“Anladığım qədəri ilə Nərimanov rayonunda sökülən binalar dövlət ehtiyacı üçün deyil. Bunlar, sadəcə, köhnə binaların yenilənməsi üçün həyata keçirilən kommersiya layihəsidir”.
Bu sözləri Yenisabah.az-la söhbətində iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Müsahibimiz paytaxtın Nərimanov rayonunun Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsindən başlayan söküntü işləri çərçivəsində yenidən gündəmə gələn kompensasiya məbləğlərindən söz açıb.
Xatırladaq ki, sözügedən ərazidə yaşayan bina sakinləri bildirib ki, bir otağa 120 min kompensasiya verilir. Sakinlərin sözlərinə görə, evin hər kvadratına 4 min manat düşür və 3 otağa 280 min verilməli olduğu təqdirdə onlara 175 min təklif olunub.
N.Cəfərli isə söyləyib ki, burada artıq kommersiya müəssisəsi tərəfindən qiymətin diktə edilməsi mümkün deyil:
“Çünki ümumi razılıq olmadan insanların mülkiyyətinə toxunmaq olmaz. Dünyada bununla bağlı qəbul olunmuş qaydalar var. Azərbaycan qanunlarına görə də dövlət ehtiyacına görə söküntülər beynəlxalq və yerli əhəmiyyətli yol və enerji infrastrukturu, təhlükəsizliklə bağlı məsələlər, eləcə sərhədyanı zonalara aiddir. Burada dövlət razılaşdırılmış qaydada qiymət təyin edir. Hətta orada belə vətəndaş dövlətin təklif etdiyi qiymətlə razılaşmadığı təqdirdə 200 gün ərzində məhkəməyə müraciət edə bilər”.
Onun sözlərinə görə, bu gün Azərbaycanda çox qəribə bir tendensiya yaranıb ki, kommersiya şirkətləri söküntü apararkən özləri qiymət təyin edirlər:
“Bunlar doğru yanaşma deyil. Doğru yanaşma belə olmalıdır ki, bina sakinləri öz səlahiyyətlərini təqdim etmək və danışıqlar aparmaq üçün qrup təyin etməlidir. O qrup da kommersiya müəssisəsi ilə anlaşmalıdır və yaxud da ayrı-ayrı sakinlərin hər biri ilə anlaşma müqavilələri imzalanmalıdır. Yəni burada kommersiya şirkətinin qiymət diktə etməsi mümkün deyil və qanun da buna icazə vermir”.
“Mülkiyyət toxunulmazlığı qaydaları”na görə məni razı salmayana qədər mənzilimdən çıxmaya bilərəm. Bizdə isə çox təəssüf ki, 5-10 nəfər sakini razı salırlar, digərləri razı olmayanda isə gəlib qazı, işığı, suyu kəsirlər, kommunikasiya xidməti üçün problem yaradırlar. Bu, kommersiya şirkətlərinin səlahiyyətləri xaricindədir. Ona görə də sakinlər hər zaman bu məsələdə haqlıdır və kommersiya şirkətləri tərəfindən mülkiyyətçiləri razı sala biləcək formullar tapılmalıdır”, - deyə, o əlavə edib.
Mütəxəssis aydınlaşdırıb ki, əgər kimsə qiymətlərlə razı deyilsə və həmin yerdə bina tikiləcəksə, bu sakinlərə eyni yerdən bina verilməlidir və bina hazır olana qədər həmin rayonun kirayə qiymətlərinə uyğun olaraq aylıq kirayə pulu ödənilməlidir:
“Məntiq bunu deyir. Biz Ankara, İstanbul və İzmirdə renovasiya proqramları görmüşük. Hətta, yeri gəlmişkən, analoji qanunlar Moskvada da olub. Yəni burada diktə etməklə yox, vətəndaşları razı salmaqla belə müqavilələr bağlanır. Lakin bizdə bu qiymətləri isə dövlət yox, kommersiya müəssisələri təklif edir. Dövlətin bu işlərə qarışacağı yoxdur, qanun buna icazə vermir. Dövlətin buradakı işi, sadəcə, həmin yerin yenidən qurulması üçün müvafiq icra strukturu tərəfindən verdiyi icazədir. Lakin kommersiya müəssisələrinin vətəndaşa diktə etməyə də icazəsi yoxdur”.
“Azərbaycan Respublikasının qanunvericiliyində, hətta Avropa İnsan Haqları Məhkəməsində mülkiyyətlə bağlı əmsal qərarlar var ki, Azərbaycanla əlaqədar da belə qərarlar mövcuddur. Bu qərarları əsas gətirərək, vətəndaş razı salınana qədər kommersiya müəssisəsi vətəndaşlarla danışıqlar aparıb ümumi məbləğə və məcraya gəlməlidir. Qısası, qiymətin burada diktə olunmasına heç qanunlar da yol vermir”, - o, fikirlərini tamamlayıb.