"Rusiyaya azadlıq" legionu, Rus Könüllülər Korpusu və Sibir taboru Rusiya ərazisinə daxil olub..."
Rusiya ərazisi PUA-ların kütləvi hücumuna məruz qalıb
Martın 12-nə keçən gecə Rusiyada silsilə partlayışlar baş verib. Hava hücumundan müdafiənin uğurlu işi barədə bəyanatlara rəğmən, dronlar Oryol və Nijeqorod vilayətlərində neft bazalarına düşüb.
Moderator.az xəbər verir ki, bu barədə "rtvi.com" nəşri məlumat yayıb.
Belə ki, Nijeqorod vilayətinin qubernatoru Qleb Nikitin məlumat verib ki, Kstov sənaye zonasında yanacaq-energetika kompleksinə dronlarla hücum edilib, neft emalı üzrə qurğuların birində yanğın baş verib.
"Hazırda hadisə yerində xüsusi xidmətlər işləyir, neft emalı üzrə qurğuların birində yanğının lokallaşdırılması üçün bütün zəruri qüvvə və vasitələr işə salınıb", - o, deyib.
İlkin məlumatlara görə, zərərçəkən olmayıb, operativ qərargah yaradılıb. Yanğının söndürülməsinə yanğın qatarı cəlb edilib.
Orlov vilayətinin qubernatoru Andrey Klıçkov PUA-nın neft bazasına düşməsi barədə məlumat verib, neft məhsulları olan çən alışaraq yanıb.
"Dostlar, Oryola PUA hücumu baş verib. Yanacaq-energetika kompleksi hücuma məruz qalıb. Hadisə yerində yanğının lokallaşdırılması üçün xüsusi xidmətlər işləyir. Zərərçəkən olmayıb", - o, "Teleqram-kanal"ında yazıb.
Şəhər meri Yiri Paraxin əlavə edib ki, neft bazası ilə iki qonşu çoxmərtəbəli yaşayış binasından 17 nəfər təxliyə edilib.
PUA-nın düşməsi nəticəsində neft saxlanılan çənlərin birində yanğın baş verib, 60-dan çox yanğınsöndürən, "dörd hündür mexanizm" və yanğın qatarı yanğının söndürülməsinə cəlb olunub, region hökumətinin mətbuat xidməti məlumat verib.
Səhər tezdən Ukrayna ilə həmsərhəd olan Belqorod vilayətində sakinlər yük avtomobilləri və tanklarda bir neçə silahlı qruplar müşahidə edib, atəş səsləri eşidilib.
Bu arada isə "Rusiyaya azadlıq" Legionu rusiyalılara müraciət dərc edib:
"Biz öldürmək, yer üzündən silmək, məhv etmək və cəzalandırmaq üçün gəlmirik. Biz sizi yoxsulluqdan, kasıbçılıqdan və qorxudan azad etmək üçün gəlirik. Biz sizi hakimiyyəti zəbt etmiş terror təşkilatının diktaturasından xilas etmək üçün gəlirik".
Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov "Rusiyaya azadlıq" legionu, Rus Könüllülər Korpusu və Sibir taborunun Rusiya ərazisinə daxil olmasını şərh edib.
"Rusiyaya azadlıq" legionu, Rus Könüllülər Korpusu və Sibir taboru Rusiya ərazisində müstəqil bölmələr kimi fəaliyyər göstərir, çünki Rusiya vətəndaşlarından ibarətdir. Onlar nəticə etibarilə öz evlərindədir", - Yusov qeyd edib.
O, təsdiq edib ki, ehtimal ki, hazırda bu bölmələrin Rusiya ərazisində birgə əməliyyatları həyata keçirilir.
"Rusiyaya azadlıq" legionunun xüsusi əməliyyatı və Rusiyada Rus Könüllülər Korpusu
Bu gün səhər bəlli olub ki, "Rusiyaya azadlıq" legionu, Rus Könüllülər Korpusu və Sibir taboru birgə əməliyyat çərçivəsində Rusiyanın Kursk və Belqorod vilayətlərinə daxil olub.
Məlumat verilir ki, onlar Belqorod vilayətinin Lozovaya Rudka sərhəd yaşayış məntəqəsini nəzarərə götürüb, Kursk vilayətinin Tetkino məntəqəsində döyüşlər davam edir.
"Rusiyaya azadlıq" legionu bəyan edib ki, onlar "seçkilərə gedir", Sibir taboru isə rusiyalıları "seçkiləri görməzdən gəlməyə" çağırış edib.