ABŞ Qəzza zolağında fələstinlilərə humanitar yardım çatdırmaq üçün müvəqqəti limanın yaradılmasını dəstəkləmək məqsədilə Aralıq dənizinə 4 gəmi göndərib.
Sozcu.az-ın məlumatına görə, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.
"Bu gün ABŞ-nin Müdafiə Nazirliyi Qəzza zolağında humanitar yardım əməliyyatlarını və müvəqqəti liman qurma missiyasını dəstəkləmək üçün Lenqli-Yustas birləşmiş bazasından Aralıq dənizinin şərqinə Birləşmiş Ştatlar ordusunun dörd gəmisini göndərib", - o deyib. Rayderin sözlərinə görə, gəmilərdə "bu missiyanı dəstəkləmək üçün avadanlıq və material var". Pentaqon nümayəndəsi qeyd edib ki, ABŞ limanın təxminən 60 gün ərzində tam istismara hazır olacağını gözləyir.
ABŞ Prezidenti Cozef Bayden martın 7-də bildirib ki, Birləşmiş Ştatlar Fələstin anklavına humanitar yardım çatdırmaq üçün Qəzza zolağında müvəqqəti liman yaradacaq. Amerika Administrasiyasından qeyd olunub ki, onlar Kipr üzərindən dəniz yolu ilə həyata keçiriləcək.