Xəbər verdiyimiz kimi, Cəlilabadda qazi Elnur Əliyev ailə qurmağa hazırlaşdığı qızın valideynləriylə yaşadığı problemə görə intihara cəhd edib. Yanıq xəsatərləri alan E.Əliyev hazırda paytaxt xəstəxanalarının birində müalicə olunur və vəziyyəti kafidir. Qazinin vəziyyət Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən də nəzarətdə saxlanılır.
Baş verən hadisə həssas təbəqəyə aid edilən döyüşçülərlə davranış məsələlərini bir daha gündəmə gətirib.
Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən sosioloq, professor Əhməd Qəşəmoğlu bu cür insanlarla sosial iş aparmağın vacib olduğunu bildirib.
Onun sözlərinə görə, nə qədər ki ölkəmizdə bu cür hallar davam edir, İcra Hakimiyyətləri həmin insanlarla iş aparmalıdır:
"Bunun üçün bizim sosial işçilərimiz olmalıdır. Amma təəssüf ki, o sistem yaranmayıb. Bu insanlara ciddi şəkildə gizli nəzarət olmalı, onlar tibbi müayinədən keçməlidirlər. Qazilərin problemiylə əlaqəli olan digər qurumlar da məsələyə həssas yanaşmalıdır”.
Ə.Qəşəmoğlunun sözlərinə görə, bu gün təkcə qazilər yox, başqa təbəqədən olan insanlar da problemləri olanda çıxış yolu kimi intihara cəhd edirlər:
“Cəmiyyət günü-gündən mürəkkəbləşir, belə hadisələrin sayı da artır. Biz bununla mübarizə üçün sosial işçilər hazırlamalı, onları təkmilləşdirmə kursuna cəlb etməliyik. Hər kəs öz ərazisində olan qaziləri və digər intihara meyilli insanları müəyyənləşdirməlidirlər. Bu istiqamətində çox həssas iş aparmaq lazımdır”.