Nazirin gücü ancaq yetimə çatdı...

3 saylı Uşaq Evi ilə bağlı yaranmış qalmaqal səngimək bilmir. Söhbətin nədən və kimdən getdiyini çoxunuz bilirsiniz. Bilməyənlər üçün qısa izahat verməyi özümə borc bilirəm: 

3 saylı Uşaq Evinə sığınan Məhəmməd Hacıyev adlı yeniyetmə bu müəssisədəki təminatdan şikayət edib. Bundan sonra, o - ata-ana himayəsindən məhrum olan zavallı uşaq 1 saylı Psixiatriya xəstəxanasına yerləşdirildi. Guya sözügedən müəssisədə güllük-gülüstanlıqdır, uşaqlar yağ-bal içində üzür. Amma balaca Məhəmməd "dəli" olduğu üçün cənnətdə yaşadığından xəbərsizdir. 

Bundan sonra baş verənlər isə maraqlı bir filmin ssenarisi ola bilər. Sözügedən tibb ocağının, yəni 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov əlini vicdanın üstünə qoyub açıqlama verdi: 

"O yeniyetmə ruhi xəstə deyil." Həkim vicdanlı davranaraq arxası-dayağı olmayan uşağın başına hörülən corabı yırtdı. Cəmiyyət bir daha əmin oldu ki, uşağı "dəlixanaya" saldıranların başlıca məqsədi öz pis əməllərini ört- bas etməkdir. 

Dünəndən bəri sosial şəbəkələr çalxalanır. Cəmiyyət vicdanını itirməyən vəzifəli şəxsi, yəni 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovu alqışlayır.

Dünəndən bəri əlimizin biri ürəyimizin üstündədir: "Obyektiv mövqeyinə görə Ağahəsən həkimi işdən çıxarmazlar ki?"

Narahatlığımız əbəs deyildi. Axı bura Azərbaycandır. Axı burada doğru danışanı 9 kənddən qovurlar...

Bəli, bu gün məlum oldu ki, bizim ölkəmizdə nazirlər dəyişsə də, idarəçilik anlayışı əvvəlki kimi qalır. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının tabe olduğu qurumun rəhbəri - Səhiyyə naziri Teymur Musayev vicdanının ağzına daş asa bilməyən həkimə qapını göstərdi. Nazirin bu gün imzaladığı əmrlə Ağahəsən doktor vəzifəsindən azad edildi. 

Azərbaycan xəstəxanalarında rüşvət və korrupsiya tüğyan edir. Pulu olmayan adamı xəstəxananın kandarından içəri buraxmırlar. Əməliyyat pulunu ödəyə bilməyən zavallı xəstələr xərəkdə zarıya-zarıya ölür. Biz cənab nazirdən bu cür hallara qarşı mübarizə aparmağı gözləyərkən o, öz gücünü qocaman Ağahəsən doktora və bir parça çörəyə möhtac olan kimsəsiz, yetim bir uşağa göstərdi.

Yetimin də Allahı var, cənab nazir...

Seymur VERDİZADƏ  

Share on Facebook