OBA şokolada görə 7 yaşlı uşağı girov götürdü – Bakıda inanılmaz

Bakıda, Sabunçu rayonu ərazisində yerləşən OBA marketlərdən birində 7 yaşlı (ikinci sinif şagirdi olan) iki uşaq şokolad oğurladıqlarına görə mağaza müdiri tərəfindən girov götürülüb və valideynlərindən yüksək məbləğdə pul tələb edilib. Sozcu.az xəbər verir ki, bu barədə uşaqlardan birinin valideyni “Hüquqşünaslar” qrupunda məlumat yayıb. Adını açıqlamayan valideynin sözlərinə görə, uşaqların oğurluğu kameraya düşüb. Uşaqları girov götürən mağaza rəhbərliyi onların valideynlərini çağırtdırıb. Şikayətçi bildirib ki, işdən çağırılıb və oğurluq videosu ona göstərilib. O isə üzr istəyərək, ziyanı ödəməyə hazır olduğunu deyib. Mağazanın müdiri 300 manat tələb edib, əks halda isə uşağı buraxmayacağını vurğulayıb. “Mən övladlarımı atasız böyüdürəm, onun-bunun qabağında işləyərək. 300 manat ödəməlisiniz deyəndə ağladım, çünki ayda 500 manata işləyən adamam, o qədər pulum yoxdur”, - valideyn yazır. Nə qədər yalvarsa da, müdir uşağı pul gəlməyincə buraxmayıb: “Mən 1 telefon və şəxsiyyət vəsiqəmi orda qoyub, oğlumu götürüb, evə gəldim, həmin gün axşam 150 manat tapıb getdim, yalvardım ki, daha yoxdur. Müdir dedi ki, 50 manat da ayın axırında gətirərsən”. Ananın iddiasına görə, digər uşağın ailəsindən 70 manat istəyiblər. Ümumilikdə mağazadan uşaqlar 12 ədəd “Alpenqold” şokoladı götürüblərmiş. Şikayətçi hər şeyin video-qeydə düşdüyünü, ona zəng edən mağaza müdirinin nömrəsini də təqdim edib. Qeyd edək ki, hüquqşünaslar uşağın, daha sonra isə şəxsiyyət vəsiqəsinin girov saxlanılmasını qanun pozuntusu olduğunu bildirərək, bu qanunsuzluğa hüquq-mühafizə orqanlarının reaksiya verməsini istəyiblər. Vəkil Aqil Layıcın verdiyi məlumata görə, "Veysəloğlu" şirkətindən məsələ ilə bağlı onunla və valideynlə əlaqə saxlayıblar və bildiriblər ki, 300 manat o uşağın indiyə qədər oğurladığı şokoladların puludur. Belə ki, uşaq oğurluğu bundan əvvəl də edibmiş, sadəcə, sonuncu dəfə ələ keçib. Buna baxmayaraq, vəkil hüquq-mühafizə orqanlarının məsələyə müdaxilə etməsi gərəkdiyini xatırladıb. Valideyn isə onunla heç bir təmasa keçilmədiyini yazıb.(axar)

Trampın bu sərəncamı icra olunmadı

Vaşinqton ştatının dairə məhkəməsi ABŞ Prezidenti Donald Trampın ABŞ vətəndaşlığını məhdudlaşdıran sərəncamını müvəqqəti olaraq bloklayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Seattle Times” nəşri məlumat yayıb. “Mən dörd on ildən artıqdır ki, kürsüdəyəm və sualın cavabının nə vaxt daha aydın olduğunu xatırlaya bilmirəm. Bu, açıq-aşkar konstitusiyaya zidd bir sifarişdir”, - nəşr hakim Con Kofinourdan sitat gətirib. Qeyd edək ki, bazar ertəsi ABŞ Prezidenti Donald Tramp ABŞ vətəndaşlığının doğum hüququ ilə verilməsini məhdudlaşdıran sərəncam imzalayıb. Sənəd qeyri-qanuni miqrantların uşaqlarına anadangəlmə Amerika vətəndaşlığının verilməsinə məhdudiyyətləri nəzərdə tutur.

Azərbaycanla sülh müqaviləsi bağlamağa çalışırıq - Paşinyan

Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamaq təşəbbüsü vətəndaş cəmiyyətindən gəlib. Bununla bağlı qanun layihəsi təqdim etdilər və hökumətimiz bunu təsdiqlədi. Parlamentimizin bu qanunu təsdiqləməsi ehtimalı yüksəkdir və biz Aİ ilə gələcək hüquqi yaxınlaşma prosesinə başlayacağıq. Sozcu.az xəbər verir ki, bunu yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan panel müzakirəsi zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Niyə biz Avropa İttifaqına daha yaxın olmaq istədik? Çünki biz demokratik dövlətik. Bu halda demokratiyanın əsas axınında olmaq istəyirsən. İndi də biz Aİ ilə çox sıx əməkdaşlıq edirik. Açığını deyim ki, son illər Avropa İttifaqı ilə münasibətlərimizdə çox böyük dəyişikliklər və irəliləyişlər olub. Məsələn, biz uzun illərdir gündəmimizdə olan viza rejiminin liberallaşdırılması sazişi ətrafında danışıqlara indi başlamışıq. Və ümid edirəm ki, biz onu  ən qısa zamanda tamamlayıb sənədi imzalaya biləcəyik. İndi Ermənistan Avropa Sülh Aləti proqramına daxildi. Ölkəmizdə Avropa Mülki Müşahidəçilər Missiyası fəaliyyət göstərir ki, bu da çox vacibdir. Biz Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin icrası prosesindəyik və çox sıx əməkdaşlıq edirik”, - Paşinyan bildirib. Aİ ilə iqtisadi əlaqələrə toxunan baş nazir qeyd edib: “Təbii ki, biz iqtisadi baxımdan da Avropa İttifaqına daha yaxın olmaq istəyirik. Amma digər tərəfdən, biz iqtisadi baxımdan regionumuzun ölkələri ilə daha yaxın olmaq istəyirik. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk günlərindən biz bir növ iqtisadi təcrid vəziyyətindəyik, çünki Türkiyə və Azərbaycanla sərhədlərimiz bağlı olub və bağlı qalır. Bu addımla təkcə regionumuzda deyil, bütün dünyada dəyişikliklər edirik”. Paşinyanın sözlərinə görə ermənistan balanslaşdırılmış xarici siyasət yürütmək qərarına gəlib: "Bu o o deməkdir ki, biz Avropa İttifaqı və Rusiya ilə münasibətlərimizdə balans yaratmağa çalışacağıq.  İranla əlaqələrimiz çox önəmlidir. Biz Türkiyə ilə diplomatik əlaqələr qurmağa çalışırıq. Biz Azərbaycanla sülh müqaviləsi bağlamağa çalışırıq. Və bu, əlbəttə ki, asan deyil. Ancaq digər tərəfdən, bunun mümkünsüz olduğunu düşünmürəm". Türkiyə ilə diplomatik əlaqələr qurulması barədə danışarkən o deyib: "Məndən soruşurlar ki, bu məsələdə optimistəm, yoxsa pessimist? Mən nə optimist, nə də pessimistəm. Mən praqmatikəm. Sadəcə başa düşürəm ki, problem həll olunana qədər işləmək lazımdır. Əsas və məncə, ən əsası sülh gündəmindən kənara çıxmamaqdır. Məqsədimizə diqqət yetirməli və təslim olmadan və ümidsizliyə qapılmadan işləməyə davam etməliyik. Bu halda biz beynəlxalq ictimaiyyətin dəstəyini alacağıq və ümid edirəm ki, bu dəstək veriləcək”.

Nohurqışlaqda batan var: axtarışlar aparılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Nohurqışlaq kəndində göldə bir nəfərin batması barədə məlumat daxil olub. Sozcu.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar. Qeyd edək ki, Nohurqışlaq kəndi ərazisində yerləşən Nohurgöl su anbarı ətrafında batdığı ehtimal olunan şəxsin telefonu, şəxsiyyət vəsiqəsi və paltarları gölün kənarında tapılıb.

Bu məlumatın vaxtında verilməməsinə görə cərimə artırılır

Çağırışçılar və hərbi vəzifəlilər haqqında məlumatların vaxtında verilməməsinə görə cərimələr artırılır. Sozcu.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub. Dəyişikliyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək (hazırda 200-300) məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 (hazırda 400-600) manatadək məbləğdə cərimə ediləcək. Bundan başqa, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının dəqiqləşdirilməsi üçün tələb olunan məlumatların çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunu aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manatdan 400 manatadək (hazırda 100-200) məbləğdə, hüquqi şəxslər 800 manatdan 1 000 manatadək (hazırda 300-500) məbləğdə cərimə ediləcək.

Azyaşlının ölümünə səbəb olan həkim barədə hökm

Azyaşlıya düzgün diaqnoz qoymayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Elton Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, Kürdəmir Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, ona iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həmçinin Elton Musayev iki il altı ay müddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və yaxud tədris müəssisələrində) ilə məşğul olmaq hüququndan məhrum edilib. İttihama görə, Kürdəmir rayon sakini Roman Qəribov 2023-cü ilin noyabr ayında dörd yaşlı oğlu Rüfət Qəriblini müayinə olunmaq üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıb. Rüfət Qəriblini xəstəxananın həkim-infeksionisti Elton Musayev müayinə edərək ona yanlış olaraq “Ağırlaşması olmayan qızılca” diaqnozu təyin edib. İttihamda bildirilib ki, həkim təyin edilən diaqnozu dəqiqləşdirmək üçün hər hansı bir müayinələr aparmayıb, diaqnoz əsaslandırılmayıb, xəstədə ağciyərlərin pnevmoniyasını müəyyən etməyib, onun vəziyyətinin ağırlıq dərəcəsini nəzərə alaraq təcili müalicəyə cəlb etməli olduğu halda bunları etməyib. Nəticədə həkimin göstərdiyi tibbi xidmətin yetərsizliyi səbəbindən Rüfət Qəribli kəskin tənəffüs çatışmazlığından ölüb. Zərərçəkən Roman Qəribov prosesdə təqsirləndirilən Elton Musayevə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Elton Musayev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Rusiyada yaşayan azərbaycanlıların həyatı TƏHLÜKƏDƏ: Putinin qorxunc planı üzə çıxdı

Rusiyada yaşayan miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı yayılan iddialar son günlərdə cəmiyyətin diqqət mərkəzindədir. Bu barədə yayılan xəbərləri həmin ölkədə yaşayanlar da təsdiqləməyə başlayıblar. Həmin şəxslərin arasında azərbaycanlıların olduğu da bildirilir. Sozcu.az xəbər verir ki, siyasi analitiklər bu vəziyyəti müxtəlif aspektlərdən şərh edirlər. Onların fikrincə, Rusiya hakimiyyəti miqrantların müharibəyə cəlb edilməsini bir neçə səbəblə əsaslandırır. Birinci səbəb kimi, sonradan Rusiya vətəndaşlığını alan şəxslərin bu ölkə üçün hərbi xidmət keçməyə borclu olduqları iddiası göstərilir. Rusiya rəsmiləri bu addımı, qanun çərçivəsində atılmış kimi təqdim etməyə çalışır, halbuki bu, bir çox beynəlxalq hüquq mütəxəssisi tərəfindən tənqid olunur. Digər bir səbəb isə Rusiya ordusunun Ukraynada ağır itkilər verməsidir. Müharibənin gedişində meydana çıxan əsgər çatışmazlığını aradan qaldırmaq üçün miqrantların müharibəyə cəlb edilməsi bir növ "ehtiyat resurs" kimi qiymətləndirilir. Bu, xüsusilə döyüş təcrübəsi olmayan və maddi çətinliklər içində yaşayan miqrantlar üçün ciddi sosial və hüquqi problemlər yaradır. Bundan əlavə, ekspertlər bu qərarın siyasi və sosial səbəblərini də vurğulayırlar. Belə ki, son illərdə Rusiyada miqrantlara qarşı xalq arasında ciddi narazılıq və düşmənçilik hissləri artıb. Hökumət bu narazılığı aradan qaldırmaq üçün miqrantları müharibəyə göndərməklə iki məqsədə nail olmağa çalışır: bir tərəfdən ordu sıralarını doldurmaq, digər tərəfdən isə yerli vətəndaşların miqrantlara qarşı mənfi münasibətini dəyişmək. Lakin bu addımın miqrant cəmiyyətlərində ciddi narahatlıq yaratdığı da müşahidə olunur. Bir çox miqrant ailəsi yaxınlarının zorla cəbhəyə göndəriləcəyi ilə bağlı qorxu içindədir. Xüsusilə, azərbaycanlı miqrantlar arasında yayılan narahatlıq artmaqda davam edir. Onlar müharibəyə cəlb edilməkdən qorunmaq üçün müxtəlif yollar axtarırlar. Bəziləri ölkəni tərk etmək barədə düşünür, digərləri isə vəziyyətə hüquqi yolla müdaxilə etməyə çalışır. Məsələ beynəlxalq ictimaiyyətin də diqqətini cəlb edib. İnsan hüquqları təşkilatları Rusiyada miqrantların vəziyyətini yaxından izləyir və bu mövzuda geniş hesabatlar hazırlayır. Onlar miqrantların məcburi şəkildə müharibəyə cəlb edilməsinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayırlar. Ümumilikdə, miqrantların müharibəyə cəlb edilməsi məsələsi Rusiya daxilində sosial və siyasi gərginliyi daha da artırıb. Bu vəziyyətin uzunmüddətli nəticələrinin nələr olacağı hələ ki məlum deyil, lakin bu qərar həm miqrantlar, həm də Rusiya cəmiyyəti üçün ciddi sınaqlara səbəb ola bilər.yenisabah)

Bakıda müəllimi maşın vurub öldürdü

Bakıda müəllim yol qəzasında ölüb. Bakı şəhəri 278 nömrəli tam orta məktəbin müəllimi Günay Pirizadə Nizami rayon ərazisində yolu keçərkən maşın vurub. Hadisə nəticəsində o, həyatını itirib. Qeyd edək ki, G. Prizadə Azərbaycan dili və ədəbiyyat üzrə dərs deyirmiş.

Çin maşınlarından şikayətlər çoxalır - VİDEO

Son illər sürətlə Azərbaycanın avtomobil bazarına daxil olan Çin istehsalı maşınlar ilə bağlı sürücü şikayətləri artmağa başlayıb. Bu barədə sosial şəbəkələrdə tez-tez paylaşımlar edirlər. Çin avtomobillərinin aşağı sürətdə belə qəza törətdikdə çox əzilməsi ilə bağlı videolar yayılır. Əgər belədirsə, bu avtomobilləri niyə alırlar? Bu barədə ARB TV-nin “Günə Son” verilişi araşdırma edib. Daha ətraflı video məlumatı təqdim edirik:

Rusiyada azərbaycanlılara qarşı ƏMƏLİYYAT

Rusiya Federal Təhülkəsizlik Xidmətinin əməkdaşları Tver vilayətində azərbaycanlılara qarşı əməliyyat keçirib. Sozcu.az yerli mətbuata istinadən xəbər verir ki, Rusiya Milli Qvardiyasının döyüşçüləri və digər hüquq-mühafizə orqanlarının keçirdiyi  əməliyyat zamanı Azərbaycan vətəndaşı olan 6 nəfər saxlanılıb. Onların uzun müddət ərzində aksizi olmayan tütün və spirtli iççi məhsullarının ticarəti ilə məşğul olduğu iddia edilib. Məlumata görə, əməliyyat çərçivəsində müsadirə edilən məhsulların ümumi dəyəri 1 milyon rubl olaraq qiymətləndirilir. 

38 yaşlı kişini "tok" vurdu - Son durumu açıqlandı

Tovuzda fəhləni elektrik cərəyanı vurub. Sozcu.az-ın məlumatına görə, 38 yaşlı kişi ehtiyatsızlıqdan elektrik xəttinə toxunub. Şəxsin Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparıldığı bildirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, 23.01.2025-cü il tarixində saat 10:00 radələrində  elektrik cərəyanı vurması səbəbilə 1987-ci il təvəllüdlü 1 nəfər (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə təxliyə olunub. Qeyd edilib ki, xəstəyə elektrik cərəyanı nəticəsində başın, bədənin 40 %-dən çoxunun ll-lll dərəcəli termiki yanığı, elektroşok diaqnozu təyin olunub.Şəxsə ilkin zəruri tibbi xidmətlər göstərildikdən sonra Reanimasiya şöbəsinə köçürülüb.Hazırda xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məktəblərdə 7 gün dərs olmayacaq

Məktəblərdə 5 gün dərs olmayacaq. Yanvarın 27-dən Azərbaycanda məktəblərdə qış tətili başlayır. Bu barədə Sozcu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 5 günlük məktəblərdə ilk dərs günü fevralın 3-də, 6 günlük məktəblərdə isə fevralın 1-də başlayacaq. Bu qərar ümumi təhsil müəssisələrinin hazırlıq qruplarına da şamil edilir.

Dələduzluqda təqsirləndirilən şəxs: "Saxta sənədlə prokurora da mobil nömrə satmışam"

Külli miqdarda dələduzluqda və sənədlərin saxtalaşdırılmasında təqsirləndirilən, əvvəllər məhkum olunan Rufan Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə prosesdə zərərçəkmiş qismində tanınan Tural Zeynalov ifadə verib. Məlum olub ki, Rufan Qasımov ona saxta etibarnamə ilə bahalı mobil nömrələr satıb: "16 min manat verib iki ədəd "211" ilə başlayan "Azercell" nömrə almışam. Pulu yaxınlarım olan İlkin və Soltan adlı şəxslərlə göndərmişəm. Hər nömrəyə görə 500 manat da dövlətə rüsum keçirmişəm. Sonra hərəsini 11 min manata başqa şəxslərə satmışam. Bir müddətdən sonra məlum olub ki, mənə satılan mobil nömrələrin etibarnaməsi saxtadır. Etibarnamələr 6 saylı cəzaçəkmə müəssisəsindən Tahir Səfərəliyev adlı şəxsin adına verilib. Mən dəymiş ziyanı tələb edirəm". Məhkəmədə təqsirləndirilən şəxs Rufan Qasımov bir çox şəxslərə saxta etibarnamə ilə bahalı mobil nömrələr satdığını etiraf edib: "Xaçmazın prokuroruna da saxta sənədlə nömrə satmışam. Anam onkoloji xəstə idi, 21 gündən bir doqquz min manat xəstəliyinə pul lazım olurdu, haradan tapardım o qədər pulu?" Təqsirləndirilən şəxs Rufan Qasımov iki vəsatətlə məhkəməyə müraciət edib. Hakim isə vəsatətlərə baxılmasını növbəti məhkəmə prosesinə saxlayıb. Həmçinin, məhkəmə istintaqının gedişi zamanı məlum olub ki, Rufan Qasımov barədə Bakı Ağır Cinayətlər Məhkəməsi və Suraxanı Rayon Məhkəməsində başqa cinayət işləri davam edir. Məhkəmə prosesi fevralın 12-nə kimi təxirə salınıb. Qeyd edək ki, cinayət işində üç nəfər və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC zərərçəkmiş şəxs qismində tanınıb. R.Qasımova qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi dövlət sənədlərinin saxtalaşdırılması) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Əsgərovun atası Tehranın edam qərarına münasibət bildirdi

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı Səfirliyinə hücum edən Yasin Hüseynzadənin edam olunması ilə bağlı qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib. Sozcu.az xəbər verir ki, səfirliyimizə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onlar hadisəni törədən şəxsin edam olunmasını tələb edirlər: “Biz rəsmilərlə görüşümüzdə də, sənədləri hazırlayıb İran İslam Respublikasının Ali Məhkəmə orqanına göndərəndə də bir tələbimiz olub: edam. Qisas qismində edam. Bizim başqa bir tələbimiz olmayıb. Bu terror hadisəsindən 2  il keçməsinə baxmayaraq, hələ də İran İslam Respublikasında həmin terrorçunun öz layiqli cəzasını almasına əngəl törədirlər. Mən dəfələrlə Bakıda İranın müvafiq hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşmüşəm. Onlar bildiriblər ki, İslam dini ilə əlaqəli qanunlara uyğun biz onları kompensasiya qismində bağışlaya bilərik və edam etdirə bilərik. Lakin bizim bir qərarımız olub - edam. Müxtəlif sənədlər hazırlamışıq və İrana yollamışıq. Lakin bu qərar icra olunmayıb. Dövlət rəhbərliyinin, müvafiq orqanların bu işə ciddi yanaşması nəticəsində İran Ali Məhkəməsi qərarı təsdiq edib. Yəqin ki edam hökmü qüvvədə olacaq. Biz sənədləri hazırlayıb İrana yollayacağıq və yaxında edam hökmü icra olunacaq”. Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Terroru törədən Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar.

Ermənistanda hərbi maşın qəzaya düşdü: yaralılar var

Ermənistanın Ararat bölgəsində "Toyota" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşub. Sozcu.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananlar var. Məlum olub ki, “KamAZ” Ermənistan Respublikası Müdafiə Nazirliyinin balansındadır. Faktla bağlı araşdırma aparılır. 

Nəzrinin ölümündə günahlandırılan həkim barədə qərar VERİLDİ

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan həkim Sənan Mehdiyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Sozcu.az “Report”a istinadən xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqdimat təmin edilib və Sənan Mehdiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb. İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur. Cinayət işi üzrə ötən gün həkim Sənan Mehdiyev saxlanılaraq məsuliyyətə cəlb olunub.

Trampın gəlişi ilə öz rollarımızı oynamalıyıq - Makron

Avropalılar Trampın gəlişi ilə öz rollarını oynamalıdırlar. Avropa güclü və suveren olmalıdır. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Makron addım atmağın lazım olduğunu qeyd edib: “Daha çox cəsarət və müstəqillik daxil olduğumuz dövrə yeganə cavabdır”.

Ukraynanı ABŞ-sız da dəstəkləməyə hazırıq - Kallas

Avropa Birliyi artıq Ukraynaya 134 milyard avro, o cümlədən silahlar üçün 50 milyard avro ayırıb. Sozcu.az xəbər verir ki, bunu AB diplomatik xidmətinin rəhbəri Kaya Kallas deyib. “Biz artıq Ukraynaya ümumilikdə 134 milyard avro, o cümlədən silah üçün 50 milyard avro vermişik. Bu ayın sonuna qədər AB tərəfindən təlim keçmiş Ukrayna hərbçilərinin sayı 75 minə çatacaq. Brüssel Kiyevi ABŞ olmadan da təkbaşına dəstəkləməyə hazırdır. Biz bunu tərəfdaşlarla birlikdə və ya öz gücümüzlə edəcəyik”, - Kallas bildirib.

Britaniyadan Bakıya: Buna hazırıq!

Britaniya AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılmasına dəstək verməyə hazır olduğunu bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon söhbəti zamanı deyib. Dövlət katibi təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. O, Britaniyanın faciənin səbəblərinin araşdırılması və təhqiqat prosesinə hər zaman dəstək verməyə hazır olduğunu bildirib.

Repressiyalara hazırlıq: məşhur həbsxana boşaldılır

Son bir neçə gün ərzində Kərəc şəhərində yerləşən məşhur Qızılhisar həbsxanasının 4-cü bölməsinin 970 məhbusu başqa bölmələrə köçürülüb. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları fəalları həbsxana daxilindəki mənbələrə istinadən məlumat yayıb. Bildrilib ki, boşaldılan bölmənin məhbuslarının şəxsi əşyalarını götürmələrinə icazə verilməyib və əsasən narkotik, oğurluq və başqa bu kimi qeyri-siyasi cinayətlərə görə həbs olunan məhkumların saxlanıldığı 4-cü bölmə Kərəc Mərkəzi Həbsxanasının ixtiyarına verilib. Yüzlərlə məhbusun köçürülməsi başqa bölmələrdə sıxlıq yaranmasına və çox sayda məhkumun döşəmələrdə yatmağa məcbur qalmasına səbəb olub. Məlumata görə, həbsxananın 21-ci bölməsində saxlanılan siyasi məhbusların da başqa yerlərə köçürülməsinə hazırlıq gedir. İnsan haqları fəalları bunun qarşıda ehtimal olunan etiraz aksiyaları ilə bağlı olduğunu, boşaldılan bölmələrə gözlənilən etiraz aksiyalarında saxlanılan yeni məhbusların gətirilməsi üçün hazırlıq getdiyini bildirirlər. Qeyd edək ki, bundan əvvəl 2022-ci lin sentyabr ayında başlayan etiraz aksiyaları zamanı da bir neçə həbsxanada, o cümlədən Qızılhisar həbsxanasında oxşar köçürmələr olub və qısa müddət sonra boşaldılan bölmələrə minlərlə yeni məhbus yerləşdirilib.

Tramp Putini hədələdi: “Görəcəyik nə olacaq”

ABŞ prezidenti Donald Tramp Moskvanın Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlardan imtina edəcəyi təqdirdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağınə “çox böyük ehtimal” adlandırıb. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib. Onun sözlərinə görə, o, tezliklə Rusiya prezidenti Vladimir Putinlə danışmağı gözləyir və Rusiya tərəfi istədiyi zaman Putinlə görüşməyə hazırdır. Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin sülh istədiyini xatırladıb, lakin “tanqoya iki insanın lazım olduğunu” vurğulayıb. “Görəcəyik nə olacaq” deyən Tramp Putinin “ağıllı” olduğunu düşündüyünü bildirib. Eyni zamanda ABŞ prezidenti Ukraynaya hərbi yardımı davam etdirəcəyini də istisna etməyib. "Biz bu məsələni araşdırırıq", - o deyib. Tramp həmçinin bildirib ki, Çin prezidenti Si Cinpinlə bu yaxınlarda söhbəti zamanı onu Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına kömək etməyə çağırıb. “Mən dedim ki, bu işi həll etməlisiniz. Çünki Çin lideri bu istiqamətdə çox iş görməyib. "Onun da bizim kimi çox gücü var",- deyə Tramp vurğulayıb. Bloomberg mənbələrinin məlumatına görə, ABŞ prezidentinin müşavirləri Rusiya və Ukrayna arasında sülh sazişinin əldə olunmasına kömək etmək məqsədi daşıyan yeni sanksiya strategiyası hazırlayırlar. İki əsas yanaşma nəzərdən keçirilir. Əgər bu, sülhün əldə olunmasına kömək etsə və Ağ Ev döyüşlərin tezliklə sona çatacağını görsə, məhdudlaşdırılmış Rusiya neft istehsalçılarına qarşı sanksiyalar yumşaldılacaq. İkinci variant Moskvanı müharibəni dayandırmağa inandırmaq üçün sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur. Bloomberg-in qeyd etdiyi kimi, Rusiyaya qarşı sərt siyasət neft ticarətində, o cümlədən Avropa gəmiçilik şirkətlərinə və Asiya alıcılarına, o cümlədən Çin və Hindistandakı iri şirkətlərə qarşı ikinci dərəcəli sanksiyaların daha aktiv istifadəsini əhatə edə bilər. Digər mümkün yanaşma Danimarka və Türkiyə boğazlarından Rusiya neftini daşıyan tankerlərə qarşı daha aqressiv addımların atılmasıdır. Kreml Trampın dövründə sanksiyaların sərtləşdirilməsinə təəccüblənməyəcəyini bildirib. “Amerika administrasiyasının dialoq üçün müəyyən siyasi iradə bəyan etməsinə baxmayaraq, bu baxımdan xarakterini ciddi şəkildə dəyişməyəcəyi heç kimə sirr deyil ki, burada həddindən artıq gözləntilərə qapılmağa ehtiyac yoxdur”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Göyçayda zəhərlənən tələbələr evə buraxıldı - YENİLƏNİB

21 yanvar 2025-ci il saat 13:00 radələrində 4 nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıb. *** 10:32 Göyçay rayonunda 5 tələbə qız zəhərlənib. Sozcu.az "Report"a istinadən məlumat verir ki, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndiyi ehtimal olunur. Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Faktla bağlı araşdırma aparılır.

28 yaşlı Şəbnəmi öldürən qardaşına AĞIR CƏZA

Siyəzən rayonunda 28 yaşlı Şəbnəm Mustafazadəni qətlə yetirməkdə şübhəli bilinən 21 yaşlı qardaşı Səfər Mustafazadənin məhkəməsi başa çatıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səfər 9 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Qeyd edək ki, ali təhsilli müəllim olan Şəbnəm “Siyəzən Broyler” ASC-də mühasib köməkçisi kimi çalışırmış. O, müxtəlif intellektual bilik yarışmalarının iştirakçısı və qalibi olub. Şəbnəmlə qardaşının münasibətinin yaxşı olduğu, Səfərin axşam saatlarında bacısına qəfil hücum edərək onu qətlə yetirdiyi bildirilib. Hadisə ötən il avqustun 24-də, saat 22:30 radələrində qeydə alınıb.

İmişlidə yaralanan uşaqlardan biri də vəfat etdi

İmişlidə baş verən yol qəzasında xəsarət alan məktəbli Bakıda dünyasını dəyişib. TƏBİB-dən Sozcu.az-a bildirilib ki, Yeni Klinikaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb. Qeyd olunub ki, yanvarın 18-də İmişli rayonu Yalavac kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alaraq Yeni Klinikaya hospitalizasiya olunan azyaşlı qız həkimlərin çoxsaylı səyinə baxmayaraq bu gecə saat 01:45 radələrində ölüb. Məlumata görə, 2015-ci il təvəllüdlü azyaşlının sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərində təktərəfli pnevmotoraks aşkarlanmış, döş qəfəsi balonu yerləşdirilmişdi. Sağ təpə sümüyündəki təktərəfli sınıq və beyindəki ağır ödəm səbəbilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilmiş və pasiyent tibb müəssisəsinin Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs cihazına qoşulmuşdu və yüksək inotrop dəstəyi alırdı. Qeyd edək ki, Dövlət Yol Polisinin avtomobili xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəyib. Hadisə yerində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı. Hadisə ilə bağlı cinayət işi açılıb.