Qarabağda silah daşınması: təhlükə realdır - Ekspert

Baş verənlər Qarabağ ərazisində rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındadır. Aprelin 23-də Laçında sərhəd-buraxılış məntəqəsi qurulduqdan sonra DSX prosesə nəzarət edir. Əvvəllər hər maşın üçün Ermənistan və separatçılardan pul alan rus sülhməramlılar indi gəlir yerləri bağlandığı üçün “daşıma”ları daxildə yerinə yetirirlər.

Bu sözləri Axar.az-a Qarabağda rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsində separatçıların qanunsuz daşımalarını himayə etməsi və bilavasitə iştirakı haqqında danışan hərbi ekspert Üzeyir Cəfərov deyib.

Hərbi ekspert rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında separatçıların öz “post”ları arasında yerdəyişmələri məqsədli apardığını, təhlükənin real olduğunu vurğulayıb:

“Baxın, Rusiya MN az qala hər gün atəşkəs rejiminin pozulması ilə bağlı məlumat yayır. Ancaq biz bir dəfə də olsun, Ermənistan və separatçıların törətdiyi təxribatlar haqqında Rusiya MN-nin məlumat yaydığını görmədik. Özləri isə separatçıların postları arasında silah və hərbi texnikanın daşınmasına göz yumur və onları “təhlükə”lərdən qoruyurlar. Çünki münaqişənin bitməsini istəmirlər. Aparılan yerdəyişmələr əlbəttə ki, bilərəkdən və məqsədli şəkildə edilir. Yəni separatçılar hücuma keçmək, yaxud baş verə biləcək hücumların qarşısını almaq üçün onlar üçün önəmli olan mövqeləri möhkəmləndirirlər. Təhlükə realdır. Nə qədər ki, ərazimizdə Ermənistan ordusunun qalıqları və separatçı terror dəstələri var, bu təhlükə davam edəcək. Doğrudur, müzakirələr davam edir, ancaq qətiyyən arxayınlaşmaq olmaz. Qarabağda on minə yaxın başıpozuq silahlı dəstə, əllərində isə artilleriya qurğuları, minaatanlar, pulemyot və s. var. Hansısa separatçı postları arasında topların, eyni zamanda digər texnikanın yerdəyişməsinin əsas məqsədlərindən biri Ordumuzun mövqelərini daim atəş nəzarətində saxlamaq və onlar üçün təhlükə yaratmaqdır. Bəs əgər Rusiya sülh istəyirsə, bunlara niyə yol verir? Əslində 10 noyabr bəyanatının dördüncü maddəsinin hələ də yerinə yetirilməməsi rus sülhməramlılar üçün utanc olmalıdır. Çünki dövlətlərin imzaladığı sazişlərə, razılaşma və bəyanatlara əməl etməsi onların ciddiliyinin və nüfuzunun əsas göstəricilərindəndir”.

Share on Facebook