Filmdən Azadlığa imitasiya səsləri gəlir

Hökumət əslində bu günəcən siyasi olmayan mövzuların işlənməsinə mane olaraq siyasiləsməsinə rəvac verdiyini anlamağa başlayıb?

Uzun illərdən sonra ölkə televiziyalarında “senzuradan kənar” material yayımlanması maraq doğurub. Fərqli rakurslardan baxmaq mümkün olduğu kimi müzakirə mövzuları da müxtəlif olan xeyli məqamlar var.

Sosial məsələlər, gender problemi, məmur özbaşınalığı əslində sistemin özünün problemi olsa da zamanla həll olunarsa siyasiləsməsinin qarşısının alına biləcəyini də bilir. Lakin problemi həll etməyə maraqlı olmadığı uçün manipulyasiya etməyin yollarını axtarır.

Görünüşə görə göstərmək istəyir ki, sosial məsələləri bütün imkanları sərf edərək həll etməyə çalışır, buna baxmayaraq nəticə əldə etmək üçün uzun bir zaman kəsiyi lazımdır. Hansı ki, az qala hər gün mötəbər kürsülərdən eyni məzmunda məruzələr edilir.

Məişət zorakılığının, uşaq evliliyinin əslində qanunsuzluq yox, cəmiyyətin əsiri olduğu stereotiplərdən, gerilikdən qaynaqlandığını hesab edir, məmur özbaşınalığının mərkəzdən deyil, aşağılardan idarə olunduğunu bildiyini bildirərək məsuliyyətdən qaçmağın ən yaxşı vasitə olduğunu düşünür.

Yoxsa hər növ azadlığa qarşı olan rejimin təbliğat resursu olan televiziya niyə Azadlıq ideyalarının təsvir olunduğu film yayımlasın?

“Vətəndaş A” serialına sadəcə bir film kimi yanaşsaq belə yekun qənaətə gəlmək üçün mütləq bir nəticə olmalıdır, verilən mesaj isə aydındır. Aktual və həll olunması təcili olan məsələlər işıqlandırılıb. Problem ondadır ki, yanaşma səmimi deyil, şübhə oyadır. Şübhə filmin ideyasına, sujetinə, yaradıcı heyyətinə deyil, haşa! Şübhə “Azadlıq” fikrini az qala arzuolunmaz hala gətirən hökümətin televiziyada təbliğinə imkan verməsinədir.

Normal cəmiyyətlərdə həll olunması vacib hesab edilən məsələlər adəti üzrə müzakirə olunur, yaxşı da qarşılanır, daha sonra nəzərəçarpacaq dərəcədə təsir buraxır. Hətta mövcud olduğu qəbullanırsa həll olunacağına inam yaranır. Sırf bu səbəbdən serialın indiqatoru reallıqla tərs mütənasibdir. Kim deyə bilər ki, sabah Almaz’ lar ucqar kəndlərdə “Vətəndaş A” nın Almazı kimi fundamental haqları müdafiə etməyə cəhd edərsə hökumət tərəfindən xoş qarşılanacaq? Agzıgöyçəyin biri çıxıb deyə bilər ki, “Azadlıqlar verilmir, alınır”, inanın bu dəfə də gülünc səslənəcək. Ölkəmizdə azad söz deyənlərin cinsindən asılı olmayaraq sonu həbsxanadı. Mubarizə adamları bunu ciddi kürsülərdən səsləndirir, sıravi adamlar zarafata salaraq deyir, qorxusunu ifadə etməkdən çəkinmir, “Demirsən səni gecəynən apararlar”, yaxud “Qurd ürəyi yemisən?” kimi oxşar ifadələrlə.

Şübhəsizdir ki, Almazların özünü göstərməsi üçün imkan yoxdur. İçində azadlıq, ictimai-siyasi fəaliyyət eşqi olan qadın arzularını dilə gətirəsə başına gələcəklərdən qorxur, sosial bərabərlik tələb edərsə kimliyinə əxlaqsılıq donu geyindiriləcək və bu məqamda dövlətin qanunları onu qorumayacaqsa, o eşqi elə içindəcə boğmağa məhkumdur.

Azadlıq, Azadlıq olmalıdır – filmdən Azadlığa imitasiya səsləri gəlir.

Bir çoxu hökümətin belə məzmunda film çəkməsini yumşalma kimi qəbul etsə də, reallıqla tərs mütənasibdir.

“Azad olun, azadlıq hər bir vətəndaşın haqqıdır”, şüarları səsləndirib, insanları azad seçməyə, azad fikir ifadə etməyə tamarzı qoyduqdan sonra eyni notlar üzərində filmlər ekranlaşdırmağı “Baxın və görün, bu ideyalar ancaq filmlərdə olur” qənaəti kimi də qiymətləndirmək olar.

Paytaxtda oturub filmdə göstərilən bəzi məqamların keçmişdə qaldığını düşünmək, “Bu qədər də olmaz, qalmadı belə barbarlıq, artıq qəbilə qanunları ilə idarəetmə ola bilməz, imkansızdır” da demək doğru deyil. Ki belə yanaşmalar da var. Ölkəmizin elə bölgələri var ki, faktlar faktlığında qalıb, uşaq evliliyi çox aktualdır. Vəzifələr atadan oğula ötürülür, varlı, daha imkanlı hökm sahibləri imkansızlara meydan oxuyur, arxasızların, yoxsulun qarşısında at oynadır.

Almaz obrazı da ən azı Cəfər Cabbarlının Almazı qədər haqlıdır, bir çox məsələdə yüz ildə heç beş addımlıq yol getməmişik, problemlər problemliyində qalıb. Dərd odur ki, bu gün həll olunması üçün ciddi addımlar atılmır, əksinə aşkarlananda fərqli görüntü yaradılır, barəsində danışanda “düşmən” elan olunur. Sanki problemlər yalnız o kənddədir, mərkəzini Almaz kəşf edib, bir dairəvi ox ətrafında, elə Almazın dörd tərəfində fırlanır. Ölkəboyu mövcud olan problem elə emosional şəkildə təsvir olunub ki, sanki digər bölgələrdə həllini tapıb, bir bura qalıb. Buna görə də Almazın fədakarlığı, cəhdləri çox-çox uzaqlarda dumanlı, lakin alicənab bir arzu kimi görünür.

Azadlıq özlüyündə hüdudları bəlli olmayan nəşnədir. Hər bir insan hüdudlarını özü müəyyənləşdirir. Ayrı-ayrı fərdlərin hüdudlarının toplusu cəmiyyəti formalaşdırır. Bəzi cəmiyyətlər artıq bəsit hesab etdikləri maneələri çoxdan aşıb deyə daha bəşəri ideyalara köklənib. Bizim cəmiyyət kimi azadlığını əldə etməmiş cəmiyyətlər isə ailə-məisət məsələlərində ilişib qalıb.

Zülmə baxın, kifayət qədər qanunların var, ancaq səni qorumur, yalnız bəzi hallarda ictimailəşərsə həllini tapır. Qisaca olaraq, film hətta müzakirə mövzusu olsa da bəşəri ideyalardan qorxaqdır.

“Yox, burada nəsə var, hökümət Azadlıq ideyalarının təbliğinə icazə verib” fikrində olanlar da var ki, onlar da yanılır, ya da bilərəkdən özünü aldadır. Zindanları jurnalistlərlə, azadlıq ideyalarını yayan insanlarla dolu ölkədə günbəgün itirilən azadlıqlar bariz nümunədir. Bəzi məqamlar var ki, problemin əsas səbəbi kimi tamamilə İslam dininə köklənməyə cəhd olunub, inanclı insanların məhrumiyyətlərə məruz qaldığı ölkədə bu da təsadüfi deyil.

Siyasi həbslərin, rejimə qarşı mübarizənin etiva olunmağı, gender bərabərsizliyinin sırf gerilikdən qaynaqlanan əlamət kimi təbliği, “azadlığa həvəsləndirmə, ruhlandırma” kimi qəbul etmək sadəlövhlük olar. Əksinə təhlükəli tendensiyadır. Gender bərabərliyinə nail olmaq üçün dövlət siyasəti olmalıdır – yəni sözdə yox, əməldə iş prinsipi.

Konkret olaraq filmin məzmununu analiz etsək, haqlı və doğru məqamlar xeylidir. Bir çox problemin kökündə cəzasızlıq durur, cavabdehi isə mövcud sistemdir. Buna baxmayaraq filmdə çox şey aydın göstərildiyi halda məsuliyyət yükünün sahibi olan sistemdən söhbət getmir. Qısaca, siyasi deyil, yayımlanması təəcüblü gəlməsin.

Könül Alı

Share on Facebook