Müsavat Partiyası Azərbaycanda repressiyaların növbəti dalğası ilə bağlı bəyanat qəbul edib.
Sənəddə deyilir:
Azərbaycan hakimiyyəti ölkədə repressiyaların növbəti dalğasına rəvac verib.
Martın 6-dan başlayaraq Toplum TV-nin və bir neçə ictimai təşkilatın ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Martın 9-da Toplum TV-nin təsisçilərindən biri Ələsgər Məmmədli və ictimai fəal Ruslan İzzətlinin barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib.
Toplum TV-nin ofisinin möhürlənməsinin ardınca, həmin internet televiziyasının Yotube kanalının ələ keçirilərək bağlanması iş üzrə irəli sürülən qaçaqmalçılıq ittihamının bəhanə olduğunu, əslində söz azadlığının hədəfə alındığını bir daha sübut edir.
Müsavat Partiyası Azərbaycan hakimiyyətindən müstəqil media orqanlarına qarşı basqıların dayandırılmasını, jurnalistlərin və şərlənərək tutulan siyasi fəalların, dərhal azadlığa buraxılmasını tələb edir.