Azərbaycan Respublikasının iki əsrdən çox Rusiya imperiyası tərəfindən ermənilərlə məskunlaşdırılmış və hazırda iki il yarımdır ki, həmin imperiya qoşunlarının nəzarətində qalan ərazisindəki separatçı-terrorçu rejimin sabiq “dövlət” naziri Ruben Vardanyan Kəlbəcər rayonunun işğal altında qalan Kolətək kəndi ərazisindən Ermənistan baş naziri Nikol Paşinyana video-müraciət ünvanlayıb.
Moderator.az xəbər verir ki, bu haqda “ArmenianReport” məlumat yayıb.
“Mən Artsaxın qəlbində yerləşən Akobavankdan müraciət edirəm. Bilmirəm, cənab Paşinyan, nə vaxta qədər hakimiyyətdə qalacaqsınız, amma sizə deyirəm: siz təhlükəli iş görürsünüz. Siz erməni dövlətini, öz qüdrətinizi qorumağa yox, bizi qullara, heç bir dəyəri olmayan insanlara çevirməyə çalışırsınız. Siz bacarmayacaqsınız”- deyə 9-cu aydır ki, Azərbaycan torpaqlarında qanunsuz, ictimai-siyasi və iqtisadi-sosial fəaliyyətlə məşğul olan, Rusiya diktatoru Putinin milyarder “desant”ı sayılan Ruben Vardanyan çərənləyib.
Xatırladaq ki, Vardanyan “Akobavank” dedik də Kəlbəcər rayonunun işğal altındakı Kolətək kəndi yaxınlığında yerləşən İslamdan öncə xristian olmuş qədim Azərbaycan türklərinə məxsus məbədlərdən birini nəzərdə tutur.
2021-ci ilin oktyabrında separatçı-terrorçu erməni rejimi “Akobavankın dirçəlişi” adlı layihəyə start verdirib. Layihə çərçivəsində “bərpa” adı altında saxtalaşdırma işləri ilə məşğul olunur.
Baş separatçı Arayik də Kəlbəcərdəki bu qədim məbədimizə baş çəkib. “Kilsə”yə keşiş də təyin olunub...