Güney Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əhməd Obalının vəziyyəti orta ağırdır.
Bunu Modern.az-a açıqlamasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (CAMAC) İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib.
“Əhməd Obalı və oğlu Dənizə qarşı terror hücumu onun Azərbaycandan Amerikaya qayıtmasından sonra baş verib. İlkin məlumata görə, onlara 6 nəfər hücum edib. Amerika polisi həmin şəxsləri tutub. Hücumda məqsəd Əhməd Obalını öldürmək olub. Əhməd bəyin sağ qolu və barmaqları qırılıb. Boynunu qırmağa çalışıblar. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər”.
Sadiq İsabəyli hücumun arxasında İran və erməni terror dəstələrinin olduğunu düşünür:
“Bu hadisənin terror aktı olduğunu deyə bilərik. Əhməd bəyə hücumun arxasında terror dövləti dayanır. İlkin versiya kimi, İranla erməni terror dəstələrinin işbirliyini qeyd edə bilərik. Ümid edirik ki, qısa zamanda cinayətin sifarişçiləri üzə çıxacaq. Əlbəttə, belə hadisə Əhməd bəy və onunla eyni düşüncədə olan insanların susdurulmasına hesablanıb. Lakin niyyətlərinə çata bilməyəcəklər".
Qeyd edək ki, Əhməd Obalı və oğlu Dəniz ABŞ-da döyülüb. Hadisə onun Azərbaycandan Amerikaya qayıtmasından sonra baş tutub. Əhməd Obalının yaxınları onun ən ağır durumda dediyi bir neçə dəqiqəlik ifadəni lentə alıblar: "Bu günə qədər alnıaçıq yaşadım, Vətən və millət yolunda fəaliyyət göstərdim. Hər zaman fikirlərimi açıq şəkildə bildirdim. 2 gün əvvəl isə hücuma məruz qaldım".