Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərini yenidən ittiham edib.
Sozcu.az xəbər verir ki, Paşinyan mayın 22-də parlamentdəki “Hökumət saatı”nda çıxış edərkən ittihamı belə ifadə edib:
“Mən bizə qarşı müharibə hazırlayan ən azı iki KTMT ölkəsini tanıyıram. Bu ölkələr bizə kömək etmək istəyi imitasiyasını yaradıblar. Amma o müharibə “Dağlıq Qarabağ”la bağlı deyildi. Onlar “Dağlıq Qarabağ” məsələsilə bağlı sualı çoxdan bağlayıblar...
Həmin müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin olmaması idi. 9 noyabr 2020-ci il və sonrasında bu gözlənti özünü doğrultmadı”.
Paşinyan daha sonra əlavə edib ki, 2021-ci ilin mayında parlament və Hökumət buraxılanda da həmin ölkələr Ermənistan dövlətini dağıtmağa cəhd etdilər, lakin bu cəhd uğursuz oldu.
“2022-ci ilin sentyabrında da cəhd etdilər, yenə alınmadı. Sonra 2023-cü ilin sentyabrında sosial şəbəkələrdə insanları seçilmiş hökumətə qarşı çıxmağa çağıranda cəhd etdilər, amma o zaman da alınmadı. Ardınca 9 may 2024-cü ildə cəhd etdilər, amma yenə alınmadı və alınmayacaq.
Sərhədin delimitasiyası ilə Ermənistan 2024-cü il mayın 9-da baş vermiş hadisələrlə paralel olaraq bir çoxlarını sərhəddə qarşıdurma törətmək imkanından məhrum etdi. Əgər biz dövlətimizi 1-2 il qoruyub saxlaya bilsək, deməli, yaxın 50-100 ildə onun mövcudluğuna zəmanət verilir. Delimitasiya prosesi sayəsində biz bu problemin 60%-ni həll etdik”, - Paşinyan qeyd edib.
Paşinyan KTMT üzvü olan hansı iki ölkəni nəzərdə tutduğunu açıqlamasa, siyasi ekspertlər onun Rusiya və Belarusa eyham vurduğunu qeyd edirlər.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlanan hərbi blokun əsası 15 мая 1992-ci ildə Rusiyanın təşəbbüsü ilə qoyulub. Hazırda KTMT-nin üzvləri Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandır.