Azərbaycanda gənc ailələrin boşanma sayı durmadan artır

Günümüzdə aktual problemlərdən biri də zamanla  boşanmaların sayının artmağıdır. Bu xüsusiliklə yeni ailə həyatı qurmuş gənclər arasında baş verir. Bəs,  gənc ailələr arasındakı problemlərin yaranmağına daha çox səbəb olan nəsnələr nədən ibarətdir? Mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Moderator.az-a danışdı: “Günümüzdə olan aktual problemlərdən biri də boşanmaların sayında olan artımdır. Respublikada boşanmaların sayının artmasına ilk növbədə səbəb olan bir çox psixoloji və sosial faktorlar müəyyən edilmişdir. Dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, inteqrasiya prosesi, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri, ən əsası tərəflər arasında psixoloji cəhətdən yaşanan problemlər günümüzdə ailə və ailə həyatı anlayışına, evlilik və ailə dəyərlərinə münasibətin dəyişməsinəin əsas səbəblərdəndir. İkinci yerdə qərarlaşan səbəb isə sonsuzluqdur və son illərdə aktual problemlərdən birinə çevrilib. Üçüncü səbəb alkoqol və narkotik asılılığı, dördüncü səbəb xarakter uyğunsuzluğu, nikahdankənar münasibət və qısqanclıqdır. Ümumi səbəblərə baxdığımızda isə görürük ki, boşanmaların səbəbi patriarxal stereotiplərdir ki, bunlar məişət zəminində zorakılıq kimi problemlərə səbəb olur. Hər bir xalqın dəyərlər sistemində ailə münasibətləri mühüm yer tutur. Ailə kiçik dövlət kimi də qəbul edilir. Milli dəyərlər sistemi möhkəm olan ailələr öz dayanıqlılığını qoruyub saxlaya bilir.  Əfsuslar olsun ki, bu gün boşanmalar tək gənc ailələrdə deyil, yaşlı ailələrdə də baş verir. Eyni zamanda boşanmış cütlüklərin müəyyən müddət sonra yenidən bir araya gəlməsi halları da müşahidə edilir. Bu da onu göstərir ki, bəzən boşanan ailələrdə bağlar qırılmır, sadəcə ailədaxili konfliktlər düzgün həll olunmadığına görə ailələr dağılır. Nə zaman qurulmasından asılı olmayaraq, ailələrin sağlam, xoşbəxt yaşaması üçün onun üzvləri arasında səmimi, mədəni münasibət olmalı, valideyn-övlad münasibətləri düzgün tərzdə qurulmalıdır. Mədəniyyət, qarşılıqlı hörmət və bu hörmətdən doğan davranış qaydaları ailə mənəviyyatının özülüdür. Ailədən aşılanan müsbət mənəvi-psixoloji iqlimin ictimai mühitə də nüfuz etməsi danılmaz həqiqətdir. Bir məqamı nəzərdən qaçırmamalıyıq ki, ailə - cəmiyyətlə, mövcud olduğu dövrlə daim sıx əlaqədə olan bir institutdur. Ailələrdə yaşanan digər bir problem isə maddi problemlərdir. Gənc ailələrə dəstək olmaq üçün atılan addımlar siyahısında maddi və mənəvi dəstək dövlətin diqqət mərkəzindədir. Dövlətimiz maddi-sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif meyarlar üzrə ailələrə bir sıra müavinətlər, ünvanlı sosial yardım proqramlarını həyata keçirir. Həmçinin ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunması, sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutan, eləcə də məişət zorakılığı hallarının və əxlaqa zidd davranış qaydalarının qarşısının alınması məqsədilə kompleks proqramlar həyata keçirilir”. Psixoloq Dövlətin sağlam ailə naminə atdığı addımları da vurğuladı. Belə ki, sağlam ailə sağlam cəmiyyət deməkdir.  “Ailəsiz cəmiyyətin inkişafı qeyri-mümkündür. Bütün iqtisadi, maddi, siyasi, ideoloji münasibətlər ailədə formalaşır. Respublikada ailə problemlərinin həllinə xüsusi qayğının göstəricisi kimi 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Son olaraq nikahdan öncə tibbi və psixoloji müayinənin vacibliyini bir daha vurğulamaq lazımdır. Qanunvericiliklə yeni ailə quran cütlüklər tibbi yoxlanışdan keçir. Bu mox vacib məqamdır. Qurulan ailələrin dayanıqlılığı həm də ailə quran şəxslərin psixoloji sağlamlığından birbaşa asılıdır. Çox yaxşı olardı ki, ailə qurmadan öncə tibbi yoxlanışla paralel psixoloji yoxlanış da olsun. Ailələrə vaxtında və düzgün psixoloji dəstək göstərilməlidir. Ailələr arasında yaranan konfliktlər zamanı cütlüklərin müraciət edə biləcəyi ünvanlar əlçatan olmalıdır.  Yenicə Psixologiya Elmi Tədqiqat İnstitutunda “Evlilik öncəsi psixoloji uyğunluq” pilot layihəsinə də start vermişik. Əsas məqsədimiz evlilik öncəsi cütlüklər arasında psixoloji diaqnostikanı həyata keçirmək və lazım olduğu təqdirdə ailələrə psixoloji dəstəyin göstərilməsidir. Bütün bu proseslər sağlam ailə təməlinin qoyulmasında ən başlıca addımlardandır. Xüsusən çağdaş qarışıq dünyada  bu cür məqamlara həssaslıq göstərmək olduqca vacibdir. Çünki sağlam ailə - sağlam gələcək və sağlam nəsillər deməkdir”.

17 yaşlı oğlan Kürdə batdı

Zərdabda 17 yaşlı oğlan Kürdə batıb. Sozcu.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb. Çayda batan rayon sakini Səid Məmmədəliyevdir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Səid Məmmədəliyevin hansı şəraitdə və necə batması barədə hələlik məlumat yoxdur. Hazırda axtarışlar davam etdirilir.

DİQQƏT! Dəhşətli istilər gəlir - Rəsmi XƏBƏRDARLIQ

Yay fəslinin qarşıdan gələn günlərində əksər bölgələrində havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir.  Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.  Onun sözlərinə görə, Ümumdünya Meteorologiya Təşkilatının regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən bu ilin yay fəslində həm Abşeron yarımadasında, həm də bölgələrdə havanın temperaturunun iqlim normasından yüksək olacağı, ayrı-ayrı günlərdə isə anomal isti keçəcəyi ehtimal olunur. Xidmət rəisi qeyd edib ki, yağıntının miqdarının normaya yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər az olacağı proqnozlaşdırılır: "Ümumilikdə iyul-avqust ayları Azərbaycanın yerləşdiyi fiziki-coğrafi mövqeyə uyğun olaraq ən isti aylardan hesab olunur. Qlobal iqlim dəyişmələri fonunda isti hava dalğalarının təsiri nəticəsində ötən illərə nisbətən bu ilin yayında isti günlərin bir qədər davamlı olacağı ehtimalı çoxdur". 

Azərbaycanda 17 yaşlı gənc doğuşa girdi: körpəsi öldü

İyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib: "Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib, iyulun 16-da saat 04:00-da 40 həftəlik (USM-ə görə 36) baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub".

Xaricdən 442 manata gətirilən kondisionerlər mağazalarda 982 manata satılır

Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən 143 min 353 ədəd kondisioner idxal olunub. Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə kondisioner idxalı 61% artıb. Qeyd edək ki, 2023-cü ilin ilk 5 ayında ölkəyə 89 min 15 ədəd kondisioner gətirilib. Ölkəyə gətirilən kondisionerlərin sayı artsa da, onların gömrük dəyəri (ölkəyə daxil olma qiyməti) aşağı düşüb. Belə ki, 2023-cü ilin ilk 5 ayında idxal olunan bir ədəd kondisionerin orta gömrük dəyəri 487 manat (286,5 dollar) olubsa, bu ilin ilk 5 ayında bu məbləğ 442 manat (260 dollar) olub. Məlumat üçün bildirək ki, xaricdən gətirilən kondisionerlər pərakəndə ticarət müəssisələrində gömrük dəyərindən 2 dəfədən çox baha satılır. Bu ilin iyun ayında mağazalarda satılan kondisionerlərin bir ədədinin orta qiyməti 982 manat olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə kondisionerin bir ədədinin orta satış qiyməti 965 manat olub.

Tələbə faciəvi şəkildə vəfat etdi

Azərbaycanda III kurs tələbəsi vəfat edib. Sozcu.az-ın məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Cəbrayılov İmran Əli oğlun faciəvi şəkildə dünyasını dəyişib. O, Universitetin “Maliyyə və mühasibat” fakültəsinin "Maliyyə" ixtisasında təhsil alırdı. Allah rəhmət eləsin! modern)

Arvadını çəkiclə döyən kişi həbsdə öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İlqar Məhərrəm oğlu Piriyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, İlqar Piriyev arvadını çəkiclə döyməkdə təqsirli bilinərək həbs edilib. Məhkəmə onu 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Nəcməddin Sadıkovu kim qoruyur? - Polkovnik elə sirlər açdı ki...

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş keçmiş yüksəkrütbəli zabitlərinin məhkəməsi davam edir. Məhkəmədə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkovun bəzi xərcləri də açıqlanıb. Həddindən artıq çox olan bu xərclər cəmiyyət tərəfindən ciddi müzakirələrə səbəb olub.  Bəs görəsən, niyə Nəcməddin Sadıkovun əməllərinə hüquqi qiymət verilmir?  Məsələ ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, istintaq bütün detalları tam açıqlamayıb:  “Hesab edirəm ki, bu məsələ ilə bağlı istintaq bütün məsələlərə aydınlıq gətirməyib. İndi keçmiş maliyyə işçiləri məhkəmədə bu cür məlumatlar verirlər, bu da onu göstərir ki, Müdafiə Nazirliyində çox ciddi maliyyə pozuntuları olub. 2 gündür ki, sosial şəbəkələrdə, mətbuatda 8 min manatlıq çaxırla, 6 dəst armudu stəkan almaq üçün 21 min manat xərclənməsi ilə bağlı müzakirələr gedir.  Hər bir nazirliyə ümumi büdcə ayrılır, Müdafiə Nazirliyi də ayrılan pulla 60 min manatlıq gül, 14 min manatlıq dibçəklər alıb. Bu məsələdə xırdalıqlar çoxdur, istintaq hərtərəfli aparılmadığına görə, insanlarda çaşqınlıq yaranır, necə olur ki, 21 min manat armudu stəkan alınıb? Bu, mümükünsüzdür. Yəqin ki, bu məsələ ilə bağlı istintaqın da tam açıqlamadığı məsələlər, məhkəmədə səsləndirilməyən faktlar var.  Hədiyyələr həmişə olub və olacaq da, çünki xaricdən qonaqlar gəlir, həmin hədiyyələrdən onlara verilir.  Sözsüz ki, yeyintinin olması mümükündür”.   Ekspert qeyd edib ki, hüquq-mühafizə orqanları Nəcməddin Sadıkovun istintaqa cəlb edilməməsi ilə bağlı suallara aydınlıq gətirməlidir:  “Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkova hüquqi qiymət verilməməsi ilə bağlı isə heç bir söz deyə bilmirəm. Bu, birbaşa Azərbaycan dövlət hüquq-mühafizə orqanlarına ünvanlanmalı sualdır. Onu kim və niyə qoruyur suallarına hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir.  Əlbəttə ki, heç bir iş belə qalmır, hətta bəzən uzun illər bağlı qalmış işlər də açılır, yenidən istintaq aparılır. Əlbəttə ki, rəisi Nəcməddin Sadıkovun istintaqa cəlb olunması mümükündür və bir neçə il sonra o da bu məsuliyyətə cəlb oluna bilər. Bu hüquqi, normal prosedurdur”.  Ü.Cəfərov nazirlikdə hərtərəfli yoxlanmaların aparılmasının vacibliyini vurğulayıb:  “Hər kəsin bildiyi bir şey var: Müdafiə Nazirliyində mənimsəmələr olub. Nazirlikdə hərtərəfli, kompleks yoxlanılma aparılsa, çox şey üzə çıxar.  Vaxtilə SSRİ-dən Azərbaycanda miras qalmış torpaq sahələri, hərbi hissələrin əraziləri, hərbi ticarət müəssisələri və ya onların anbarları çoxdur. Onların dəyəri milyonlarla yox, trilyonlarla ölçülür. Həmin torpaqlar necə özəlləşdirilib, dövlət büdcəsinə nə qədər pul keçirilib, mənzil fondu həmin əraziləri kimlərə satıb, necə özəlləşdirib? Suallar çoxdur.  Baş Qərargah rəisi Nəcməddin Sadıkov Müdafiə Nazirliyində qanunsuzluq edən nə birinci, nə də sonuncu şəxs olub. Əgər bu gün o, sərbəst gəzirsə, əməllərinə hüquqi qiymət verilmirsə, deməli, ya hüquq-mühafizə orqanları onun əməlinə düzgün qiymət vermir, ya da ona nəyisə sübut edə bilmirlər. Əgər sübut edilərsə, vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, heç kəs qanundan üstün ola bilməz.  Suallar çoxdur, cavabını gözləyən məsələlər isə hələ də qalmaqdadır...” 

"Qazi özünü yandırırsa..." - Sosioloq çıxış yolu təklif etdi

Xəbər verdiyimiz kimi, Cəlilabadda qazi Elnur Əliyev ailə qurmağa hazırlaşdığı qızın valideynləriylə yaşadığı problemə görə intihara cəhd edib. Yanıq xəsatərləri alan E.Əliyev hazırda paytaxt xəstəxanalarının birində müalicə olunur və vəziyyəti kafidir. Qazinin vəziyyət Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən də nəzarətdə saxlanılır. Baş verən hadisə həssas təbəqəyə aid edilən döyüşçülərlə davranış məsələlərini bir daha gündəmə gətirib. Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən sosioloq, professor Əhməd Qəşəmoğlu bu cür insanlarla sosial iş aparmağın vacib olduğunu bildirib. Onun sözlərinə görə, nə qədər ki ölkəmizdə bu cür hallar davam edir, İcra Hakimiyyətləri həmin insanlarla iş aparmalıdır: "Bunun üçün bizim sosial işçilərimiz olmalıdır. Amma təəssüf ki, o sistem yaranmayıb. Bu insanlara ciddi şəkildə gizli nəzarət olmalı, onlar tibbi müayinədən keçməlidirlər. Qazilərin problemiylə əlaqəli olan digər qurumlar da məsələyə həssas yanaşmalıdır”. Ə.Qəşəmoğlunun sözlərinə görə, bu gün təkcə qazilər yox, başqa təbəqədən olan insanlar da problemləri olanda çıxış yolu kimi intihara cəhd edirlər: “Cəmiyyət günü-gündən mürəkkəbləşir, belə hadisələrin sayı da artır. Biz bununla mübarizə üçün sosial işçilər hazırlamalı, onları təkmilləşdirmə kursuna cəlb etməliyik. Hər kəs öz ərazisində olan qaziləri və digər intihara meyilli insanları müəyyənləşdirməlidirlər. Bu istiqamətində çox həssas iş aparmaq lazımdır”.

Sumqayıtda dənizdə bir nəfər batdı

Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) bir nəfər batıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Xəzər niyə insanları “udur”? - Dənizdəki görünməz təhlükə bu imiş...

Dənizdə baş verən boğulma hadisələri artıq yay fəslinin faciəsinə çevrilib. Demək olar ki, hər il analoji hadisələr yaşanır. İllər keçdikcə isə, Xəzər dənizi sanki daha çox insanı öz ağuşuna alır. Nəticə isə acı sonluqdur. Bir çoxları bunun səbəbini məsuliyyətsizlik, laqeydliklə əlaqələndirib, qoyulan qaydalara əməl etmədikləri üçün insanları günahlandırır. Ancaq bir qisim şəxslər də var ki, batmağa səbəb kimi dənizin dibində olan zəlzələ çuxurlarını göstərir.  Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev “Yeni Sabah”a açıqlamasında zəlzələnin dənizdə yaratdığı çuxurların bu hadisələrlə əlaqəsini izah edib:  “Seysmoloq olaraq müşahidə etmişəm ki, son illər 2023-cü ildən etibarən Xəzər dənizində zəlzələnin baş verməsi kəskinləşib və aktiv şəkildə özünü büruzə verir. 2024-cü ilin sonuna qədər belə davam edəcək. Ümumiyyətlə isə, Xəzər dənizi çox mürəkkəb tektonikliyə malikdir. Burada bir neçə qırılmalar, tektonik pozuntular, qırışıqlar, xırda miqyaslı tektonik hərəkətlər mövcuddur. Təbii ki, zəlzələlərin tez-tez baş verməri Xəzərin dibinə də öz təsirini göstərir. Son zamanlar dənizin suyunda enmə müşahidə olunur. Enməyə səbəb kimi bir neçə versiya göstərilir ki, parlama, iqlim dəyişikliyi və s. proseslərlə əlaqələndirilir”.  Ekspert insanları dənizdə riskli hərəkətlər etməməyə səsləyib:  “Bir seysmoloq kimi, mən mövcud vəziyyəti Xəzər dənizinin dibinin dəyişməsi ilə əlaqələndirirəm. Çünki Xəzər dənizinin dibi son illər aktiv hərəkətdədir və burada yerdəyişmələr mövcuddur. Həmçinin, çuxurlar da əmələ gəlir. Bu həm dərinliklər, həm də səthə yaxın ərazilər üçün keçərlidir. Bu səbəbdən əhali çox ehtiyatlı davranmalıdır. Tövsiyə olunan və təhlükəsiz ərazilərdə üzməlidir. Unutmaq olmaz ki, Xəzər dənizində çuxurlar mövcuddur. Hətta icazə verilən səthi yerlərdə belə çuxurlar çoxdur. Əhalini ehtiyatlı olmağa və çox riskli hərəkətlər etməməyə çağırıram. “Bura dayazdır, bir az da üzərək qabağa gedim” deyərək çox da uzaqlaşmasınlar. Çuxurlarla üzləşə bilərlər və belə olduqda onların həyatını xilas etmək təəssüf ki, mümkün olmur”. 

Türkiyədə meşə yanğını: 3 nəfər öldü

Türkiyənin İzmir şəhərinin Çeşmə ilçəsində baş verən meşə yanğını zamanı üç nəfər həlak olub. Sozcu.az Türkiyə mediasına xəbər verir ki, meşə yanğınları ilə əlaqədar 2 təyyarə, 4 helikopter, 16 yanğınsöndürən maşın, 3 su təchizatı maşını və buldozer bölgəyə göndərilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Bundan əlavə, Manisanın Soma və Çanaqqalanın Bayramiç ilçələrində də meşə yanğınlarının baş verdiyi bildirilir.

Rusiyanın dərinliklərinə daha uzunmənzilli zərbələr endirmək üçün sistemlər hazırlanır

Rusiyanın dərinliklərinə daha uzunmənzilli zərbələr endirmək üçün sistemlər hazırlanır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Xüsusilə, prezidentdən Ukraynanın Rusiya Federasiyasının arxa cəbhəsinə xarici silahlarla zərbələr endirmək məqsədilə icazə alması üçün nəyə ehtiyac olduğu soruşulub. “Proses davam etdirilir. Birincisi, həmişə belə olub: Kim bir addım irəli gedirsə, daha sonra iki addım geri çəkilir. Belə siyasətdir. Ukrayna üçün açıq olan şeylər əvvəl bağlı idi və mümkün deyildi”, - deyə Zelenski cavabında bildirib.

Müsavat daha 4 nəfərin deputatlığa namizədliyini irəli sürdü - ADLAR

İyulun 15-də Müsavat Divanının iclası keçirilib.  Sozcu.az xəbər verir ki, iclasda görülən işlər və qərarların icrası müzakirə edilib.  Müsavat Partiyası rəhbərliyinin Tiflisdə keçirilən beynəlxalq konfransda iştirakı ilə bağlı geniş məlumat verilib.  Sonra isə sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri müzakirə olunub. Müsavat Divanı daha 4 seçki dairəsindən partiyanın deputatlığa namizədlərini irəli sürüb: Mustafa Hacılı - 8 saylı Binəqədi birinci seçki dairəsi, İlqar Quliyev -32 saylı Suraxanı üçüncü seçki dairəsi Osman Kazımov - 84 saylı Füzuli seçki dairəsi, Sabir Məmmədli - 104 saylı Gədəbəy seçki dairəsi. Beləliklə, partiyanın namizədlərinin sayı 34-ə çatıb. Namizədlərin irəli sürülməsi prosesi davam edir. Divan həmçinin daha 2 nəfəri səlahiyyətli nümayəndə olaraq təsdiqləyib. Partiyanın seçki üzrə səlahiyyətli nümayəndələrinin sayı 58 nəfərə çatıb.

Azərbaycan Xalq Cəbhəsinin qurulmasının 35-ci ili tamam olur

16 iyul Azərbaycan Xalq Cəbhəsinin qurulmasının 35-ci ili tamam olur. AXC Təşəbbüs Mərkəzinin ilk iclasında-iyulun 6-da konfransa hazırlığa start verilib. 1989-cu ilin iyulun 16-da Ağamalı Sadiq Əfəndinin 7-ci mikrorayondakı mənzilinin həyətində olan "Xeyir-şər" mərasim evində yarıleqal şəraitdə Azərbaycan Xalq Cəbhəsinin Təsis Konfransı keçirilmişdir. Konfrans saat 10-da başlamış və fasiləsiz  8 saat davam etmişdir. Konfransda 30 rayon şöbəsini təmsil edən 196 səsvermə və 240 məşvərətçi səslə nümayəndə qeydə alınmışdı. Konfransın iclaslarını aparmaq üçün Yusif Səmədoğlu sədr, Lətifə Məmmədova və Ruhəngiz Hüseynova katib seçiliblər. Gündəliyə TM tərəfindən hazırlanmış 6 məsələdən ibarət gündəlik təklif edilmiş və təsdiq olunmuşdu: 1. AXC Təşəbbüs Mərkəzinin hesabatı. 2. Siyasi vəziyyət haqqında. 3. AXC TM-in mətbuat vasitələri ilə əlaqələri. 4. AXC Nizamnaməsinin təsdiqi. 5. AXC məramnaməsinin təsdiqi. 6. Təşkilat məsələləri. Əsas məruzələr üçün 20, çıxışlar üçün 5 dəqiqə müəyyən edildi. TM-in hesabatı haqqında Tofiq Qasımov məruzə etmişdi. Konfransda siyasi vəziyyət haqqında məruzə ilə Əbülfəz Elçibəy çıxış etmişdi. Əbülfəz Elçibəy o dövrdə SSRİ-də gedən proseslərin yeni və orijinal konsepsiyası ilə çıxış etmiş, O, proseslərin mahiyyətinin SSRİ-nin parçalanması olduğunu, bu prosesin labüd, təbii və mütərəqqi olduğunu, lakin kənar faktorların təsiri ilə mürəkkəbləşdiyini göstərmişdi. Məruzədə belə kənar faktorlar olaraq beynəlxalq güclər, silah mafiyası və regionda erməni amili göstərilir, Qarabağda gedən proseslər də bu prosesə bağlanır". İsa Qəmbərin təklifi ilə 15 nəfərdən ibarət İdarə Heyəti, 5 nəfərdən ibarət tərkibdə Nəzarət Təftiş Komissiyası, 3 nəfərdən ibarət maliyyə qrupu seçilib. Həmçinin İsa Qəmbərin təklif etdiyi namizədlərdən baş redaktor Nəcəf Nəcəfov olmaqla, Ağamalı Sadiq, Səfər Alışarlı, Xaliq Hacıyev, Əhməd Cavadov, Tariyel Allahverdiyevdən ibarət AXC mətbu orqanlarının redaksiya heyəti seçilib Gündəliyə uyğun olaraq AXC-yə sədr seçkiləri oldu. Zərdüşt Əlizadə Yusif Səmədoğlunun namizədliyini verib, Rəhim Qazıyev Əbülfəz Elçibəyin  namizədliyini təklif edib. Səfər Alışarlı isə İsa Qəmbərin namizədliyini irəli sürüb. İsa Qəmbər öz namizədliyini geri götürmüş, qızğın mübahisələrdən sonra Yusif Səmədoğlu da öz namizədliyini geri götürmüşdü. Açıq səsvermədə Əbülfəz Elçibəyin namizədliyi qəbul edilmiş və o səsvermə ilə sədr seçilmişdir. Azərbaycan Xalq Cəbhəsinin ilk İdarə Heyətinin üzvləri Əbülfəz Elçibəy, Tofiq Qasımov, İsa Qəmbərov, Pənah Hüseynov, Sabit Bağırov, Hikmət Hacızadə, Leyla Yunusova, Zərdüşt Əlizadə, Sülhəddin Əkbərov, Əlikram Hümbətov, Rəhim Qazıyev, Etibar Məmmədov, Nəcəf Nəcəfov, Nemət Pənahov, Yusif Səmədoğlu, Canbaxış Umudov olmuşdur.  Sözcü.az

İrandakı səfirliyimizin fəaliyyəti bərpa edildi - Foto

Azərbaycanla ilə İran arasında aparılmış danışıqlar nəticəsində bu gündən etibarən Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. Qeyd edilib ki, İran tərəfi akkreditasiya ölkəsi kimi, “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası” çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib. "Hazırda, İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək. Səfirlik Tehran şəhəri, Dərrus məntəqəsi, Şəhrizad prospekti, Yarməhəmmədi küçəsi, Saqi dalanı və Firuzkuh küçəsinin kəsişməsi, ev 8 ünvanında yerləşir. Səfirliyin işinin bərpası qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunması işinə töhfə verəcək", - deyə məlumatda qeyd edilib.

Azərbaycanda nikahların sayı azalıb- 8795 boşanma...

Cari ilin ilk beş ayı ərzində 17448 nikah və 8795 boşanma halları qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,1-ə, boşanmaların sayı isə 2,2-dən 2,1-ə düşüb.

“Uşaq Qaynar Xətti”nə son altı ayda ŞOK MÜRACİƏTLƏR DAXİL OLUB

Əsas məqsədi çətinliklə üzləşmiş azyaşlılara sosial xidmət, psixoloji və hüquqi yardım etmək olan “Uşaq Qaynar Xətti” 2024-cü ilin yanvar-iyun aylarında 851 müraciət qəbul edib. Müraciətlər hüquqi dəstək (335), psixoloji problemlər (195), sosial məsələlər (120), təhsil (68), səhiyyə (18) və digər (115) mövzuları əhatə edib. Xidmətə müraciət edənlərin 719-nu böyüklər, 77-ni azyaşlılar, 55-ni anonimlər təşkil edib. Daxil olan müraciətlərdən 393-ü ilkin, 458-si isə təkrar olaraq qeydə alınıb. “Uşaq Qaynar Xətti”nin hədəf qrupu 18 yaşına çatmamış uşaqları və onların problemi ilə əlaqədar şəxsləri əhatə edir. Xidmət müraciətləri araşdırır, aidiyyəti qurumlara yönləndirilməsini təmin edir, 7/24 rejimində gündəlik mövzulardan tutmuş zorakılıq və qısnama (bulling) kimi ciddi məsələlərə dəstək verir, mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir. Qeyd edək ki, yarandığı 2010-cu ildən bu dövrədək xidmətə 72.800-dən çox müraciət daxil olub.

Trampı qulağından yaralayan Metyu Kruks kim olub?..-DOSYE

Donald Trampı öldürməyə cəhddə ittiham olunan 20 yaşlı Tomas Metyu Kruks qocalar evində işləyirmiş. Sozcu.az "UNİAN"-a istinadla xəbər verir ki, "CNN-in məlumatına görə, müstəntiqlər hələ gəncin sosial şəbəkələrində motivi göstərən heç nə tapmayıblar. Hazırda Federal Təhqiqatlar Bürosu onun telefonuna giriş əldə etməyə çalışır. Jurnalistlərin sözlərinə görə, Kruks Amerika Birləşmiş Ştatlarının keçmiş prezidentinin mitinq keçirdiyi ərazidən təxminən 35 mil cənubda yerləşən Bethel Parkda yaşayıb. 2022-ci ildə orta məktəbi bitirib və kollektivə uyğunlaşa bilmədiyi üçün daim yoldaşları tərəfindən ələ salınıb. Atıcının qocalar evində dietoloq köməkçisi kimi işlədiyi məlum olub. Tibb bacılarından biri jurnalistlərə bildirib ki, həmin yerdə də axtarış aparılıb. Kruks respublikaçı kimi qeydiyyatdan keçmişdi, lakin əvvəllər demokratları dəstəkləyə qrupa kiçik ianələr də verib. O, yalnız bir dəfə, 2022-ci il aralıq ümumi seçkilərində səs verib. 2024-cü il prezident seçkiləri onun səs verəcəyi ilk seçki olmalı idi.  "Oğlanın atasına aid ola bilən "AR" tüfəngindən istifadə etməklə onun şəxsiyyətini müəyyən etmək mümkün olub. Onun yanında heç bir sənəd olmayıb. Oğlanın valideynləri sosial işçi olub. Kruksun atası əvvəlcə jurnalistlərə baş verənləri araşdırmağa çalışdığını deyib. Sonradan onunla əlaqə saxlaya bilməyiblər... Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti D.Tramp Pensilvaniyada keçirilən mitinq zamanı yaralanıb. Atışma anı videoda lentə alınıb - siyasətçi əlini qulağına qoyaraq əyilib. Sonradan məlum olub ki, 20 yaşlı atıcı Gizli xidmət tərəfindən vurularaq öldürülüb. Tramp qulağından zədə alıb və tezliklə xəstəxanadan buraxılıb. Amerika prezidenti Co Bayden Respublikaçılar Partiyasının qarşıdan gələn qurultayından əvvəl Trampın təhlükəsizliyini gücləndirməyi və təhlükəsizlik tədbirlərinə yenidən baxmağı əmr edib.

"Onu bir də görsəm deyərdim ki..." - Polad Həşimovun anası

“İkinci Qarabağ müharibəsi başlayanda övladlarımız “Biz Polad Həşimovun qisasını almağa gedirik” deyib getdilər. Sağ olsunlar. Getdilər, torpaqlarımızı azad etdilər”. Sozcu.az bildirir ki, bu sözləri Baku TV-yə açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, iyulun 14-də şəhidlik zirvəsinə yüksəlməsinin dördüncü ili tamam olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib. O, Polad Həşimov kimi qəhrəman övladın anası olmağı ilə fəxr etdiyini bildirib: “Fəxr edirəm ki, bizim ailəmizdə Polad kimi övlad dünyaya gəlib. Bütün Türk dünyası bunu deyir. Polad bir də dünyaya gəlsə idi, ona deyərdim ki, sənin balaların körpədir, sən yaşa, mən sənin əvəzinə gedərəm”.

Ermənistanda zəlzələ: Azərbaycanda hiss edildi

Ermənistanda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən Sozcu.az-a verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ermənistan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Ordubad stansiyasından 29 km şimalda Naxçıvan MR-nın Ordubad şəhərində 3 bala qədər hiss olunub. Ermənistan Daxil İşlər Nazirliyinin Xilasetmə Xidmətindən isə bildirilib ki, Qacaran şəhərindən 14 km şimalda baş verən zəlzələnin gücü episentrdə 4-5 bal təşkil edib. Yeraltı təkanla Aqarak, Mehri, Qacaran və Qafan şəhərlərində hiss olunub.

Çəkdiyi siqaret özünü yandırdı

Şəki rayonunda 57 yaşlı kişi yataqda yanıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Baş Kəldək kəndində qeydə alınıb. Kənd sakini 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev yataqda siqaret çəkib və o, yuxuya gedib. Yanan siqaret yuxuya gedən M.Nəbiyevin əlindən döşəyə düşərək yanğına səbəb olub. Qonşuların köməkliyi ilə yanğın söndürülüb. M.Nəbiev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır olduğu üçün dərhal xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ankarada Əhməd Cavadın xatirəsinə həsr olunan konsert keçiriləcək

Bu ilin may ayının əvvəlində Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının qərarı ilə Ankarada yaradılan Əhməd Cavad adına İnstitut Türkiyədə “Çırpınırdı Qara dəniz” adlı məşhur mahnının ilk ifasının 100 illiyinə həsr olunmuş konsert təşkil etməyi planlaşdırır. Sözcü.az  AZƏRTAC'a istinadən xəbər verir ki, institutun rəhbəri, MHP liderinin baş məsləhətçisi, türkoloq, professor Ruhi Ersoy “Anadolu” Agentliyinə görkəmli Azərbaycan şairi və maarifçisinin irsinin təbliği ilə bağlı planlarından söz açıb. Onun sözlərinə görə, bu günlərdə rəhbərliyin iclasında institutun fəaliyyətinin prioritet istiqamətləri müəyyənləşdirilib, Əhməd Cavadın xatirəsinə həsr olunmuş konsertin keçirilməsi qərara alınıb. “Çırpınırdı Qara dəniz” mahnısı ilk dəfə 8 oktyabr 1924-cü ildə Qarsda Türkiyənin qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün səfərlərindən birində səsləndirilib. Bu hadisənin yüzüncü ilində Ankarada konsert proqramı təşkil etməyi planlaşdırırıq. Məsələ Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestri və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə müzakirə olunur”, - deyə Ruhi Ersoy bildirib. İnstitutun fəaliyyət planlarında məşhur Azərbaycan şairinin adının məktəblərə, küçələrə və təhsil mərkəzlərinə verilməsi ilə bağlı qərarların da imzalanması nəzərdə tutulur. Bundan əlavə, Əhməd Cavadın həyat və fəaliyyəti mövzusunda qısametrajlı, sənədli və bədii filmlərin çəkilişi, bioqrafik çap nəşrinin hazırlanması nəzərdə tutulur. “Gündəliyimizdə Kahramanmaraşda inşa edilən “Azərbaycan” məhəlləsində şairin adının əbədiləşdirilməsi məsələsi də var. Əhməd Cavad haqqında məlumat Türk dünyasının maariflənməsinin simvollarından biri kimi institutumuzun saytında da yerləşdiriləcək. Türk dünyasının gənc nəsli belə görkəmli şəxsiyyətlərdən xəbərdar olmalıdır” - deyə o, əminliyini ifadə edib. Sözcü.az

Qəsdə məruz qalan Tramp bəyanat yaydı

Keçmiş prezident və ABŞ prezidentliyinə namizəd Donald Tramp seçki mitinqində ona qarşı sui-qəsd cəhdindən sonra “Truth” sosial şəbəkəsində bəyanat dərc edib. Sozcu.az xəbər verir ki, o, ABŞ hüquq-mühafizə orqanlarına təşəkkürünü və aksiya iştirakçısının ölümü ilə əlaqədar başsağlığı verdiyini bildirib: “Birləşmiş Ştatların Məxfi Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına Pensilvaniya ştatının Batler şəhərində baş verən atışmaya tez reaksiya verdikləri üçün təşəkkür etmək istəyirəm. Ən əsası, mitinqdə həlak olan şəxsin ailəsinə, eləcə də ağır yaralanan daha bir şəxsin ailəsinə başsağlığı vermək istəyirəm. Bunun bizim ölkədə baş verməsi inanılmazdır. Hazırda ölən atıcı haqqında heç nə məlum deyil. Sağ qulağımı deşən güllə mənə dəydi. Dərhal başa düşdüm ki, fit səsi, atəş eşitdim və dərhal güllənin dərini deşdiyini hiss etdim. Ağır qanaxma başladı və sonra nə baş verdiyini anladım. TANRI AMERİKANI QORUSUN!” Xatırladaq ki, Trampın həyatına qəsd onun Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçki mitinqində baş verib. O, qulağından yaralanıb. Atıcının özünün də öldüyü məlum olub. Bundan əlavə, mitinq iştirakçılarından biri ölüb, bir nəfər isə yaralanıb.