2 il əvvəl 1 kiloqramı 10-11 manat olan mal ətinin qiyməti bu gün 15 manatdır. İnsanları indi bu sual düşündür: mövcud qiymət sabit qalacaq, ya artım davam edəcək? “Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb. Sahibkarlar deyiblər ki, əvvəllər bu sahə sahibkarlar üçün yaxşı gəlir gətirsə də, indi vəziyyət dəyişib. Hazırkı qiymətlərlə 1 kiloqram ət satışından gəlir 50 qəpikdir. Heyvan yemi bahalaşdıqca, onlar da qiymətləri yüksəltməyə məcbur olurlar.
Əvvəllər Rusiya və Ukraynadan yem məhsulları gəlirdi, daxildə də yem məhsulları vardı. Bolluq idi. Ancaq indi Rusiya və Ukraynadan məhsul gəlmir, yerli bazarda da yem bahadır. Məsələn, 2 il əvvəl qışda 1 yonca presini 3-4 manata, yayda isə 2 manata alırdıq. Ətin qiyməti də 11 manat idi. İndi presi 8 manata satırlar. Sahibkarlar bildirib ki, qarşıdakı dövrdə ətin qiymətində artım ola bilər. Ətin qiyməti artdıqca isə əhalinin alıcılıq qabiliyyəti də aşağı düşür. Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov bildirdi ki, dünyada insan sayı sürətlə artır və bunun fonunda adambaşına düşən ət nisbəti də azalır: “2021-ci illə müqayisədə 2022-ci ildə ölkədə diri çəkidə ət istehsalı 3 faiz artıb. Bununla paralel insan sayı da artır. Bu proses tək bizdə yox, dünyada gedir. Almaniyada 2021-ci ildə adambaşına 65 kiloqram ət istehlakı var idisə, 2022-ci ildə bu rəqəm 53 kiloqram olub. Tələb çoxdur, təklif də zamanla azalır. Bu, qiymətlərə təsir edir. İnflyasiya fonunda da qiymətlərdə artım gedir”.
Ekspertlər onu da deyir ki, 6-7 il əvvəllə müqayisə etsək, respublikada həm xırdabuynuzlu, həm də iribuynuzlu mal-qaranın baş sayında 1 milyona yaxın azalma var. Bu, tələb-təklifə təsir göstərir. Tələb çox, təklif az olanda, qiymətlər artır. Heyvandarlıqda maya dəyərinin əsas hissəsini yem məhsulları təşkil edir. Ona görə hazırda qiymətlər bu səviyyəyə çatıb.
Ətin bahalaşmasına səbəb kimi regionlarda fermerlərin üzləşdiyi problemlər də göstərilir. Bizimlə söhbətdə narazılığını bildirən Kamilə Bayramova qeyd edir ki, bölgələrimizdə heyvan saxlamaq ucun örüş yerləri yox səviyyəsindədir: “Məmurlar tərəfindən hər yer tutulub, əkinlə məşğul olmağa da su yoxdur. Ona görə də heyvandarlıqla heç kim məşğul olmaq istəmir”.
Digər oxucumuz Miri Orucov isə 23 ildir Cəlilabadda suyun olmadığını, heyvan yemlərinin baha olduğunu deyir: “Bu il yağış yağmasa, ət 20 manata qalxacaq”. Elşən Əliyev isə deyir ki, rayonda heyvanları otarmağa otlaq sahəsi qalmayıb: “Bələdiyyələr satıb sovurub örüş yerlərini, heyvanlar harada otlasın?!”
Yeri gəlmişkən, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilir ki, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,8 %, süd istehsalı 1,1% və yumurta istehsalı isə 16,1% artıb.
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a dedi ki, ətin və yemin qiymətinin artması yem bazasının azalması ilə bağlıdır: “Bu proses təqribən 2014-2016-ci illərdən başladı. Daha çox otlaq sahələrinin texniki bitkilərə, yem bazasına xidmət edən sahələrin pambıqçılığa və digər bitki növlərinə ayrılması yemin azalmasına səbəb oldu. Yem azaldıqca da ət bahalaşmağa başladı. Nəticə etibarilə də maldarlıqla məşğul olan insanlar yemi daha baha almağa məcbur oldular. Sonra da qiymətlərin qəpik-qəpik artdığının şahidi olduq, son vaxtlar isə artım sürətlənib. Bunun əsas səbəblərindən biri yemin bahalaşması ilə əlaqəli olsa da, digər səbəbi də var. Çünki hər şey bahalaşır, yəni inflyasiya çox sürətlə gedir. Ərzaq inflyasiyası 20 faizdir, ümumi inflyasiya 14 faizə yaxındır. Bu sahə ilə məşğul olan insanların xərcləri də artır. Hər şeyin qiyməti artırsa, bu sahə ilə məşğul olan insanların xərcləri də artır. Hər şey bahalaşırsa, heyvandarlıqla məşğul olan insanların qiymətləri artırmaması mümkün deyil”.
Ekspert əlavə edib ki, qiymət artımının qarşısının alınması üçün yeganə çıxış yolu işğaldan azad olunmuş torpaqların tezliklə iqtisadiyyata cəlb olunmasıdır. “Çünki orada Laçın, Kəlbəcər, Qubadlı kimi ənənəvi heyvandarlıq rayonlarımız var. Orada yaxşı otlaq sahələri var, yem bolluğu var. Həmin bölgələrin heyvandarlığa, kənd təsərrüfatına cəlb olunması, orada məskunlaşmanın və heyvandarlığın inkişafı məhsul bolluğu yarada bilər. Daha çox məhsulun bazara çıxması isə qiymətlərin tənzimlənməsində rol oynaya bilər. Əgər bu, tezliklə baş verməsə, yəqin ki, növbəti aylarda da qiymət artımını görə bilərik”, - ekspert deyib.
Bununla belə, ekspert əlavə edib ki, yazın sonu, yay aylarında qiymət artımında səngimə olur: “Yayın əvvəllərində qiymətlərdə müəyyən sabitləşmə olur. Bu da onunla əlaqəlidir ki, yem bazası artır, təbii otlaqlar yaranır. Fermerlər öz heyvanlarını yemləmək üçün daha çox təbii otlardan istifadə edir. Bir müddət sabitlik olacaq, amma işğaldan azad olunmuş rayonlarda iş ləngisə, noyabrda yenidən qiymət artımını görəcəyik. Bu, dairəvi bir xətt alıb”.
Ekspert ümumi qiymət artımı ilə bağlı isə deyib ki, qiymət artımının qarşısını almaq üçün rəqabət mühiti artırılmalı və iqtisadi qanunlar işə düşməlidir: “Bu isə hökumətin borcudur. Hökumət vergiləri salmaqla, rüsumları azaltmaqla, rəqabətli və ədalətli biznes mühiti yaratmaqla qiymət siyasətinə təsir edə bilər, amma etmir. Sonra da məmurlar, deputatlar məhz hökumətə lazım olan mənasız "süni qiymət artımı" deyimini ortalığa atıb məsuliyyətdən yayınırlar. Pərakəndə satışda malı, istənilən qiymətə satmaq olar, kafe və restoran yeməkləri istədiyi qiymətə sata bilər, təki alıcısı olsun və vergisini versinlər, vəssalam... Hökumət vergiləri salmaqla, rüsumları azaltmaqla, rəqabətli və ədalətli biznes mühiti yaratmaqla qiymət siyasətinə təsir edə bilər".