Gəl, ana! " Gəl, gör nə gündəyəm, ana"silsiləsindən...

Gözlərimdə yer kürəsi,

Yurd salan eşqin zərrəsi...

Dərdim olub ev kirəsi,

Gəl, gör nə gündəyəm, ana?!

Əllərim hey boşa çıxır,

İşlərim də daşa çıxır,

Dərdim-qəmim başa çıxır,

Gəl, gör nə gündəyəm, ana?!

Eh, dolanıram bir təhər,

Boğazımı tutub qəhər,

Ürəyimi sıxır şəhər,

Gəl, gör nə gündəyəm, ana?!

Bu şəhərin gözləri nəm,

Bu şəhərin sözləri qəm,

Kədərim çox, sevincim kəm,

Gəl, gör nə gündəyəm, ana?!

***  ***  ***  ***  ***

Gəl, ana,

       Gəl!

Yuxun çin olub,

      Gəl!

Ağ göyərçin olub,

      Gəl!

Təkcə mənə yox,

Bütün Millətimizə ANA gərək!

Düşmən ayaqları

altında əzilən,

Min yerə yozulan,

Min yerə çözülən

Qeyrətimizə ANA gərək!

Avtobus dayanacaqlarında

Var gücü ilə bağıran,

Müştəri çağıran,

səsi yekə,

özü bir tikə

             oğlanlara

             ANA gərək!

Hamıya yalan sırıyan,

Hamıya yalanla yarıyan,

Yalanla qocalan,

Yalanla qarıyan,

Yalanla böyüyən,

Yalanla öyünən,

Ürəyi yalanla

              döyünən,

Əti, qanı,

namusu, vicdanı,

Qaşı, gözü,

hər kəlməsi,

hər sözü

yalan olan.

Yalandan doğulan,

Yalanın içində

              boğulan,

Özü boyda yalan olan yalanlara

             Bir halal

             ANA gərək!

Bu yalanların,

Zəhəri diş altında olan

ilanların

anası olsaydı,

           yalan olmazdı,

anası olsaydı,

          ilan olmazdı,

Bunlar insan deyillər,

                       ANA.

Bunlar insanı yeyirlər,

                       ANA.

Yalandan - Millət -

                    deyənlərə,

Millətin sərvətini yağlı tikə kimi

                    yeyənlərə,

Milləti çöllərə

                   salanlara,

Milləti ələ 

            salanlara,

Milləti ac qoyanlara,

Necə insan deyim, ana, insan?

Şeytandı bunlar, ana,

                              şeytan.

Bunlar çörək əvəzinə

Pul yeyirlər,

Su əvəzinə

            dollar içirlər,

odda yanmırlar,

sudan quru keçirlər.

Dollar deməkdən,

Dollar yeməkdən,

Rəngləri yaşıla, göyə çalan

kərtənkələlərə dönüblər.

Bunlar dollara sarınıblar,

Qorxu bilmirlər,

Bunlar dollara bürünüblər.

Hardan dolların səsi gəlsə,

O səmtə sürünürlər.

Gəl, ana, gəl,

Şeytan olanda

              nə olar,

Şeytana da 

               ANA gərək.

Gəlsən, pis olmaz,

Şeytanın anası olsa,

Şeytan olmaz.

İlanlıqdı,

şeytanlıqdı,

Millətin bəlası,

Ana südüdü,

Ana öyüdüdü,

Bu dərdin dəvası!

Gəl, ana, gəl!!!

XATİRƏ ƏZİZ Rəhimli

Şair-publisist

Share on Facebook