Sədr açıqladı: Bu ərazilərdən tramvay xətti keçəcək

Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulmuşdur. “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq. Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulmuşdur ki, sərnişinlərə xidmət göstərilə bilsin. Sozcu.az xəbər verir ki, bu sözləri Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışında deyib.

Gözəllik salonlarında tibbi kosmetoloji xidmət göstərmək qadağan olundu - Rəsmi XƏBƏRDARLIQ

Son vaxtlar bəzi klinikalarda aparılan yoxlamalar, xüsusilə, estetik cərrahlarla bağlı məsələlər əsas gündəm mövzusudur. Buna görə də plastik, kosmetoloji prosedurlar etdirən və yaxud etdirmək istəyən şəxslər üçün bəzi sual yaradan məqamlar var. Məsələn, bəzi gözəllik salonlarında kosmetoloji prosedurlar edilir. Maraqlıdır ki, bu prosedurlar nə dərəcədə doğru və gigiyenik şəkildə həyata keçirilir? Klinikalar bir sıra nöqsanların aşkarlanması nəticəsində bağlanırsa, gözəllik salonları da eyni dərəcədə yoxlanılıb, bağlanılırmı? Bu salonların kosmetoloji prosedurları həyata keçirməkləri üçün xüsusi lisenziyaları var? Sozcu.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən Bizim.media-ya verilən açıqlamada bildirilib ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nda "kosmetoloji" iş üzrə xidmətin göstərilməsi tibbin bir sahəsi olaraq, tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur. "Tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksiya üsulları daxildir. Bu üsullara inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur. Bu üsullar "kosmetoloji" işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur". Bəs bu sahə ilə məşğul olmaq hüququna kimlər malikdirlər? Verilən açıqlamada qeyd olunub ki, bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər. "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-dermatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər". Gözəllik salonlarında kosmetoloji proseslər keçirilə bilməz "Qeyd edək ki, gözəllik salonları tibb müəssisələrində sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Belə ki, vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan bu tip müraciətlər olduqda aidiyyəti gözəllik salonlarında qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyətlə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir", - deyə məlumatda bildirilib.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 5. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 6. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 12. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 13. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

İsrail ordusu Livan ərazisində bu tarixədək qalacaq

Beyrut Hizbullah üzvləri və Livan vətəndaşlarının azadlığa buraxılması müqabilində İsrail əsgərlərinin cənub ərazilərində qalmasını fevralın 18-dək uzatmağa razılaşıb. Sozcu.az xəbər verir ki, bu barədə “National” qəzeti Livan rəhbərliyindəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, İsrail özü Livana qoşunlarının cənub ərazilərində mövcudluğunu uzatmasını istəyib. Qeyd edək ki, əldə olunan razılaşmaya əsasən, İsrail ordusu 2025-ci ilin yanvarın sonuna kimi Livanın cənubundan çıxmalı idi.

Urmunun yeni meri seçildi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərinə yeni meri seçilib. Bu barədə yerli media məlumat yayıb. Məlumata görə, Aydın Rəhmani Rzaiyyə, Şəhər Şurasının keçirilən açıq iclasında səsvermə yolu ilə yeni vəzifəyə təyin olunub. Məlumata görə, səsvermə zamanı 10 səs onun lehinə, 1 səs isə tərəfsiz olub. Onun rəqibi Rza Cavankiya səsvermədən öncə namizədliyini geri götürüb. Yeni mer bundan əvvəl Qərbi Azərbaycan valiliyinində müavin, yol və nəqliyyatı nazirinin müavini və Qərbi Azərbaycan Qılıncoynatma Heyətinin rəhbəri vəzifələrində çalışıb. Qeyd edək ki, Urmunun miliyyətcə kürd olan meri Hüseyn Mehdizadə yanvarın 21-də istefa məktubunu Şəhər Şurasına göndərmişdi.

“Ona dedim ki, şəklimi poz”

"Qalatasaray"ın futbolçusu Viktor Osimhen jurnalistə hücum etməsi ilə bağlı ittihamlardan danışıb.  Sozcu.az xəbər verir ki, bu barədə goal.com saytı məlumat yayıb.  Hücumçu deyib: "Heç vaxt onu vurmamışam. Sadəcə ona yaxınlaşıb dedim ki, şəklimi poz. Bu, mənim şəklimdir və tam haqqım var ki, pozulmasını tələb edim. Mən bu cür şeylər üçün yeni deyiləm. Bilirdim ki, onlar yalan, yalan və ancaq yalan danışacaqlar. Əlbəttə ki, bu məsələni həll etmək asan olmayacaq. Mən çox qışqırmalı deyiləm, amma lazımi addımları atacam. O, yalan danışıbsa, qanunun əsəbini görəcək".  Xatırladaq ki, 21 yanvardan 22-nə keçən gecə “Posta” nəşrinin müxbiri Tolqu Bozduman Osimheni əyləncə məkanından çıxarkən görüb və fotolarını çəkib. O, daha sonra bu səbəbdən futbolçunun onu vurduğunu söyləyib.  

Azərbaycan “Avroviziya”da neçənci çıxış edəcək?

“Avroviziya 2025” mahnı müsabiqəsinin yarımfinalının püşkatma mərasimi keçirilib. Sozcu.az xəbər verir ki, İsveçrənin Bazel şəhərində keçiriləcək yarışmada Azərbaycan birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək. Qeyd edək ki, yarışmanın birinci yarımfinalı mayın 13-də keçiriləcək. İkinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək. Azərbaycanın təmsilçisi isə hələ açıqlanmayıb. İddialara görə, müğənnilər Murad Arif, Natavan Həbibi və Mehin Hümbətovadan biri Azərbaycanı təmsil edəcək. Müsabiqə ilə bağlı digər iddia isə ölkəmizin duet ilə yarışmaya qatılmasıdır.

Keçmiş icra başçısının oğlu arvadı ilə “Range Rover”i bölə bilmir

Həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyevin oğlu arvadı ilə əmlak mübahisəsinə başlayıb.  Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, həyat yoldaşı uzun illər prokurorluqda işləmiş Məhəmməd Hacıyevi məhkəməyə verib. Mübahisə səbəbi isə keçmiş prokuror M.Hacıyevin "Range Rover" markalı avtomobilidir. İddiaçı C.Hacıyeva "Range Rover"in birgə evlilik dövründə alındığını əsas gətirərək yarısına pay hüququnun tanınmasını tələb edir. Maraqlıdır ki, Hacıyevlər rəsmən boşanmayıblar. Onlar evli ola-ola əmlak davası edirlər. Cavabdeh Hacıyev isə arvadının tələbi ilə razılaşmır. Bu səbəbdən iş məhkəməyə qədər gəlib çıxıb. Daha bir diqqətçəkən məqam isə bu avtomobil Vilyam Hacıyevin cinayət işi ilə bağlı dövlət nəfinə müsadirə edilməsidir. Görünən odur ki, bu tələbi qəbul edilsə, iddiaçı müsadirə qərarına qarşı da məhkəmə başladacaq. Qeyd edək ki, Vilyam Hacıyev İmişlinin icra başçısı olduğu müddətdə oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru işləyib. Atası korrupsiya cinayətlərinə görə 8 il 6 aylıq həbsə məhkum edildikdən bir müddət sonra övladı öz ərizəsi ilə prokurorluqluqdakı işindən ayrılıb.  Xatırladaq ki, V.Hacıyev həbs ediləndən sonra özü və ailə üzvlərinin 5 milyon manatlıq əmlakları üzərinə həbs qoyulub.

Bakıda hündürmərtəbli bina yanır - Sakinlər təxliyə edilir

Yasamal rayonu ərazisində yanğın başlayıb. Manset.az-ın əldə etdiyi məlumata görə, Məhəmməd Xiyabanı küçəsində hündürmərtəbəli yaşayış binalarının birində yanğın davam edir.  Binaya elektrik enerjisi və qazın verilməsi dayandırılıb. Bir neçə insanın balkonlarda köməksiz qaldığı deyilir. Əraziyə yanğınsöndürmə və təcili tibbi yardım briqadası cəlb olunub.

Bakıda polisə silahlı müqavimət - 1 nəfər yaralandı

Yanvarın 28-də Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. DİN-in Mətbuat Xidmətindən Sozcu.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq olunmaqla, əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Aslanov Ceyhun zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib. Onun yaşadığı ünvandan külli miqdarda narkotik vasitə aşkarlanıb. Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

Sabah ASAN Xidmət işləyəcək? - RƏSMİ

Sabah ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində növbəti bələdiyyə seçkiləri ilə əlaqədar qeyri-iş günü olacaq. Bu barədə Sozcu.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN xidmət) məlumat verilib. Bildirilib ki, vətəndaşlar yanvarın 29-da yalnız hazır şəxsiyyət vəsiqələrinin verilməsi xidmətindən yararlana bilərlər.

Uşağını vuran qadını itələdi, ayağı sındı - Bakıda qadınların davası

Bakıda parkda iki qadın arasında başlayan mübahisə məhkəmədə başa çatıb. İşin məhkəməyə qədər uzanmasının səbəbi qadınlardan birinin ayağının sınması olub. Sozcu.az Musavat.com-a istinadən hadisə Yasamal rayonunda parklardan birində baş verib. 34 yaşlı Aytən Həsənova (ad şərtidir) parkda tanımadığı 50 yaşlı Zəhra Qasımova (ad şərtidir) ilə mübahisə zamanı onu itələyib. Zəhra Qasımova yıxılan zaman ayağı sınıb. Mübahisəyə səbəb isə Z.Qasımovanın Aytənin azyaşlı qızını vurması olub. Belə ki, Aytənin qızı və digər uşaqlar parkda topla oynayırmışlar. Uşaqların vurduğu top Z.Qasımovaya dəyib və onu əsəbiləşdirib. Z.Qasımova buna görə uşaqlara şillə vurub. Uşaqlar da bu barədə analarına məlumat verib. A.Həsənova qızını vurduğu üçün Z.Qasımova ilə mübahisə edərək onu itələyərək yıxıb. Yıxılan zaman Qasımovanın ayağı sınıb. Z.Qasımovanın polisə müraciəti əsasında A.Həsənova barəsində cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə zərərçəkmiş şəxs deyib ki, Aytənin qızını vurmayıb. Aytən isə deyib ki, Z.Qasımovaya xəsarət yetirmək niyyəti olmayıb. Onu bilərəkdən itələməyib. Məhkəmə Aytənin əməlinin daha yüngül maddəyə dəyişdirilməsinə qərar verib. Ona Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan az ağır zərər vurma) maddəsi ilə 7 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Məhkəmə Aytənin bu əməlində xuliqanlıq olmadığı qənaətinə gəlib.

Şamil Sabiroğluna HÖKM OXUNDU

Külli miqdarda dələduzluqda təqsirləndirilən Zakir Məmmədov və Şamil Ələkbərliyə hökm oxunub.  Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.  Hökmə əsasən, hər iki təqsirləndirilən şəxsə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.  Qeyd edək ki, iş üz üzrə 4 zərərçəkmiş şəxs qismində tanınıb. Ümumi dəymiş ziyan isə 11 min 900 manatdır. Məhkəmə istintaqı dövründə zərərçəkmişlərə dəymiş ziyan ödənilib.  Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 178.2.2 178.2.3 (təkrarən və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.  Onu da xatırladaq ki, təqsirləndirilən şəxslərdən Şamil Ələkbərli (Şamil Sabiroğlu) “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri və Birinci Qarabağ müharibəsi veteranı, jurnalistdir. 

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Yanvarın 29-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə,  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Şabranda beşyaşlı uşaq qəfil ölüb - FOTO

Şabran rayonunun Zeyvə kəndində beşyaşlı uşağın həkiməqədər ölüm faktı qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə çağırış 26 yanvar, saat 12:00-da daxil olub. "Çağırışa əsasən, 2019-cu il təvəllüdlü şəxsə (kişi cinsli) yardım göstərilməsi məqsədilə təcili yardım briqadası hadisə yerinə yola düşüb. Lakin briqada hadisə yerinə çatdığı zaman həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanır.

Banklar mobil tətbiq probleminin əsl səbəbini açıqlamalıdır - EKSPERT

Son zamanlar bankların mobil tətbiqində yaşanan problemlər vətəndaşları təşvişə salıb. Belə halların tez-tez baş verməsi və səbəbi barədə məlumat verilməməsi insanları narahat edir. Nəticədə də vətəndaşların banklara inamı azalır. Mövzu ilə bağlı Modern.az-a danışan informasiya texnologiyaları (İT) üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bütün dünyada, hətta nəhəng şirkətlər, “Meta”, “Microsoft” kimi şirkətlər də İT müstəvisində problem yaşaya bilirlər: “Bütün şirkətlərdə elektrik və elektronika müstəvisində, həmçinin insan faktoruna söykənən problemlər olur. İstisna edilmir ki, haker hücumları və bir çox kibercinayətkarlıq müstəvisində hücumlar ola bilir. Bank da özünü qorumaq üçün sistemi məhdudlaşdıra bilir. Bunların hər biri ehtimaldır, amma əsas məsələ bankın açıqlaması olmalıdır. Bank baş verən problemlə bağlı istifadəçilərə və cəmiyyətə açıqlama verməlidir. Birmənalı şəkildə geniş bir seqmentə xidmət göstərən korporasiyanın məsuliyyətidir ki, öz istifadəçilərinə baş verənlərlə bağlı dolğun məlumat versin və cəmiyyəti məlumatlandırsın”. “Təəssüflər olsun ki, dünən Kapital Bank-da baş verənlərlə bağlı ətraflı məlumat verilmədi. Problemin hansı texniki səbəbdən baş verməsi ilə bağlı heç bir mənbə məlumat verməyib. Buna görə də texniki müstəvidə şərh edilə bilmir. Amma istənilən halda görünür ki, texniki müstəvidə problem var. Bu problem bankda olsa da, aidiyyəti qurumların da nəzarəti və tətbiq etdiyi standartlar burada böyük rol oynayır. Bank fəaliyyət göstərən korporasiya olsa da, lisenziyalı fəaliyyət növüdür. Lisenziyalı fəaliyyət növlərində mütləq standartlar, şərtlər olur. Bank sektoruna nəzarəti həyata keçirən aidiyyəti qurum Azərbaycan Respublikasının Mərkəzi Bankıdır. Orada bütün müstəvidə hər bir istiqamətdə qaydalar tətbiq olunub. Həmçinin texniki və kibertəhlükəsizlik sahəsində standartlar var. Banklar beynəlxalq standart olan ISO27001 standartı ilə fəaliyyət göstərir. Bu standartın da özünün şərtləri var. Bank həm ISO27001 standartlarına, həm də Mərkəzi Bankın qoyduğu qaydalara əməl etməlidir ki, öz fəaliyyətini problemsiz formada apara bilsin. Hər bir halda böyük bir seqmentə xidmət edən korporasiyalar müsbət tərəflərində olduğu kimi, neqativ hallarda da cəmiyyəti məlumatlandırmalıdır”.

Prezident 2 fərman imzaladı

Prezident İlham Əliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 85-VIIQD nömrəli Qanununun tətbiqi və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsinin birinci cümləsində ikinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 18.6-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.3. həmin Qanunun 14.11-ci maddəsində və 18.6-cı maddəsinin birinci cümləsində birinci halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsinin birinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, habelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi qaydasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. həmin Qanunun 18.6-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kəşfiyyat və əks-kəşfiyyat tədbirləri üçün vəsaitin xərclənməsi normalarını və qaydalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 85-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 612 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. 2.2-ci bənddə “və 22.2-ci maddələrində” sözləri “maddəsində, 18.6-cı maddəsinin birinci cümləsində (ikinci halda) və 22.2-ci maddəsində” sözləri ilə əvəz edilsin; 3.2. 2.3-cü bəndə “18.3-cü maddəsində,” sözlərindən sonra “18.6-cı maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin; 3.3. 2.6-cı bənddə “maddəsində, 15.3-cü maddəsində, 16.4-cü və 18.4-cü maddələrində” sözləri “, 14.11-ci, 15.3-cü, 16.4-cü, 18.4-cü maddələrində və 18.6-cı maddəsinin birinci cümləsində (birinci halda)” sözləri ilə əvəz edilsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 82.4-cü maddəsinin dördüncü və beşinci cümlələrində, 88-1.2-ci maddəsində, 88-3.1-ci maddəsinin birinci cümləsində, 88-6.3-cü və 88-11.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir; 1.2. həmin Məcəllənin 88-6.9-cu maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 82-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803 (Cild I); 2024, № 11, maddə 1200; Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 dekabr tarixli 275 nömrəli Fərmanı) aşağıdakı məzmunda 5.18-1-ci bənd əlavə edilsin: “5.18-1. həmin Məcəllənin 88-6.9-cu maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;”.

DİN xəbərdarlıq etdi: Bu paylaşımlar saxtadır...

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara sosial şəbəkələrdə “İtirilmiş bağlamalar” adı ilə paylaşımların saxta olması ilə bağlı xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib. “Sosial şəbəkələrdə “İtirilmiş bağlamalar” adı ilə xaricdən idarə olunan saxta paylaşımlar artmaqdadır. Diqqətli olun, yalandır, feykdir. Dəstəkləyici rəylərlə insanları aldadırlar”, - Hacıyev bildirib.

Dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta – FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumata əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub. Sozcu.az-a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub. Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.

Mərdəkanda evdə partlayış - 1 nəfər yaralandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Sozcu.az-a verilən məlumata görə, bununla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fiziki şəxsə məxsus həyətyanı sahədə ümumi sahəsi 30 m² olan ikiotaqlı köməkçi tikilidə partlayışın baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində partlayış dalğasının təsirindən həyətin darvazası yerindən çıxıb, həyətdə dayanan 2 ədəd minik avtomobilinin şüşələri sınıb, tikiliyə ziyan dəyib və 1 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Pakistan Ordusundan əməliyyat - Onlarla terrorçu öldürülüb

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində keçirilən üç ayrı əməliyyatda azı 30 terrorçu məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Pakistan Ordusunun məlumatında deyilir. Məlumata görə, Lakki Marvat ərazisində keçirilən əməliyyat zamanı 18 terrorçu öldürülüb, 6-sı yaralanıb. Karak rayonunda daha 8 terrorçu məhv edilib. Üçüncü toqquşma zamanı qrup liderləri də daxil olmaqla 4 terrorçu öldürülüb, daha ikisi isə yaralanıb. Terrorçuların özək təşkilatlarına qarşı mübarizə çərçivəsində çoxlu silah və sursat anbarı aşkarlanıb. Hərbçilər ərazinin təmizlənməsi əməliyyatını davam etdirir.

İstanbulda ağır qəza: ölü və yaralılar var

Türkiyənin İstanbul şəhərində zənzirvari qəza olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Hadisə Esenler rayonunda qeydə alınıb. Bildirilib ki, motosiklet, mikroavtobus və üç avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, daha doqquz nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Araşdırma aparılır.

Türkiyədəki yanğına görə daha 11 nəfər saxlanıldı

Türkiyədə Bolu Qartalqaya xizək kurortunda 78 nəfərin həyatını itirdiyi otel yanğını ilə bağlı aparılan istintaq çərçivəsində daha 11 nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, istintaq çərçivəsində daha əvvəl saxlanılan 14 şübhəli arasında otelin sahibi Xalid Ərgül, şirkətin baş direktoru Əmir Aras, otel müdiri Zəki Yılmaz, mühasibat meneceri, aşpaz, elektrik və mətbəx işçiləri də daxil olmaqla 9 nəfər həbs edilib.

Azərbaycanda qadın təzyiq dərmanından öldü

Bərdədə qadın dərmandan zəhərlənərək ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində baş verib. Yeganə Araz qızı Hüseynova yanvarın 22-də çoxlu sayda təzyiq dərmanı qəbul edib. Görülən tibbi müdaxilələrə baxmayaraq, qadın yanvarın 24-də müalicə aldığı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzində həyatını itirib. Qeyd edək ki, mərhum Bərdə şəhərində yerləşən "Təzə bazar" adlı ticarət mərkəzində qadın geyim paltarlarının satışı ilə məşğul olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.