Son günlər yenidən parlament seçkilərində iştirak etməyi düşünən bir sıra deputatlarla bağlı müxtəlif iddialar səslənir.
Maraqlı məqam isə ondan ibarətdir ki, onların arasında 78-80 yaşda olsa da, yenidən namizədliyini irəli sürmək istəyənlər var. Bu isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
Ümumiyyətlə, Azərbaycanda bir çox sahədə insanlar yaşlansa da, təqaüdə çıxmaq istəmir və bunu qəbullanmırlar.
Bəs görəsən, bu vəzifə ehtirası, unudulmaq qorxusu, yoxsa psixoloji problemdir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış psixoloq Samirə Bağırova bildirib ki, bir çox azərbaycanlıda “qəbulanmama sindromu” var:
“Onsuz da hamı Milli Məclisi "Qocalar evi" adlandırır. Bizim millət kökdən şöhrətpərəst və eqoistdir. Üstəlik, qəbulanmama kimi sindromu var. Çöküşü, yaşlılığı, ayrılığı, ölümü, təqaüdü və sairə kimi həyat içində baş verən, insana xas olan mərhələləri qəbullanmamaq kimi psixoloji xəstəliklə yaşayırlar. Çoxunun içində özünü, gücünü hamıya sübut etmək hissi yatır. Kreslo, vəzifəsi ilə sanki ətrafı qorxutmaq sığortası qazanmaq istəyir. Xalqa xidmət etməyi kimsə düşünmür”.
Psixoloq yaşlı şəxslərin vəzifəsindən getmək istəməməsinin səbəbini açıqlayıb:
“Eləcə də yaşlılar, qohum-əqrəbasına, digər tanış yaşlı ətrafına vəzifə sayəsində sübut etmək istəyir ki, hələ də sözü keçən gücə sahibdir. Di gəl ağzını açıb danışır baxırsan ki, dünyabaxışı nə qədər geridir.
Təbii ki, bu hamıya şamil olunmasa da, çoxluq təşkil edən məsələdir. Bu yaxınlarda keçmiş millət vəkillərindən və yenidən seçkilərdə iştirak etmək istəyini irəli sürən biri ilə söhbət edirdim. Söhbət əsnasında s adamı dinləyirdim və düşünürdüm ki, insan necə belə boş düşünə, boş danışa bilər? Danışdığı söhbətlər, sürdüyü ideyalar 30 il öncə bəlkə də maraq doğura bilərdi. Düşünürəm ki, Milli Məclisdə əməlli-başlı, hərtərəfli təmizlik etmək zamanı çoxdan çatıb. Bu Milli Məclisə sərf edərmi? Orası məlum deyil”.