Rusiya ordusu Donetski atəşə tutdu: 5 mülki şəxs öldü

Rusiya ordusu ötən gecə Ukraynanın Donetsk vilayətini atəşə tutub. Sozcu.az xəbər verir ki, bunu Donetsk Hərbi Administrasiyanın rəhbəri Pavel Kirilenko teleqramda yazıb. O bildirib ki, hadisə nəticəsində 5 nəfər mülki şəxs ölüb, 9 nəfər yaralanıb. P.Kirilenko itkilərin sayının dəqiqləşdirildiyini söyləyib.

Bu mahnılara qulaq asmayın! - Siyahı

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısını tərtib edib. Sozcu.az xəbər verir ki, siyahı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda öz əksini tapıb. Həmin mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Həmin mahnı nümunələri aşağıdakılardır: - İlkin Çərkəzoğlu - "Aparır, kayf aparır", "Bomba kayfda", "Kayfim zor olanda" mahnısı; - Məhəmməd Fəda - "Zır kayfdayam bu gün"; - Rüzgar - "Yenə gedirəm"; - İlqar Dəniz & Orxan Eşqin - "Nə, nə, nə nəşəni çəkdim, xu, xu, xu xumar apardı"; - Sənan & Vǝli & Arzu - "Bu da təzə temadır, yetim"; - Simral Qasımoğlu & Asif Əhmədli - "Zəhrimar"; - Said & Samid - "Nağaracuğa"; - Elçin Göyçaylı - "Ley-pey olmuşam"; - Toğrul Göyçaylı & Nurlan Göyçaylı - "Adam nə qədər ley-pey?"; - Şamil Vəliyev - "İçirəm mən"; - İlqar Dəniz - "İçirəm"; - Elvin Elcan - "Kefliyəm"; - Elçin Göyçaylı - "Mey gətir"; - Ramil Sədalı - "Gecə ləzzət eləyir"; - Fərəcov & Cavid - "Nivalar dəlilərindir"; - Fərhad - "Şəhər xuliqanları"; - İlqar Dəniz & Orxan Eşqin - "Xuliqanski"; - Samir Ilqarlı & Tural Səda - "Avtoşlar" - İlqar Dəniz & Orxan Eşqin - "Avtoşlar-2" (İlqar Dəniz & Orxan Eşqin - "O yana, bu yana"); - Fərəcov - "Gedirik Nabrana"; - Fərid Biləcərili & Hakim - "Sür, ay qardaşım"; - Məhəmməd Fǝda & Elnur Ağdamlı - "Avtoşdur bunlar" - Vüqar Səda - "Ay yetim"; - Orxan Dəniz - "Mənim balam şor dadır"; - Gülağa - "Hayıf məndən"; - Narana Paşayeva - "Əmim oğlu, neylədin?"; - Ülviyyə Namazova - "Evli insan sevirəm"; - Azəri oğlu Cəfər - "Evli qadın sevirəm"; - Dərya Eyvazova - "Nə gedər"; - Rza & Elmir Əliyev - "Yeri var"; - İlqar Dəniz & Orxan Eşqin - "Maç ela"; - İlqar Dəniz & Orxan Eşqin - "Verməyəcəyəm"; - İlqar Dəniz & Orxan Eşqin - "Qız tuturam"; - İlqar Dəniz - "Bu nə dvijeniyadır"; - Elcan Həsənov - "Na bomba xumardır bu"; - Sevgi - "Öp, öp"; - Orxan Eşqin & İlqar Dəniz - "Ay, ay, of, of" - Orxan Eşqin & Aysel Şirin - "Ölürəm öpüşmək üçün"; - Samir İlqarlı & Mahir Aybrat & Tural Səda - "Padxod-2"; - Elvin Xəyal - "Kül bunun qız başına"; - İlqar Dəniz & Orxan Eşqin - "Üzün meymuna oxşar"; - Cavad Rəcəbov - "Balaca kişi"; - Orxan Dəniz & Aşiq Səbuhi - "Mənim balam bal dadır"; - Şəbnəm Tovuzlu - "Baldır balam"; - Üzeyir Mehdizadə & Rəqsanə - "Dəli balam"; - Mehriban - "Dəli balam"; - Aygül Səfərova - "Dəlidir balam"; - Səmra - "Bandam"; - Səmra - "Armas"; "Göz"; - İlqar Dəniz & Orxan Eşqin - "Zor eləmişəm"; - Üzeyir Mehdizadə "Rǝdd elǝ!"; - Nüşabə Musayeva "Partlaya-partlaya"; - İlqar Dəniz - "Sevənə söyüş qoymuşam"; - Canan - "Ürəyi partladı"; - Günay İbrahimli "O kimdir ki?!"; - Tural Sədalı - "Özümü atdım Xəzərə"; - Mehdi Sadiq & Noton - "Yaşamaq lazım"; - Üzeyir Mehdizadə - "Kəsəcəyəm damarları".

İrandan 11 kq narkotik gətirilməsinin qarşısı alındı

İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, aprelin 5-də saat 22:10-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində DSX və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində ümumi çəkisi 11 kiloqram 300 qram narkotik vasitənin və 1000 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bu qida əlavələrində zərərli maddə var - Rəsmi

Bioloji fəallığa malik aktiv qida əlavələrində zərərli maddə aşkarlanıb. Bu barədə Sozcu.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Belə ki, ötən ay Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin mərkəzə etdiyi müraciətlə əlaqəli “Lipotrim kaps N36“ (seriyası: 555017, yararlıq müddəti: 01.03.2023) və “Black Panther kaps N36” (seriyası: 0000991720, yararlıq müddəti: 01.02.2025) nümunələrinin ekspertizası aparılıb. Təqdim edilən “Lipotrim kaps N36” və “Black Panther kaps N36” adlı nümunələr üzərində aparılmış tədqiqatlar nəticəsində tərkiblərində qablaşmalarının üzərində haqqında məlumat verilməyib, Azərbaycanın 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının SİYAHISI”da göstərilmiş “sibutramin” adlı fəal təsiredici maddənin eyniliyi təsbit olunub. Qeyd edək ki, “Lipotrim kaps N36” və “Black Panther kaps N36” bioloji fəallığa malik aktiv qida əlavələrinin ekspertizası üçün AEM-ə müraciət olunmayıb. Sibutramin, toxluq hissini artıran anoreksigen maddədir, amfetamin törəməsidir. Piylənmənin müalicəsi üçün istifadə olunan dərmanlar qrupuna aiddir və artıq çəkili xəstələrin kompleks baxım terapiyasında istifadə olunur. Avropa Birliyinin ölkələrində sibutraminin istifadəsi, Avropa Dərman Agentliyi tərəfindən subitramin tərkibli dərmanın əlavə təsirlərinin riskləri ilə bağlı tədqiqatların nəticələrindən sonra 2010-cu ildə dayandırılıb. Həmçinin FDA istehsalçılardan, istifadə üçün təlimatlarda ürək-damar xəstəlikləri olan xəstələrdə sibutraminin istifadəsi qadağan olduğunu göstərməyi tələb etdi. Bundan başqa, sibutramin Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunmuş maddələr siyahısına daxil edlib.

"Doğurdanmı yüzlərlə dindar həbs edilib?"

Xarici dövlətlərin, o cümlədən İranın Azərbaycandakı kəşviyyat şəbəkələrinin ifşa olunması və zərərsizləşdirilməsi ölkənin hüquq-mühafizə və təhlükəsizlik orqanlarının görəvidir. Eyni zamanda istənilən həbs qərarı əsaslı və qanuni olmalı, günahsız, yaxud cinayəti sübuta yetirilməmiş insanların şərlənərək saxlanmasına rəvac verilməməlidir.   Hakimiyyətin nəzarətində olan media orqanları yazır ki, son günlərdə saxlanılan şəxslər İranın cəsus şəbəkəsinin üzvləridir. Amma hüquq mühafizə orqanları saxlanılan şəxslərə bir qayda olaraq narkotik ittihamı irəli sürür.  Ölkəmiz həqiqətən ciddi bir problemlə üzləşib. Amma problemin gələcəkdə daha da böyüməməsi üçün, hər şey tam qanuni olmalıdır. Bir insanın İranpərəst olması qınanıla bilər, amma onun həbsi üçün əsas ola bilməz. Bu gün hansısa İranpərəst dindar hansısa cinayəti törətmədiyi halda, yaxud cinayəti sübuta yetirilmədiyi halda tutulursa, həmin adamın bir əzabkeş obrazı yaranır. Bu obraz İran üçün Azərbaycana qarşı yeni bir səfərbərlik vasitəsinə çevrilir. Bu məhbuslar gec-tez həbsdən çıxacaqlar və cahill movhumatçıların liderinə çevriləcəklər.  *** Bu, çox həssas məsələdir. Bəzi müxalifət və QHT nümayəndələri də diqqətli olmalıdırlar. Dindrların dəstəyinə nail olmaq üçün bu məsələdən spekulyasiya etmək yolverilməzdir. Bəziləri yazırlar ki, yüzlərlə dindar həbs edilib. Doğrudanmı həbslər bu qədər kütləvidir? Harda və kimlər həbs olunub? Əgər əlinizdə bir siyahı varsa, qoyun ortaya, yoxdursa, heç bir dəlil-sübut olmadan ittiham irəli sürən müstəntiqlərdən fərqiniz nədir?  *** Azadlıq Radiosu saxlanılan şəxslərdən birinin həyat yoldaşını danışdırıb. Deyir ki, ərim maddi imkansızlığa görə cümə namazına getmirdi (cümə namazına getmək üçün maddi imkan lazımdır?). Amma eyni zamanda deyir ki, əri dostlarıyla imamların şəhadət və mövlud günlərini qeyd etmək üçün tədbirlərə gedirmiş. Ardınca da deyir ki, imamların mövludunu qeyd etmək hər bir müsəlmanın borcudur. Harda yazılıb ki, imamın mövludunu qeyd etmək müsəlmanın borcudur? "Cümə namazına getmirik, amma İmamın mövluduna getmək borcumuzdur" deyən adamları islamın şərtlərindən xəbəri olmadıqlarına görə qınamaq olar, amma həbs etmək olmaz. Sübutun varsa, ortaya sübut qoy, yoxdursa, "on dəfə İrana gedib" sübut sayılmaz.  *** Bu gün Azərbaycanda insanların kütləvi şəkildə movhumata və radikal dini cərəyanlara meyl etməsi danılmaz faktdır və bunun iki əsas səbəbi var.  Birincisi, həm İran, həm də bəzi ərəb dövlətləri cəmiyyətimizin şəriətə meyllənməsi üçün milyardlarla pul xərcləyir. Cümə namazına getməyə "imkan tapmayan" kasıb insanların imamların mövlud tədbirlərində iştirakı burdan qaynaqlanır.  Digər əsas səbəb isə Azərbaycan hakimiyyətinin ölkədə azadlıqları məhdudlaşdırması, hər vəchlə siyasi partiyaların, ictimai birliklərin fəaliyyətini sıxışdırmasıdır. Mitinqlər qadağan olunub, söz azadlığı yox dərəcəsindədir, ölkədə demokratik seçkilər keçirilmir. Bunun nəticəsidir ki, pasionar insanlar, ilk növbədə gənclər, inkişaf üçün bir şərait görmür, enerjilərini sərf etmək üçün bir meydan tapmır və son ümid yeri olaraq radikal dini qurumlara meyllənirlər. Mustafa Hacıbəyli 

Bakıda kişi hamilə arvadına 3 bıçaq zərbəsi vurub

Bakının Sabunçu rayonunda 20 yaşlı qadına 3 bıçaq zərbəsi vurulub. Sozcu.az-ın məlumatına görə, ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 2003-cü il təvəllüdlü Bəkirova Həvva Məhəmməd qızı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarın və bud nahiyələrindən 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Qeyd edək ki, H. Bəkirova 4 aylıq hamilədir. Hadisənin təfərrüatı araşdırılır.report

Ukrayna qoşunları Krımın sərhədlərinə çatarsa... - Yermak

Ukrayna qoşunları Krımın sərhədlərinə çatarsa, Kiyev Moskva ilə Krımla bağlı danışıqlara hazır olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

"Uşaq evinin direktoru niyə vəzifədən azad edilmir?" — Yeniyetmə qalmaqalı böyüyür

"Ortada xeyli ziddiyyətli məqamlar, təkzibolunmaz faktlar və ağır ittihamlar var". Sozcu.az xəbər verir ki, bunu İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. Xətai rayonu, 3 saylı uşaq evindəki vəziyyətdən şikayət edən yeniyetmə ilə bağlı müzakirələrə qoşulan ictimai xadim araşdırma dövründə sözügedən uşaq evinin direktorunun vəzifədən uzaqlaşdırılmamasından narahatlığını ifadə edib: "Bütün ictimaiyyət, media, millət vəkilləri, ziyalılar səfərbər olub. Ancaq müvafiq dövlət qurumu heç olmasa, araşdırma dövründə uşaq evinin direktorunu vəzifədən azad etmir. Bununla da ictimai rəyə, toplum vicdanına açıq hörmətsizlik nümayiş etdirir. Digər tərəfdən isə təqaüd yaşına çatmış və ya az qalmış direktor da etika naminə bütün bu ittihamların fonunda istefa verməyə özündə cəsarət tapmır. Nəticədə isə uşaq evindəki qanunsuzluq halları ilə bağlı aparılan araşdırmanın nəticəsi ilə bağlı müfəssəl açıqlama yoxdur, eyni zamanda Respublika Psixiatriya Xəstəxanasının baş həkiminin rəyinə baxmayaraq yeniyetmə psixiatriya xəstəxanasında saxlanılır.  İndi necə etməli, cəmiyyətdəki haqlı suallara necə qarşılıq verməliyik?” Qeyd edək ki, bundan əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evindən şikayətlə bağlı sosial şəbəkədə görüntülər yayılmışdı. Orada qalan uşaqlardan biri uşaq evinə gələn ərzaqların aparıldığını iddia etmişdi. Yeniyetmə daha sonra öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi müzakirələrə səbəb olmuşdu. Onu da əlavə edək ki, sözügedən yeniyetmənin ruhi xəstə olmadığını deyən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunub.//Azxeber.com

Neftçalada 56 yaşlı qadın intihar edib

Neftçala rayonunda intihar hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Qasımova Gülnaz Hafiz qızı özünü yaşadığı evin həyətindəki talvardan asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.report

Ukrayna ABŞ-dan 2,5 milyard dollar qrant alacaq

Ukraynanın maliyyə naziri Serqey Marçenko və Dünya Bankının Şərqi Avropa (Belarus, Moldova və Ukrayna) üzrə regional direktoru Arup Banerji Ukraynaya ABŞ-dan 2,5 milyard dollar məbləğində ikinci qrantın verilməsi haqqında saziş imzalayıblar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Birinci qrantın həcmi 1,25 milyard dollar təşkil edib. Vəsait Ukraynada dövlət büdcəsi xərclərinin qismən ödənilməsi üçün istifadə olunacaq. 2023-cü ildə Ukrayna bu layihə üçün artıq dörd qəbz alıb. 2023-cü ildə ABŞ-ın Ukraynaya ayırdığı qrantların məbləğinin 9,9 milyard dollar olacağı planlaşdırılır.

Rus qoşunları dirənir: Ukrayna ordusu imkan vermir

Baxmutda hərbi əməliyyatlar davam edir, rus işğalçıları qala şəhərinin mərkəzi hissəsinə daxil olmağa çalışırlar. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Sergey Zqurets bildirib. "Döyüş əməliyyatlarının dinamikası bir neçə gündür ki, ardıcıl olaraq dəyişməyib. Əsgərlərimizin maddi-texniki təminatı kifayət qədər səmərəli işləyir, bu da düşmənə daha da irəliləməyə imkan vermir", - ekspert söyləyib. Zquretsin sözlərinə görə, Avdeyevka ərazisində də vəziyyət oxşardır. Orada rus işğalçıları mühasirə modelini həyata keçirməyə çalışdılar.

Gürcüstan hökuməti bu qadağanı ləğv etdi

Gürcüstan hökuməti buğda ixracına qoyulan qadağanı ləğv edib. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, hökumətin qərarına əsasən, buğda ixracına qoyulan qadağa vaxtından əvvəl götürülüb və məhdudiyyət bu gündən etibarən qüvvəsini itirib. Qeyd edək ki, Gürcüstan hökumətinin qərarına əsasən, 2022-ci il iyulun 4-dən 2023-cü il iyulun 4-dək Gürcüstanda buğda və arpa ixracı qadağan edilmişdi. Arpa qadağası tezliklə aradan qaldırılmışdı. Lakin buğdanın ixracına tətbiq olunan qadağa qüvvədə qalmışdı. Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqia bildirib ki, ölkədə ərzaq təhlükəsizliyi baxımından artıq heç bir təhlükə yoxdur, ona görə də həmin qadağaya artıq ehtiyac qalmayıb.

DƏHŞƏT: Salyanda 8-ci sinif şagirdi intihar edib - FOTO

Salyan rayonunda intihar hadisəsi olub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində baş verib. Səkkizinci sinif şagirdi Cavadzadə Mirələm Niyaməddin oğlu özünü yaşadığı evdə asıb./APA

Rusiya Müdafiə Nazirliyinin binasında yanğın baş verib

Moskvada Rusiya Müdafiə Nazirliyinin binalarından birində yanğın baş verib. Məlumata görə, hadisə Znamenka küçəsindəki binada yaşanıb. Yanğın yuxarı mərtəbədəki ofisdən olub. İlkin məlumata görə, yanğının sahəsi 30 kvadratmetr olub. Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Muradov əsgərlərə aşkar ölümə getməyi əmr edə biləcək ağıldankəm və sarsaq generaldır..."

"Rusiyalıların başlıca problemləri qüvvələrinin keyfiyyəti ilə bağlıdır və onları həll etmək asan məsələ deyil..." Putin Uqledarda uğursuz hücuma görə "ağıldankəm   və sarsaq" generalı vəzifədən azad edib General-polkovnik Rüstəm Muradov Ukraynada hərbi əməliyyatlara rəhbərlikdən kənarlaşdırılıb və Rusiya Federasiyası Şərq Hərbi Dairəsi komandanı vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə "The Moscow Times" qəzeti yazıb. Məlumatlara görə, general Uqledar ətrafında uğursuzluqlar və ciddi itkilər səbəbindən vəzifəsini itirib. Uqledarın alınması Rusiya ordusuna Avdeyevka ətrafında Ukrayanın istehkamlarından yan keçməyə və Donbasa geniş hücum üçün yol açmağa imkan verə bilərdi. Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Muradovdan çox adam şikayət edib, çünki "əsgərlərə aşkar ölümə getməyi əmr edən ağıldankəm və sarsaq olub". 50 yaşlı Muradov keçmişdə Rusiyanın Suriyadakı qoşunlarının komandanı olub, Dağlıq Qarabağda "sülhməramlılara" rəhbərlik edib. Üç gün ərzində Uqledar ərafında dəniz piyadalarının iki elit briqadasını, 103 vahid hərbi texnika, o cümlədən 36 tank itirib. "Muradov bir-birinin ardınca qüvvələri kiçik mexanikləşdirilmiş hissələrlə minalanmış ərazilərə və açıq yerlərə göndərib və heç nəyə nail olmayıb", - hərbi analitik Maykl Kofman deyib. Lakin, onun fikrincə, cəbhənin mühüm sahəsində komandanın dəyişilməsi, çətin ki, Rusiya ordusuna hər hansı irəliləyişə nail olmağa kömək etsin.  Kofman hesab edir ki, rusiyalıların "başlıca problemləri qüvvələrinin keyfiyyəti ilə bağlıdır və onları həll etmək asan məsələ deyil". Muradovun istefası barədə məlumat onun təyinatından (5 oktyabr 2022-ci il) cəmi 7 ay sonra, martın sonunda üzə çıxıb. Bu barədə ilk olaraq bu yaxınlarda Piter kafesində partlayış nəticəsində həlak olan Z-bloger Vladlen Tatarski məlumat verib. Bu məlumat digər KİV-lərə də yayılıb, o zaman bir sıra hərbi ekspertlər iddia edib ki, general, sadəcə, məzuniyyətə çıxıb.

Rusiyanın Ka-52 helikopteri vuruldu

Ukrayna Rusiyaya məxsus Ka-52 (Alliqator) helikopterini vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilib.

"Diktatorun nə prinsipləri, nə mənəviyyatı, nə empatiyası, nə də mərhəməti var..."

"O, asanlıqla yüz minlərlə hərbçinin həyatı bahasına döyüşməyə hazırdır..." Rusiyalı müxalifətçi Putinin başlıca istəyindən danışıb... Rusiya prezidenti Vladimir Putin öz təhlükəsizliyi ilə bağlı çox narahatlıq keçirir, bu səbəbdən Soçidəki iqamətgahı yaxınlığında "Pansir-C1" zenit-raket kompleksi yerləşdirilib. Ehtimal ki, diktator özünün hamıdan güclü olması fikrindən məyus olmağa başlayıb və ətrafında çoxsaylı təhlükələrin olmasını anlayır. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın müxalif siyasətçisi Gennadi Qudkov "24 kanal" nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Putin  dünya üçün təhlükəyə çevrilib, ona görə də onu "aradan götürmək" arzusunda olanlar kifayət qədərdir. Rusiya diktatoru bunu anlayır, ona görə də onun həyəcanları səbəbsiz deyil. Hazırda onun ən başlıca arzusu nəyin bahasına olursa-olsun sağ qalmaqdır. Müxalifətçi vurğulayıb ki, bunun naminə Kreml rəhbəri çoxlu sayda insanları qurban verməyə hazırdır. İndi onun nə prinsipləri, nə mənəviyyatı, nə empatiyası, nə də mərhəməti var. Öz qəsbkarlıq ideyalarına görə ölməyə o, qərarlı deyil, lakin asanlıqla yüz minlərlə hərbçinin həyatı bahasına döyüşməyə hazırdır. Bundan öncə xəbər verilib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın əkshücumundan ehtiyat edir. Onun bu yaxınlarda Belarusda ağır silahların yerləşdirilməsi və 1600 yeni tankların cəbhəyə göndərilməsi barədə bəyanatları onun narahatlığından xəbər verir.

Nazirin gücü ancaq yetimə çatdı...

3 saylı Uşaq Evi ilə bağlı yaranmış qalmaqal səngimək bilmir. Söhbətin nədən və kimdən getdiyini çoxunuz bilirsiniz. Bilməyənlər üçün qısa izahat verməyi özümə borc bilirəm:  3 saylı Uşaq Evinə sığınan Məhəmməd Hacıyev adlı yeniyetmə bu müəssisədəki təminatdan şikayət edib. Bundan sonra, o - ata-ana himayəsindən məhrum olan zavallı uşaq 1 saylı Psixiatriya xəstəxanasına yerləşdirildi. Guya sözügedən müəssisədə güllük-gülüstanlıqdır, uşaqlar yağ-bal içində üzür. Amma balaca Məhəmməd "dəli" olduğu üçün cənnətdə yaşadığından xəbərsizdir.  Bundan sonra baş verənlər isə maraqlı bir filmin ssenarisi ola bilər. Sözügedən tibb ocağının, yəni 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov əlini vicdanın üstünə qoyub açıqlama verdi:  "O yeniyetmə ruhi xəstə deyil." Həkim vicdanlı davranaraq arxası-dayağı olmayan uşağın başına hörülən corabı yırtdı. Cəmiyyət bir daha əmin oldu ki, uşağı "dəlixanaya" saldıranların başlıca məqsədi öz pis əməllərini ört- bas etməkdir.  Dünəndən bəri sosial şəbəkələr çalxalanır. Cəmiyyət vicdanını itirməyən vəzifəli şəxsi, yəni 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovu alqışlayır. Dünəndən bəri əlimizin biri ürəyimizin üstündədir: "Obyektiv mövqeyinə görə Ağahəsən həkimi işdən çıxarmazlar ki?" Narahatlığımız əbəs deyildi. Axı bura Azərbaycandır. Axı burada doğru danışanı 9 kənddən qovurlar... Bəli, bu gün məlum oldu ki, bizim ölkəmizdə nazirlər dəyişsə də, idarəçilik anlayışı əvvəlki kimi qalır. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının tabe olduğu qurumun rəhbəri - Səhiyyə naziri Teymur Musayev vicdanının ağzına daş asa bilməyən həkimə qapını göstərdi. Nazirin bu gün imzaladığı əmrlə Ağahəsən doktor vəzifəsindən azad edildi.  Azərbaycan xəstəxanalarında rüşvət və korrupsiya tüğyan edir. Pulu olmayan adamı xəstəxananın kandarından içəri buraxmırlar. Əməliyyat pulunu ödəyə bilməyən zavallı xəstələr xərəkdə zarıya-zarıya ölür. Biz cənab nazirdən bu cür hallara qarşı mübarizə aparmağı gözləyərkən o, öz gücünü qocaman Ağahəsən doktora və bir parça çörəyə möhtac olan kimsəsiz, yetim bir uşağa göstərdi. Yetimin də Allahı var, cənab nazir... Seymur VERDİZADƏ  

Bakının bu ərazilərində torpağın sotu 2 milyondur

“Son dövrlər torpaq bazarında qiymət artımı baş verir”. Sozcu.az xəbər verir ki, bunu “Trend”ə açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. Onun sözlərinə görə, qiymət artımı mövsümü amillər, eyni zamanda Türkiyədə baş verən zəlzələ nəticəsində meydana çıxan psixoloji faktorlarla bağlıdır. “Bundan başqa bazarda sənədli torpaqların azalması ilə bağlı olaraq da bahalaşmanın davamlı artımını izləyirik. Bahalaşma aylar üzrə az müşahidə olunsa da, əslində illik qiymət dəyişməsində ciddi rəqəmlərlə ifadə olunur. Bu hal ötən ay da müşahidə olunub. Xüsusilə şəhər mərkəzində boş torpaqların məhdud olması qiymətləri yüksəldir. Torpaq bazarında aylıq qiymət artımı 2,5%-dir. Fərqli yerlərdə isə artım 5%-i ötüb. İllik hesabladıqda bahalaşma 20%-dən çox edir”, - deyə ekspert əlavə edib. R.Osmanlı bildirib ki, paytaxtın bəzi mərkəzi hissələri var ki, orada torpağın bir kvadratmetri 25-30 min manat arasında dəyişir. “Bu da təqribən bir sot torpağın 2 milyon manatdan baha olması deməkdir. Adətən belə ərazilər açıq satışa çıxarılmır. Lakin açıq satışa çıxarılan bahalı torpaqlar da var. Həmin ərazilərin bir sotu şəhər mərkəzində 250-300 min manat arası dəyişir”, - deyə ekspert qeyd edib.

“Attestasiya komissiyasında rüşvətxorluq, qohumbazlıqdır” - AÇIQLAMA

Bir deputatın Milli Məclis kürsüsündən Azərbaycan Attestasiya Komissiyasını lazımsız bir qurum adlandırması ciddi siqnaldır, elm adına ləkədir. Millət vəkili Etibar Əliyevin Attestasiya Komissiyasının ləğv olunması ilə bağlı təklifi əslində elmi dərəcə almağa çalışan, lakin qarşısında Çin səddi kimi AAK-ı görən elm adamlarının həm də xilası üçün atılan addım idi. Ancaq nə yüksək kürsülərdən deyilən sözlər, nə AAK-dakı rüşvətxoşluq, açıq-aşkar satılan, pay verilən, bağışlanan elmi dərəcələrlə bağlı faktlar, elmi dərəcə bazarına dönən qurumun nə professorlarını narahat edir, nə də rəhbərliyini qorxudur. İllər keçir, Ali Attestasiya Komissiyasında rəhbərliklər dəyişir. Ancaq bir dəyişməyən üsul-idarədir, rüşvətxoşluuqdur, korrupsiyadır. Bu illər ərzində hətta elmi dərəcələrin qiyməti də 20 mindən 30 minə qədər qalxdı. Hətta pulundan keçib bunu ödəyərək adlar, dərəcələr alanlar da oldu. Milyonlarla belə faktlar ictimailəşsə də hələ ki, heç nə dəyişməyib, al-ver davam edir… Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Ali Attestasiya Komissiyası çoxdan köhnəlmiş bir strukturdur. Keçmiş postsovet ölkələrinə xas olan bir xüsusiyyətdir: “Bu gün Azərbaycanda elmi dərəcə və elmi ad alanlar arasında məmur olmayanlar çox azdır. Azərbaycan elmi, Azərbaycan elmi adları məmurlara daha çox xidmət edir. Buna da səbəb AAK-dakı özbaşınalıq, rüşvət, qohumbazlıqdı. Məsələn, dəfələrlə şahidi olmuşuq ki, icra hakimiyyətində, və yaxud dövlət strukturlarında çalışan şəxslər, deputatlar, dövlət qulluqçusu olan şəxslər elmi adları daha rahatlıqla ala bilirlər. Amma həqiqətən tədqiqatla məşğul olan, elmi işlə məşğul olanlar bu prosesdən kənarda qalıb. Bu yaxşı hal deyil. Məhz ona görə də Azərbaycan elmi dünyada etibarlı elm kimi qəbul edilmir. Beynəlxalq indekslərdə olan Azərbaycan alimlərinə istinadlar demək olar ki, çox aşağıdır. Alimlərimizdən cəmi 36-sının indeksi kifayət qədər yaxşıdır. Bu da Azərbaycandakı alimlərin sayı ilə müqayisədə dəhşətli bir rəqəmdir”. K.Əsədov bildirib ki, bütün bunlar onu göstərir ki, Azərbaycanda elmi tədqiqat işləri və elmi adlarla bağlı problemlər var: “Universitetlərdə mərkəzlərdə bu istiqamətlərdə problemlər mövcuddur. Mən hesab edirəm ki, Azərbaycanda Ali Attestasiya Komissiyası ləğv olunmalıdır və hər bir ali təhsil müəssisəsi özü bununla məşğul olmalıdır. Çünki bu tipli qurumlar elmə gələnlərin sayına mane olurlar. Bu ciddi bir məsələdir. Mən hesab edirəm ki, necə ki Türkiyədə bu var, hər bir ali təhsil müəssisəsinin özü tədqiqtçılıqla bağlı müstəqildir. Bizdə də bu formatda istifadə olunmalıdır”.

Bakıda bank soyuldu: 300 min manat…

Bakıda bankdan külli miqdarda pul oğurlanıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, banklardan birinin filialından ümumilikdə 300 min manatdan çox pul oğurlanıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsinə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanlıb. Araşdırmalar davam edir.

Krımı bir neçə aya azad edəcəyik - Ukrayna rəsmisi

"Ukrayna Krımı 5-7 aya geri qaytaracaq". Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Krım. Reali”yə müsahibəsində deyib. O qeyd edib ki, Rusiya Federasiyasının ələ keçirilən yarımadanı saxlamaq üçün resursları yoxdur və onun sözlərinə görə, müharibənin məntiqi Krımın işğaldan azad edilməsinin bu müddət ərzində baş tutacağını göstərir. “Biz mütləq çox qısa müddətdə Krımda olacağıq, tarixi baxımdan 5-7 aya geri alacağıq”, - o əlavə edib. Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.

Azərbaycan İsraildən yeni silahlar alacaq: PUA-lar, raketlər...

Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq İnstitutu İsrail və Azərbaycan əlaqələrinə həsr olunan məqalə dərc edib. Sozcu.az xəbər verir ki, məqalədə Azərbaycanın İsraildə səfrilik açmasından, İsrailin Azərbaycana silah satmasından bəhs edilir. Müəllif məqalədə İsrail mediasına istinadən yazır ki, "Meteor Aerospace" və "SpearUAV" müdafiə şirkətlərinin bu ilin əvvəlində və ya 2024-cü ilə kimi Azərbaycanla müqavilələr imzalaması gözlənilir. Qeyd olunur ki, Azərbaycanın İsraildən patrul gəmisi, raketlər və hava hücumundan müdafiə sistemi alacağı gözlənilir. "SpearUAV" şirkəti İsraildə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı və yaradılması ilə məşğuldur. 30 ildən çox təcrübəyə malik "Meteor Aerospace" şirkəti isə hücum və müdafiə raket sistemləri, peyklər, ballistik raketlərdən müdafiə sistemləri üzrə ixtisaslaşıb. Qeyd edək ki, Azərbaycanın silah təchizatında İsrailin payı son illərdə artıb. İsrail Azərbaycana PUA-lar, raket sistemləri, hava hücumundan müdafiə sistemləri, zirehli texnikalar tədarük edib.

Xurmanı limonla yeyin – Faydaları heyrətamizdir

Ramazanda tez-tez istifadə etdiyimiz qidalardan biri də xurmadır. Xurmanın faydaları saysız-hesabsızdır. Beyin sağlamlığı ilə yanaşı, o dərini də yaxşılaşdırır. Xurma xolesterolu tarazlaşdırır və arıqlamağa kömək edir. Arıqlamaq, yaya fit daxil olmaq istəyənlər pəhrizlərinə mütləq xurma əlavə edilməlidir.  Sozcu.az lent.az-a istinadən xəbər verir ki, xurma mis, maqnezium, selen və manqan mənbələri ilə zəngindir. Bu vitamin və minerallar sümüklərin sağlam inkişafı üçün vacibdir. Həmçinin, xurma həzm sisteminin müntəzəm işləməsinə kömək edir, qaraciyər və böyrəklərin sağlamlığına müsbət təsir göstərir.  Eləcə də limonun faydalarını saymaqla bitmir. Evdəki pis enerjiləri aradan qaldırmağa kömək edən limon immunitet sistemini də gücləndirir. Bəs, limonla xurma birgə qəbul edilərsə necə olar?  Belə ki, xurma limonla birlikdə yeyilsə, bağırsaqdakı problemlərin həlli qismən aradan qalxar. Hətta hər gün xurma və limon yeyənlər qəbizlikdən də əziyyət çəkməyəcək.   Xurmanın tərkibindəki kalium, kalsium və maqnezium sümükləri gücləndirir. Limonla qarışdırıldıqda isə osteoporozun qarşısını alır. Vitaminlər, antioksidantlarla zəngin olan xurma və limon enerjinizi artırır və gününüzü daha enerjili keçirməyə imkan yaradır. Ürəyə qarşı da xeyirli olan bu qarışım B6 vitamini ilə son dərəcə zəngindir. Xurma limonla birləşdikdə stress aradan qalxır və yaşlanma sürətinin qarşısı alınır.  Həmçinin xurma insanı uzun müddət tox tutur, qanda şəkərin qəfil yüksəlməsinin qarşısını alır. Eyni zamanda həzmi tənzimləyir və zəhərli toksinlərin bədəndən çıxarılmasına kömək edir. Limon isə bu prosesləri sürətləndirir.