CHP-nin Seçki Mərkəzinə hücum oldu

Ataşehirdə gecə saatlarında bir qrup şəxs Cümhuriyyət Xalq Partiyasının Seçki Mərkəzinə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb. Məlumata görə, pəncərələrə sprey boya ilə yazı yazan hücumçular ofisin qarşısında asılmış bayraqları kəsiblər.  Daha sonra tapança ilə havaya atəş açaraq qaçıblar.  Məsələ ilə bağlı açıqlama verən İstanbul Valiliyi şübhəlilərin tutulması üçün müvafiq tədbirlər görüldüyünü bildirib.

DSMF universitetdən yarım milyona ofis icarəyə götürür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Dövlət Sosial Müdafiə Fondu”nun (DSMF) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub. Sozcu.az Yeniavaz.com-a istinadən xəbər verir ki, DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Bakı Avrasiya Universiteti (VÖEN – 1500008331) olub. DSMF Bakı Avrasiya Universitetinə məxsus 3 000 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür və icrə haqqı olaraq 472 min 590 manat (ayda 52 min 510 manat) ödəyəcək. Məlumat üçün qeyd edək ki, Bakı Avrasiya Universiteti 21.05.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 422 000 manat olan Universitetinin hüquqi ünvanı Nərimanov rayonu, Həsən Əliyev, ev 135A-da yerləşir. Bakı Avrasiya Universitetinin qanuni təmsilçisi (rektor) Hüseynli Nazim Ziyad oğludur. Onu da bildirək ki, Bakı Avrasiya Universiteti 1992-ci ildə təsis olunan Ali Diplomatiya Kollecinin bazası əsasında yaradılıb. Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər. Aşağıdakı siyahıda icarəyə götürülən ofis sahələrinin bəziləri yer alıb: – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Səfərova Sahibə Paşa qızı olub. DOST Sahibə Səfərovaya məxsus qeyri yaşayış sahəsini 17 ay müddətinə icarəyə götürəcək və icrə haqqı olaraq 969 min 999 manat 94 qəpik (ayda 57 min 58 manat) ödəyəcək. – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “DOST İş Mərkəzi” MMC üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub. DOST Əşrəf Səfərova məxsus 2 750 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürür və icrə haqqı olaraq 426 min 855 manat (ayda 35 min 571 manat) ödəyəcək. – Bu ilin yanvar ayında Dövlət Əmək Müfəttişliyi Bakı şəhər İdarəsi üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Fəridə Hüseynalı qızı Orucova (VÖEN – 1400576242) olub. Dövlət Əmək Müfəttişliyi Xidməti F. Orucovaya məxsus 980 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürür. Əmək Müfəttişliyi Xidməti icarə haqqı olaraq F. Orucovaya 163 min 548 manat 96 qəpik (ayda 13 min 629 manat) ödəyəcək. – Ötən ilin noyabr ayının son günlərində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsi keçirib. Müsabiqənin qalibi Bayramov Amil Qinyaz oğlu (VÖEN – 1003009142) olub. DSMF Bayramov Amilə məxsus 3000 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür. DSMF icarə haqqı olaraq A. Bayramova 445 min 500 manat (ayda 49 min 500 manat) ödəyəcək. – Noyabr ayının əvvəlində isə DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Hüseynova Almaz Hacı qızı (VÖEN – 1307950442) olub. DSMF Hüseynova Almaza məxsus 2200 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürüb və 240 min 702 manat ödəyəcək. – Oktyabr ayında Nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Emil Vidadi oğlu Orucov (VÖEN – 1604117012) olub. Nazirlik Emil Vidadi oğlu Orucova məxsus 2000 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürüb və 318 min 622 manat 7 qəpik ödəyəcək. – Ötən ilin iyul ayında Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi “Macaz Construction” MMC (VÖEN – 1302101451) olub. Nazirlik 2300 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 743 min 853 manat 12 qəpik ödəyəcək. Qeyd edək ki, “Macaz Construction” MMC-nin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu bildirilir. – Ötən ilin may ayında Nazirliyin tabeliyində olan DOST İş Mərkəzi üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub. Nazirlik Əşrəf Səxavət oğlu Səfərova məxsus 2750 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 213 min 432 manat ödəyəcək. – Bunlardan başqa ötən ilin yanvar ayında Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi üçün ofis sahəsinin və anbarın icarəsi məqsədilə “Çinar Park” MMC (VÖEN – 1500764231) ilə 566 min 592 manatlıq müqavilə imzalanıb. – Əvvəlki illərdə Nazirliyin tabeliyində olan DSMF Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Həsənova Qaze Həsən qızına (VÖEN – 1600110362) 12 ay üçün 556 min 200 manat ödəyib. – Dövlət Məşğulluq Agentliyi 8 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı üçün 235 kv. metr ofis sahəsini icarəyə götürüb və Şirinov Faiq Nizami oğluna (VÖEN – 1306883522) 36 ay üçün 90 min manat ödəyib. – DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün 1900 kv. metr ofis sahəsini icarəyə götürüb və Kərimov İlqar İsmayıl oğluna (VÖEN – 1505343002) 12 ay üçün 167 min 808 manat ödəyib. – DSMF Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı üçün 1000 kv. metr ofis sahəsini icarəyə götürüb və “Çinar Park” MMC (VÖEN – 1500764231) 12 ay üçün 148 min 680 manat ödəyib. – DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçün 3000 kv. metr ofis sahəsini icarəyə götürüb və Bakı Avrasiya Universitetinə (VÖEN – 1500008331) 12 ay üçün 630 min manat ödəyib.

Məşğulluq Agentliyi 74 milyon manata aldığı mal-qaranın sayı və qiymətini AÇIQLAMIR

Dövlət Məşğulluq Xidməti aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi məqsədilə alınan heyvanların sayını və qiymətini açıqlamır. Sozcu.az xəbər verir ki, hazırda aztəminatlı ailələrin məşğulluğunun təmin edilməsi üzrə həyata keçirilən əsas tədbirlərdən biri ailələrin mal-qara və digər kənd təsərrüfatı aktivləri ilə təmin edilməsidir. Bu məqsədlə Məşğulluq Xidməti davamlı olaraq tenderlər keçirir və böyük vəsaitlər sərf edərək inək, qoyun, keçi, təkə, arı aləsi və digər aktivlər alır. Bu heyvanların əksəriyyəti ölkəyə xaricdən idxal edilir. Sonuncu belə tenderin qalibi “Agro Best” QSC  (VÖEN: 1405235391) olub. Həmin şirkət Məşğulluq Xidmətinə 73 milyon 575 min manatlıq idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər mallar satacaq. Tenderin dövlət vəsaitləri hesabına keçirilməsinə baxmayaraq Məşğulluq xidməti bu vəsaitlə alınan heyvanların sayını və qiymətini açıqlamaqdan imtina edib. FED.az-ın bunnula bağlı sorğularına cavab olaraq Xidmət bu məlumatları açıqlanmayacağını bildirib. Eyni qayda ilə Xidmətin əvvəlki tenderlərlə aldığı aktivlərin də sayı və qiyməti ictimaiyyətdən gizli saxlanılır. “Agro Best” QSC 20.08.2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2010 manatdır. Qanuni təmsilçisi Nahid Ələkbərov Kamil oğludur. Hüquqi ünvanı Az1007, Bakı şəhəri. Nəsimi rayonu, Feyzulla Qasımzadə ev 1, m 48. Qeyd edək ki, Məşğulluq Xidməti ölkədə rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayını, onların rayon və şəhərlər üzrə bölgüsünü, işsizlik müavinəti alanların sayını/bölgüsünü və verilən müavinətin məbləğini də ictimaiyyətdən gizli saxlayır.

Gündə bir stəkan qaragilənin GÖRÜN HANSI FAYDASI VAR

Gündə bir stəkan qaragilə qan təzyiqini aşağı salıb, beyin funksiyasını yaxşılaşdıra bilər. Sozcu.az AZƏRTAC-a istinadla bildirir ki, bununla bağlı tədqiqat "American Journal of Clinical Nutrition" jurnalında dərc olunub. Araşdırmaya görə, qaragilədə olan polifenolların istehlakı damar və beyin funksiyasının yaxşılaşması ilə əlaqələndirilir. Qaragilənin sağlamlığa necə təsir edə biləcəyini daha yaxşı anlamaq üçün tədqiqatçılar sınaq keçiriblər. Araşdırmaya 65-80 yaş aralığında 61 sağlam kişi və qadın daxil edilib. İştirakçılar 12 həftə ərzində təxminən 178 qram təzə qaragilə ekvivalenti olan 26 qram qurudulmuş yabanı qaragilə tozundan hazırlanan içki içiblər. Nəhayət, qaragilə yeyənlərin digərlərinə nisbətən daha aşağı qan təzyiqi ilə yanaşı, müvafiq tapşırıqlarda yaddaş və diqqətinin də artması müşahidə edilib. Tədqiqatçılar qeyd edib ki, araşdırmanın nəticələrinə görə yabanı qaragilədə olan polifenollar yaşlı insanlarda ürək-damar xəstəlikləri riskini azalda bilər.

Bakıda bütün köhnə binalar söküləcək

Bakıda bütün köhnə binalar söküləcək və hər birinin yerində yeni binalar tikiləcək. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin binalar tikilən zaman hər birinə dayanaqlılıq üçün 30-40 il zəmanət verilib: “Artıq onların sökülməsi üçün zaman yetişib. Bundan başqa, məndə qədimi binalarda isə bərkitmə və möhkəmləndirmə işləri aparılacağı barədə məlumatlar var”.

İran Azərbaycanla sərhədə bu sistemləri yerləşdirib - Foto

İranın Azərbaycanla sərhədə xüsusi radar sistemləri yerləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə SEPAH-ın Qüds qanadına bağlı Teleqram” kanalı yazb. “İran ölkənin şimal-qərbində bir sıra çoxməqsədli mərhələli radarlar yerləşdirib”, - Teleqram kanalında qeyd edilib.

“Mənim qədər pul qazanan var?!“ - Şəbnəm

"Mənim qədər pul qazanan var?! Ruzili xanımam". Sozcu.az Axşam-a istinadla xəbər verir ki,bu sözləri müğənni Şəbnəm Tovuzlu "Həmin Zaur" verilişində deyib. Sənətçi şou-biznesdə ən çox pul qazanan ifaçı olduğunu iddia edib: "Yetərli işim var. Məkan açmışam, evlər almışam. Halal qazanıram. Əziyyət çəkirəm, 7-8 saat hündürdabanda oxuyuram. Xalqın puludur, sevilirəm və toylara dəvət alıram. Dörd evim var. Mənim kimi qazanan xanıma bu qədər ev azdır. Əgər əlibərk olsaydım, daha çox ev alardım". 

Əsir düşən əsgərlərin anaları: “Məktuba inanmırıq...”

Bu gün BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.  "Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-nin yaydığı məlumatda deyilir. Modern.az-ın əməkdaşı əsir hərbçilərin ailələri ilə əlaqə saxlayaraq, BQXK tərəfindən onlara hansı məlumatların çatdırıldığını öyrənməyə çalışıb. Əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib ki, hələlik oğlundan məktub almayıb: “Mənə oğlumla görüşdüklərini bildirdilər. Hüseyn məktub yazıb, amma onun məktubu hələ bizə verilməyib. Əsirlərin vəziyyəti ilə bağlı yaxın zamanda məlumat verəcəklərini qeyd etdilər. Oğluma görə çox narahatam". Əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova yazılan məktuba inanmadığını söyləyib: “Nümayəndə heyəti oğlumla görüşüb. Dedilər ki, yaxın günlərdə sizə oğlunuzla bağlı məlumat verəcəyik, amma onların sağlıq durumu haqda heç nə demədilər. Aqşinin bizə məktub yazdığını bildirdilər. Mən məktuba inanmıram. Şərait yaradılsın, oğlumla görüntülü danışım. Bunun üçün bir çox yerə müraciət etmişəm". atırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Bu yaxınlarda onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. 

İmtahandan sonra 11-ci sinif şagirdləri dərsə gəlmir

5, 11 mart tarixlərində (11 illik) keçirilmiş orta təhsil səviyəsi üzrə buraxılış imtahanlarından sonra məktəblərdə şagirdlərin dərsə davamiyyəti zəifləyib. Söhbət təbii ki, 11-ci siniflərdə oxuyan şagirdlərdən gedir.  Müəllimlər arasında belə bir narazılıq müşahidə olunur ki, buraxılış imtahanı verən şagirdlər imtahandan sonra məktəbə maraq göstərmir. Tədris ilinin bitməsinə bir aydan artıq müddət qaldığı halda, şagirdlər dərsə etinasız yanaşırlar. Əldə etdiyimiz məlumata görə, məktəb rəhbərlərinə 11-cilərin dərsə davamiyyətinin yaxşılaşdırılması üçün tapşırıq verilib. Axı hələ dərs ili iyunun 14-də yekunlaşacaq. Bəs şagirdlərin bu davranışına qarşı hansı işlər görülməlidir? Mövzu ilə bağlı təhsil eksperti Sona Əliyeva AzEdu.az-a açıqlamasında imtahan verən şagirdin artıq məqsədinə çatdığını düşünür: "Bu onunla əlaqədardır ki, Azərbaycan təhsil sistemi imtahan mərkəzlidir. Müəllimin də, şagirdlərin də əsas qayğısı imtahanlarla bağlıdır. Bu baxımdan qarşıya qoyulan məqsədə çatdıqlarını düşünərək, daha sonra məktəbə maraq göstərmirlər. Halbuki, əsas məqsəd təhsil almaq olmalıdır". S.Əliyeva bildirib ki, qiymətləndirmə sadəcə bir ölçü sistemidir, insanın həyatdakı uğurlarının əsası həyat məqsədləri olmamlıdır: "Şagirdlərin buraxılış imtahanı verdikdən sonra məktəbə biganəlik nümayiş etdirməsi, tədris ilinin sonuna yaxınlaşdıqca dərslərinə etinasız yanaşması təhsil sistemi üçün ciddi problemdir. Bu davranış şagirdlərdə öyrənmək həvəsinin azaldığını, dərslərdən sıxıldığını və məktəblə bağlı mənfi təcrübəyə, düşüncəyə malik olduğunu göstərir.  Şagirdlərlə ünsiyyəti yaxşılaşdırmaq, yekun imtahanlardan sonra təkrar mövzulara yer vermək, imtahan nəticələrini birlikdə müzakirə etmək, müxtəlif fəaliyyətlər təşkil etmək lazımdır. Bunlar imtahan vermiş şagirdlərin məktəbə olan biganəliyinin qarşısını ala bilər". 

Azərbaycanla İsrail arasında saziş imzalandı

19 aprel 2023-cü il tarixində Bakıda keçirilən Azərbaycan-İsrail Birgə Komissiyasının 3-cü iclası çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb.  Sazişi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, İsrail tərəfdən isə xarici işlər naziri Eli Kohen imzalayıb. Sazişdə ətraf mühitə təsirlərin qiymətləndirilməsi, biomüxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə olunması, tullantı sularının təmizlənməsi standartları, suyun düzgün idarə edilməsinin ekoloji aspektləri, hava keyfiyyətinin monitorinqi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulub. Sazişin imzalanması iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın genişləndirilməsinə, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsinə və yeni əlaqələrin yaradılmasına öz müsbət töhfəsini verəcək. 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri: 8 kənd Azərbaycana qaytarılır

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü SSRİ sərhədləri əsasında tanımağa hazırdır. Bununla da o, faktiki olaraq Qarabağın Azərbaycana aid olduğunu etiraf edir.  Sozcu.az Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib. “Yeganə problem bu deyil. Bəs Ermənistan ərazisində anklavlar (Azərbaycanın 8 kəndi Ermənistan ərazisindədir - red.) necə olacaq? Onları da təhvil verməyi planlaşdırırlarmı? Baş Bazirin dünənki bəyanatı belə bir ehtimala dəlalət edir”, - o bildirib. Vanetsyan vurğulayıb ki, Azərbaycan Ermənistanın Ararat rayonunda dövlətlərarası yolun keçdiyi Kərki kəndinə iddia edir: “Bununla yanaşı, Tavuş rayonunun bir sıra kəndlərinə ərazi iddiaları irəli sürülür. Müxalifətin küçə mübarizəsi Azərbaycanla sənədin imzalanması planlarına mane olsa da, hazırkı proseslər sənədin müddəalarının imzalanmasa da, həyata keçirildiyini göstərir. Əslində delimitasiya və demarkasiya sənəd imzalanmadan həyata keçirilir. Bunun bariz nümunəsi kimi Azərbaycanın irəliləməsidir, yəni Dığ (Tex) kəndindəki mövqeləridir”. 

Oliqarxların vazkeçilməz qidası: Mələməmiş quzu əti - Erkək, yoxsa dişi?

Paytaxt restoranlarının quzu kababı reklamları hamını olmasa da, bəzilərini çaşbaş salır. Sosial şəbəkələrdə, adətən, 6-7 aylıq quzular ətindən hazırlanan xörəklərin, əsasən də kababın keyfiyyətinə şübhə ilə yanaşılır. İddia olunur ki,i bu yaşda olan xırdabuynuzlu heyvanın əti lazımi dadı vermir, yaşyarımılıq heyvanın ətini yemək daha məsləhətlidir. Mövzu ilə bağlı Yenisabah.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov bildirib ki, qida dəyəri baxımından qoyun əti ilə quzu arasında heç bir fərq yoxdur: “Əvvəla, məsləhətdir ki, heyvan 1 yaşdan kiçik olmasın. İkincisi, quzu ilə qoyun əti arasında elə bir böyük fərq yoxdur. Qoyun əti, xüsusilə erkək qoyun bir az yaşlı olduğuna görə onun əti sərt olur. 12-15 kiloqramlıq quzuların əti  isə yupyumşaq olur. Çox vaxt restoranlar buna görə quzulara üstünlük verirlər. Bu ətlər arasında fayda baxımından fərq yoxdur. Yəni kimsə deyə bilməz ki, quzu əti yeyim, daha faydalı olsun. Quzunun da qoyunun da kimyəvi tərkibi, qida dəyəri eynidir. Sadəcə quzular qoça nisbətən daha yumşaq olur, daha rahat həzm edilir. Ona görə qoyun ətini daha çox lülədə, kotletdə, dolmada istifadə edirlər. Quzudan isə kabablarda daha çox istifadə olunur, bəzən təndirə bütöv salınır. Aşpazlar daha çox dişi quzuya üstünlük verir, çünki onların əti daha yumşaq olur. Lülədə isə erkək qoyundan istifadə olunur ki, bişəndə buxarlanma çox olmasın, çəkidə itki baş verməsin. Çünki dişi ilə hazırlanan lülənin yağ miqdarı çox olduğuna görə lülənin qurumasına gətirib çıxarır”. Ekspert qeyd edib ki, mövsümə görə heyvanların ətinin dadı və qoxusu da dəyişkən olur: “Dad məsələləri isə daha çox mövsümdən asılıdır. Payız və qış aylarında otlar saralır və heyvanlar otla qidalanmadığı üçün onların südünü əmən quzusunun da əti xüsusi dad vermir, çünki onlar artıq otla yox, xüsusi yemlə qidalanırlar. Ən yaxşı quzu əti yazdan payıza qədər olan mövsümdə olur. Çünki həmin vaxt heyvanlar yaşıl otla qidalanır və belə olduqda ətin xüsusi dadı, spesifik qoxusu gəlir. Bəzi insanlar deyir ki, bu xoşagəlməz qoxudur, amma bu belə deyil, həmin qoxu əslində, daha dəyərlidir”.

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 183 750 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 665 tank, 7 110 zirehli maşın, 2 819 artilleriya sistemi, 538 reaktiv yaylım atəşi sistemi, 285 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 2 376 PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 5 692 avtomobil texnikası və avtosistern, 330 xüsusi texnikadan ibarətdir.

BQXK nümayəndələri Ermənistanda saxlanılan Azərbaycan vətəndaşlarına baş çəkiblər

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan vətəndaşına Yerevanda baş çəkiblər. BQXK-nin Bakı ofisindən Sozcu.az-a bildirilib ki, onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. "Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-dən bildirilib.

Bakı metrosunda sərnişin öldü

"Dərnəgül-Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarın maşinistinə bir kişi sərnişinin özünü pis hiss etməsi barədə məlumat verilib. Bu barədə Metropolitenin mətbuat xidmətindən bildirilib. "Dispetçerə daxil olmuş məlumat əsasında sərnişin "Xalqlar dostluğu" stansiyasında düşürülüb, təcili tibbi yardım çağırılıb. Qatardan düşürülənə qədər sərnişin dünyasını dəyişib. Allah rəhmət eləsin!".

Super Liqaya yüksələn klub “Qarabağ”ın futbolçusuna elçi düşdü

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Türkiyə Super Liqasına vəsiqə qazanan “Samsunspor”un diqqət mərkəzinə düşüb. Məlumata görə, klub mərakeşəsilli fransalı vingeri izləmək üçün Bakıya skaut göndərib. Onun hesabatı əsasında oyunçu ilə bağlı qərar veriləcək. 31 yaşlı futbolçu martın 26-da Bakı Olimpiya Stadionunda keçirilmiş “Qarabağ” - “Qalatasaray” (1:2) xeyriyyə oyununda performansı ilə Türkiyə klublarının diqqətini çəkib. Onun adı “Alanyaspor”la da yanaşı hallanır. “Qalatasaray” azarkeşləri isə sözügedən matçdan sonra sosial şəbəkə paylaşımları ilə Zubirin transfer edilməsini istəyiblər. 2018-ci ildən “Qarabağ”ın formasını geyinən Zubir bu mövsüm Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 45 oyun keçirib, 8 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir. Mənbə: “Fotomac”

"Minatəmizləyən robotlar bir saata 1500 kv. metr ərazini təmizləyir"

"GCS (Global Clearance Solutions) – 200" markalı, kənardan idarəedilən və müasir minatəmizləyən robotlar işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunur". Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının Mühəndis Xidmət rəisinin köməkçisi Atabəy Şükürlü Ağdamda jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, kənardan pultla idarə olunan aqreqat iki kovuşdan ibarətdir: "Kovuşlardan biri ərazinin piyada əleyhinə minadan təmizlənməsi, digəri isə tank əleyhinə minalardan təmizlənməsi üçün istifadə edilir. Robotun əsas xüsusiyyətlərindən biri odur ki, bir saat ərzində 1500 kvadrat metr ərazini minalardan təmizləyə bilir. Bir robotun idarə edilməsinə isə bir istehkamçı, bir mexanik və bir qrup rəhbəri təhkim olunur". A.Şükürlü bildirib ki, ərazidə partlayış baş verdiyi anda robot dayandırılır və zədənin yarandığı hissə bərpa edilir, ardınca isə robot öz işinə davam edir: "Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni bu tip partlayış zamanı yalnız robotun qarşısındakı zədələnə bilər, digər hissələr heç bir zədə görmür".

"Rusiya sülhməramlıları Qarabağdan getməli və bölgədə sərhəd-keçid məntəqəmiz qoyulmalıdır"

Sozcu.az Milli Məclisin deputatı Vahid Əhmədovun “yeni sabah”a müsahibəsini təqdim edir: - Prezident İlham Əliyev ötən gün Salyanda “AzTV”yə verdiyi müsahibəsində separatçılara qarşı sərt mövqe sərgiləyərək, bir sıra mesajları da onlara çatdırıb. Bu çıxışı Xankəndidə antiterror əməliyyatının anonsu hesab etmək olarmı? - Bu əməliyyatlar dövlət başçımız tərəfindən çoxdan həyata keçirilib. Son illərdə isə onlar müəyyən təxribatlar həyata keçirirlər. Çünki arxalarında müəyyən qüvvələr var ki, onları şirnikləndirilər və s. Lakin başa düşmürlər ki, Azərbaycanın dövlət başçısının apardığı yumşaq siyasət nəticəsində yavaş-yavaş Xankəndi və ətraf ərazilər Azərbaycanın yurisdiksiyasına qayıdacaq və sərhədlər qurulacaq. Hətta dünən də fikir verdim ki, Nikol Paşinyan Ermənistan Milli Məclisindəki çıxışında etiraf etdi ki, Qarabağ Azərbaycana məxsusdur. Bu isə dövlət başçısının apardığı uğurlu siyasətin nəticəsidir. Ona görə də dünənki mesaj elə yerində verilmiş bir bəyanatdır. Mesajın əsas məqsədi isə odur ki, bu məsələni ermənilər qurtarsın. Yəni qurtarın bunu, sülh müqaviləsini imzalayaq və işimizi görək. Ondan sonra isə problemlər olmayacaq. - Əgər Ermənistandakı hakim komanda bu məsələyə loyaldırsa, mane olan nədir? - Hər zaman demişəm ki, səlahiyyətlər Paşinyanın ixtiyarında olsaydı, o, çoxdan sülh müqaviləsi imzalayardı. Lakin qorxur ki, qol çəkəndən sonra onu devirsinlər. Ona görə də bu məsələyə görə narahatdır. Lakin yenə deyirəm ki, bu yumşaq siyasət nəticəsində istədiyimizə nail oluruq. Hətta bütün yüksəkliklər Azərbaycan ordusu tərəfindən götürüldü. Bu da cənab Prezidentin apardığı siyasətin nəticəsidir. Dövlət başçısı dünən ona görə də xəbərdarlıq etdi ki, bu məsələni siz qurtarmasanız, onsuz da həll edəcəyik. Biz müharibə etmək istəmirik, buna ehtiyac yoxdur, amma yavaş-yavaş sərhədlərimizə gedib çıxacağıq. - Sizcə, indiki siyasi şərait bu əməliyyatın gerçəkləşməsinə imkan verirmi, şərtlər maraqlarımıza uyğundurmu? - Açığını söyləyim ki, mən müharibənin tərəfdarı deyiləm. Biz siyasi yolla onları başa salmalıyıq ki, bu müharibə sizə heç nə gətirən deyil, siz uğur qazana bilməzsiniz və bu, mümkün deyil. Onlar da bunu çox gözəl anlayırlar. Doğrudur, daxildə ruspərəst Sarkisyan-Koçaryan cütlüyü müəyyən addımlar atıb camaatı şirnikləndirməyə çalışır. Lakin mən erməni mətbuatına baxanda görürəm ki, Qarabağın erməni əhalisi bu gün daha çox Azərbaycanla bir yerdə olmaq istəyir. Çünki bilirlər ki, Azərbaycanın şəraiti ilə o biri şərait eyni deyil. Hesab edirəm ki, cənab Prezidentin seçdiyi siyasət çox ağıllı siyasətdir və təkrar edirəm ki, bu siyasətin nəticəsində Azərbaycan son zamanlar bir sıra yüksəklikləri götürüb və hər şeyə nəzarət edir. - Bəs Rusiya sülhməramlıları ilə bağlı plan necə olacaq? - Burada bir digər əsas məsələ Rusiya sülhməramlılarının bölgədən çıxarılması məsələsidir ki, bunun da artıq vaxtı çatıb. Rusiya sülhməramlıları oradan getməli və bölgədə sərhəd-keçid məntəqəmiz qoyulmalıdır. Uşaqlarımız neçə gündür Şuşa-Laçın yolunda soyuqda, yağışda və qarda dayanıb ekoloji tədbir həyata keçirirlər. Amma ermənilər bunu da başa düşmürlər. Qısası, bəzi qüvvələr bu gün müharibənin sülhlə yekunlaşmasını istəmir. Bunlar Rusiya, İran, Fransa və başqa qüvvələrdir. Ona görə də Ermənistan yekun sülhə razılıq verib masaya oturmur. - Sülhdən danışmışkən, yaxın günlərdə Rusiyada və ABŞ-da yeni üçtərəfli görüşlərin keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Hətta delimitasiya prosesinin başlaması da gözlənilir. Qəfil baş tutan antiterror əməliyyatı bu prosesi tormozlaya bilərmi? - Ermənistan tərəfindən hansısa delimitasiya prosesinin başlanmasını gözləmirəm. Çünki onlar buna gedən deyillər. Eləcə də onların yeni müharibəyə başlamasına da inanmıram, çünki elə də qüvvələri yoxdur. Azərbaycan Prezidenti isə çalışır ki, bu sülh müqaviləsi imzalansın. Mən başa düşürəm onun vəziyyətini, ona xaricdən kifayət qədər təzyiqlər çoxdur. Lakin hesab edirəm ki, bu gün biz Brüssel formatından daha çox istifadə etməliyik, nəinki Moskvadan. Çünki Brüssel formatında təklif etdiyimiz 5 baza prinsipi ilə bağlı məsələlər öz müsbət həllini tapıb. ABŞ da tərəfdarıdır ki, tez-bazar sülh müqaviləsi imzalansın və sərhədlər müəyyən edilsin. Ona görə də Brüssel platformasından daha çox istifadə etməliyik.

"Putin planetin ən varlı adamıdır, neftdən gələn ağlasığmaz gəlirləri bölüşdürən odur..."

"Rusiya hakimiyyəti 90-cı illərdən deqradasiyaya uğrayıb, əslində, o zaman biz hamımız liberal, demokratrlar olmuşuq və Qərbə, Amerikaya oxşamaq istəmişik..." "Kreml zümrəsi büsbütün şizofreniyanı xatırladır, bu adamlar ağıllarını itirib və rəzil günə qalıb..." Rusiyada hakimiyyət zümrəsi pul üstündə savaşır, dava salır. Bir-birilərinin kabinetlərini sındırır, dağıdır, alt-üst edir. Sozcu.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində rusiyalı siyasi texnoloq, ictimai xadim və Kreml ilə əməkdaşlıq etmiş jurnalist Rostislav Murzaqulov danışıb. Batsmanın kimin kiminlə savaşdığı sualına Murzaqulov "müxtəlif adamlar" cavabını verib. "Axı, orada hamı bir-birinə nifrət edir. Hamı bir-birinə ifrat qısqanclıqla yanaşır. Əslində, orada heç bir birlik yoxdur, Putinə, Rusiyaya, nəyə istəsəniz səmimi sevgi, hansısa ideya yoxdur. Yalnız bir istək var: hamı hakimiyyət  alovuna toxunmaq istəyir. Onların hamısı Ostap Bender kimi pul nişanlarına öz sevgisi uğrunda savaşır", - siyasi texnoloq deyib. "Putin planetin ən varlı adamıdır, neftdən gələn ağlasığmaz gəlirləri bölüşdürən odur" Murzaqulov bəyan edib ki, Putin və dostları Rusiya büdcəsindən pullar oğurlayır. Rusiyada böyük həcmdə dövlət pulları məmurlar və  sahibkarlar tərəfindən işğalçı ölkənin prezidentinin rəhbərliyi altında mənimsənilir. "Dövlət tərəfindən hər bir rubl, sadəcə, bölüşdürülmür. Mən indi mübaliğə etmirəm. Bu, Rusiya üçün mütləq formalaşmış ənənədir. Yəni Rusiyada fərq etməz, bölgü yoxdur, siyasət və ya iqtisadiyyat olsun. Burada hamı birdir, yekdildir. Tutaq ki, məsələn, kaktusların yetişdirilməsi üzrə dövlət proqramı qəbul edilib, bu məqsədlə 100 milyon rubl vəsait ayrılıb. Heç bir şübhə yoxdur ki, oradan 50 milyon oğurlanacaq. Yerdə qalan vəsaitə Çindən saxta kaktuslar gətiriləcək, hamısı da tələf olacaq, amma 50 milyon artıq ciblərdə qalacaq. Bax, Rusiya dövləti belə fəaliyyət göstərir. Bütün bunlara göz yaşları olmadan baxmaq mümkün deyil", - o, deyib. Murzaqulovun sözlərinə görə, bölüşdürülmə məsələlərini ən çox Putinin özü həll edir. "Siz, düşünürəm ki, haqlı olaraq Putini planetin ən varlı adamı adlandırdınız. Çünki həqiqətən o, ağlasığmaz gəlirləri bölüşdürür. Mixail Xodorkovski (rusiyalı müxalifətçi, biznesmen) hesablayıb ki, bu illər ərzində onun əlindən 6 trilyon dollar keçib.  Baxın, Rusiya neftinin satışından gəlirlər nə qədərdir? Hər gün treyder (tacir) 100 milyon dollar qazanır. Yəni ölkə qərar verib ki, bu treyder gündə 100 milyon dollar qazanacaq. Bu 100 milyon dollar kimindir? Mən əminəm ki, Putinin və onun bir-iki dostunun. Amma onlar minoritarilərdir (azlıqda olanlar), buna da əminəm. Daha sonra, qazla bağlı da belədir. Daha aşağılara  baxaq. Kasıb, bədbəxt, aldadılmış və qorxudulmuş əhalidən toplanan vəsaitlərin paylanması. Onlardan toplanan vəsaitlər müxtəlif proqramlara yönəlir: mənzil-kommunal təsərrüfatın islahatına, təhsilə, səhiyyəyə və s. Orada, aşağılarda bölüşdürülənlər də bu şirkət tərəfindən oğurlanır", - o, deyib. "Rus elitalarının sanki dörd boğazı var, yeməkdən doymaq bilmir, bu, ağlasığmazdır" Rusiya hakimiyyəti 1990-cı illərdən güclü deqradasiyaya uğrayıb. "Bu tarixçə kədərli olmasaydı, gülməli və maraqlı olacaqdı. 90-cı illərdə başlayanlar bütün bunlara gətirib çıxarmamalı idi. Çünki biz hamımız liberallar, demokratlar olmuşuq, hamımız Qərbə, Avropaya, Amerikaya oxşamaq istəmişik. Bəli, kədərli tarixçədir, amma onu müzakirə etməliyik. Necə oldu ki, ölkə bu günə qaldı, bu bulanıq tiplər, daima Rusiyanın efirində görünənlər ölkəni zəbt etdilər", - o, deyib. Murzaqulov bütün baş verənləri onunla izah edib ki, Kreml zümrəsi "büsbütün şizofreniyanı xatırladır". "Bunlar normal adamlar deyil. Onlar hamısı ağıllarını itirib. Və hamısı birlikdə günaha batıb, rəzil günə qalıb", - o, qeyd edib.

ABŞ-dakı soydaşlarımız Ermənistanın hərəkətlərinə hüquqi qiymət verilməsinə çağırıb

Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi faktı ABŞ-də yaşayan Azərbaycan icmasında böyük hiddət doğurub. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Nyu-Yorkdakı Azərbaycan-Amerika Qadınlar Cəmiyyəti, Amerika-Azərbaycan İnteqrasiya Mərkəzi, Yuta-Azərbaycan Dostluq Təşkilatı, Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası, Şimali Kaliforniyanın Azərbaycan Mədəniyyət Mərkəzi, Florida Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası, Floridanın Azərbaycan-Amerika Cəmiyyəti, Azərbaycan-Amerika Gənclər Təşkilatı adından beynəlxalq qurumlara ünvanlanan bəyanatda Ermənistanda Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirova və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundova qarşı qeyri-insani rəftara diqqət cəlb edilib. Nəzərə çatdırılıb ki, Ermənistan mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası, İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirmir. Soydaşlarımız müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb ediblər.

Əri ilə dalaşan qadın məktub yazaraq itkin düşüb

Bakıda 32 yaşlı qadın itkin düşüb. Sozcu.az apa-ya istinadən xəbər verir ki, Nizami rayonu, “NZS” qəsəbəsində yaşayan, 1991-ci il təvəllüdlü Xəyalə Şamilova yaşadıqları evdən çıxıb və naməlum istiqamətə gedərək itkin düşüb. Araşdırmalarla məlum olub ki, qadının həyat yoldaşı ilə aralarında qısqanclıq zəminində mübahisə yaranıb. Bundan sonra qadın kağız parçasına özünü Hövsan qəsəbəsində dənizə atıb intihar edəcəyini yazaraq evi tərk edib və bir daha geri qayıtmayıb. Hazırda Xəyalə Şamilovanın olduğu yerin müəyyən edilməsi istiqamətində Nizami RPİ-nin 23-cü PB-də axtarış tədbirləri davam etdirilir.

“İsraildə səfirliyimizin açılması əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir”

“Azərbaycan və İsrail arasında yaxşı siyasi əlaqələr mövcuddur. Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir”. Sozcu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Koheni qəbul edərkən söyləyib. Dövlətimizin başçısı vurğulayıb ki, ölkələrimiz arasında əlaqələr dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanır. Əməkdaşlıq gündəliyinin genişləndiyini deyən Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın fəaliyyətini xüsusi qeyd edib və bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvar olduğunu bildirib.

Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu sosial hüquqları pozulmuş vətəndaşların, onların problemlərin operativ həll etmək üçün təşkilatın Qaynar həttin yaradılmasını bildirib.  Vətəndaşlar 055 556 25 42 whats app vasitəsilə müraciət edə bilərlər.

Xaçmazda avtomobil elektrik dirəyinə çırpılıb, xəsarət alanlar var

Xaçmazın İzmayılovka qəsəbəsində "VAZ-2106" markalı avtomobil elektrik dirəyinə çırpılıb. Sozcu.az-ın məlumatına görə, hadisə nəticəsində 1982-ci il təvəllüdlü Səfərov Mahir Qafar oğlu və 2004-cü il təvəllüdlü Səfərov Novruz Mahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.report