Saçlarım düm ağ ağarıb,
İçində qara gəzirəm!
Varlı ölkə vətəndaşı –
Qürbətdə para gəzirəm!
Qurtarmadı pandemiya,
Söndü işıq, itdi ziya,
Yatanda gedib yuxuya –
Minirəm, şara gəzirəm.
Səksən manat alır qazi,
Qaçır qiymət, qovur tazı
Baxıb bunlara narazı –
Ürəyim yara gəzirəm.
Dərdim böyük, dərdim incə,
Kal meyvəni dərdim incə,
Xəstə armudu yeyincə –
Ayıya çarə gəzirəm.
Dərddən, qəmdən, çıxıb yola,
Vurnuxuram sağa, sola,
İlişdikcə kosa, kola –
Bilmirəm hara gəzirəm.
Əzrayıla hay salmışam,
Can da almır vay, qalmışam,
Yaşamaqdan vayqanmışam-
Cəhənnəm gora, gəzirəm.
El oğluyam, el həkimi,
Aparsa da sel, həkimi,
Görən gözü, görməz kimi –
Bənzədib kora gəzirəm.
Hərdən də yumub gözümü,
Söyləyirəm haqq sözümü,
Məmur yeyir süd üzünü,–
Mən həsrət şora gəzirəm.
Bu vətəndə yalqızam mən,
Fərqim yoxdur bir səfildən,
Zakiri tutub qəfildən –
Salıblar tora gəzirəm.
Zakir İsmayil