Delimitasiya buradan başlaya bilər - Paşinyan məkanı açıqladı

İstisna etmirəm ki, delimitasiya Tavuş bölgəsindən başlaya bilər.

Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında bildirib.

“Belə fikirlər var ki, delimitasiyanı bütövlükdə aparmaq, sonra konkret hərəkətlərə və ya ara varianta keçmək, yaxud ən çətin sahələrdən başlamaq lazımdır və s. İstisna etmirəm ki, delimitasiya Tavuş bölgəsindən başlaya bilər.

Qərarlar qəbul edərkən reallıqların və vəziyyətin hərtərəfli təhlilindən çıxış etməli və Ermənistan ətrafında mövcud təhlükəsizlik çağırışlarının idarə olunması məntiqini, vəziyyətin sabitliyini təmin etmək üçün tələb və ehtiyacları rəhbər tutmalıyıq”.

Azərbaycanla torpaq sahələrinin dəyişdirilməsi imkanlarına gəlincə, Paşinyan bildirib ki, belə imkanlar azdır: “Bu, təhrifə və ya əlavə risklərə səbəb ola bilər”.

Baş nazir sözünə davam edib: Yaxın gələcəkdə kommunikasiyalarımızın harada olduğunu öyrənməliyik. Əmin olmalıyıq ki, Ermənistandakı bütün kommunikasiyalar Ermənistan ərazisindən keçsin ki, problemimiz olmasın.

Yaxın vaxtlarda problemlərlə yerində tanış olmaq üçün Tavuş rayonuna gedəcəyəm. Hazırda həll yollarımız yoxdur, amma hesab edirəm ki, bu ümumi prosesi məhz bu məntiqlə idarə etməliyik”.

Share on Facebook