“Reklam elə şeydir ki, nə qədər aparsan, yenə də azdır. Bu mənada, bəli, nəşriyyatlar da daha çox reklam aparmalıdırlar. Amma Mədəniyyət Nazirliyi də daha çox çalışmalıdır ki, efirdə tanıtım getsin. X Beynəlxalq Kitab Sərgisində ziyarətçi sayının az olması insanların maddi vəziyyəti ilə bağlı deyil. Çünki hər axşam bütün toyxanalar, kababxanalar, pivəxanalar adamlarla doludur”.
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış yazıçı Şərif Ağayar deyib.
“Mənə belə gəlir ki, ölkədə bir güc var və o, insanların kitabdan uzaq qalmasını istəyir. Çünki kitab əhlini aldatmaq çətin olur. Xüsusi marağı olan insanlar var, yoxsa bu cür olmazdı. Adamlar da başa düşməlidirlər ki, xüsusən Azərbaycan kimi ölkələrdə kitabdan ayrı qalan insanın xoşbəxt olmaq lüksü yoxdur. Onu həmişə istismar edəcəklər, aldadacaqlar. Mirzə Cəlil deyirdi ki, “sözünü o kəslərə de ki, sənə qulaq vermirlər...” Təəssüf ki, özümüz yazıb, özümüz eşidirik. Dinləməsi lazım olan adamlar heç bu açıqlamanı da girib oxumayacaqlar”, - o bildirib.
Ş.Ağayar bildirib ki, ötən günlə müqayisədə bu gün Bakı Beynəlxalq Kitab Sərgisində daha çox aktivlik var: “Təcrübə göstərir ki, həmişə şənbə-bazar yaxşı olur. İndi də hərəkətlilik müşahidə olunur...”