İyunun 10-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olmuş mayor Baxış Elşən oğlu Baxışlı ilə Tərtər rayonunda, əsgər Əli Elşən oğlu Nağıyev ilə Gəncə şəhərində vida mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən Sozcu.az-a verilən məlumata görə, vida mərasimlərində şəhidlərin əzizləri, dövlət və hökumət rəsmiləri, DSX-nın rəhbər şəxsləri, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə mayor B.Baxışlının və əsgər Ə.Nağıyevin şərəfli xidmət yoluna nəzər salınıb, şəhidlik zirvəsinə ucalmış silahdaşlarımızın əziz xatirəsi daim ürəklərdə yaşayacağı, xalqımız tərəfindən böyük minnətdarlıqla yad ediləcəyi vurğulanıb.
Şəhidlərimiz Vətən torpağına əmanət edilib, ruhlarına dualar oxunub, yaylım atəşi açılıb və hər birimizin fəxarət rəmzi olan üçrəngli Dövlət bayrağı ailələrinə təqdim olunub.
Sonda məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.