"Rusiyalıların başlıca problemləri qüvvələrinin keyfiyyəti ilə bağlıdır və onları həll etmək asan məsələ deyil..."
Putin Uqledarda uğursuz hücuma görə "ağıldankəm və sarsaq" generalı vəzifədən azad edib
General-polkovnik Rüstəm Muradov Ukraynada hərbi əməliyyatlara rəhbərlikdən kənarlaşdırılıb və Rusiya Federasiyası Şərq Hərbi Dairəsi komandanı vəzifəsindən azad edilib.
Sozcu.az xəbər verir ki, bu barədə "The Moscow Times" qəzeti yazıb.
Məlumatlara görə, general Uqledar ətrafında uğursuzluqlar və ciddi itkilər səbəbindən vəzifəsini itirib.
Uqledarın alınması Rusiya ordusuna Avdeyevka ətrafında Ukrayanın istehkamlarından yan keçməyə və Donbasa geniş hücum üçün yol açmağa imkan verə bilərdi.
Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Muradovdan çox adam şikayət edib, çünki "əsgərlərə aşkar ölümə getməyi əmr edən ağıldankəm və sarsaq olub".
50 yaşlı Muradov keçmişdə Rusiyanın Suriyadakı qoşunlarının komandanı olub, Dağlıq Qarabağda "sülhməramlılara" rəhbərlik edib.
Üç gün ərzində Uqledar ərafında dəniz piyadalarının iki elit briqadasını, 103 vahid hərbi texnika, o cümlədən 36 tank itirib.
"Muradov bir-birinin ardınca qüvvələri kiçik mexanikləşdirilmiş hissələrlə minalanmış ərazilərə və açıq yerlərə göndərib və heç nəyə nail olmayıb", - hərbi analitik Maykl Kofman deyib.
Lakin, onun fikrincə, cəbhənin mühüm sahəsində komandanın dəyişilməsi, çətin ki, Rusiya ordusuna hər hansı irəliləyişə nail olmağa kömək etsin.
Kofman hesab edir ki, rusiyalıların "başlıca problemləri qüvvələrinin keyfiyyəti ilə bağlıdır və onları həll etmək asan məsələ deyil".
Muradovun istefası barədə məlumat onun təyinatından (5 oktyabr 2022-ci il) cəmi 7 ay sonra, martın sonunda üzə çıxıb.
Bu barədə ilk olaraq bu yaxınlarda Piter kafesində partlayış nəticəsində həlak olan Z-bloger Vladlen Tatarski məlumat verib.
Bu məlumat digər KİV-lərə də yayılıb, o zaman bir sıra hərbi ekspertlər iddia edib ki, general, sadəcə, məzuniyyətə çıxıb.