"Parkinson" və "Altsheymer" xəstəliklərinin riskini azaldan dərmanın adı açıqlanıb
Vaşinqton Universitetinin Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, allopurinol preparatı neyrodegenerativ xəstəliklərin riskini azalda bilər.
Sozcu.az report-a istinadən xəbər verir ki, araşdırma "PLOS ONE" jurnalında dərc olunub.
Alimlər neyrodegenerativ xəstəliyi olan 43 min xəstənin və 334 min sağlam insanın tibbi qeydlərindən alınan məlumatları təhlil ediblər.
Tədqiqatın məqsədi üç neyrodegenerativ xəstəliyin daha aşağı riski ilə əlaqəli reseptlə satılan dərmanları müəyyən etmək idi: "Parkinson" xəstəliyi, "Altsheymer" xəstəliyi və amiotrofik yanal skleroz.
Tədqiqatçılar, hər üç neyrodegenerativ xəstəlik üçün ən güclü riskin azaldılmasının ksantin dehidrogenaz/oksidaz blokerləri ilə müşahidə edildiyini aşkar ediblər. Allopurinolun daxil olduğu bu dərmanlar "Gut" xəstəliyi üçün istifadə olunur.
Onların istifadəsi neyrodegenerativ xəstəliklərin hər bir qrupu üçün riskin 13-34%, orta hesabla 23% azalması ilə əlaqələndirildi.
Tədqiqatçılar həmçinin allopurinol qəbul edən və qəbul etməyən xəstələrdə neyrodegenerativ xəstəliklərin yayılmasını müqayisə edən əlavə bir araşdırma aparıblar. Tədqiqatın beşinci ilində allopurinol qəbul edənlərin neyrodegenerativ pozğunluq inkişaf etdirmə ehtimalı 23% az idi.
Alimlər qeyd ediblər ki, "Gut" dərmanlarının neyrodegenerativ xəstəliklərin gedişatını ləngidə biləcəyini öyrənmək üçün əlavə tədqiqatlar lazımdır.