“Ən azı iki KTMT ölkəsi bizə qarşı müharibədə iştirak edib” - Paşinyandan yeni İTTİHAM

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərini yenidən ittiham edib. Sozcu.az xəbər verir ki, Paşinyan mayın 22-də parlamentdəki “Hökumət saatı”nda çıxış edərkən ittihamı belə ifadə edib: “Mən bizə qarşı müharibə hazırlayan ən azı iki KTMT ölkəsini tanıyıram. Bu ölkələr bizə kömək etmək istəyi imitasiyasını yaradıblar. Amma o müharibə “Dağlıq Qarabağ”la bağlı deyildi. Onlar “Dağlıq Qarabağ” məsələsilə bağlı sualı çoxdan bağlayıblar... Həmin müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin olmaması idi. 9 noyabr 2020-ci il və sonrasında bu gözlənti özünü doğrultmadı”. Paşinyan daha sonra əlavə edib ki, 2021-ci ilin mayında parlament və Hökumət buraxılanda da həmin ölkələr Ermənistan dövlətini dağıtmağa cəhd etdilər, lakin bu cəhd uğursuz oldu. “2022-ci ilin sentyabrında da cəhd etdilər, yenə alınmadı. Sonra 2023-cü ilin sentyabrında sosial şəbəkələrdə insanları seçilmiş hökumətə qarşı çıxmağa çağıranda cəhd etdilər, amma o zaman da alınmadı. Ardınca 9 may 2024-cü ildə cəhd etdilər, amma yenə alınmadı və alınmayacaq. Sərhədin delimitasiyası ilə Ermənistan 2024-cü il mayın 9-da baş vermiş hadisələrlə paralel olaraq bir çoxlarını sərhəddə qarşıdurma törətmək imkanından məhrum etdi. Əgər biz dövlətimizi 1-2 il qoruyub saxlaya bilsək, deməli, yaxın 50-100 ildə onun mövcudluğuna zəmanət verilir. Delimitasiya prosesi sayəsində biz bu problemin 60%-ni həll etdik”, - Paşinyan qeyd edib. Paşinyan KTMT üzvü olan hansı iki ölkəni nəzərdə tutduğunu açıqlamasa, siyasi ekspertlər onun Rusiya və Belarusa eyham vurduğunu qeyd edirlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlanan hərbi blokun əsası 15 мая 1992-ci ildə  Rusiyanın təşəbbüsü ilə qoyulub. Hazırda KTMT-nin üzvləri Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.

Yüz qram içəndən sonra toylarda "Ana" segahı oxutdurub məzlum-məzlum ağlayan biz deyilikmi?

Mən Azərbaycanda bu qədər boş-bekar adam olduğunu təsəvvür etmirdim. Bəs dünənə kimi deyirdiniz, çörəyimiz daşdan çıxır? Bəs işləməkdən qəddinizin əyildiyini iddia edirdiniz? Xeyirdə-şərdə görünməyəndə “iş çoxdur, vaxt yoxdur” deyib dad-aman edən siz deyildiniz? Nə oldu? İki gündür dil-boğaza qoymadan danışırsınız, yazırsınız. Kimə nəyi sübut etmək istəyirsiniz?  Mətləbə keçək. Dünyada ən çox tanınan 5-6 azərbaycanlıdan biri olan Şəhriyar Məmmədyarov bu dəfə bilmədiyi işə girişib. Şəhriyar şahmatdan deyil, qadınların cəmiyyətdəki rolundan danışıb. Sonra da kişilərlə qadınları müqayisə edib və üstünlüyü birinci tərəfə verib.  Mən bütün müqayisələri qüsurlu sayıram. Kişi ilə qadını müqayisə etmək isə yersiz və lazımsız təşəbbüsdür. Cəmiyyətdə hərənin öz yeri var. Əsas odur ki, layiq olduğumuz yeri tutaq, ortalıqda avaralanmayaq… Qadınların Şəhriyara qəzəbi anlaşılandır. Amma çox keçməz, bir-iki günə soyuyacaq. Heç kim tanımasa da, biz kişilər qadınları yaxşı tanıyırıq. Onların bir atımlıq barıtı olur. O da çox vaxt yaş olur...  Məni ən çox düşündürən, hətta narahat edən başqa məqamdır. Bığlı-saqqallı kişilər iki gündür dil-boğaza qoymurlar. Aralarında ciddi saydığım xeyli adam da var. Aralarında hətta deputat olmaq istəyən adam da var. O boyda kişi özünə seçki platforması hazırlamaqdansa, qadınları səhv çıxartmağa çalışır.  Qadın kimdir? Qadın anadır. Bizi dünyaya gətirən ana. Uşaqlarımızın anası… İndi biz onlara nəyi sübut etməyə çalışırıq? Tutaq ki, biz güclüyük, ağıllıyıq. Sonra? Guya qadınlar bunu bilmir? Onlar nə vaxt deyiblər ki, biz kişilərdən güclüyük?  Heç bir ictimai əhəmiyyəti olmayan bu cür söhbətlərə saatlarla vaxt ayırmaq boş-bekarçılıq əlaməti deyilmi?  Yüz qram içəndən sonra toylarda "Ana" segahı oxutdurub məzlum-məzlum ağlayan biz deyilikmi?  Dostlarımızla bir araya gələndə “Allah heç bir evi qadınsız etməsin” deyib, analarımıza, xanımlarımıza olan minnət borcumuzu dilə gətirən biz kişilər deyilikmi?  “Qadınsız evdə nəinki uşaqlar, kişi də yetimdir, ev də yetimdir” deyib bizi yetim qoymaması üçün Allaha yalvaran biz deyilikmi?  Əşşi, söhbəti uzatmağın nə mənası var?  Hərəmiz bir qadının qucağında böyümüşük… Məncə biz qadınlardan güclü olduğumuzu deyil, onlara layiq olduğumuzu sübut etməliyik...  Seymur VERDİZADƏ 

Daha bir kənd Azərbaycana qaytarılır

Ermənistanda hakimiyyət Kərki kəndini də Azərbaycana qaytarmağa hazırlaşır. Sozcu.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Fakt” saytı yazıb. Sayt qeyd edir ki, Ermənistan Ədliyyə Nazirliyinin Kadastr Komtəsi bu kənddə yaşayan erməniləri “müvəqqəti qeydiyyata” götürüb. “Bu günlərdə Ədliyyə Nazirliyinin Kadastr Komtəsi Kirants (Tavuşun kəndi) sakinlərinə hüquqi qeydiyyat şəhadətnaməsi verdiyi haqda açıqlama yaydı. Açıqlamada deyilir: “Bildirilməlidir ki, müvafiq hüquqların dövlət qeydiyyatı qeyri-dəqiq məlumatlar əsasında aparılıb. Bu qeydiyyatlar qeyri-dəqiqliyə əsaslandığına görə sözügedən ərazilərin Ermənistan Respublikasının suveren ərazisinin bir hissəsi hesab edildiyini iddia etmək üçün hüquqi əsas ola bilməz. Bu, faktiki olaraq həmin ərazilərin Azərbaycana təhvil verilməsinin əsaslandırılmasıdır. Ekspertlər hesab edir ki, hakimiyyət gələcəkdə digər ərazilərin Azərbaycana verilməsini də bu yolla əsaslandıra bilər. Nəzərə alsaq ki, Nikol Paşinyan "Kərki və Tavuşun kəndləri”nin (Qazaxın kəndləri: 4-ü qaytarılıb, 3 anklav qalır - red.) Ermənistanın 29.743 kv.km ərazisinə daxil olmadığını bəyan edib, o zaman eyni sertifikatlar Kadastr Komitəsi tərəfindən Kərki sakinlərinə də “dəqiq olmayan məlumatlar əsasında” verilib. Demarkasiyanın növbəti mərhələsində buradakı sakinlərə deyiləcək ki, sənədləriniz etibarlı deyil, evlərinizi tərk edin”, - sayt yazır.

Ərdoğan İrana getməyəcək - Təcili

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın mərhum Prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak etmək üçün İrana səfər edəcəyi barədə məlumat doğru deyil. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının bəyanatında bildirilib. Qeyd edək ki, mayın 22-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin dəfn mərasiminə qatılmaq üçün Məşhədə gedəcəyini açıqlamışdı. Səfərlə bağlı Türkiyə mediasında dərc edilən xəbərlər səhifələrdən silinib.

Gerasimovun müavini saxlanıldı

Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarin saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. Hüquq-mühafizə orqanlarındakı mənbə təsdiqləyib ki, generalın evində dələduzluq iddiası ilə bağlı cinayət işi üzrə axtarış aparılıb. Nəticələrə əsasən, V.Şamarin dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb. İşə 235-ci qarnizon hərbi məhkəməsində baxılır. Bundan əvvəl müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılaraq həbs ediliblər. Onların hər ikisi xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Qeyd edək ki, 2020-ci ildə Baş Qərargah rəisinin sabiq müavini Xəlil Arslanov silahlı qüvvələrə texnikanın tədarükündə dələduzluq və korrupsiya faktları ilə bağlı həbs edilib. O, dələduzluqda və rüşvət almaqda ittiham olunub.

Səs-küy salmayın, qadınlar, dərk edin: siz zəifsiniz!

Zaman-zaman hansısa mövzularda qadınlar haqqında tənqidi fikirlər səslənən zaman əsəbiləşmək, təbiətin verdiyi instinkti, bioloji funksiyaları önə çəkmək, aqressiv intonasiya ilə çıxış eləmək, əlbəttə ki, bir daha qadınların nə qədər kompleksli, zəif olduğunun göstəricisidir. Üstəlik, bu arqument o qədər mənasızdır ki! Övlad dünyaya gətirmək, analıq etmək - axı bunlar təbiətin qanunudur. Buna görə qürrələnmə, minnətli intonasiyada çıxış etmək bütün tənqidləri təsdiqləyir, əslində. Qadınlar, demək olar ki, elə ancaq buna görə uduzdular: Arqumentləri qəbul etməmək, emosional çıxışlar etmək. Halbuki dinləsələr, şüvənlik etməsələr, bəlkə də nəticə çıxardacaqlar. Sözsüz, qədimdə də, indi də qadının rolu bəllidir. Bu romantik varlıqların böyüklüyü onsuz da məlum. Birmənalı bilmək lazımdır ki, qadın anadır və heç bir kişi anasından böyük, güclü deyil. Məsələn, belə danışanda həm haqlı olmaq olur, həm də söhbəti bitirmək. Amma reallıqlar var, axı. Onları necə gizlətmək olar? Ümumiyyətlə, güclü adamın gücünü sübut etməyinə ehtiyac yoxdur. Qadınların təbiətindəki natamamlıq kompleksi isə ümumiyyətlə imkan vermir ki, ola biləcək gücü də göstərə bilsinlər. Zəiflik və zərifliyin harmoniyası da buradan qaynaqlanır. Üstəlik, demək olar ki, bütün sahələrdə, məsələlərdə olduğu kimi, sözü düzgün anlamaq məsələsində də əziyyət çəkən qadınlar elmdə də geri qalırlar və ona görə də təbiətin verdiyi fiziki gücün nələrə qadir olması, kişilərin hər məsələdə üstünlüyünün bioloji səbəblərinin izahını anlamırlar. Belə məsələlərdə qadınlar məhz barmaq hesabı şəxsləri də önə çəkirlər. Məsələn, deyirsən ki, ən yaxşı yazıçılar, şairlər kişilərdir, deyirlər, bəs Aqata Kristi, Virciniya Vulf var. Deyirsən, ən yaxşı siyasətçilər kişilərdir, deyirlər, tarixin Tomrisi, dünənin Dəmir Ledisi, buğunun Briciti kimdi bəs? Hələ İngiltərə kraliçasını demirik. Deyirsən, ən yaxşı aşpazlar kişilərdir, deyirlər, ananın bişirdiyi yemək başqadır. Bəli, məhz bu cür mənasız, yüngülvari söhbətlər, misallar qadının zəifliyini bir daha sübut edir. Doğrudan da düşünmək lazımdır. Əksərən qadınlara aid olan sahələrdə belə niyə ən yaxşılar, peşəkarlar kişilərdir? Niyə dünyanın ən yaxşı, peşəkar aşpazları kişilərdir? Niyə dünyanın ən yaxşı qadın saç ustaları kişilərdir? Niyə dünyanın ən yaxşı dərziləri kişilərdir? Niyə ən yaxşı alimlər, müəllimlər, siyasətçilər, idmançılar, rəqqaslar, şairlər, yazıçılar, musiqiçilər - bir sözlə, siyahını ekvator xəttinin bir ucundan digər ucuna (40076 km) uzatmaq olar - hamısı kişilər olur və bütün bunlar nə qədər təbiidir? Saçı-baş yolmaqdan, hay-küy qoparmaqdan, “kişi, unutma, səni də qadın böyüdüb” kimi ifadələr işlətməkdən, “biz istəsək, hər şey edərik, biz güclüyük” deməkdənsə, düşünmək, təhlil etmək, təbii məsələlərlə barışmaq və bu gözəl həyatı yaşamaq lazımdır. Üstəlik, dərin anlamda zəif olmaq da problem deyil. Dünyadır, təbiətdir, yaşayıb gedirik. Bioloji olaraq hər şeyin öz rolu var. Ta qədimdən qadının gücü haradadır, necədir, bəllidir. Bu isə dəyişməyəcək. Dəyişən sadəcə funksiyalardır ki, o da zamanla əlaqədardır.(axar) Orxan Saffari

Hər yağış yağanda qanadlanıram... - Elçin Rəhimzadənin şeiri

Yağış sevgilimdir çünki onunla, Özümü ən xoşbəxt biri sanıram. Hər gün qol-qanadım qırılır, yenə, Hər yağış yağanda qanadlanıram. Yolunu həsrətlə hey gözləyirəm, Sanki nazlı yarım gələcək geri. Bilirəm,mən ölsəm kim unutsa da, O göz yaşlarıyla yuyacaq yeri. Tez-tez gəl, lənətə gəlmiş bu şəhrin, Mavi səmasına yığ buludları. Hər kəs unudubdur, Allah da belə, Elçini unutma ,yağış,sən barı Elçin Rəhimzadə

Özləri parlamentdə, övladları kabinetdə şellənirlər…

Qocalmaq hər adama qismət olmur. Bu, Allahın lütfüdür…  Ətrafınızdakı kişilərdən neçəsi pensiya alır?  Mənim çevrəm genişdir. Amma onların arasında pensiya yaşına çatmış çox az adam var. Otuz-qırx il işləyib sonra da pensiyaya çıxmaq hamıya nəsib olmur. Birini ürəyi yarı yolda qoyur, birini xərçəng içəridən “yeyir”, beşi də ya zəlzələdən, ya da vəlvələdən ölür. Buna görə də biz qoca adamlara qənimət kimi baxmalı, onların qədrini bilməliyik.  Söhbətə uzaqdan başlamağıma baxmayın. Mövzu lap yaxın günlərə aiddir. Məzahir Pənahov deyəndən sonra mən də inandım, bu yay əvvəlkilərdən daha qızmar keçəcək. Parlament seçkiləri havanın hərarətini bir az da artıracaq. Seçicidən səs istəyən də, səs verməyə gedən də əməlli-başlı tərləyəcək. Amma bəzi adamlar indidən tərləməyə başlayıblar. Söhbət qanunverici orqanda təmsil olunan yaşlı deputatlardan gedir. Seçicilərin bir qismi hesab edir ki, onların 84, lap elə 74 yaşlı deputata ehtiyacları yoxdur. Niyəsini isə belə izah edirlər: “Özünü güclə hərləyir, bizə nə gün ağlayacaq…” Mən yaşlı deputatlara qarşı xüsusi aqressiya nümayiş etdirməyin tərəfdarı deyiləm. Milli Məclisdə məndən 25-30 yaş böyük, amma məndən qat-qat sağlam olan bir neçə deputat var. Eşitmiş olarsınız; ağ gün adamı ağardır, qara gün qaraldır…  Xalq istəsə, 99 yaşlı adamı da deputat seçə bilər. Bu, onun müstəsna hüququdur. Bizim xalqın tutduğunu buraxmamaq kimi bir adəti var. Buna görə də Milli Məclisdə elə adamlar var ki, 30 ildir ara vermədən deputat seçilirlər. Vallah, nə mənim, nə də bu mövzunu gündəmdən düşməyə qoymayan digər adamların deputatlıqda gözü yoxdur. Bilirsiniz, problem nədədir? Bəzi deputat yoldaşlar bu imtiyazdan gen-bol istifadə edirlər. Yaxşı edirlər! Onların övladları da bu imtiyazdan əməlli-başlı istifadə edirlər. Amma düz etmirlər. Bu adamların yaxın-uzaq qohumları, hətta qudaları da əllərinə düşən fürsəti fövtə vermirlər. Bu yaxınlarda 64 yaşlı bir xanım qudası olan deputatın mandatına güvənərək, 11 nəfərə 200 min manata yaxın pul “atmışdı”.  Buna görə də, xalq eyni adamların üçüncü, beşinci, altıncı dəfə dəfə deputat seçilməsini istəmir. Çünki özləri parlamentdə, övladları isə kabinetdə şellənirlər. Onları seçənlər isə bir tikə çörək üçün şəraitsiz iş yerlərində eşələnirlər...  Seymur VERDİZADƏ 

"Düşmən bu barədə düşünməyə cəsarət etməyəcək” - Ukraynalı komandir

Ukrayna hərbçiləri Xarkov vilayətində rus qoşunlarının irəliləməsini dayandırmaq üçün mərmilər alıblar. Sozcu.az “Reuters” informasiya agentliyinə istinadən xəbər verir ki, ABŞ Konqresi milyardlarla dollarlıq hərbi yardımı gecikdirdiyi üçün Ukrayna müdafiəçiləri artilleriya mərmiləri və digər silahların çatışmazlığı səbəbindən aylarla iflic vəziyyətində qalıblar. Bu, rusların cəbhədəki üstünlüklərindən istifadə edə bilməsi və şərq cəbhəsində irəliləməsi ilə nəticələnib. Hərbçilər mərmilərin tədarükünün davam etdiriləcəyinə əmin olduqlarını bildiriblər. Çünki cəbhədıki mövqeləri saxlamağın vacibliyini hər kəs anlayır. “Əgər indi düşmənin Xarkov və Xarkov vilayətinə genişmiqyaslı hücumunu belə ekstremal vəziyyətdə dayandırmağa qadir olduğumuzu nümayiş etdirə bilsək, o zaman düşmən Kiyevə, Çerniqov vilayətinə, Sum və ya Poltava vilayətinə hücum etmək barədə düşünməyə cəsarət etməyəcək”, – deyə artilleriya bölmələrindən birinin komandiri “Reuters” agentliyinə bildirib. Yerli sakinlər deyiblər ki, Xarkov vilayətinin şimalındakı döyüşlər Rusiyanın keçən il ələ keçirib, xarabalığa çevrildiyi Baxmutdan daha şiddətlidir.

May ayında qarın yağması nəyin XƏBƏRÇİSİDİR?

İstilər düşsə belə, may ayında Azərbaycanın bəzi bölgələrinə hələ də qar yağır. Qeyri-sabit keçən hava şəraiti insanlarda təşvişə və narahatlığa səbəb olub. Bir çoxları bu kimi hadisələrin iqlim dəyişikliyinə görə baş verdiyini vurğulayır və əvvəlki kimi fəsillərin hər birinin dadını çıxara bilməməkdən, birbaşa qışdan yaya atlamaqdan narazılıqlarını dilə gətirirlər. Mayda qarın yağması nəyin xəbərçisidir? Ekoloq Ənvər Əliyev Bizim.Media-ya bildirib ki, əslində Azərbaycan üçün yağıntı dövrü məhz bu aylarda, yazın sonu, yayın əvvəllərindədir: "Bütün sinoptik göstəricilər illər ərzində bunu təsdiqləyir. Azərbaycana müxtəlif istiqamətlərdən, xüsusilə Şimal və Qərbdən gələn hava kütlələri yağıntını məhz bu aylarda gətirirlər. Bəzən də deyirlər ki, bütün bunlar iqlim dəyişkənliyinə görədir. Mən bu fikirlərlə razı deyiləm. Çünki iqlim dəyişikliyi min illərin nəticəsidir. Onu əmələ gətirən amillər var. Buna fəsillərin dəyişməsi, yağıntılı və quraqlıq dövrünü aid etmək olar". Ekoloq qeyd edib ki, yəni mayın yağıntılı keçməsinin fəsillərə aidiyyəti yoxdur: "Bəzən görürsən ki, 10, 20, hətta 50 il müddətinə yağıntılar azalır, çox seyrəklik olur. Bu, planetin bir çox yerlərində təkrarlanır. Məsələn, Azərbaycandan söz açsaq, ötən il Naxçıvanda apreldən oktyabra qədər 60% yağıntılar qalxmışdı. Bu il də ötən ilə nisbətən yağıntılar hədsiz çoxdur. Yəni təşvişə düşməli heç bir hal yoxdur. Məsələn, Bakıda qışın bir hissəsi, kiçik çillədə, yəni fevralın əvvəlindən 20-nə qədər quraqlıq oldu. Əslində isə kiçik çillə dövrü ən çox yağıntılı və soyuq vaxt olmalıdır. Amma 2020-2022-ci illərdə də fevral ayı məhz belə yağıntısız olub. Ona görə də yenə deyirəm, narahat olmalı heç bir durum yoxdur".

Diplomları tanınmayan ali məktəblər

Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələrin siyahısı tərtib edilib. Sozcu.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb. Qeyd olunub ki, siahı, ali təhsil müəssisəsi üzrə minimum 30 müraciət nəzərə alınaraq, edilən müraciətlərdən 30% və ondan artıq imtinaları əhatə etməkdədir (qeyd olunan ali təhsil müəssisələri ilə keçiddən tanış ola bilərsiniz). Mənfi qərarla yekunlaşan müraciətlərin səbəbləri akkreditasiyasız ali təhsil müəssisəsi, təhsil aldığı ölkənin ərazisində təhsilin normativ müddətindən az olması, dövlət nümunəli olmayan diplom, təhsil forması, tədris yükünün normativdən az olması göstərilib.

Tabor komandiri məhkəmə zalında həbs edildi

Rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin hərbi-hissəsinin sabiq tabor komandiri Elnur Əliyev həbs edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində qərar qəbul edilib. Hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib. Hökmə əsasən, barəsində həbs qətimkan tədbiri seçilməmiş Elnur Əliyev 5 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdə həmçinin mənimsəmə epizodu üzrə ona cəza təyin edilməyib. Həmin hissə hökmdən xaric edilib. Qeyd edək ki, Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə də ittiham verilib.

Ana özünü və üç uşağını ZƏHƏRLƏDİ

Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü İsgəndərova Sevgül Əllədin qızı yaşadığı mənzildə dərman vasitəsi ilə üç uşağını zəhərləyib. Daha sonra o özü də həmin həbləri qəbul edərək zəhərlənib. Zəhərlənən uşaqlar 2007-ci il təvəllüdlü N. Süleymanova, 2016-ci il təvəllüdlü N. Süleymanov və 2017-ci il təvəllüdlü Y. Süleymanov o cümlədən anası S.İsgəndərova Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə yerləşdiriliblər. Ananın vəziyyəti qənaətbəxş olsa da azyaşlılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşadırma aparılır. (Apa)

Qəzzalılar Rəisinin ölümünü bayram etdilər

İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması barədə xəbər yayılandan sonra Qəzza zolağında yaşayan bir qrup fələstinli bunu bayram edib. Bu barədə ərəbdilli sosial media kanallarında paylaşımlar edilib. Videolarda fələstinlilərin qəza xəbərindən sevindikləri və bu münasibətlə şirniyyat payladıqları əks olunub. "Qəzza iranlı cinayətkarın ölümünə görə təbriklər", "Qəzza müsəlmanların qatilinin ölümünə sevinir" məzmunlu plakatlar qaldırıblar.

İbrahim Çelikkol evlənir?

Türkiyəli aktyor İbrahim Çelikkol yazar sevgilisi Natali Yarcanla tədbirlərin birinə qatılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecədə aktyor jurnalistlərin “Evlilik təklifi etmisiniz” sualına "Hər şey ola bilər" cavabını verib. Qeyd edək ki, İbrahim Natali ilə iki ildir eşq yaşayır. O, 2022-ci ildə 5 illik həyat yoldaşı Mihre Mutludan boşanıb.

Ramos və Ronaldodan Kroosun qərarına reaksiya

“Real”ın sabiq müdafiəçisi Serxio Ramos Toni Kroosun Avro-2024-dən sonra karyerasını başa vurmaqla bağlı qərarına reaksiya verib.  Sozcu.az xəbər verir ki, “Sevilya”nın futbolçusu sosial şəbəkə hesasında bununla bağlı yazıb:  “Səninlə bu qədər özəl anları və uğurları bölüşmək mənim üçün xoş idi. Sən unikal bir oyunçu və fərqli bir insansan, ən yaxşılarındansan. Həmişə mənim komandamdasan, Antonio. Yeni həyatından və gözəl karyerandan həzz al”.  İspaniya çempionunun daha bir sabiq oyunçusu, hazırda Ərəbistanın “Əl-Nəsr” klubunun formasını geyinən Kriştiano Ronaldo da keçmiş komanda yoldaşının qərarına münasibət bildirib: “Hər şey üçün çox sağ ol, Toni! Meydanı səninlə birgə bölüşdürmək qürurdur. Gələcək həyatında ən yaxşısını arzulayıram!”. Qeyd edək ki, almaniyalı yarımmüdafiəçi karyerası ərzində “Bayer” və “Bavariya”da çıxış edib. O, "Real"la bütün turnirlərdə 463 matça çıxaraq 28 qol vurub və 98 qolun ötürməsini edib. 

AB Rusiya aktivlərini bu tarixdə Ukraynaya verəcək

Avropa Birliyi banklarından dondurulmuş Rusiya aktivlərinin reinvestisiyasından əldə edilmiş gəlirin ilk ekspropriasiyası iyulda baş tutacaq. Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) bəyanatında bildirilib. “İlk resurslar Ukraynaya dəstək üçün 2024-cü ilin iyulunda əlçatan olacaq, sonrakı ödənişlər ildə iki dəfə həyata keçiriləcək”, - deyə bildirilib.

Sumqayıtda bədbəxt hadisə: 62 yaşlı fəhlə iş zamanı öldü

Sumqayıtda tikintidə işləyən 62 yaşlı fəhlə iş zamanı ölüb. "Report"un yerli bürosu xəbər verir ki, hadisə “Bağça şəhər” yaşayış kompleksində aparılan tikintidə baş verib. Tikintidə fəhlə işləyən 1962-ci il təvəllüdlü Şahpənçi Cavanşir Əlihüseyin oğlu iş zamanı vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Paytaxt sakinlərinə XƏBƏRDARLIQ - Sabah saat 10-dan etibarən...

Yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması, qaz kəmərlərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması məqsədi ilə 22.05.2024-cü il tarixində saat 10:00-dan etibarən Sabunçu və Xəzər rayonlarının bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib. Qeyd olunub ki, qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Sabunçu və Zabrat qəsəbələrinin, Xəzər rayonu üzrə isə Binə Sovxoz adlanan yaşayış ərazisinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Çinə sanksiyalar davam etdiriləcək - Blinken

ABŞ və Avropa Birliyi Rusiya ilə əməkdaşlığa görə Çin şirkətlərinə sanksiyaları davam etdirəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Konqresdə dinləmələr zamanı deyib. Onun sözlərinə görə, Qərb ölkələri Rusiya ilə əlaqəli olduğu iddia edilən Çindən olan 100-dən çox şirkətə artıq sanksiyalar tətbiq edib. "Biz sanksiyaları davam etdirəcəyik", - deyə Blinken vurğulayıb. Bundan əvvəl Çin Tayvana silah tədarükünə görə ABŞ-ın üç şirkətinə sanksiya tətbiq etmişdi.

Hər kəs Rusiya ilə qapını aralı saxlayır - Zelenski

Qərb dövlətləri Rusiya ilə əlaqələri tamamən kəsmək istəmirlər. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Nyu York Tayms”a müsahibəsində deyib. “Bizim tərəfdaşlarımız, prinsipcə, Rusiya Federasiyası ilə münasibətlərin tamamilə kəsiləcəyindən qorxurlar. Hər kəs öz səfirliyini bağladı? Xeyr. Hər kəs Rusiya diplomatlarını evinə göndərdi? Xeyr. Hər kəs Rusiya ilə qapıları bir az aralı saxlayır”, - deyə dövlət başçısı bildirib.

"Bizim millət kökdən şöhrətpərəst və eqoistdir" - Psixoloqdan QALMAQALLI AÇIQLAMA

Son günlər yenidən parlament seçkilərində iştirak etməyi düşünən bir sıra deputatlarla bağlı müxtəlif iddialar səslənir.   Maraqlı məqam isə ondan ibarətdir ki, onların arasında 78-80 yaşda olsa da, yenidən namizədliyini irəli sürmək istəyənlər var. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Ümumiyyətlə, Azərbaycanda bir çox sahədə insanlar yaşlansa da, təqaüdə çıxmaq istəmir və bunu qəbullanmırlar. Bəs görəsən, bu vəzifə ehtirası, unudulmaq qorxusu, yoxsa psixoloji problemdir? Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Samirə Bağırova bildirib ki, bir çox azərbaycanlıda “qəbulanmama sindromu” var: “Onsuz da hamı Milli Məclisi "Qocalar evi" adlandırır. Bizim millət kökdən şöhrətpərəst və eqoistdir. Üstəlik, qəbulanmama kimi sindromu var. Çöküşü, yaşlılığı, ayrılığı, ölümü, təqaüdü və sairə kimi həyat içində baş verən, insana xas olan mərhələləri qəbullanmamaq kimi psixoloji xəstəliklə yaşayırlar. Çoxunun içində özünü, gücünü hamıya sübut etmək hissi yatır. Kreslo, vəzifəsi ilə sanki ətrafı qorxutmaq sığortası qazanmaq istəyir. Xalqa xidmət etməyi kimsə düşünmür”. Psixoloq yaşlı şəxslərin vəzifəsindən getmək istəməməsinin səbəbini açıqlayıb: “Eləcə də yaşlılar, qohum-əqrəbasına, digər tanış yaşlı ətrafına vəzifə sayəsində sübut etmək istəyir ki, hələ də sözü keçən gücə sahibdir. Di gəl ağzını açıb danışır baxırsan ki, dünyabaxışı nə qədər geridir.  Təbii ki, bu hamıya şamil olunmasa da, çoxluq təşkil edən məsələdir. Bu yaxınlarda keçmiş millət vəkillərindən və yenidən seçkilərdə iştirak etmək istəyini irəli sürən biri ilə söhbət edirdim. Söhbət əsnasında s adamı dinləyirdim və düşünürdüm ki, insan necə belə boş düşünə, boş danışa bilər? Danışdığı söhbətlər, sürdüyü ideyalar 30 il öncə bəlkə də maraq doğura bilərdi. Düşünürəm ki, Milli Məclisdə əməlli-başlı, hərtərəfli təmizlik etmək zamanı çoxdan çatıb. Bu Milli Məclisə sərf edərmi? Orası məlum deyil”.

Rəsmən təsdiqləndi, sayğacların 74 faizi düz işləmir – ALDADILIRIQ?

“Ölkədə mövcud olan ölçmə vasitələrinin 74 faizi düz işləmirmiş. Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti maraqlı bir rəqəm açıqlayıb. Qurum deyir ki, yoxlamalar nəticəsində ölkədə mövcud olan ölçmə avadanlıqlarından 74,2 faizində nöqsanlar aşkarlanıb”. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz sosial media hesabında bildirib. Ekspert qeyd edib ki, bununla da bir sıra rəsmi və özəl qurumlarda hansısa xidməti, sərfiyyatı, çəkini və sairəni ölçən cihazların əksəriyyətində problem yaşandığı ortaya çıxır: “Anlaşıqlı desək, bu o deməkdir ki, “Azərişığ”ın, “Azərsu”nun sayğaclarında, eləcə də digər dövlət qurumlarında hansısa xidməti, sərfiyyatı, çəkini və sairə ölçən cihazların əksəriyyətində problem varmış. Tərəzinin də problemli olması o deməkdir ki, düz çəkmirmiş. Antiinhisar konkret hansı quruma məxsus hansı ölçmə vasitələrinin düz ölçmədiyini, düz ölçməyənlərlə bağlı hansı tədbirlərin görüldüyünü, səhv ölçmə ilə bağlı vətəndaşlara hansı kompensasiyanın ödənildiyini açıqlamayıb”. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Elməddin Quliyev Milli Metrologiya Forumunda deyib ki, Azərbaycanda 2023-2024-cü illərdə 201 dövlət idarə və müəssisələrində metroloji nəzarət tədbirləri aparılıb: “Onların 156-da metroloji tələblərin pozulması faktı aşkar edilib. Eyni zamanda bu nəzarət tədbirləri zamanı 25 615 ölçü cihaz və avadanlıqların nəzarətə cəlb edilməsi təmin edilib. Nəzarət tədbirləri zamanı 19 018 cihazda nöqsanlar aşkar edilib ki, bu da, 74,2 %-ni təşkil edir”. Bəs görəsən, vətəndaşların mənzilləri də yoxlanılırmı? Araşdırma aparılarsa, evlərdə nə qədər nöqsan olar? Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov Musavat.com-a fikirlərini bildirib: “Azərbaycanda nəinki yüz minlərlə, milyonlarla ölçü cihazları var. Belə olan halda 19 min ölçü cihazında aşkar edilən nöqsan 74 faiz təşkil edə bilməz. Bu o deməkdir ki, burada yalnız dövlət idarə və müəssisələrində aparılan və eyni zamanda baxış keçirilmiş cihazlara aiddir. Açıqlama qısa olduğundan bir çox sualların cavabı yoxdur. Yəni bu nasazlıq hansı istiqamətdədir, mənfiyə, yoxsa müsbətə doğrudur. Yəni istifadəçinin xeyrinə, yoxsa zərərinədir. İstənilən halda bu, tərəflərdən birinə zərər gətirir. Daha az hesablamaya gətirib çıxaran bir nasazlıqdırsa, bu, digər tərəfə zərər verir. Əgər daha çox ölçü göstərən bir nasazlıqdırsa, o zaman istifadəçinin özünə zərər verir. Hər bir halda bunun məsuliyyəti var. Bütün hallarda 74.2 faizlik həddən artıq böyük nöqsandır. Bir daha vurğulayıram, bu, vətəndaşa yönəlmiş məsələ deyil. Bu, bilavasitə müəssisə və təşkilatların cihazları ilə bağlıdır. Bütün hallarda oxşar yoxlama bütün vətəndaşlara şamil olunmalıdır. Düzdür, əhalinin yaşadığı yerlərə on milyona yaxın cihaz quraşdırılıb, bunların hər birini yoxlamaq mümkün deyil, amma seçmə metodu ilə hər bir istiqamətdə mövcud vəziyyətin öyrənilməsi daha doğru olardı”.

Azərbaycanda daha bir uşaq qızılcadan öldü

Hacıqabulda 6-cı sinif şagirdi həyatını itirib. "Medicina" xəbər verir ki, F.Süleymanov adına 3 nömrəli tam orta məktəbin Vl sinif şagirdi Aylin Səmədli dünyasını dəyişib. Onun qızılcaya yoluxduqdan sonra səhhətinin pisləşdiyi bildirilib.