Getdin...

Getdin, sevən ürək qaldı, Mənə çətin oldu sənsiz. Qara saçımı qar aldı, Qara qəlbim soldu sənsiz. İlk sevgimin yanar odun Kim sənin tək söndürəcək? Ürəyimi kim, mehriban Baxışınla dindirəcək? Tanrı versə bir ömür də, Sənin üçün yanasıyam. Səni sevdim bu ömrümdə, Yalnız səni anasıyam. Mən sözümdən dönməz oldum, Niyə axı dönüb getdin? Mən köz kimi sönməz oldum, Sən kül kimi sönüb getdin. Niyə axı bir sözünə Sən yiyəlik edənmədin? Həyatımdan çıxıb getdin, Taleyimdən gedənmədin? ( Bu şeirin yazılmasından  44 il keçsə də könlüm  o zaman olduğu kimi döyünür.) Zakir İsmayil

İllər...

İllər saçımıza ağ işıq çəkdi, Hər tel bir xatirə, hər tel bir nəfəs. Ömür ötüb keçdi – dedi: “Əbəsdi”, Hər baxış bir yaddaş, ötəri həvəs. İllər... Nə qəribə nağıl yazıbdır – Bir az gül, bir az qəm, bir az da sükut. Uşaqlıq keçmişdə sanki azıbdır, Gələcək göz yaşı, təsəlli, ümüd. İllər bir məktubdur Tanrıdan gələn, Birində bir ümid, birində həsrət. İllər saat deyil – günləri hörən, Ömür, qəlbdən keçən gizli bir surət. İllərdən keçdikcə böyümürük biz – Hər yaş bir güzgüdür, sanki toz tutub. Sadəcə ələnib azaldıqca biz, Gələn nəsillər də bizi unudub. Soraqlar aldıqca itmiş zamanla, Bir şəkil, bir mesaj, bir qorxu yetər. Birdən anlayırıq – sanki dumanla Ötüb getməkdədir artıq bu qatar. Zaman da dəyişdi, ömür də susdu, Səsimiz qalıb daş yaddaşlarında. Bir vaxt adı ilə çağrılan dostlar, Adların yazdırıb başdaşlarında. Zakir İsmayil

GƏZİRƏM!

Saçlarım düm ağ ağarıb, İçində qara gəzirəm! Varlı ölkə vətəndaşı – Qürbətdə para gəzirəm! Qurtarmadı pandemiya, Söndü işıq, itdi ziya, Yatanda gedib yuxuya – Minirəm, şara gəzirəm. Səksən manat alır qazi,  Qaçır qiymət, qovur tazı Baxıb  bunlara  narazı – Ürəyim  yara  gəzirəm. Dərdim böyük, dərdim incə, Kal meyvəni dərdim incə, Xəstə armudu yeyincə – Ayıya  çarə  gəzirəm. Dərddən, qəmdən, çıxıb yola, Vurnuxuram sağa, sola, İlişdikcə kosa, kola – Bilmirəm hara gəzirəm. Əzrayıla hay salmışam, Can da almır vay, qalmışam, Yaşamaqdan vayqanmışam- Cəhənnəm gora, gəzirəm. El oğluyam, el həkimi, Aparsa da sel, həkimi, Görən gözü, görməz kimi – Bənzədib kora gəzirəm. Hərdən də yumub gözümü, Söyləyirəm haqq sözümü, Məmur yeyir  süd üzünü,– Mən həsrət şora gəzirəm. Bu vətəndə yalqızam mən, Fərqim yoxdur bir səfildən, Zakiri tutub  qəfildən – Salıblar tora gəzirəm. Zakir İsmayil

Gəl, ana! " Gəl, gör nə gündəyəm, ana"silsiləsindən...

Gözlərimdə yer kürəsi, Yurd salan eşqin zərrəsi... Dərdim olub ev kirəsi, Gəl, gör nə gündəyəm, ana?! Əllərim hey boşa çıxır, İşlərim də daşa çıxır, Dərdim-qəmim başa çıxır, Gəl, gör nə gündəyəm, ana?! Eh, dolanıram bir təhər, Boğazımı tutub qəhər, Ürəyimi sıxır şəhər, Gəl, gör nə gündəyəm, ana?! Bu şəhərin gözləri nəm, Bu şəhərin sözləri qəm, Kədərim çox, sevincim kəm, Gəl, gör nə gündəyəm, ana?! ***  ***  ***  ***  *** Gəl, ana,        Gəl! Yuxun çin olub,       Gəl! Ağ göyərçin olub,       Gəl! Təkcə mənə yox, Bütün Millətimizə ANA gərək! Düşmən ayaqları altında əzilən, Min yerə yozulan, Min yerə çözülən Qeyrətimizə ANA gərək! Avtobus dayanacaqlarında Var gücü ilə bağıran, Müştəri çağıran, səsi yekə, özü bir tikə              oğlanlara              ANA gərək! Hamıya yalan sırıyan, Hamıya yalanla yarıyan, Yalanla qocalan, Yalanla qarıyan, Yalanla böyüyən, Yalanla öyünən, Ürəyi yalanla               döyünən, Əti, qanı, namusu, vicdanı, Qaşı, gözü, hər kəlməsi, hər sözü yalan olan. Yalandan doğulan, Yalanın içində               boğulan, Özü boyda yalan olan yalanlara              Bir halal              ANA gərək! Bu yalanların, Zəhəri diş altında olan ilanların anası olsaydı,            yalan olmazdı, anası olsaydı,           ilan olmazdı, Bunlar insan deyillər,                        ANA. Bunlar insanı yeyirlər,                        ANA. Yalandan - Millət -                     deyənlərə, Millətin sərvətini yağlı tikə kimi                     yeyənlərə, Milləti çöllərə                    salanlara, Milləti ələ              salanlara, Milləti ac qoyanlara, Necə insan deyim, ana, insan? Şeytandı bunlar, ana,                               şeytan. Bunlar çörək əvəzinə Pul yeyirlər, Su əvəzinə             dollar içirlər, odda yanmırlar, sudan quru keçirlər. Dollar deməkdən, Dollar yeməkdən, Rəngləri yaşıla, göyə çalan kərtənkələlərə dönüblər. Bunlar dollara sarınıblar, Qorxu bilmirlər, Bunlar dollara bürünüblər. Hardan dolların səsi gəlsə, O səmtə sürünürlər. Gəl, ana, gəl, Şeytan olanda               nə olar, Şeytana da                 ANA gərək. Gəlsən, pis olmaz, Şeytanın anası olsa, Şeytan olmaz. İlanlıqdı, şeytanlıqdı, Millətin bəlası, Ana südüdü, Ana öyüdüdü, Bu dərdin dəvası! Gəl, ana, gəl!!! XATİRƏ ƏZİZ Rəhimli Şair-publisist

Həvva Nazim poeziyasına baxış

​Aprel ayında rusiyanın paytaxtı Moskva şəhərində​ daha bir gənc şairəmiz, Həvva Nazimin Azərbaycan Yazarlar Birliyinin Moskva bölməsinin məsul katibi, şairə Afaq Şıxlı tərəfindən rus dilinə tərcümə olunmuş "ömür keçir" adlı kitabının təqdimat mərasimi keçirildi. Xoşbəxtlikdən mənə də bu tədbirdə iştirak etmək qismət oldu. İncə duyğularla dolu dünyasını poetik düşüncəli insanlarla paylaşan hər iki şairənin birgə ərsəyə gətirdiyi kitabın işığına yığılanlar​ bədii qiraətləri ilə tədbirə bir ayrı rəng qatmışdılar. Mənim də payıma düşən məhz bu rəngli aləmi oxucu dünyasıyla paylaşmaq oldu. ​ ​ Hər bir millətin mənəvi dünyası onun ədəbiyyatıyla ölçülür. Bu üzdən qürbətdə, azərbaycan yazarlarının ədəbi fikirlərinə çıraq tutan, onların yazılarını bir dildən başqa dilə çevirərək ayrı-ayrı millətlərə tanıdan şairəmiz, Afaq xanıma minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, bu çətin və məsuliyyətli əməyindən doğan ədəbiyyat incilərinin sayı daha da artıb çoxalsın. ​ Tədbirə dəvətli olsam da H.Nazim yaradıcılığı haqda heç bir tanışlığım yox idi. Ortaq dostlar vasitəsiylə kitabın elektron variantını əldə etdim və ilk andan kitaba tutuldum. ​ Həvvanın İncə və həssas notlar üzərində şaxələnən poetik fikirlərindən doğan "Böyüdüm" adlı şeirində Azərbaycan uşaq ədəbiyyatının ən dərin kökləri yaşayır. "Daha nağıllara inanmıram mən" deyən şairə, bu şeirdə acı reallığı əks etdirməklə yanaşı, ruhən öz zəngin ədəbiyyatımızın müdrik və mübariz Həvvasıyla amansızlığı qamçılayır. Eyni zamanda uşaq ədəbiyyatından bəhrələnən məsum Həvvasının bu günün acı reallığına olan küskünlüyünü əks etdirir.  Qorxuram, "ağ qoça" minmərəm daha, Kəndirlə quyuya enmərəm daha. Qızıl almalarla dönmərəm daha, Böyüdüm, nağıla inanmıram mən! Sehirli xalçanın sehri qaldımı? Bayquşlar şahları başa saldımı? Adamlar nağıldan bir dərs aldımı? Böyüdüm, nağıla inanmıram mən! Şeirdə o qədər dərin məna var ki, həmin mənada şirin anıları olmadan böyüyən insanların uşaqlığını​ yaşamadan böyüdüyünü görürük...Diktatorluğu qaranlıq quyudakı divlər olaraq göstərən şairə, içdən-içə o divlərin qaranlığından insanlığı, mərhəməti, şəfqəti çəkib çıxara biləcək Məlikməmmədin kəndirlə qaranlığı yaracağını xəyal edir. Axı bizim ruhumuzun qidası olan xalq nağıllarının sonunda xeyir hər zaman şərə qalib gəlir. Günümüzdəki acı reallığı poetik rənglərlə bir neçə bəndlik şeirdə əks etdirən şairəmiz xeyirxahlığını ruhuna çıraq edir. Onun üsyanı şərlədir. Axı həyat axar çay kimidir, şair gözündə. O çayın axınını dəyişmək üçün qarşısını kəsən və ya çevrəsinə dəyən kirli əllər də var, nə yazıq ki...Həvva xanımın mübarizliyi o kirli əlləri kəsəcək Məlikməmməd arzuladığı kimi, həmin Məlikməmmədlərin qıtlığından olan küskünlüyü də ümidinin üstünə kölgə salır. Məsumca küsür... ​ Fəqət hər birimizin içində incə bir yaşam səbəbidir uşaqlıq yaddaşımızın bir köşəsində adı keçən sehirli Simurq quşu. O bütün qaranlıqların, ümidimizin ən parlaq nəşəsidir. Canım Həvvam, istəsək də istəməsək də bizə ərmağan edilən bu həyatı yaşamaq kimi bir məsuliyyətimiz var. O qədər çətin bir dövr yaşayırıq ki, bu da bir zaman ələyidir bəlkə. Bizlər uşaqlıq yaddaşımızın incə simlərinə köklənmiş insanlarıq. Buna görə də son zamanların bayağılaşmış zövqlər qurbanı olan insanlığın acısı içimizi inlədir. Fəqət unutmayaq ki, hər birimizin yaranma səbəbi səbəb olduqlarımızın vasitəsilə yazılır əməl dəftərinə. İnsanlıq vəzifəmizin, var oluşumuzun ən vacib ən ümdə vəzifəsi əməli salehlikdir. Bunun açarı kainatda var olan hər şeyə qarşı həssas yanaşmaq və duyğusal davranmaqdır. Nə xoşbəxt insanlarıq ki, həsassiyət və duyğusallıq kimi bir poeziya burulğanındayıq. Mən sənə və bütün qələm dostlarımla bu burulğanda böyük coşqu və təlatüm dolu yaradıcılıq uğurları arzuluyarım. ​ ​ H.Nazim yaradıcılığında mən elimizin, obamızın, dadı-duzu danağımızda qalan qədim adət-ənənələrimizin və nənələrimizin əlinin zəhmətindən yaranan nemətlərimizin bədii bir ahəngini gördüm. Onun Kəlağayı, Darıxdım, Dağlar və s. başlıqlı şeirlərini xüsusi olaraq vurğulamaq istəyirəm. Və sonda Damlacıq! "Çiliklənmiş arzuları toplamağı bitir artıq, sevgisi həyatından ağır olan qız! Çünki sən onları topladıqca damla-d amla qanayırsan, gilə- gilə əriyirsən, yavaş- yavaş bitirsən..." Əslində həyat dediyimiz şey bir damlanın içində deyilmi? ​ Həvvanın yaradıcılığıyla o qədər yaxından tanışlığım olmasa da təkcə damlacıq​ adlı şeiri özünü axtarışlı yolun içində olduğunu, eyni yolda yürüdüyümüzü göstərdi mənə. Bütöv bir həyatı dərk etmənin yoludur bir damlanın hikməti. Həvva xanıma bu yolda uğurlar diləyiylə. Reyhana Aslan

Hər gün gördüm əzrayılın üzünü

Duyğu, vicdan çəki ilə ölçülməz, Tanrı vermiş bu həyata bir düzən,  Yollar çoxdur  sıldırımli, keçilməz, Həyat yolu gərək ola düz-düzən.  Uca daglar qar altında dayanmaz, Əritdikcə  suyu  daşdan keçirər,  Xəstə ürək sakit sakit vuranmaz, Qan dövr edə beyin, başdan keçirə.  Qəlbdə nisgil, dağda duman, çən yaşar, Xain xoflu, düşmən şərin içində.  Quşlar uçar, göydə süzər, şən yaşar, Şeytan xislət  şər zəhərin içində. Baxça bağın gül çiçəyi göz oxşar, Qurdlar, quşlar ləçəyinə salar, iz.  Söz var dərin məna verər, söz oxşar, Söz var ali, sözlər də var, saf təmiz. Zakir deyər daim sözün düzünü, Bu dünyada düzə zaval olar tez.  Hər gün gördüm əzrayılın üzünü, Pislər qalar, yaxşıları  alar tez . Zakir İsmayil

DÜŞMÜŞƏM

Yaxan boyu “tilsim düymə” çalındı, Yanmaq üçün sorağına düşmüşəm. Axşam-səhər, saçlarımı darayır, Bir həsrətin darağına düşmüşəm. Belə dərdə nə daş dözər, nə dəmir, Bilirsənmi, lal baxışlar nə demir?! Gecələri yol gəlmişəm bir ömür, O gözlərin “çırağına” düşmüşəm. Sünbül-sünbül uralanmış zəmiyəm, Bir kamanın kökdən düşən simiyəm. Bir dəryada, bir yelkənsiz gəmiyəm, Dalğa vurub, qırağına düşmüşəm. Ay Məhəbbət, nə dözümün, nə tabın, Çəkirsənmi, bir içində hesabın?! Bu dünyada sevgi adlı kitabın, Nə yaxşı ki, varağına düşmüşəm. Məhəbbət Kəlbəcərli

Şərif Ağayar: “Hər axşam kababxanalar, pivəxanalar adamlarla dolu olur, ölkədə bir güc var, insanların kitabdan uzaq qalmasını istəyir...”

“Reklam elə şeydir ki, nə qədər aparsan, yenə də azdır. Bu mənada, bəli, nəşriyyatlar da daha çox reklam aparmalıdırlar. Amma Mədəniyyət Nazirliyi də daha çox çalışmalıdır ki, efirdə tanıtım getsin. X Beynəlxalq Kitab Sərgisində ziyarətçi sayının az olması insanların maddi vəziyyəti ilə bağlı deyil. Çünki hər axşam bütün toyxanalar, kababxanalar, pivəxanalar adamlarla doludur”.  Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış yazıçı Şərif Ağayar deyib.  “Mənə belə gəlir ki, ölkədə bir güc var və o, insanların kitabdan uzaq qalmasını istəyir. Çünki kitab əhlini aldatmaq çətin olur. Xüsusi marağı olan insanlar var, yoxsa bu cür olmazdı. Adamlar da başa düşməlidirlər ki, xüsusən Azərbaycan kimi ölkələrdə kitabdan ayrı qalan insanın xoşbəxt olmaq lüksü yoxdur. Onu həmişə istismar edəcəklər, aldadacaqlar. Mirzə Cəlil deyirdi ki, “sözünü o kəslərə de ki, sənə qulaq vermirlər...” Təəssüf ki, özümüz yazıb, özümüz eşidirik. Dinləməsi lazım olan adamlar heç bu açıqlamanı da girib oxumayacaqlar”, - o bildirib.  Ş.Ağayar bildirib ki, ötən günlə müqayisədə bu gün Bakı Beynəlxalq Kitab Sərgisində daha çox aktivlik var: “Təcrübə göstərir ki, həmişə şənbə-bazar yaxşı olur. İndi də hərəkətlilik müşahidə olunur...” 

Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi realliqlar və perspektívlər” kitabı çap edilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Zəngəzur dəhlizi: geosiyasi realliqlar və perspektívlər” kitabı çap edilib. Sozcu.az xəbər verir ki, bu, müəllifin sayca 22-ci kitabıdır. 44 günlük müharibədən sonra regionda çox ciddi dəyişikliyə səbəb olub. Bu prosesin fonunda Zəngəzurdan – tarixi Azərbaycan torpağından keçəcək və Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də, Türkiyə ilə birləşdirəcək yeni birləşdirici dəhlizin əhəmiyyəti aydın nəzərə çarpır. O cümlədən, müxtəlif dövlətlərin bu məsələyə münasibəti, regional və qlobal əməkdaşlıq kontekstində dəhlizin meydana gətirə biləcəyi yeni məqamlar, Azərbaycanın müstəqil dövlət kimi fəaliyyətinin məzmunu kimi məsələlərin aktuallaşdığı şübhəsizdir. Bu baxımdan, Zəngəzur dəhlizinin reallaşmasının geosiyasi analizi çox aktualdır. Təqdim edilən kitab Azərbaycanın geosiyasi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizləri, Zəngəzur: tarix, deportasiya, siyasət və geosiyasi proseslər və Zəngəzur dəhlizi: geosiyasi reallıqlar və beynəlxalq layihələr başlıqlı mövzuları əhatə edir. Arxiv sənədləri, yerli və xarici müəlliflərin araşdırmaları, təhlillər və siyasi proseslərdə aparılan danışıqların məzmunu kitabıb mənbəşünaslıq bazasını təşkil edir. Kitabın hazırlanması prosesində yerli və xarici ekspertlərlə məsləhətləşmələr aparılıb, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının hesabatlarından istifadə edilib. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən bu günə kimi Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizinn təşəbbüsü ilə ərsəyə gəlmiş Şimal-Cənub, Şərq-Qərb və Cənub -Şimal nəqliyyat dəhlizləri bu gün qitələrarası daşınmaların reallaşmasında böyük rol oynayır. Bu nəqliyyat dəhlizləri tarixi İpək yolunun bərpasında ciddi əhəmiyyətə malikdir. İndi isə belə dəhlizlərin sırasına daha biri əlavə olunur. Mövzu ilə bağlı kitabda nadir arxiv sənədləri və xəritələr öz əksini tapır. Təqdim edilən kitab geniş oxucu kütləsi və elmi tədqiqatlar aparan şəxslər üçün dəhlizin geosiyasi əhəmiyyətini və gələcək perspektívlərini təhlil edir. PS: Kitabın çapında dəstək verən şəxslərə təşəkkürümü bildirirəm. Məhz onların sayəsində kitab nəşr edildi. Dizayn üçün dostum Rovshan Abbas -a minnətdaram.

Dahilərdən həyatı dəyişdirə biləcək sözlər! - Motivasiya

1. Zənginlik yalnız bir dəfə hər bir insanın qapısını döyür, lakin insanlar tez-tez qonşu salonda oturur və heç bir tıqqıltı eşitmir. © Mark Tven 2. Ən böyük səhvimiz, çox tez təslim olmağımızdadır. Uğura gedən ən düzgün yol isə hər dəfə yenidən cəhd etməkdən keçir. © Tomas Edison 3. Şəxsən mən qaymaqlı çiyələyi sevirəm, balıq isə soxulcanı. Buna görə də balığa gedəndə nəyi sevdiyim haqda yox, balığın nə sevdiyi haqda düşünürəm. © Deyl Karnegi 4. Uğursuzluq - nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır. © Henri Ford 5. Problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Yox əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirmək mənasızdır. © Dalay Lama 6. Çox istedadlı olsanız da, var gücünüzü sərf etsəniz də bəzi nəticələr əldə etmək üçün vaxt lazımdır. © Uarren Buffett 7. Səhər oyananda nə edəcəyin haqda düşün. Axşam yatanda isə nə etdiyin haqda. © Pifaqor 8. Kasıb, yazıq, bədbəxt, uğursuz insanlar tez-tez “sabah” kəlməsini işlədir. © Robert Kiyosaki 9. Yaşlılar cavanlara həmişə qənaətcil olmağı tövsiyə edirlər. Bu, yaxşı məsləhət deyil. Pullarınızı özünüzə xərcləyin. © Henri Ford 10. Mən bunu istəyirəm. Deməli, bu olacaq. © Henri Ford 11. Mən məğlubiyyətə uğradım. Sadəcə işləməyən 10.000 yol tapdım. © Tomas Edison 12. Ağır iş - vaxtında etmədiyiniz yüngül işlərin cəmidir. © Con Maksvell 13. Əvvəllər deyirdim: “Hər şeyin bir gün dəyişəcəyinə ümid edirəm.” Sonra isə hər şeyi dəyişmənin bir yolu olduğunu anladım və özüm dəyişməli oldum. © Cim Ron 14. Bütün həyatım boyunca öyrəndiyim və həmişə əməl etdiyim dərs – hər zaman cəhd etmək, heç vaxt təslim olmamaqdır. © Riçard Brenson

Aforizmlər və Mənalı Sözlər

Əgər getdiyiniz yolda çətinlik və maneələr yoxdursa, bilin ki, o yol sizi heç yerə çatdırmaz. Yanılmaq insanca, bağışlamaq müqəddəscə bir işdir. – Aleksandr Pop Bilirsən…Ürəyin çox dolanda, günəşin batmasına tamaşa etmək yaxşı olur… Ey eşq! Sən elə bir hissən ki, dünya toxları, sənin aclarındır.- Şəms Təbrizi. .- Şəms Təbrizi. Tale bəhanələr qəbul etmir. – Ziqmund Freyd Həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq… Digəri hər şey möcüzəymiş kimi yaşamaq. Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan. – Mövlana Oxuyaraq öyrənəcəksən amma, sevərək anlayacaqsan –  Şəms Təbrizi. Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir. – Bencamin Franklin  Nitqi çox bəzəsən, məqsəddən uzaq düşərsən. – Mövlana Cəlaləddin Rumi Qadından mələklik gözləyirsənsə, Ona cənnətini sunmalısan . – Can Yücəl Məhəbbət teleskopdan, paxıllıq isə mikroskopdan baxır.   -H.Şou Düşdüyümüz quyular sandığımız qədər dibsiz deyil əslində, yapışmağa çalışdığımız iplər çox qısadır. – Çarlz Bukovski Faktlar çoxdur, həqiqətsə – bir. – R. Taqor Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir. – Bencamin Franklin Nadan xoşbəxtliyi uzaqlarda axtarır,   müdrik isə onu öz yanında yetişdirir. – C.Oppenheym Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. – Sədi Şirazi Qarının toxluğu müvəqqəti, gözün toxluğu daimidir.  -Əbu Turxan Məntiq sübut alətidir, intuisiya – kəşf aləti.  -Puankare  Dünyada hər pislik daim cəhalətdən doğar. – Alber Kamyu  Həyata yenidən başlasaydım, saniyələrin nəbzini tutardım. – Dostoyevski Qalib gələcəkmi cahanda kamal?!  -Səməd Vurğun Dünya bir qonaq otağıdır. Bu otaqdan hamı ilə vidalaşıb, borclarını ödəyib, layiqincə, nəzakətlə ayrılmağı bacarmaq lazımdır. – Aleksandr Düma

Elçin Rəhimzadə - Məni Allah qaldırdı yıxıldığım o yerdən

Yıxılanda əlimdən tutan olmadı mənim, Dost sandığım insanlar üz çevirib, getdilər. Məni Allah qaldırdı yıxıldığım o yerdən, " Necə oldu bu qalxdı ?" deyə qeybət etdilər. Səbr elədim, dirəndim əzaba, çətinliyə, Nə zamankı ümid də qalmamışdı sabaha. Mən insana əl açıb demədim ki, yardım et, Yardımçün əl uzatdım xilaskarım Allaha. İndi həmin insanlar yıxılıblar özləri, Mən nə çəkdim çəkirlər,mən kənardan baxıram. Məni tək buraxdılar ağır, çətin anımda, Mən onları Allahla təkbətək buraxıram. Elçin Rəhimzadə