Bakıda səfirliyi partlatmaq planı: hücum cəhdi gerçəyi üzə çıxardı

İsrailin Azərbaycandakı səfirliyində terror cəhdi ilə bağlı müzakirələr davam edir. Bəzi ekspertlər hesab edirlər ki, burada hədəf təkcə İsrail deyil, həm də Azərbaycan dövlətidir: Bakının diplomatlar və diplomatik nümayəndəliklər üçün etibarsız, əlverişsiz olduğu göstərilməyə və İsraillə Azərbaycan arasında soyuqluq yaratmağa çalışılır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İran bu sahədə kifayət qədər təcrübəlidir:

“ABŞ-ın xarici ölkələrdəki səfirliklərinə də bənzər formada hücumlar baş vermiş və əksəriyyəti İran təşkil etmişdi. Bu mənada Bakıdakı İsrail səfirliyinə edilən terror cəhdinin təlimatı da Tehrandan gəlib.

Ümumiyyətlə, təkcə Azərbaycan deyil, dünyanın bütün ölkələrində İsrail səfirlikləri bu gün bənzər hücumlara məruz qala bilər. Misal üçün bu gün ABŞ-ın İraqdakı bazalarına İranın proksiləri hücumlar edir. Yəni İraqda İsrail səfirliyi olsaydı, İran bu ölkədəki səfirliyə də hücum törədər, hətta müvəffəq belə olardı.

İsrail səfirliyinə edilən hücum onu göstərir ki, Azərbaycanla İran arasında münasibətlərin normallaşmasından danışmaq üçün hələ çox tezdir. İki ölkə arasında münasibətlərin normallaşması üçün hələ çox işlər görülməlidir.

Ümumiyyətlə, İran bu məsələdə çox hiyləgərdir. Belə ki, Azərbaycan və İsrailə qarşı mübarizə İrandan bir yox, birdən çox mərkəzdən idarə edilir. Yəni iki ölkə lideri bir araya gəlib müsbət mesajlar versə belə, SEPAH-ın paylaşımları bunun əksini göstərir.

Bu gün Azərbaycanda İrana pərəstiş edən kütlə var. Rəsmi Tehran nüfuz etdiyi ölkələrdə bu qüvvələr vasitəsilə terror aktları törədir, çaxnaşmalar yarada bilir. Hesab edirəm, İsrail səfirliyinə hücum cəhdi də bu yolla təşkil edilib”.

Share on Facebook