"Doğurdanmı yüzlərlə dindar həbs edilib?"

Xarici dövlətlərin, o cümlədən İranın Azərbaycandakı kəşviyyat şəbəkələrinin ifşa olunması və zərərsizləşdirilməsi ölkənin hüquq-mühafizə və təhlükəsizlik orqanlarının görəvidir. Eyni zamanda istənilən həbs qərarı əsaslı və qanuni olmalı, günahsız, yaxud cinayəti sübuta yetirilməmiş insanların şərlənərək saxlanmasına rəvac verilməməlidir.  

Hakimiyyətin nəzarətində olan media orqanları yazır ki, son günlərdə saxlanılan şəxslər İranın cəsus şəbəkəsinin üzvləridir. Amma hüquq mühafizə orqanları saxlanılan şəxslərə bir qayda olaraq narkotik ittihamı irəli sürür. 

Ölkəmiz həqiqətən ciddi bir problemlə üzləşib. Amma problemin gələcəkdə daha da böyüməməsi üçün, hər şey tam qanuni olmalıdır. Bir insanın İranpərəst olması qınanıla bilər, amma onun həbsi üçün əsas ola bilməz.

Bu gün hansısa İranpərəst dindar hansısa cinayəti törətmədiyi halda, yaxud cinayəti sübuta yetirilmədiyi halda tutulursa, həmin adamın bir əzabkeş obrazı yaranır. Bu obraz İran üçün Azərbaycana qarşı yeni bir səfərbərlik vasitəsinə çevrilir. Bu məhbuslar gec-tez həbsdən çıxacaqlar və cahill movhumatçıların liderinə çevriləcəklər. 

***

Bu, çox həssas məsələdir. Bəzi müxalifət və QHT nümayəndələri də diqqətli olmalıdırlar. Dindrların dəstəyinə nail olmaq üçün bu məsələdən spekulyasiya etmək yolverilməzdir. Bəziləri yazırlar ki, yüzlərlə dindar həbs edilib. Doğrudanmı həbslər bu qədər kütləvidir? Harda və kimlər həbs olunub? Əgər əlinizdə bir siyahı varsa, qoyun ortaya, yoxdursa, heç bir dəlil-sübut olmadan ittiham irəli sürən müstəntiqlərdən fərqiniz nədir? 

***

Azadlıq Radiosu saxlanılan şəxslərdən birinin həyat yoldaşını danışdırıb. Deyir ki, ərim maddi imkansızlığa görə cümə namazına getmirdi (cümə namazına getmək üçün maddi imkan lazımdır?). Amma eyni zamanda deyir ki, əri dostlarıyla imamların şəhadət və mövlud günlərini qeyd etmək üçün tədbirlərə gedirmiş. Ardınca da deyir ki, imamların mövludunu qeyd etmək hər bir müsəlmanın borcudur. Harda yazılıb ki, imamın mövludunu qeyd etmək müsəlmanın borcudur? "Cümə namazına getmirik, amma İmamın mövluduna getmək borcumuzdur" deyən adamları islamın şərtlərindən xəbəri olmadıqlarına görə qınamaq olar, amma həbs etmək olmaz. Sübutun varsa, ortaya sübut qoy, yoxdursa, "on dəfə İrana gedib" sübut sayılmaz. 

***

Bu gün Azərbaycanda insanların kütləvi şəkildə movhumata və radikal dini cərəyanlara meyl etməsi danılmaz faktdır və bunun iki əsas səbəbi var. 

Birincisi, həm İran, həm də bəzi ərəb dövlətləri cəmiyyətimizin şəriətə meyllənməsi üçün milyardlarla pul xərcləyir. Cümə namazına getməyə "imkan tapmayan" kasıb insanların imamların mövlud tədbirlərində iştirakı burdan qaynaqlanır. 

Digər əsas səbəb isə Azərbaycan hakimiyyətinin ölkədə azadlıqları məhdudlaşdırması, hər vəchlə siyasi partiyaların, ictimai birliklərin fəaliyyətini sıxışdırmasıdır. Mitinqlər qadağan olunub, söz azadlığı yox dərəcəsindədir, ölkədə demokratik seçkilər keçirilmir. Bunun nəticəsidir ki, pasionar insanlar, ilk növbədə gənclər, inkişaf üçün bir şərait görmür, enerjilərini sərf etmək üçün bir meydan tapmır və son ümid yeri olaraq radikal dini qurumlara meyllənirlər.

Mustafa Hacıbəyli 

Share on Facebook