. Bu müddətdə İctimai Şura olaraq mədəniyyətimizin inkişafı ilə bağlı faydalı işlər görmüş, nazirliyə əhəmiyyətli təkliflər vermişik. Nazirlik yanında bu il yenidən formalaşdırılan İctimai Şura üçün Xan Şuşinski Fondunun rəhbəri kimi yenə də mənə qeyri-hökumət təşkilatları tərəfindən etimad göstərildi və mən Şuraya üzv seçildim. Mənə və rəhbərlik etdiyim fondun fəaliyyətinə göstərilən diqqətə görə hər kəsə təşəkkürümü bildirirəm. Bu gün öz istəyimlə İctimai Şuradan istefa vermək qərarına gəlmişəm. Biz Xan Şuşinski Fondunun prinsiplərinə sadiq qalaraq, bundan sonra da mədəniyyətimizin təbliğinə töhfə verməyə çalışacağıq.”
Bu il Şəmkir rayon Çinarlı qəsəbəsinin( ilk adı Georqsfeld ) almanlar tərəfindən salınmasının 135-ci ili tamam olur. 1888-ci ildə Almaniyanın Vurtemberq əyalətindən gəlmiş almanların ərsəyə gətirdiyi bu koloniya öz infrastrukturuna görə mövcud Şəmkir rayonu ərazisində alman koloniyaları içərisində Annanfelddən sonra ikinci əsas yaşayış yeri idi. Həmin zamandan qalan və qəsəbə ərazisində almanlara məxsus tarixi mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği və tanıtımı istiqamətində fəaliyyətin qurulması mütləqdir. Qorunmağa, bərpaya və tanıtıma ehtiyac duyulan bu tarixi mədəniyyət abidələri 135 illik ərəfəsində yaşadığımız məkanın tarixi keçmişinə verilmiş böyük dəyər olar. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti qəsəbənin qorunmasına diqqət ayırması bizim hər birimizi məmnun etmiş olar. Georqsfeld Mədəniyyət Klubu
Akademik Milli Dram Teatrına (Azdram) qarşı dələduzluq edilib, zərərçəkənlər var. Sozcu.az xəbər verir ki, bu barədə teatrın yaydığı müraciətdə qeyd edilib. Bildirilib ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir: "Saytın domenində olan "azdram" sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur. Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”.
"Məktəbin vəzifəsi öz yetirmələrini müstəqil həyata hazırlamaqdır". Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil üzrə mütəxəssis Nadir İsrafilov deyib. Ekspert bildirib ki, ümumtəhsil məktəbinin məqsədi yetirmələrinə sistemli bilik, bacarıq və vərdişlər aşılamaq, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir: "Mütəxəssis hazırlamaq bilavasitə ali məktəbin vəzifəsidir. Unutmayaq ki, məktəb öz yetirmələrinə lazımı bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməyin qayğısına qalmalıdır. Göstəricilərin qənaətbəxş olması məzunun topladığı balla deyil, onun həyatda tuta biləcəyi mövqe ilə, vətənə, xalqına layiqli vətəndaş kimi yetişəcəyi ilə ölçülməlidir”.
Hazırda estetik əməliyyatlar və prosedurlar dünyada olduğu kimi ölkəmizdə də olduqca geniş yayılıb. Bu cür müdaxilələrin bir neçə səbəbi olsa da, bu əksər hallarda insanların komplekslərindən qaynaqlanır. Təəssüf ki, dünyanın hər yerində, eləcə də ölkəmizdə istər məşhur, istərsə də adi insanlar arasında estetik əməliyyat qurbanı olmuş yüzlərlə şəxs var. Mütəxəssislər isə estetik prosedurların həm müsbət, həm də mənfi tərəfləri olduğunu söyləyirlər. Son zamanlar müzakirə mövzusuna çevrilən digər məsələ isə gənc qızların getdikcə bir-birinə bənzəməsidir. Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülşad Baxşiyeva son zamanlar müğənniləri efirdə gördükdə tanımadığını etiraf edib: "Mən düşünürəm ki, insanların bir qismi bədbəxt hadisə zamanı, qəzadan sonra xəsarət aldıqlarından üzlərində və bədənlərində yaranmış fiziki qüsurları aradan qaldırmaq üçün əməliyyat etdirir. Bu, məcburiyyətdən irəli gəlir. Lakin bir qismi isə heç bir ehtiyac olmadığı halda bıçaq altına yatır və ya üzlərinə lazımsız prosedurlar etdirirlər. Mən artıq son vaxtlar efirlərə baxanda müğənnilərin heç birini tanımıram. Müğənnilər bir kənara, artıq sadə insanların da hamısının görünüşü eyniləşib. Yəqin biz artıq elə bir dövrə gəlib çıxmışıq ki, zamanla insanlar robot kimi bir-birinə oxşayacaq, fərdilik itəcək, hamı eyni sifətdə, eyni qiyafədə olacaq. Allah betərindən saxlasın!" Aktrisa bu cür hədsiz estetik prosedur keçirənlərə haqq qazandırmadığını deyib: "Mən buna qətiyyən haqq qazandırmıram. Bu, xoşuma gəlmir. Adam çalışıb özlüyündən çıxmamalıdır. Çünki hər kəs bir fərddir. Elə hamı şir olmaz ki... Hər kəs şirsifət olmalıdır deyə bir şey yoxdur, canavar da, tülkü də, zürafə də, at da var. Hərənin öz gözəlliyi var. Xarici gözəlliyə bu qədər üstünlük verməkdənsə, bir az daxili gözəlliklərini artırsalar daha yaxşı olar. Mənən qidalanan adamlar belə şeylərə getməz, mənasız prosedurlara can atmazlar. Düzdür, bu gün bəziləri çox qışqırır, ağızdolusu mənəviyyatdan danışırlar, amma görünən odur ki, vəziyyət heç də deyildiyi kimi deyil. Kimin nəyi yoxdursa, ondan danışır. Bar-bar bağıranların, dodağını şişirtdirənlərin, bu mövzuda danışanların heç birinin mənəviyyatı yoxdur! Düşünürəm ki, belə şeylər lazımsızdır".