Yaxan boyu “tilsim düymə” çalındı,
Yanmaq üçün sorağına düşmüşəm.
Axşam-səhər, saçlarımı darayır,
Bir həsrətin darağına düşmüşəm.
Belə dərdə nə daş dözər, nə dəmir,
Bilirsənmi, lal baxışlar nə demir?!
Gecələri yol gəlmişəm bir ömür,
O gözlərin “çırağına” düşmüşəm.
Sünbül-sünbül uralanmış zəmiyəm,
Bir kamanın kökdən düşən simiyəm.
Bir dəryada, bir yelkənsiz gəmiyəm,
Dalğa vurub, qırağına düşmüşəm.
Ay Məhəbbət, nə dözümün, nə tabın,
Çəkirsənmi, bir içində hesabın?!
Bu dünyada sevgi adlı kitabın,
Nə yaxşı ki, varağına düşmüşəm.
Məhəbbət Kəlbəcərli