Şəhid sərhədçilərin vida mərasimi keçirildi

İyunun 10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olmuş mayor Baxış Elşən oğlu Baxışlı ilə Tərtər rayonunda, əsgər Əli Elşən oğlu Nağıyev ilə Gəncə şəhərində vida mərasimi keçirilib. DSX-nin mətbuat mərkəzindən Sozcu.az-a verilən məlumata görə, vida mərasimlərində şəhidlərin əzizləri, dövlət və hökumət rəsmiləri, DSX-nın rəhbər şəxsləri, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə mayor B.Baxışlının və əsgər Ə.Nağıyevin şərəfli xidmət yoluna nəzər salınıb, şəhidlik zirvəsinə ucalmış silahdaşlarımızın əziz xatirəsi daim ürəklərdə yaşayacağı, xalqımız tərəfindən böyük minnətdarlıqla yad ediləcəyi vurğulanıb. Şəhidlərimiz Vətən torpağına əmanət edilib, ruhlarına dualar oxunub, yaylım atəşi açılıb və hər birimizin fəxarət rəmzi olan üçrəngli Dövlət bayrağı ailələrinə təqdim olunub. Sonda məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Yevlaxda 24 yaşlı gənci öldürən şəxs saxlanıldı

İyunun 10-da saat 18:30 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Elmir Habil oğlu Abışovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tahir Ceyhun oğlu Abdullayev polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.

Hikmət Hacıyev Cevdet Yılmazla görüşdü

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Ankarada görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkə hesabında bildirib. “Mən cənab Hacıyevə səfərinə görə minnətdarlığımı bildirir və bu münasibətlə dost və qardaş Azərbaycan xalqına öz sevgimi çatdırıram”, - C. Yılmaz qeyd edib. Görüş zamanı regional və qlobal məsələləri, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib.

Radikal sağ Avropa Parlamentində və Avropa Komissiyası rəhbərliyinin formalaşdırılmasında yenə söz sahibi ola bilməyəcək

Avropa Parlamentinə seçkilərlə əlaqədar dünən axşamdan bəri hay-küy var, amma yekun nəticəyə baxanda ciddi dəyişiklik olmadığını görürük.  Sağ mərkəz və sol mərkəzdən ibarət 2 ana blok – Avropa Xalq Partiyası (EPP) ilə Sosialist və Demokratların Proqressiv Alyansı (S&D) öz gücünü qoruyur. Hətta EPP alman xristian-demokratların qələbəsi sayəsində yerlərinin sayını artırıb. Yəni radikal sağ Avropa Parlamentində və Avropa Komissiyası rəhbərliyinin formalaşdırılmasında yenə söz sahibi ola bilməyəcək.  Doğrudur, milli səviyyələrdə ifrat sağın yüksəlişi var, xüsusən Fransada Milli Birlik (keçmiş Milli Cəbhə) Partiyasının qələbəsini (31,5%) ayrıca qeyd etmək lazımdır. Lakin bu, dəhşətli bir sürpriz deyil, çünki Milli Cəbhə hələ 10 il əvvəl Fransada Avropa Parlamentinə seçkilərin qalibi olmuşdu. Partiyanın lideri Marin Le Pen sonuncu (2022) prezident seçkilərində 41,5% kimi çox yüksək səs almışdı Bir az da keçmişə getsək, xanım Le Penin atası və partiyanın qurucusu Jan Mari Le Pen 2002-ci prezident seçkilərində 2-ci tura çıxmışdı. Milli Cəbhə Fransa siyasətində 70-ci illərdən bəri mövcud olan realitedir və seçkidən seçkiyə bəzən səs artırır, bəzən yerində sayır. Onun ənənəvi dəyərlərin, milli identikliyin, fransız mədəniyyətinin qorunmasına, milli suverenlik, antiqlobalizasiya və avroskeptisizmə əsaslanan proqramı və islamofobik fikirləri Fransa toplumunda hər zaman özünə dəstək tapıb.  Son prezident seçkilərindən sonra M.Le Pen sədrliyi 27 yaşlı (indi 29) Jordan Bardellaya ötürdü və o vaxtdan partiyanın siyasətində müəyyən korrektələr gözə çarpır. Məsələn, vaxtilə Rusiya bankından kredit almış və Putinə simpatiyasını gizlətməyən Le Pen Ukraynada müharibə başladıqdan sonra Rusiyanı birmənalı qınadı. Ötən həftə Zelenski Fransa parlamentində çıxış edərkən onu ayaqda alqışlayanlar arasında Le Pen də var idi. Atası əlcəzairli, anası italyan olan fransız millətçisi mösyö Jordan Bardella Ukraynaya hərbi yardımın əleyhinə olmadıqlarını deyir, sadəcə, onun fikrincə, bu siyasəti ehtiyatla aparmaq lazımdır ki, Fransa nüvə dövləti Rusiya ilə üz-üzə gəlməsin. Bütün bunlar Milli Birliyin müəssəs-nizamla mümkün qədər uyum içərisində çalışmaq niyyətindən xəbər verir.  Şübhəsiz ki, son illər kəskinləşən illeqal miqrasiya məsələsi və onun yaratdığı çeşidli problemlər (o cümlədən asayiş və təhlükəsizliklə bağlı) Fransa başda olmaqla, qitə Avropasında bəzi əhali təbəqələrinin millətçi-mühafizəkar qüvvələrə yönəlməsini şərtləndirən başlıca faktordur. Almaniya da bu baxımdan istisna deyil. Orada radikal sağçı AfD (Almaniya üçün Alternativ) 16%-lə ikinci oldu. Bu partiyanın yüksəlişinin yeganə səbəbi miqrant problemi deyil. AfD-nin əsas elektoral bazası şərq torpaqlarıdır, yəni keçmiş ADR coğrafiyası. Birləşmədən sonrakı dövrdə ölkənin şərqi ilə qərbi arasındakı sosial-iqtisadi inkişaf fərqləri hələ tam aradan qaldırılmayıb. İki fərqli sistemdə uzun müddət yaşadıqları üçün insanlar arasında mentalitet fərqi də var - şərq liberal dəyərlərə daha məsafəlidir. Bu sosial-iqtisadi və mental disbalans qeyri-sistem partiyalarını böyüdən amillərdən biridir. Amma AfD-nin aldığı nəticəni də tükürpədici sensasiya kimi təqdim etməyə ehtiyac yoxdur. Bir neçə ay əvvəlki sorğularda bu partiya hətta 22%-ə yüksəlmişdi, sonda 16%-lə kifayətləndi.  Onu da qeyd etmək lazımdır ki, Şröderin 5 illik, Merkelin 17 illik idarəçiliyi nəticəsində “Deutschland”dən “Gazpromland”ə çevrilmiş ölkə ötən 2 ildə radikal dönüş yaşadı (Zeitenwende) və Rusiyadan enerji asılılığına son qoymaq istiqamətində siyasət apardı. Uzun illər ucuz rus qazından faydalanan alman sənayesi və ev təsərrüfatları bu “iynə”dən vaz keçilməsinin fəsadlarını yaşadı. Qiymət artımları və inflyasiya baş verdi, bu da əhalinin narazılığını artırdı. Nəticədə qırmızı-sarı-yaşıl koalisiyanın səsləri azaldı.     Son olaraq, Macarıstanda Viktor Orbanın partiyası “Fidesz”in ötən seçkilərlə müqayisədə 9% səs itirməsi də diqqətəlayiq nəticələrdən biridir. Belə görünür ki, Orbanın və partiyasının qarşısına nəhayət ki, ciddi rəqib çıxmaqdadır. Daha əvvəl “Fidesz”in üzvü olmuş və müxtəlif vəzifələrdə çalışmış, həyat yoldaşı isə ədliyyə naziri olmuş 43 yaşlı Peter Madyar son aylar ölkədə sürətlə populyarlıq qazanıb. Onun faktiki lideri olduğu “Tisza” Partiyası dünən 30% səs aldı. P.Madyar Orban hökumətini sərt tənqid edir və Avropa Birliyi ilə münasibətlərin təkrar istiləşməsinə tərəfdardır. Şahin Cəfərli, politoloq

HADİSƏBakıda 10 yaşlı uşaq faciəli şəkildə öldü - FOTO

Bakıda azyaşlı oğlan faciəli şəkildə ölüb. Sozcu.az Publika.az-istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib. 157 saylı orta məktəbin 3-cü sinif şagirdi Tuncay Nurlan oğlu Məmmədzadə 7-ci mərtəbədən, yaşadığı evin pəncərəsindən ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.

Azərbaycanda azyaşlı çipsdən zəhərlənərək ölüb? - YENİLƏNİB

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) azyaşlının ölümü ilə bağlı məlumat yayıb. Sozcu.az xəbər verir ki, birgə məlumatda deyilir: Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı müvafiq araşdırmalar aparılır. İlkin araşdırma zamanı məlum olub ki, hadisə 08.06.2024-cü il tarixində baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub. 09.06.2024-cü il tarixində saat 01:25 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, 09.06.2024-cü il tarixində saat 03:40 radələrində T.Cavadzadə vəfat edib. Ailənin bildirdiyinə görə, ailənin 3 uşağı “Çips” məhsulu qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb. Baş verən hadisə ilə bağlı ailəyə, azyaşlının yaxınlarına başsağlığı veririk. *** 12:07 Azərbaycanda azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, hadisə Qobustanda baş verib. Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur. Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sorğu ünvanladıq. AQTA-dan "oxu.az"a araşdırma başladıldığı bildirilib: "Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

Anasının evini, bacısının maşınını yandırdı

Abşeron rayonunda oğul anasının evini yandırıb.  Sozcu.az Trend-ə istinadən xəbər verir ki, iyunun 9-u gecə saatlarında baş verib.  Belə ki, 1969-cu il təvəllüdlü Azər Tağıyev Masazırda anasının yaşadığı evi yandırıb.  O, daha sonra Xırdalan şəhərinə gedərək, bacısının idarə etdiyi “İnfiniti” markalı avtomobili də yandırıb. Nəticədə maşının salon və mühərrik hissəsi yanıb.  Hər iki yanğın hadisəsini törətmiş A.Tağıyev polis tərəfindən saxlanılıb.  Onun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir. 

FHN əməkdaşı iş yoldaşını güllələdi

Gəncədə baş verən qəzanın təfərrüatları məlum olub. Sozcu.az axar.az-a istinadən bildirir ki, "VAZ-2106" markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib. Mübahisədən sonra bir digərini odlu silahla vurub. 1991-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb. Nəticədə minik maşını yoldan çıxaraq ağaclığa düşüb.

Vətən müharibəsi qazisi döyüldü: saxlanılanlar var

Qusarda Vətən müharibəsi qazisini döyən 2 nəfər polis tərəfindən saxlanılıb. Sozcu.az “Qafqazinfo”ya istinadən bildirir ki, Qusar şəhərində yerləşən kafedə şəhər sakinləri Samir Qaçayev və Teyfur Xankişiyevin xuliqanlıq zəminində oranın icarədarı Mucuq kənd sakini 1991-ci il təvəllüdlü 2-ci Qarabağ müharibəsi qazisi Ruslan Kübərovu döyərək xəsarətlər yetirməsi müəyyən edilib. Hər iki şəxs artıq saxlanılıb. Qeyd edək ki, R.Kübarov Vətən müharibəsindən sonra “Cəbrayıl”ın, “Füzuli”nın, “Kəlbəcər”in, “Şuşa”ın azad edilməsinə görə medalları, həmçinin “Hərbi Xidmətdə Şücaətə” görə medalı  ilə təltif edilib. Qazi xəstəxanaya yerləşdirilib. Hadisə vaxtı kafedə baş vermiş mübahisənin Qusar Rayon Mərkəzi Xəstəxanasında da davam etdirildiyi bildirilir.

Azərbaycanın yalnız 3 rayonunda qızların sayı oğlanlardan çoxdur

Azərbaycanda əhalinin 22,7%-ni və ya 2 milyon 295,1 min nəfərini gənclər (14-29 yaş) təşkil edib. Sozcu.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, gənclərin 51,7%-i və ya 1 milyon 186,4 min nəfəri oğlanlar, 48,3%-i və ya 1 milyon 108,7 min nəfəri qızlar olub. Qeyd edək ki, Azərbaycanın əskər şəhər və rayonlarında oğlanların sayı qızların sayından çox olub. Yalnız 3 rayonda – Saatlı, Hacıqabul və Neftçala rayonlarında qızlar oğlanlardan çox olub. 4 şəhər və rayonda isə oğlanlarla qızların sayı bərabər olub. Belə ki, Xankəndi və Naftalan şəhərləri ilə Culfa və Xocalı rayonlarında oğlanlarla qızların sayı eyni olub.yeniavaz.com)

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

İyunun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib. Sozcu.az xəbər verir ki, sinoptiklərin məlumatına görə, Naxçıvan MR, Gəncə, Göygöl, Goranboy, Tərtər, Ağdam, Bərdə, Mingəçevir, Yevlax, Şabran, Qax, Şəki, Zaqatala, Balakəndə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.

Bu tarixdə pensiyalar tam ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyunun 14-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.  Bu barədə Sozcu.az-a Nazirlikdən məlumat verilib. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. 

Yağış yağacaq, çaylardan sel keçəcək - Növbəti XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyunun 11 və 12-si əsasən gecə və səhər saatlarında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Sozcu.az xəbər verir ki, bu barədə "Report"a Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 12-si axşamadək davam edəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda (Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan və Lənkəran-Astara bölgələrinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Ukraynadan Krıma böyük hücum: S-400 və S-300-lər məhv edildi

Bu gecə Ukrayna ordusu Cankoy rayonunda rusların bir S-400 zenit-raket diviziyasına, həmçinin Çernomorskoye və Yevpatoriya yaxınlığında iki S-300 zenit-raket diviziyasına uğurlu zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib. “Atılan raketlərimizin heç biri düşmənin “yüksək effektiv” hava hücumundan müdafiəsi tərəfindən tutulmayıb, xüsusən də Ukrayna raketlərinin hücumlarından sonra S-300/S-400 komplekslərinin fəaliyyəti dərhal dayanıb. Rus işğalçılar Krımda böyük itkilərə məruz qalıb”, - məlumatda qeyd olunub.

İrəvan: Azərbaycanın itkin düşmüş hərbçisi… - Son dəqiqə

Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı hərbçinin sərhədi keçməsinə dair məlumatın olmadığını bildirib. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə xidmətdən Azadlıq Radiosunun erməni xidmətinə məlumat verilib. Ermənistan MTX həmçinin yeni informasiya olacağı halda məlumat verəcəklərini bildirib. Qeyd edək ki, iyunun 9-da Azərbaycan Müdafiə Nazirliyi Sədərək rayonunun Günnüt kəndi yaxınlığında Azərbaycan Ordusunun hərbçi qulluqçusu Ceyhun Tofiq oğlu Hüseynovun naməlum şəraitdə itkin düşdüyünü açıqlayıb. “Sputnik Ermənistan” isə bu gün Azərbaycan hərbçisinin Ermənistana keçdiyini iddia edib. Agentlik hərbçimizin Dərələyəzin Arpa (Areni) kəndi yaxınlığında saxlanıldığını bildirib.

Növbədənkənar seçki keçirmək fikrində deyilik

Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkisi keçirmək fikrində deyil. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib. “Bu məsələni müzakirə etməmişik və etmək fikrində deyilik”, - o bildirib. Qeyd edək ki, Ermənsitan parlamentinin müxalifətdən olan “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 33 deputatı növbədənkənar sessiyanın çağırılması tələbi ilə müraciət edib.

Prezidentlərin təkbətək görüşü başladı

Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyədə meşə yağını: helikopter və təyyarə cəlb edildi

Türkiyənin Adana əyalətinin Feke rayonunda meşə ərazisində yanğın başlayıb. Sozcu.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə təyyarə, helikopter və yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının lokallaşdırılması üçün səylər davam edir.

Qazilərin intiharı narahatlıq doğurur – Müsavat Divanının gündəliyi

İyunun 10-da Müsavat Partiyası Divanının iclası keçirilib. İclasda ötən həftə ərzində görülən işlər barədə məlumat dinlənilib. İyunun 24-də saat 12:00-da Azərbaycan milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin anadan olmasının ildönümü ilə əlaqədar, Fəxri Xiyabanda onun məzarının ziyarət edilməsi qərara alınıb. Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi haqda məlumatların intensivləşdiyi bildirilib. Divanın iclasında partiyanın seçkilərə hazırlığı ilə bağlı müzakirələr aparılıb. Həmçinin seçki prosedurları ilə əlaqədar müvafiq planlaşdırma aparılıb. Ötən günlər Avropa Parlamentinə keçirilən seçkilərin nəticələri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusən Fransa və Almaniyada ifrat millətçi qüvvələrin səslərinin artmasından narahatlıq ifadə olunub. Qeyd edilib ki, Avropa Parlamentində Müsavatın müttəfiqi olan Avropa Liberal Demokrat İttifaqı (ALDE qrupu) seçkilərdə üçüncü yeri tutub. İclasda ölkə başçısı İlham Əliyevin Avrointeqrasiya əleyhinə çıxışına münasibət bildirilib. Qeyd olunub ki, Avrointeqrasiya xəttinin milli mənafelərimizi əks etdirən əsas siyasi istiqamət olduğu həm ölkə Konstitusiyasında, həm də “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası”nda öz əksini tapıb. Avrointeqrasiya 1918-ci ildən başlayaraq Azərbaycan xalqının tarixi seçimidir və bu seçimi xalqın iradəsinə zidd olaraq heç kim dəyişdirə bilməz. Ötən həftə Daşkəsəndə Qarabağ qazisi Ədalət İsmayılovun özünü yandıraraq intihar etməsi, Salyan rayonunda isə Qarabağ qazisi Mircavid Bədirovun intihar etməsi haqda məlumat dinlənilib. Qazilərin intiharı, onların sosial durumunun ağır olması ilə əlaqələndirilib. Müsavat Partiyası hakimiyyətdən Qarabağ qazilərinin problemlərinin kökündən həlli üçün kompleks tədbirlərin görülməsini tələb edir, ayrı-ayrı fərdlərin müraciətlərinə həssas yanaşılmasının zəruri olduğunu vurğulayır. Sonda cari məsələlər müzakirə olunub.

Böyük yurdun könül bayraqdarı Əli Şamilə həsr olunmuş kitabların təqdimatı keçiriləcək

11 iyun saat 11:00-da Yazıçılar Birliyinin Natəvan klubunda böyük yurdun könül bayraqdarı Əli Şamilə həsr edilmiş "Türk dünyasının Əli Şamil hocası" və " Turan sevdalısı" kitablarının təqdimat mərasimi keçiriləcək. Əli Şamilin  mübarizə yoluna, mətbu həyatına işıq salan xatirələr, yazılar maraqlı məlumat və bilgilərlə zəngindir. Təqdimat mərasimində hər kəs iştirak edə bilər.  Sözcü.az

Şəmkirdə dərmandan zəhərlənən 40-a yaxın inək öldü - Fotolar

Şəmkirdə 37 baş inək dərmandan zəhərlənərək tələf olub. Sozcu.az-ın APA-ya istinadən verdiyi xəbərə görə,hadisə rayonun Morul kəndində qeydə alınıb. Kənd sakini olan Anar Məmmədovun təsərrüfatında inəklər zəhərlənərək ölüb. Fermer Anar Məmmədov APA-nın yerli bürosuna bildirib ki, fərdi təsərrüfatında bəslədikləri inəkləri dezinfeksiya etmək üçün Şəmkir rayonunda yerləşən baytarlıq aptekindən “Niastol” adı ilə dərman alıb. Həmin dərmanla mal-qaranı dezinfeksiya etdikdən təxminən 40 dəqiqə sonra heyvanların arasında kütləvi ölüm hadisəsi baş verib. Onun sözlərinə görə, baytarlıq aptekindən aldığı dərman “Niastol” deyil, başqa zəhərli dərman çıxıb. Anar Məmmədov həmin aldığı dərmanın adiyyatı qurumlar tərəfindən yoxlanılmasını istəyir. Hazırda inəklərin kütləvi tələf olması ilə bağlı araşdırma gedir.

Ələt-Astara yolunda dəhşətli qəza: 1 ölü, 7 yaralı

Ələt-Astara magistralının 152-ci kilometrində dəhşətli qəza olub. Sozcu.az xəbər verir ki, "Toyota Prado" və "Mersedes" markalı minik avtomobilləri toqquşub, "Toyota Prado" aşıb, "Mersedes" markalı avtomobil isə ikiyə bölünüb. Nəticədə bir nəfər ölüb, 7 nəfər yaralanıb. TƏBİB-dən APA-ya bildirilib ki, bu gün saat 12:40 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu Boladi kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər (kişi cinsli), bir nəfər (qadın cinsli), bir nəfər (uşaq) qapalı kəllə-beyin travması, çənə sümüyünün sınığı, sol kürək sümüyünün sınığı, alnın sıyrılmış yarası, sol əlin küt travması, dəqiqləşdirilməmiş koma diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, azyaşlı və bir nəfər (qadın cinsli) vəziyyətinə olaraq Reanimasiya şöbəsinə yerləşdirilib, digərlərinin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı təsdiqlənib.

Belqoroda hücum: 3 rus əsgəri yaralandı

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə PUA-larla hücumu nəticəsində üç hərbçi yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov deyib.

İlk dəfə: Rusiyanın ən müasir qırıcısı vuruldu

İyunun 8-də Həştərxan vilayətindəki Axtubinsk aerodromunda Su-57 qırıcısı məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi aerodromdan çəkilmiş peyk görüntülərinə istinadən məlumat yayıb. “İyunun 7-də qeydə alınmış bir görüntüdə Su-57-nin bütöv şəkildə dayandığı, iyunun 8-də çəkilmiş görüntülərdə isə onun ətrafında partlayışdan yaranmış çuxurlar və yanğın izləri görünür. Bu, məhv edilən ilk Su-57-dir”, - məlumatda qeyd olunub. Qeyd edək ki, Su-57 Rusiyanın ən müasir çoxhədəfli qırıcısıdır.