Azərbaycanla Ermənistan arasında yeni müharibə olacaq? - “Hərbi müdaxilə riski artır”

"Azərbaycanla Ermənistan arasında növbəti hərbi qarşıdurma isə təkcə daha miqyaslı olması ilə deyil, həm də bölgəyə müdaxilələrin artması ilə nəticələnə bilər".

Sozcu.az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Azərbaycan-Ermənistan sülh prosesi ətrafındakı son proseslərə diqqət çəkib:

"Bu günlərdə BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın şikayəti əsasında Azərbaycanla bağlı qərar qəbul etdi. Qərarda Azərbaycandan tələb olunur ki, "doqquz aylıq blokadadan sonra Qarabağdan deportasiya olunmuş erməni əhalisi"ndən geri qayıtmaq istəyənlərin hüquqlarını, təhlükəsizliyini, əmlakının toxunulmazlığını təmin etsin. Bundan başqa, məhkəmə Azərbaycanı Qarabağda yaşamaqda davam edən erməniləri oradan çıxarmaq məqsədilə onlara qarşı güc tətbiq etməkdən çəkinməyə çağırıb. Məhkəmə həmçinin Azərbaycandan iki ay ərzində qərarlarının icrası ilə bağlı hesabat verməyi tələb edib. Beləliklə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarında Azərbaycan "blokada və deportasiya"da ittiham olunur. Amma əsas bu deyil və biz Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamədə hətta "soyqırımı" ittihamını da görmüşük. Önəmli olan məsələnin başqa aspektidir: bu, hadisənun zaman baxımdan Qərbdən Azərbaycana qarşı yönəlmiş fəaliyyətlərlə üst-üstə düşməsidir. Bunda da təəccüblü bir şey yoxdur. Məhz Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin ardınca ölkəyə ciddi basqılar başladı, bu da gözlənilən idi.

Eyni zamanda, həmin basqılar fonunda Ermənistana hərbi-siyasi dəstək göstərilməsinə, onun sərt davranışa ruhlandırılmasına start verildi. Hələ dünən sülhdən bəhs edən erməni ekspertləri artıq bu gün silahlanmadan və hərbi güc toplamaq zərurətindən danışırlar.

Bütün bunlar münaqişələrin geosiyasi mübarizədəki əhəmiyyətindən irəli gəlir. Başqa sözlə, istənilən münaqişə böyük güclərə onların baş verdiyi coğrafiyaya müdaxilə imkanı yaradır. Münaqişənin həll olunduqda isə belə imkanları məhdudlaşır, onun qarşısı alınır. Qarabağın dağlıq hissəsi ilə bağlı baş verən də belə oldu. Məhz Azərbaycanın bu əraziyə nəzarəti özünə qaytarmasının ardınca ölkəyə basqılara start verildi.

Burada bir məqama da diqqət yetirmək önəmlidir: münaqiələrin həllində vasitəçilik onu həyata keçirən dövlətlərə öz geosiyasi maraqlarını reallaşdırmaq imkanı yaradır. Beləliklə də münaqişə həll olunursa, deməli, nə onu müzakirə etməyə, nə də həmin müzakirələrdə vasitəçilərə ehtiyac qalır. Azərbaycana qarşı basqılar da məhz o zaman başladı ki, Azərbaycan Ermənistanla sülh danışıqlarında vasitəçilərdən imtina etdi. Əvvəlcə rəsmi Bakı ard-arda iki dəfə Avropa Birliyinin vasitəçiliyilə aparılmalı olan danışıqlara getməkdən imtina etdi, sonra hər iki tərəfdən danışıqların vasitəçisiz (birbaşa) aparılmasının mümkünlüyü dilə gətirildi. Bu isə böyük güclər tərəfindən reaksiya doğurmaya bilməzdi. Amma heç bir tərəf də (Qərb və ya Rusiya) sülh danışıqlarının məhz onun vasitəçiliyi ilə keçirilməsində israr edə bilməz. Çünki o zaman tam haqlı olaraq sual ortaya çıxar ki, sizə iki ölkə arasında sülh lazımdır, yoxsa həmin sülhün mütləq sizin iştirakınızla (daha dəqiqi isə sizin maraqlara cavab verən şəkildə) keçirilməsi? Elə həmin səbəbdən də Vaşinqton bildirir ki, ABŞ tərəflərin öz aralarında sülhə nail olmasını istəyir. Moskva isə bu məsələdə susqunluq nümayiş etdirir. Amma əvəzində Rusiya Ermənistana, Qərb isə Azərbaycana basqıları gücləndirir. Hər biri də arsenalında olan vasitələrdən istifadə etməklə: Moskva Ermənistanda çevrilişə hazırlıq aparır, Vaşinqton isə Azərbaycana siyasi və hüquqi təzyiq edir".

Ərəstun Oruclu qeyd edib ki, danışıq tərəflərinin maraqları üst-üstə düşdüyündən onların birbaşa və ya qlobal iddiaları olmayan dövlətlərin (məsələn, Gürcüstanın) vasitəçiliyilə danışıqları davam etdirməsi mümkündür:

"Həm də ona görə ki, belə formatda əldə olunacaq sülh qlobal və ya regional güclərin deyil, məhz danışıqlar tərəflərinin maraqlarını təmin etmiş olardı. Amma böyük güclər arasında kəskin mübarizənin kulminasiya nöqtəsinə çatdığı bir dönəmdə bunun mümkünlüyü istisnadır. Elə ona görə də sözdə deyilənlərə rəğmən əməldə başqa addımlar görürük. Həmin addımlar da ilk növbədə Azərbaycanla Ermənistan arasındakı ziddiyyətləri bir qədər də dərinləşdirməyə və onların sülh masası arxasına əyləşməsini mümkünsüz etməyə yönəlib.

Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti sırf hüquqi addımdır, amma onu ABŞ Konqresində qəbul edilən qərarlarla körükləmək artıq məsələnin siyasiləşdirilməsidir.

Digər tərəfdən, siyasi qərarlar fonunda Ermənistana hərbi dəstək göstərmək ölkələri sülh prosesindən bir qədər də uzaqlaşdırmaqdır. Ən maraqlısı isə budur ki, hazırda Azərbaycan-Ermənistan sülh prosesinə destruktiv təsirlər hər iki tərəfdən (Rusiya və Qərb) gəlir. Bu da bir daha onu göstərir ki, nəinki Qarabağın dağlıq hissəsində keçirilmiş antiterror əməliyyatı, hətta sülh danışıqları da geosiyasi proseslərin mühüm elementi kimi nəzərdən keçirilir. Məhz bunu nəzərə alaraq, hələ xeyli əvvəl deyirdik ki, bölgədəki gəlişmələr başqa ardıcıllıqla baş tutmalıdır: öncə Ermənistanla sülh müqaviləsinin imzalanması, ardınca Rusiya ordusunun hissələrinin Azərbaycan ərazisindən çıxarılması və yalnız bundan sonra Qarabağın dağlıq hissəsindəki erməni icması ilə münasibətlərə aydınlıq gətirməsı daha məqbul olardı. Bu halda ən azı Azərbaycan-Ermənistan sülh danışıqları risk altına düşməzdi. Belə risk isə bu gün kifayət qədər yüksəkdir, hətta hərbi qarşıdurmaya qədər aparıb çıxara bilər. Ermənistanı sürətlə silahlandırmaqda məqsəd də budur. Bunun isə həm hər iki ölkə, həm də bütövlükdə bölgə üçün nə demək olduğunun xüsusi izaha ehtiyacı yoxdur.

Yaranmış vəziyyətdə "nə hərb, nə də sülh" statusu sonsuzluğa qədər davam edə bilməz, çünki sülhə gedən yolun uzanması hərbə aparan yolun qısalması deməkdir. Azərbaycanla Ermənistan arasında növbəti hərbi qarşıdurma isə təkcə daha miqyaslı olması ilə deyil, həm də bölgəyə müdaxilələrin artması ilə nəticələnə bilər".

Share on Facebook