Azərbaycan Xalq Cəbhəsinin qurulmasının 35-ci ili tamam olur

16 iyul Azərbaycan Xalq Cəbhəsinin qurulmasının 35-ci ili tamam olur. AXC Təşəbbüs Mərkəzinin ilk iclasında-iyulun 6-da konfransa hazırlığa start verilib.

1989-cu ilin iyulun 16-da Ağamalı Sadiq Əfəndinin 7-ci mikrorayondakı mənzilinin həyətində olan "Xeyir-şər" mərasim evində yarıleqal şəraitdə Azərbaycan Xalq Cəbhəsinin Təsis Konfransı keçirilmişdir.

Konfrans saat 10-da başlamış və fasiləsiz  8 saat davam etmişdir. Konfransda 30 rayon şöbəsini təmsil edən 196 səsvermə və 240 məşvərətçi səslə nümayəndə qeydə alınmışdı. Konfransın iclaslarını aparmaq üçün Yusif Səmədoğlu sədr, Lətifə Məmmədova və Ruhəngiz Hüseynova katib seçiliblər. Gündəliyə TM tərəfindən hazırlanmış 6 məsələdən ibarət gündəlik təklif edilmiş və təsdiq olunmuşdu: 1. AXC Təşəbbüs Mərkəzinin hesabatı. 2. Siyasi vəziyyət haqqında. 3. AXC TM-in mətbuat vasitələri ilə əlaqələri. 4. AXC Nizamnaməsinin təsdiqi. 5. AXC məramnaməsinin təsdiqi. 6. Təşkilat məsələləri. Əsas məruzələr üçün 20, çıxışlar üçün 5 dəqiqə müəyyən edildi.

TM-in hesabatı haqqında Tofiq Qasımov məruzə etmişdi. Konfransda siyasi vəziyyət haqqında məruzə ilə Əbülfəz Elçibəy çıxış etmişdi. Əbülfəz Elçibəy o dövrdə SSRİ-də gedən proseslərin yeni və orijinal konsepsiyası ilə çıxış etmiş, O, proseslərin mahiyyətinin SSRİ-nin parçalanması olduğunu, bu prosesin labüd, təbii və mütərəqqi olduğunu, lakin kənar faktorların təsiri ilə mürəkkəbləşdiyini göstərmişdi. Məruzədə belə kənar faktorlar olaraq beynəlxalq güclər, silah mafiyası və regionda erməni amili göstərilir, Qarabağda gedən proseslər də bu prosesə bağlanır".

İsa Qəmbərin təklifi ilə 15 nəfərdən ibarət İdarə Heyəti, 5 nəfərdən ibarət tərkibdə Nəzarət Təftiş Komissiyası, 3 nəfərdən ibarət maliyyə qrupu seçilib. Həmçinin İsa Qəmbərin təklif etdiyi namizədlərdən baş redaktor Nəcəf Nəcəfov olmaqla, Ağamalı Sadiq, Səfər Alışarlı, Xaliq Hacıyev, Əhməd Cavadov, Tariyel Allahverdiyevdən ibarət AXC mətbu orqanlarının redaksiya heyəti seçilib

Gündəliyə uyğun olaraq AXC-yə sədr seçkiləri oldu.

Zərdüşt Əlizadə Yusif Səmədoğlunun namizədliyini verib, Rəhim Qazıyev Əbülfəz Elçibəyin  namizədliyini təklif edib. Səfər Alışarlı isə İsa Qəmbərin namizədliyini irəli sürüb. İsa Qəmbər öz namizədliyini geri götürmüş, qızğın mübahisələrdən sonra Yusif Səmədoğlu da öz namizədliyini geri götürmüşdü. Açıq səsvermədə Əbülfəz Elçibəyin namizədliyi qəbul edilmiş və o səsvermə ilə sədr seçilmişdir.

Azərbaycan Xalq Cəbhəsinin ilk İdarə Heyətinin üzvləri Əbülfəz Elçibəy, Tofiq Qasımov, İsa Qəmbərov, Pənah Hüseynov, Sabit Bağırov, Hikmət Hacızadə, Leyla Yunusova, Zərdüşt Əlizadə, Sülhəddin Əkbərov, Əlikram Hümbətov, Rəhim Qazıyev, Etibar Məmmədov, Nəcəf Nəcəfov, Nemət Pənahov, Yusif Səmədoğlu, Canbaxış Umudov olmuşdur. 

Sözcü.az

Share on Facebook