Bakıda cibgirlik edən şəxs TUTULDU

Bakıda cibgirlik etməkdə şübhəli bilinən şəxs tutulub. Bu barədə Sozcu..az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxtın Nizami rayonu ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində 1067 manat, sənəd və bank kartları olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Zöhrab Kəlfəliyev saxlanılıb. Araşdırmalarla onun müxtəlif vaxtlarda paytaxt ərazisində daha 3 nəfərin cibindən və çantasından ümumilikdə 2000 manatdan çox pul, sənəd və bank kartı olan pulqabılarını oğurlaması da müəyyən olunub.

Qarabağda silah daşınması: təhlükə realdır - Ekspert

Baş verənlər Qarabağ ərazisində rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındadır. Aprelin 23-də Laçında sərhəd-buraxılış məntəqəsi qurulduqdan sonra DSX prosesə nəzarət edir. Əvvəllər hər maşın üçün Ermənistan və separatçılardan pul alan rus sülhməramlılar indi gəlir yerləri bağlandığı üçün “daşıma”ları daxildə yerinə yetirirlər. Bu sözləri Axar.az-a Qarabağda rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsində separatçıların qanunsuz daşımalarını himayə etməsi və bilavasitə iştirakı haqqında danışan hərbi ekspert Üzeyir Cəfərov deyib. Hərbi ekspert rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında separatçıların öz “post”ları arasında yerdəyişmələri məqsədli apardığını, təhlükənin real olduğunu vurğulayıb: “Baxın, Rusiya MN az qala hər gün atəşkəs rejiminin pozulması ilə bağlı məlumat yayır. Ancaq biz bir dəfə də olsun, Ermənistan və separatçıların törətdiyi təxribatlar haqqında Rusiya MN-nin məlumat yaydığını görmədik. Özləri isə separatçıların postları arasında silah və hərbi texnikanın daşınmasına göz yumur və onları “təhlükə”lərdən qoruyurlar. Çünki münaqişənin bitməsini istəmirlər. Aparılan yerdəyişmələr əlbəttə ki, bilərəkdən və məqsədli şəkildə edilir. Yəni separatçılar hücuma keçmək, yaxud baş verə biləcək hücumların qarşısını almaq üçün onlar üçün önəmli olan mövqeləri möhkəmləndirirlər. Təhlükə realdır. Nə qədər ki, ərazimizdə Ermənistan ordusunun qalıqları və separatçı terror dəstələri var, bu təhlükə davam edəcək. Doğrudur, müzakirələr davam edir, ancaq qətiyyən arxayınlaşmaq olmaz. Qarabağda on minə yaxın başıpozuq silahlı dəstə, əllərində isə artilleriya qurğuları, minaatanlar, pulemyot və s. var. Hansısa separatçı postları arasında topların, eyni zamanda digər texnikanın yerdəyişməsinin əsas məqsədlərindən biri Ordumuzun mövqelərini daim atəş nəzarətində saxlamaq və onlar üçün təhlükə yaratmaqdır. Bəs əgər Rusiya sülh istəyirsə, bunlara niyə yol verir? Əslində 10 noyabr bəyanatının dördüncü maddəsinin hələ də yerinə yetirilməməsi rus sülhməramlılar üçün utanc olmalıdır. Çünki dövlətlərin imzaladığı sazişlərə, razılaşma və bəyanatlara əməl etməsi onların ciddiliyinin və nüfuzunun əsas göstəricilərindəndir”.

Qoca Səmədovun vəziyyəti yenidən pisləşib, müalicə müəssisəsinə yerləşdirilib

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti yenidən pisləşib. APA-nın əldə etdiyi xəbərə görə, o, bu günlərdə cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülüb. Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev APA-ya təsdiq edib: “Üç gündür təzyiqi 40/60 aralığında dəyişir. Hazırda müalicənin xəstəxanada davam etdirilməsi üçün çalışırıq”. Qeyd edək ki, Qoca Səmədov ürəyində yaranan problemdən əziyyət çəkir. O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub. Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhum etmə cəzası təyin olunub.

Metronun bu stansiyalarında işıqlar söndü

Bir qədər əvvəl Bakı Metropoliteni QSC-nin "Avtovağzal" və "Xocəsən" stansiyalarında gərginlik düşməsi nəticəsində işıqlar müvəqqəti sönüb. Bu barədə Sozcu.az-a qurumdan bildirilib. Məlumata görə, problem qısa müddətdə aradan qaldırılıb. Sərnişinlərlə və qatarların hərəkəti bağlı hər hansı problem yaşanmayıb.

İrandan Ermənistana silah və narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Ermənistana qanunsuz yolla silah, sursat və narkotik maddə keçirilməsinin qarşısı alınıb. Məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb. Bildirilib ki, Ermənistan vətəndaşı R.P. və kimliyi məlum olmayan İran vətəndaşı mayın əvvəlində ölkəyə qanunsuz yolla narkotik maddə, silah və sursat keçirməyi planlaşdırıblar. Onları Mehri rayonundakı Gömrük Xidmətində Ermənistanın daha 2 vətəndaşı qarşılamalı imiş. Ancaq qaçaqmalçılar rayonun ətrafında Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarənin və Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. Axtarış zamanı onların üzərindən 10 kq heroin, metamfetamin, marixuana, 20 ədəd güllə, 2 ədəd döyüş tapançası aşkarlanıb. Fakt üzrə cinayət işi başlayıb.

Bakıda evlərdən və avtomobildən 28 min manatlıq oğurluq edilib

Bakıda evlərdən və avtomobildən 28 000 manatlıq oğurluq edilib. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 7 evdən və bir avtomobildən ümumilikdə 15 900 manat, 1222 lirə, 12 000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Vaqif Hümbətov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Vilyam Hacıyevin ailəsi müsadirə olunmuş 6 milyonluq əmlakı geri istəyir

İmişlinin həbsdə olan sabiq icra başçısı məhkum Vilyam Hacıyev və ailə üzvlərinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Şikayətə Ali Məhkəmədə mayın 24-də baxılacaq. Kassasiya şikayəti hakim Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq. Məlumata görə, Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını istəyirlər. Məhkum icra başçısının ailə üzvləri həmin əmlakların cinayət yolu ilə əldə olunmadığını iddia edirlər. Ali Məhkəməyə daxil olan şikayətdə Cülyetta İbrahimova 5 milyon 218 min manatlıq mənzilləri və 2 minik avtomobilinin, Məhəmməd Hacıyev isə 126 000 manatlıq "Land Rover" markalı avtomobilin müsadirədən azad olunmasını istəyirlər. Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs olunub. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israfetmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvətalma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinib. Vilyam Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, sabiq icra başçısının ailə üzvlərinin adına rəsmiləşdirilmiş 5 344 000 manatlıq əmlakı da dövlət nəfinə müsadirə olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.(oxu.az)

Putinin “desant”ı Kəlbəcər ərazisindən Paşinyana müraciət ünvanladı...-VİDEO

Azərbaycan Respublikasının iki əsrdən çox Rusiya imperiyası tərəfindən ermənilərlə  məskunlaşdırılmış və hazırda  iki il yarımdır ki, həmin imperiya qoşunlarının nəzarətində qalan ərazisindəki separatçı-terrorçu rejimin sabiq “dövlət” naziri Ruben Vardanyan Kəlbəcər rayonunun işğal altında qalan Kolətək kəndi ərazisindən Ermənistan baş naziri Nikol Paşinyana video-müraciət ünvanlayıb. Moderator.az xəbər verir ki, bu haqda “ArmenianReport” məlumat yayıb. “Mən Artsaxın qəlbində yerləşən Akobavankdan müraciət edirəm. Bilmirəm, cənab Paşinyan, nə vaxta qədər hakimiyyətdə qalacaqsınız, amma sizə deyirəm: siz təhlükəli iş görürsünüz. Siz erməni dövlətini, öz qüdrətinizi qorumağa yox, bizi qullara, heç bir dəyəri olmayan insanlara çevirməyə çalışırsınız. Siz bacarmayacaqsınız”- deyə   9-cu aydır ki, Azərbaycan torpaqlarında qanunsuz, ictimai-siyasi və iqtisadi-sosial fəaliyyətlə məşğul olan, Rusiya diktatoru Putinin milyarder “desant”ı sayılan  Ruben Vardanyan çərənləyib. Xatırladaq ki,  Vardanyan “Akobavank” dedik də Kəlbəcər rayonunun işğal altındakı  Kolətək kəndi yaxınlığında yerləşən İslamdan öncə xristian olmuş qədim Azərbaycan türklərinə məxsus məbədlərdən birini nəzərdə tutur. 2021-ci ilin oktyabrında separatçı-terrorçu erməni rejimi “Akobavankın dirçəlişi” adlı layihəyə start verdirib. Layihə çərçivəsində “bərpa” adı altında saxtalaşdırma işləri ilə məşğul olunur. Baş separatçı Arayik də Kəlbəcərdəki bu qədim məbədimizə baş çəkib. “Kilsə”yə keşiş də təyin olunub...

Məqsəd Əhməd Obalını öldürmək olub - AÇIQLAMA

Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalının vəziyyəti orta ağırdır.  Bunu Modern.az-a açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib. “Əhməd Obalı və oğlu Dənizə qarşı terror hücumu onun Azərbaycandan Amerikaya qayıtmasından sonra baş verib. İlkin məlumata görə, onlara 6 nəfər hücum edib. Amerika polisi həmin şəxsləri tutub. Hücumda məqsəd Əhməd Obalını öldürmək olub. Əhməd bəyin sağ qolu və barmaqları qırılıb. Boynunu qırmağa çalışıblar. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər”. Sadiq İsabəyli hücumun arxasında İran və erməni terror dəstələrinin olduğunu düşünür: “Bu hadisənin terror aktı olduğunu deyə bilərik. Əhməd bəyə hücumun arxasında terror dövləti dayanır. İlkin versiya kimi, İranla erməni terror dəstələrinin işbirliyini qeyd edə bilərik. Ümid edirik ki, qısa zamanda cinayətin sifarişçiləri üzə çıxacaq. Əlbəttə, belə hadisə Əhməd bəy və onunla eyni düşüncədə olan insanların susdurulmasına hesablanıb. Lakin niyyətlərinə çata bilməyəcəklər". Qeyd edək ki, Əhməd Obalı və oğlu Dəniz ABŞ-da döyülüb. Hadisə onun Azərbaycandan Amerikaya qayıtmasından sonra baş tutub. Əhməd Obalının yaxınları onun ən ağır durumda dediyi bir neçə dəqiqəlik ifadəni lentə alıblar: "Bu günə qədər alnıaçıq yaşadım, Vətən və millət yolunda fəaliyyət göstərdim. Hər zaman fikirlərimi açıq şəkildə bildirdim. 2 gün əvvəl isə hücuma məruz qaldım". 

Bu dərman “Altsheymer” riskini azaldır

"Parkinson" və "Altsheymer" xəstəliklərinin riskini azaldan dərmanın adı açıqlanıb Vaşinqton Universitetinin Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, allopurinol preparatı neyrodegenerativ xəstəliklərin riskini azalda bilər. Sozcu.az report-a istinadən xəbər verir ki, araşdırma "PLOS ONE" jurnalında dərc olunub. Alimlər neyrodegenerativ xəstəliyi olan 43 min xəstənin və 334 min sağlam insanın tibbi qeydlərindən alınan məlumatları təhlil ediblər. Tədqiqatın məqsədi üç neyrodegenerativ xəstəliyin daha aşağı riski ilə əlaqəli reseptlə satılan dərmanları müəyyən etmək idi: "Parkinson" xəstəliyi, "Altsheymer" xəstəliyi və amiotrofik yanal skleroz. Tədqiqatçılar, hər üç neyrodegenerativ xəstəlik üçün ən güclü riskin azaldılmasının ksantin dehidrogenaz/oksidaz blokerləri ilə müşahidə edildiyini aşkar ediblər. Allopurinolun daxil olduğu bu dərmanlar "Gut" xəstəliyi üçün istifadə olunur. Onların istifadəsi neyrodegenerativ xəstəliklərin hər bir qrupu üçün riskin 13-34%, orta hesabla 23% azalması ilə əlaqələndirildi. Tədqiqatçılar həmçinin allopurinol qəbul edən və qəbul etməyən xəstələrdə neyrodegenerativ xəstəliklərin yayılmasını müqayisə edən əlavə bir araşdırma aparıblar. Tədqiqatın beşinci ilində allopurinol qəbul edənlərin neyrodegenerativ pozğunluq inkişaf etdirmə ehtimalı 23% az idi. Alimlər qeyd ediblər ki, "Gut" dərmanlarının neyrodegenerativ xəstəliklərin gedişatını ləngidə biləcəyini öyrənmək üçün əlavə tədqiqatlar lazımdır.

İlk dəfə avrokuboklarda mübarizə aparacaqlar

“Brayton” növbəti mövsüm üçün avrokuboklara vəsiqəni təmin edib. Sozcu.az xəbər verir ki, Roberto De Zerbinin komandası Premyer Liqanın 37-ci turunda səfərdə "Sauthempton"a qalib gəlib (3:1). "Brayton" 36 oyundan sonra, sona 1 tur qalmış 61 xalla 6-cı yerdədir. 7-ci sırada "Aston Villa" (37 oyundan sonra 58 xal), 8-ci yerdə "Tottenhem" (37 oyundan sonra 57 xal) qərarlaşıb. Həmçinin, "Brayton"un hələ də 5-ci yerə yüksəlmək şansı var.  "Liverpul" 37 matçdan sonra 66 xalla 5-cidir. Beləliklə, klub mütləq ya Avropa Liqasında, ya da Konfrans Liqasında çıxış edəcək. Bu mövsümə qədər "Brayton" heç vaxt 9-cu yerdən yuxarı qalxmamışdı. Komanda 2017-ci ildən Premyer Liqada çıxış edir.

MİT PKK-nın rəhbər şəxsini məhv etdi

Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İraqda antiterror əməliyyatı keçirib. Sozcu.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Əməliyyat nəticəsində PKK-nın “kommunikasiya infrastrukturu”nun rəhbəri olan “Rodi” kod adlı Əmrə Şahin zərərsizləşdirilib.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri ucuzlaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 74.98 dollara, yüngül neftin bir barreli isə 70,94 dollara təklif edilir.

"Vaqner"ə son zərbə vurulacaq

Ukraynalılar Baxmutda "Vaqner"i praktiki olaraq məğlub etdilər. Ancaq çox keçmədən Priqojinin muzdluları son məğlubiyyətlə üzləşəcəklər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qoşunları qrupunun spikeri Sergey Çerevatı deyib. Onun proqnozuna görə, “Vaqner” Baxmutda tamamilə məhv ediləcək: "Qoy onlar (Baxmutdakı işğalçılar) daimi təhlükə hiss etsinlər. Ya indi, ya da bir az sonra onları mühasirəyə alacağıq, amma o qrup tamamilə məğlub olacaq". Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Baxmutun kənarında düşməni geri sıxışdırır: "Bu arada “Vaqner” artıq bərpası mümkün olmayan itkilərə məruz qalıb. "Vaqner" artıq əvəzolunmaz itkilər verib. Düşmən üzərində canlı qüvvə və mərmi üstünlüyümüz olmamasına baxmayaraq, biz düşməni geri itməyə çalışırıq. Əsas zərbələr harada olacaq, qoy düşünsünlər və narahat olsunlar".

453-cü gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 453-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 203 880 hərbçi, 3785 ədəd tank, 7407 ədəd zirehli döyüş maşını, 3278 ədəd artilleriya sistemi, 565 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 327 hava hücumundan müdafiə sistemi, 309 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 6129 ədəd avtomobil texnikası, 2830 ədəd PUA, 1011 qanadlı raket, 18 gəmi/qayıq, 427 xüsusi avadanlıq itirib.

Baxmut uğrunda döyüşlər davam edir - Ukrayna

Ukrayna ordusu Kupyansk, Liman, Baxmut, Avdeyevka və Marinka istiqamətlərində rusların çoxsaylı hücumlarını dəf etməkdə davam edir. Son sutka ərzində ruslar bu cəbhə xəttində 37 hücum həyata keçirməyə cəhd ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. “Ötən sutka ərzində Baxmut istiqamətində ruslar İvanovskoye qəsəbəsinin cənubunda itirilmiş mövqelərini bərpa etməyə çalışıblar. Düşmən Qriqorovka istiqamətində də uğursuz hücum əməliyyatları keçirib. Baxmut uğrunda döyüşlər davam edir. Düşmən Donetsk vilayətinin Vasyukovka, Markovo, İvanovskoye, Belaya Qora, Toretsk və Nyu York yaşayış məntəqələrini atəşə tutub. Kupyansk istiqamətində ruslar Masyutovka ərazisində irəliləməyə çalışıblar. Xarkovun müxtəlif əraziləri artilleriya və minaatanlardan atəşə tutulub. Liman istiqamətində isə Rusiya ordusu Nevski vilayətinə aviasiya zərbələri endirib”, - məlumatda deyilib.

Bu tarixlərdə geomaqnit qasırğası olacaq

Mayın 21-də Günəş səthində olan oblastlarda aktivlik artıb, bir neçə güclü M sinif alışmalar baş verib. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Sozcu.az-a verilən məlumata görə, yaranan tac atılmaları (CME- Coronal Mass Ejection) və tac dəliklərindən çıxan yüksək sürətli axınlar (CH HSS- Coronal Hole High Speed Stream) səbəbindən 22-24 may tarixləri üçün G1 (minor) geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur. Mayın 22-də geomaqnit şəraitin davam edən CME effektləri nəticəsində G2 (orta) stabilləşməmiş səviyyədə olacağı gözlənilir. Mayın 23-ü günün sonu, mayın 24-də G1 (mülayim) geomaqnit qasırğası müşahidə olunacaq. 22-24 may tarixlərində geomaqnit sahənin intensivliyini göstərən loqarifmik Kp əmsalı 1-6 intervalında dəyişəcək.

Qobustanda ağır qəza: 5 nəfər öldü - Adlar

09:38 Qobustanda yol qəzası olub, 5 nəfər ölüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.az-a bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər ölüb. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır. *** Qobustanda 5 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib. Qeyd edilib ki, hadisə bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, KİA markalı, 77 KX 479 avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq səkiyə dəyib. Bu zaman nəqliyyat vasitəsi aşıb. Nəticədə 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. “Hazırda qəza zamanı ölən şəxslərin şəxsiyyəti müəyyənləşdirilir”, - DYP-dən bildirilib. *** Qobustanda yol qəzasında ölən şəxslərin adları açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində KIA markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədov, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

İsrail qüvvələri qaçqın düşərgəsinə girdi: ölənlər var

İsrail Müdafiə Qüvvələrinin İordan çayının qərb sahilindəki Balata qaçqın düşərgəsinə təşkil etdiyi reyd zamanı azı üç fələstinli həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 3 nəfər isə yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. İsrailin itkiləri barədə məlumat verilmir. “İsrail Tayms” nəşrinə əsasən, “Əl-Əqsa Şəhid Briqadaları” terror qruplaşması atışmada ölənlər arasında öz üzvlərinin olduğunu da açıqlayıb.

Moskvada hərbi komissarlıq yanır

Moskvada hərbi komissarlığın yerləşdiyi binada yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, yanğın 6 mərtəbəli binanı əhatə edib. Orada Moskvanın Preobrajenski rayonunun hərbi komissarlığı yerləşir. Hadisə yerinə 15 yanğınsöndürən briqadası göndərilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Qriqoryan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rusiyalı həmkarı Nikolay Patruşevin dəvəti ilə Moskvaya səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, mayın 23-dən 25-dək Rusiyada təhlükəsizlik məsələlərini əlaqələndirən ali nümayəndələrin 11-ci beynəlxalq toplantısı keçiriləcək. Xatırladaq ki, mayın 25-də Rusiya paytaxtında Ermənistan, Rusiya və Azərbaycan liderlərinin görüşü də gözlənilir.

Ukrayna əlavə qüvvə gətirdi, hücum başladı

Ukrayna ordusu Baxmutdakı qüvvələrini Kupyansk və Krasnolimansk istiqamətinə göndərib. Sozcu.az xəbər verir ki, bunu Donbas separatçılarının nümayəndəsi Andrey Maroçko deyib. Maroçko eyni zamanda qeyd edib ki, Ukrayna hərbi komandanlığı Svatovo istiqamətinə ağır texnika və canlı qüvvə yığır. “Svatovo istiqamətində döyüşlər gedir, Ukrayna ordusu tərəfindən hücumlar qeydə alınır”, - Maroçko bildirib. “Dxr”in separatçı lideri Denis Puşilin isə bildirib ki, Ukrayna ordusu Marinka istiqamətinə ehtiyat qüvvə toplayır.

Prezidentlərin geniş tərkibdə görüşü başladı

Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Kəlbəcər gerçəkləri! - Sabiq icra başçısı yazır ...

Bütün reqionların inkişaf səviyyəsi onun yolundan bəlli olur. Yəni yol əslində inkişafın göstəricisidir! Kəlbəcərdə infrastrukturların yenidən bərpası və həyatın normal ahəngə düşməsi yoldan cox asılı olacaq. Ona görə ilk atılacaq addım ilin bütün fəsilləri işləyə biləcək bir yolun çəkilməsidir ki, o da Tərtər-Kəlbəcər arası köhnə çayqırağı yoldur. Şəhərin bərpası isə mütləq planlı şəkildə aparılmalıdır ki, həm turizm üçün cəlbedici olsun, həmdə yaşam asanlaşsın. Bu məsələdə inkişaf etmiş Avropa ölkələrinin ( məsələn İsveçrənin)şəhərsalma planlarından faydalanmaq olar. Əlbətdə ki, dövlət dəstəyi çox önəmlidir. Belə ki, istər şəhərdə istərsədə kəndlərdə evləri dağılmış vətəndaşlara , iş yerləri dağılmış sahibkarlara dəymiş zərər adil qaydada hesablanıb dövlət tərəfindən qarşılanmalı və onların bərpasına nəzarət olunmalıdır. Əks halda kəndlərin də dövlət tərəfindən bərpası həm çox vaxt alar, həm də xərci ikiqat artar. Bu dəymiş zərər beynəlxalq təşkilatların da dəstəyi ilə Ermənistan dövləti tərəfindən qarşılanması üçün lazımı sənədləşmə işləri aparılmalıdır!Şəhərdə dağıdılmış evlərin bərpasına xüsusi nəzarət olunmalı ki, şəhərin atxitekturasına zərər verilməsin. Dövlətə baglı infrastrukturlar isə( su,elektrik,qaz,kanalizasion) şəhərin bərpasından əvvəl bərpa olunmalıdır ki, sonrakı bərpa işləri vaxtı infrastrukturlara zərər dəyməsin .  İsti- Suyun planlı şəkildə yenidən bərpası da şəhərin bərpası qədər önəmlidir. Cünki qələcəkdə Kəlbəcərin iqtisadiyyatında turizm gəlirlərinin böyük payı olmalıdır. Bu istər istirahət zonalarinin yaradılmasında, istərsədə mineral suyun , təmiz və minerallarla zəngin içməli suyun qablaşdırma məsələsində də ciddiyə alınmalıdır. Respublikanın böyük şəhərlərini qablaşdırılmış içməli su ilə təmin etmək üçün böyük su hövzələri səmərəli istifadə edilməlidir.Təbii sərvətinə görə ən zəngın rayonlardan olan Kəlbəcərin qızıl yataqları, civə yatagı, qiymətli daşların işlənməsi və satışa çıxarılması cox gəlir qətirən sahələrə çevrilməlidir. Təbii ki, əsas gəlir mənbələrindən biri olan kənd təsərrüfatı da sistemli şəkildə inkisaf etdirilməlidir. Azərbaycanın 30-dan çox rayonu da əvvəllər Kəlbəcər yaylaqlarından yararlanırdı ki, bu da tək Kəlbəcərin yox respublikanın kənd təsərrüfatının inkişafında rol oynayırdı. Kəlbəcərin gələcək inkişafı üçün ali təhsil ocaqlarının ( xususilə kənd təsərrüfatı, turizm, istehsalat üzrə)açılması cox vacibdir.  Taxta düzü deyilən ərazimizdə qış olimpiadlarını keçirə bilmək üçün mükəmməl olimpiada mərkəzi yaradıla bilər ki, bu da iqtisadiyyatımıza önəmli gəlir gətirə bilər. Bizim o vaxt( 1992-ci il Milli hökümət zamanı) “Taxta düzü”hava limanı planımızda da İsti-Su turizmi ilə bərabər , qış olimpiadı da nəzərdə tutulurdu.  İqtisadiyyatı bəlli bir sahələrdən asılı vəziyyətə salmamaq, işsizliyin qarşısını almaq üçün xırda istehsalat müəssələrinin də ( Xalçaçılıq, tikiş fabrikləri, daş karxanaları, tibbdə cox faydaları olan bitkilərin toplanıb qablaşdırılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılması kimi) açılmasına cox ehtiyacımız olacaq. Kəlbəcərdə elə qiymətli daşlar çıxır ki, xaricdən baha qiymətə gətirilən üzlük daşlardan daha keyfiyyətlidir. Eyni zamanda arxitektur binaların tikintisi üçün çeşidli qara daşların ixracı da iqtisadiyystımıza bəlli bir qəlir gətirmək imkanındadır. Bunun üçün böyük istehsalat gücünə malik daş karxanasına da ehtiyac olacaq. Qızıl yataqlarının və civə yatagının da işlətməsi yerli şirkətlərə həvalə olunmalı ki,Kəlbəcər sakinlərinə həm əlavə iş yeri açılsın və əlbətdə ki, gəlirin də müəyyən bir hissəsi rayonun inkişafına sərf olunmalıdır. Bir sözlə torpagının altı və üstü təbii sərvətlərlə zəngin Kəlbəcər ərazisi düzgün iqtisadi planlama ilə idarə olunursa nəinki Kəlbəcərin iqtisadiyyatına, həmçinim respublika iqtisadiyyatına böyük töhvələr verər və Kəlbəcərlilərin də rifah səviyyəsi yüksələr.  Mənim Kəlbəcəri yaxından tanıyan biri kimi bu göstərdiyim tövsiyyə xarakterli yol xəritəsi, əslində dəyərli iqtisadçılarımız, sənaye və kənd təsərrüfatı mütəxəsislərimiz, turizm mütəxəsislərimiz ,arxitektorlarımız tərəfindən əlavələr və düzəlişlər də edilərək bir komplekt layihə halına gətirilərək dövlət layihələşdirmə və planlaşdırma idarəsinə verilərsə bir dövlət proqramı halına salınar. İlham Həsən, Kəlbəcərin keçmiş icra başçısı