“Belə mülahizələr Rusiyanın Azərbaycandakı hərbi mövcudluğuna bəraət məqsədi güdür...”

“Qarabağa Rusiyanın yox, Qərbin sülhməramlıları gəlsəydi, 100 ilə də çıxara bilməzdik”  ...” kimi açıqlamalar verənlər öncə Rusiya hərbi birləşmələrinin suveren ərazimizdən çıxarılmasına nail olsunlar... Onda biz deyəcəyik ki, bəli, belə danışanlar haqlıdır...”

Son vaxtlar bəzi şərhçilər iddia edir ki, guya 2020-ci ilin 44 günlük savaşının sonunda Qarabağa Rusiyanın yox, Avropanın sülhməramlıları gəlsəydi, biz Yuxarı Qarabağı yurisdiksiyamıza qaytarmağa nail olmaz və həmin qüvvələri 100 il bundan sonra da ərazimizdən çıxarmağa nail olmazdıq.... Deyəsən, belə şərh verənlər bilərəkdən, ya bilməyərəkdən unudurlar ki, 200 ildən çox bundan öncə Azərbaycan torpaqlarına emənilərin kütləvi köçünü təşkil edən, 100 il öncə onlara Qarabağ torpağımızda muxtariyyət verdirən, 35 il öncə isə həmin ermənilər vasitəsi ilə ərazimizdə separatçı hərəkatı qızışdıraraq, orada separatçı-terrorçu rejim quraraq sonda torpaqlarımızın 20 faizinin 30 illik işğalına nail olan məhz həmin imperiya olub...

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu  mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib.

“Bilirsiz, əvvəla, siyasətdə hər hansı bir prosesə, olaya “olardı”- “olmazdı” baxışı realist yanaşma deyil. Biz bilmirik, Qərbin, yaxud hansısa beynəlxalq təşkilatın birləşmələri sühməramlı adı altında Qarabağda yerləşdirilsəydi, nə baş verərdi. Bu baxımdan hesab edirəm ki, bütün bu ehtimallar kimlərinsə fantaziyasıdır... 

Biz hələlik bir şeyi bilirik ki, Azərbaycan Qarabağın dağlıq hissəsinə hərbi nəzarəti özünə qaytarsa da, Rusiya hərbi kontingentinin oradan çıxmaq fikri yoxdur. Və Putin səviyyəsində həmin kontingentin 2025-ci ilədək Azərbaycan ərazisində qalacağı bildirildi. İndi isə hətta 2030-cu il söhbəti ortalığa atılıb. Rusiya əslində Qarabağın dağlıq hissəsinə hərbi müdaxilə edib. Bunun gerçək adı hərbi müdaxilədir. Çünki “sülhməramlı kontingent” formulu uydurma bir şeydir. 10 noyabr bəyanatının özü də üzərinə imzalar atılmış qeyri-hüquqi bir kağız parçasıdır. Hər hansı ölkə ərazisinə digər dövlətin hərbi birləşməsi bu şəkildə qanuni formada yeridilə bilməz...” 

Analitik hesab edir ki, hazırda faktiki Azərbaycan ərazisində Silahlı Qüvvələri olan Rusiya Qarabağın dağlıq hissəsindəki hərbi mövcudluğunu maksimal dərəcədə uzatmaq niyyətindədir.

“Bəs əgər indi Azərbaycan özünün Yuxarı Qarabağdakı ərazisinə nəzarəti qaytarıbsa, Rusiya Silahlı Qüvvələri orada niyə qalıb?.. Bir ölkənin ərazisində xarici dövlətin Silahlı Qüvvələri yerləşirsə, həmin ölkənin öz ərazisinə nəzarətini, tam suverenliyini bərpa etməsi haqda danışmaq doğru deyil...

Məlum məsələdir ki, Rusiya Qarabağda məskən salmaq istəyir. Yaxşı, deyək ki, 2020-ci ilin noyabrında Kreml doğrudan da sülhməramlılıq məqsədi ilə əraziyə qoşun yeritmişdi. Bəs onda indi niyə Rusiya hərbi birləşmələri Azərbaycan torpağından çıxmır, axı artıq orada erməni əhali də, demək olar ki, yoxdur. Və bildiyimə görə, Qarabağdakı ermənilərin çox hissəsi, ümumiyyətlə, heç Ermənistana da yox, Rusiyaya və digər ölkələrə üz tutublar...  O halda “Qarabağa Rusiyanın yox, Qərbin sülhməramlıları gəlsəydi, 100 ilə də çıxara bilməzdik”  ...” kimi açıqlamalar verənlər öncə Rusiya hərbi birləşmələrinin suveren ərazimizdən çıxarılmasına nail olsunlar. Rusiya qoşunları çıxsın, onda biz deyəcəyik ki, bəli, belə danışanlar haqlıdır.  Çıxacaqmı Qarabağdan Rusiya qoşunları? Bilmirəm... Mən şəxsən düşünürəm ki, Moskva öz hərbçilərini maksimal dərəcədə Azərbaycan ərazisində saxlamağa çalışacaq. Amma bunun əksi olan düşüncəyə, yəni “Rusiya “sülhməramlı”larının yerinə Avropa, yaxud Amerikanın qoşunları olsaydı, 100 ilə də çıxara bilməzdik” düşüncəsinə gəldikdə, bunu da dəqiq deyə bilmərəm. Bəlkə də... Lakin reallıqda belə bir fakt olmayıb. Və bu fakt olmadığı halda həmin ətrafda bu cür mülahizələr yürütmək Rusiyanın Azərbaycan ərazisində hərbi kontingentinin mövcudluğuna bəraət məqsədi daşıyır. Odur ki, bir daha deyirəm, bu tip bəyanatlar verənlər öncə Rusiya qoşunlarını Azərbaycan ərazisindən çıxarsınlar, sonra biz də deyək ki, hə, onlar düz deyirmiş”,- deyə siyasi təhlükəsizlik üzrə ekspert diqqətə çatdırıb.

Share on Facebook