Azərbaycanda azyaşlı çipsdən zəhərlənərək ölüb? - YENİLƏNİB

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) azyaşlının ölümü ilə bağlı məlumat yayıb.

Sozcu.az xəbər verir ki, birgə məlumatda deyilir:

Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı müvafiq araşdırmalar aparılır.

İlkin araşdırma zamanı məlum olub ki, hadisə 08.06.2024-cü il tarixində baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub.

09.06.2024-cü il tarixində saat 01:25 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, 09.06.2024-cü il tarixində saat 03:40 radələrində T.Cavadzadə vəfat edib.

Ailənin bildirdiyinə görə, ailənin 3 uşağı “Çips” məhsulu qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb.

Baş verən hadisə ilə bağlı ailəyə, azyaşlının yaxınlarına başsağlığı veririk.

***

12:07

Azərbaycanda azyaşlı uşaq çipsdən zəhərlənərək ölüb.

Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, hadisə Qobustanda baş verib.

Turqut adlı azyaşlının çipsdən zəhərlənərək öldüyü iddia olunur.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sorğu ünvanladıq.

AQTA-dan "oxu.az"a araşdırma başladıldığı bildirilib:

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

Share on Facebook