Hər səhər həyatın bəxş elədiyi,
İlk sevgi məktubu kimidir mənə.
Hər səhər oyanıb şükr eləyirəm,
Açılan gün üçün, Allahım sənə.
Həyat bir kitabdır, səhifə fərqli,
Necə ki, bənzəməz, bu gün o günə.
Keçmişdən ibrət al, gəl dərs çıxart ki,
Xoşbəxt yaşayasan, baxıb dünənə.
Dünən bir dərs idi, bu günsə fürsət,
Sabah nə olacaq, gəlir mənə sirr.
Elə bil zaman da, surətlə uçur,
Elə bil zaman da, sona tələsir.
Hər qürub son deyil, bir başlangıcdır,
Hər pis arxasında, bir yaxşı gələr.
Hər nəfəs yenidən yaşamaq şansı,
Yaşamaq sevgisi, qəlblə yüksələr.
Həyat suda yanan, bir nurdu, sanki,
Tutmaq istədikdə, əlindən qaçar.
Həyat gözəllikdi, qürurdu sanki,
Xəfifcə toxunub, külək tək uçar.
Həyat dag çayıdır, su kimi axar,
Axara qovuşub, gedəndən olma.
Bu çayın önündə, yolunu tut ki,
Sonda axmaz olub, göllərə dolma.
Ey Zakir bu həyat kətana bənzər,
Rəngləri seçmək də, sənin əlində.
Elə seç çəkdiyin bir məna versin,
Nəgməyə qovuşsun elin dilində.
Müəllif: Zakir İsmayil