Yas mərasimində yeməkdən boğulub ÖLDÜ

Bakıda yas mərasimində ölüm hadisəsi olub. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən mərasim evlərinin birində baş verib. Burada yas mərasimində iştirak edən 57 yaşlı N. Məhərrəmov boğazında yemək qaldığı üçün boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda blogerlər vergiyə cəlb olunacaq?

Qazaxıstanda bahalı həyat tərzi nümayiş etdirən blogerlərin vergiyə cəlb olunması ilə bağlı qərar çıxarılıb. Belə ki, sosial şəbəkələr üzərindən ödəniş əsasında reklam işi görən şəxslər artıq vergi ödəməli olacaqlar. Eyni qayda Türkiyədə də tətbiq edilir. Sosial şəbəkə fenomenləri qazanclarına uyğun tənzimlənmə ilə müxtəlif məbləğdə vergi ödənişi həyata keçirirlər. Azərbaycanda da bahalı həyat nümayiş etdirən, geniş izləyici auditoriyası olan, müxtəlif mağaza və markalarla reklam işləri görən blogerlərin sayı az deyil Maraqlıdır, ölkəmizədə də reklama görə vergiyə cəlb olunma tətbiq edilə bilərmi? Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli əslində, bahalı həyat göstərməyin cinayət işi olmadığını deyib. O bildirib ki, bunun çıxış yolu dünyada tətbiq olunan gəlir vergisi bəyannaməsidir: “Şəxsin kimliyindən asılı olmayaraq, onun mütləq gəlir vergisi bəyannaməsi olmalıdır. Dünyada da belədir ki, ildə bir dəfə vəzifəsindən, statusundan asılı olmayaraq, bütün vətəndaşlar gəlir bəyannaməsi təqdim etməlidirlər. Bizdə də buna keçmək daha məqsədəuyğundur”. İqtisadçının sözlərinə görə, Azərbaycanda da əvvəl gəlir deklorasiyasının təqdim edilməsi ilə bağlı qayda qəbul olunub: “Lakin bunun tətbiqi nədənsə gecikdirilir. İnsanlar VÖEN açmalı və bütün gəlirlərini onun vasitəsilə rəsmiləşdirməlidirlər. Bəzi hallarda insanlar pulu xarici platformalardan qazanırlar. Yəni reklam gəlirləri və s. Bunlar da bəyannamədə əks olunmalıdır. Sadəcə, tənzimlənmə mexanizmi tapılmalıdır. Bunun da ən sadə yolu illik gəlir bəyənnaməsidir. Asan və optimal variantdır”.

Azərbaycanda dəhşətli cinayət: Həyat yoldaşını və 4 yaşlı oğlunu bıçaqladı

Dünən gecə Bakı şəhərində dəhşətli bir cinayət hadisəsi baş verib. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, kişi həyat yoldaşı Aysel Əfəndiyevanı və 4 yaşlı oğlu İlham Əfəndiyevi liftdə çoxsaylı bıçaq zərbələri ilə yaralayıb. Hadisə yerinə dərhal təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub. Cinayətin səbəbləri hələlik məlum deyil və polis hadisə ilə bağlı araşdırma aparır.

Azərbaycanla çox ağır itkilərin yaşanacağı müharibə olacaq - SENSASİON AÇIQLAMA

“1990-cı illərdə bizim müharibədə qalib gəlmək şansımız yox idi. Ancaq bir-birimizin qayğısına qalmaqla uğur qazana bildik. Ordunun ruhu yoxdursa, qalib ola bilməz”. Sozcu.az xəbər verir ki, bunu bir vaxtlar qondarma separatçı rejimin “Özünümüdafiə Qüvvələrinin birinci komandiri” olan Arkadi Karapetyan deyib. Karapetyan hazırda elan edilən sülh dövrünü mif adlandıraraq öz revanşist və faşist mövqeyini hələ də dəyişmədiyini göstərib. O bildirib ki, Azərbaycanla müharibə qaçılmazdır və ümumi tendensiyalar dünyada vəziyyətin gözlənilən pisləşməsindən xəbər verir. “Tramp bir gündə sülhə nail olacağına söz verdi, ancaq bunu bacarmadı. Ukraynada müharibənin necə bitəcəyi ümumiyyətlə bəlli deyil. Heç kim ümid etməsin ki, dünyada böyük müharibə baş verməsə, sülh olacaq. Deməli, bu, çox ağır itkilərin yaşanacağı bir müharibə olmalıdır. Biz o qədər birləşməliyik ki, sağ qala və qalib gələ bilək”, – Karapetyan vurğulayıb./Konkret.az

Ağsuda yeniyetmə bıçaqlandı

Ağsuda bıçaqlanma hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, gecə saatlarında 2009-cu il təvəllüdlü M.Ə. ağır dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.

Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Ulubaba kəndi ərazisində 2025-ci il 21 fevral tarixində mina hadisəsi baş verib. Nəticədə Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində İmanov Nağı ayağından xəsarət alıb. Yaralı şəxs dünən 21:40 radələrindən Bərdə rayon mərkəzi xətəxanasına aparılıb və müalicəsi orada davam etdirilib. Bərdə rayon mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədov Modern.az-a bildirib ki, xəstənin sağ aşağı ətrafı, baldır nahiyəsinin aşağı hissəsinin 3-də 1-i amputasiya olunub: “Nağı İmanov xəstəxanamıza çox ağır vəziyyətdə, həddindən artıq qan itirərək gəlmişdi. Dünənki gün üçün ağır olaraq dəyərləndirilirdi, ancaq bu gün vəziyyəti nisbətən stabilləşib və reanimasiya şöbəsində köçürülüb. Xəstənin vəziyyətinin bir neçə gün sonra tam stabilləşəcəyi gözlənilir və ona qədər müalicəsi davam etdiriləcək”.  Vüsal Məmmədov onu da vurğulayıb ki, xəstə hazırda ayılıb və suallara cavab verir: "Amma çox qan itirdiyi üçün vəziyyətindəki ağırılıq qalmaqdadır, bunun üçün də müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Hər keçən gün həyati riski daha da azaldacağı gözlənilir və 2 gün sonra vəziyyətinin daha stabilləşdiyini görmək mümkün olacaq". Qeyd edək ki, Nağı İmanov Birinci Qarabağın müharibəsi veteranıdır, o, Ağdərənin Sırxavənd kəndində anadan olub. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb. 

Azərbaycanda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirdi

Samuxda oğul atasına balta ilə xəsarət yetirib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarət yetirib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib. Faktla bağlı araşdırma aparılır.

Qaxda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Qax rayonunda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Ləkit kəndində baş verib. 1986-cı il təvəllüdlü Vaqif Süleymanov, onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Röyanə Süleymanova və ailənin 15, 13, 7 yaşlı övladları zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə daxil olub. Onların evdə işıq generatorundan ayrılan dəm qazından zəhərlənmələri məlum olub. Zəhərlənən şəxslərə lazımi tibbi yardım göstərilib, bu gün xəstəxanadan evə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Bu rayonlara qar yağır, 20 dərəcə şaxta...

Fevralın 22-si saat 10:00-a olan məlumata əsasən gözlənildiyi kimi, ölkə ərazisinin bəzi bölgələrində, eyni zamanda Bakıda və Abşeron yarımadasında yağan qarda fasilə yaranıb, digər rayonlarda isə Balakən, Sarıbaş, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Naxçıvan, Şahbuz, Culfa, Gədəbəy, Göyçay, Beyləqan, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Astarada davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağan qarın hündürlüyü Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) 80 sm, Qaxda (Sarıbaş) 55, Lerikdə 37 sm, Şəkidə 34, Oğuzda 22, Balakəndə 20, Qırızda 19, Kəlbəcər və Qəbələdə 18, Şamaxı, Daşkəsən, Şahbuzda 15, Şahdağda 16, Xaltan və Astarada 14, Naxçıvan, Laçın, Qubadlı, Altıağac, Göygöl, Gədəbəydə 12, İsmayıllıda 11 sm, Xınalıq, Kəlvəz, Şuşada 10, Qusar, Göyçayda 9, Yardımlıda 7, Xankəndi, Xocalı, Quba, Lənkəran və Zərdabda 6, Ağsu, Qobustan, Biləsuvarda 5, Tərtər, İmişlidə 4, Culfada 3, Füzulidə 2, Şərur, Kürdəmirdə 1, Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir. Havanın minimmal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 4, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb. Yaranan fasilədən sonra 22-si axşamdan yenidən qarın yağması gözlənilir.

Əlində duz səpə-səpə...

Yenə bu bədbəxt şəhərə, Qar yağıb,min dərd gətirdi. Yenə məmurlar qazandı, Yenə kasıblar itirdi.  Çay içib, nə mürgülərdim, Soba yanında bürüşüb?! Dayanacaqda durmuşam, Əlim-ayağım büzüşüb.  "Heç yaraşmır Bakıya qar", Deyib, deyinir insanlar. Qarın deyil,məmurların Ucbatındandır nöqsanlar.  Əlində duz səpə-səpə, JEK-in işçisi gəzişir. Rəisisə  otağında Katibəsiynən sevişir.  Sürüşən kim,yıxılan kim, Əli-qolu qırılan kim. Bakının merin yad edən, Məzar daşı yarılan kim.  Tez çataydım evə, məndən Nigaran qalıbdır anam. Mən soyuqda küçədəki Heyvanlardan nigaranam  Qarın altında büzüşüb, Boynu bükük qalıb nərgiz. Alo .Çörək alım?Yaxşı. Yoldayam,gəlirəm Nərgiz. Elçin Rəhimzadə

Polkovnik-leytenant vəfat etdi

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Azad Bağırov vəfat edib. Sozcu.az xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıb. Bildirilib ki, Gədəbəy rayonundan olan 49 yaşlı Azad Bağırov qəfil rəhmətə gedib. Qeyd edək ki, A. Bağırov uzun illər Azərbaycan Ordusunda ön xəttdə kəşfiyyatçı kimi xidmət edib, Vətən müharibəsi iştirakçısı olub.

Berbok Trampı hədələdi: Təzyiqi artıracağıq ki...

Amerikalılara təzyiqi artıracağıq ki, onlar Avropanın liberal demokratiyasını dəstəkləməyi dayandıracaqları təqdirdə itirəcəkləri çox şeyin olduğunu başa düşsünlər. Sozcu.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok ABŞ prezidenti Donald Trampı ABŞ-la əlaqələri kəsməklə hədələyərkən deyib. Berbok Trampı yalnız “tvit” yazmaqda və real dünyanı görməyə çətinlik çəkməkdə günahlandırıb.

İmişlidə yol qəzası: piyada öldü

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə axşam saatlarında 28 May küçəsində qeydə alınıb. Cəlal İmanov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən, piyada Azad Tağıyevi vurub. Ağır xəsarətlər alan piyada ölüb. Faktla bağlı araşdırma aparılır.

Zelenski cəsur və mübariz liderdir - Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi

ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukrayna Prezidenti Volodimir Zelenskini mübariz və cəsur lider adlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə Kelloq “X”də paylaşım edib. Kelloq bildirib ki, Zelenski və onun istedadlı milli təhlükəsizlik komandası ilə müzakirələr geniş və müsbət olub. Qeyd edək ki, Donald Tramp Zelenskini Ukraynada prezident seçkilərini keçirməkdən imtina etdiyi üçün diktator adlandırıb.

Kinq Trampı təhqir etdi: Putini sevən əclaf!

Amerikalı məşhur yazıçı Stiven Kinq ABŞ Prezidenti Donald Trampı satqın, Putini sevən əclaf adlandırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə səhifəsində yazıb. "Bu sözlərin iki dəfə artığı İlon Maska aiddir", - o bildirib.

Qarabağda mina partlayışı: İmanov yaralandı...

İşğaldan azad olunmuş ərazidə mina hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmiş Nağı İmanov mina partlayışı nəticəsində xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım heyəti cəlb edilib. Onun səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Qaz balonu partladı - İki qardaş yaralandı

Gəncə şəhərində qaz balonu partlayıb, iki qardaş xəsarət alıb. Sozcu.az "Report"a istinadən məlumat verir ki, qaz balonunun partlaması nəticəsində 1958-ci il təvəllüdlü Rüstəm Abbasov və onun qardaşı, 1960-cı il təvəllüdlü Qasım Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

İmamoğlu prezidentliyə namizədliyini açıqladı

İstanbul Böyük Şəhər Bələdiyyəsinin bələdiyyə sədri Əkrəm İmamoğlu Cümhuriyyət Xalq Partiyasında (CHP) ilkin seçki ilə müəyyənləşəcək olan ölkə prezidentliyinə namizədlik üçün ərizəsini təqdim edib. Sozcu.az xəbər verir ki, Əkrəm İmamoğlu petisiyaya imza atdığı anları sosial media hesabında paylaşıb. “Bu gün yeni başlanğıcın ilk addımını atdım və üzvü olmaqdan şərəf duyduğum Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olmaq üçün rəsmi ərizəmi verdim”, - o, paylaşımda yazıb.

Şaxtalı hava neçə gün davam edəcək?

Bu il fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, ən rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb: "Son 40 il ərzində fevral ayında ən aşağı temperatur 2012-ci ildə qeydə alınıb və fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib. Havanın minimal temperaturu fevralın 8-də Bakıda mənfi 11 dərəcə olub, bununla da 1969-cu ilin 9-10 fevral rekordu (9.6 dərəcə şaxta) yenilənib". Nazim Mahmudovun sözlərinə görə, 2014-cü ilin fevralında isə şaxtalı dövr 8 gün davam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub: “Sonraki illərdə havanın minimal temperaturu 2021-ci ildə 5.5, 2017-ci ildə 3.4, 2023-cü ildə 3.1, 2024-cü ildə 2.8 dərəcə şaxta qeydə alınıb. Lakin qeyd olunan illərdə Bakıda və Abşeron yarımadasında şaxtalı dövrün davamiyyəti 1-3 gün olub. Bu il isə fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək”.

Bakıda 2, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta - FAKTİKİ HAVA

Fevralın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ölkə ərazisində şaxtalı və fasilələrlə qarlı hava şəraiti davam edir. Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şahbuz, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Beyləqan, Yardımlı, Lerik, Lənkəran, Astara, Şuşa, Kəlbəcər, Laçın, Xankəndi, Qubadlıda qar yağır. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.7 metrdir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta qeydə alınıb.

Evdən çıxmasanız, yaxşıdır!- Hava daha da pisləşəcək

Fevralın 20-dən başlayaraq ölkə ərazisində qarlı hava şəraitinin qarşıdan gələn saatlarda daha da güclənəcəyi bildirilir. Sozcu.az xəbər verir ki, metereoloqların məlumatına əsasən, hazırda Bakıda müşahidə olunan -3 dərəcə temperatur yaxın saatlarda daha da aşağı enəcək, axşam və gecə saatlarında isə -7-8 dərəcəyə çatacaq. Bu isə yolların buz bağlayacağını, gediş-gəlişin çətinləşəcəyini, avtomobillər üçün qəza riskinin artacağını, hətta piyadaların hərəkətinə ciddi maneələr olacağını deməyə əsas verir. Bütün bunları nəzərə alaraq, metereoloqlar əhalini diqqətli olmağa, zərurət yaranmadan evdən və ya olduqları yerdən bayıra çıxmamağı, uzaq məsafələrə səfər planlaşdırmamağı tövsiyə edirlər. Məlumat üçün bildirək ki, hava haqqında proqnozu təqdim edən əksər mobil proqramlar hazırkı temperaturla yanaşı, hiss edilən real dərəcəni də göstərirlər. Məsələn, hazırda Bakıda temperatur 0 dərəcə göstərsə də, -14 dərəcə soyuq hiss olunur.

Bu ərazilərdə qar 1 metrə çatır: istilik 7,5 dərəcə aşağıdır

Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib. O bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə olunur. Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta qeydə alınır ki, bu da çoxillik iqlim normasından 7.5 dərəcə aşağıdır. Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir. Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır.

Bakıya qar yağan kimi istilik kəsildi

Bakıda ötən gün havaların kəskin soyuqlaşması ilə Xətai rayonu ərazisində istiliyin verilməsi də dayandırılıb. Sozcu.az xəbər verir ki, artıq ötən gün axşam saatlarından binalar istilik almır. “Azəristiliktəchizat” ASC ən sərt soyuqlarda Xətaidə binalara niyə istilik vermədiyinin səbəbi ilə bağlı açıqlama yaymayıb. Qeyd edək ki, bu mövsümdən Bakıda binaların daha keyfiyyətli istiliklə təmin edilməsi məqsədilə istilik təminatına görə qiymətlər tam iki dəfə (!!!) artırılıb və 1 kv.m üçün 15 qəpikdən 30 qəpiyə qaldırılıb.

“Küçələrə duz səpmişəm…”: Bakıda duz əllə səpilir

Hazırda paytaxt Bakıda qarlı hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, dünən axşam saatlarından Bakıya yağan qar nəticəsində yollar buz bağlayıb, nəqliyyatın hərəkəti iflic olub. Bakı Şəhər İcra Hakimiyyəti qarlı hava şəraitilə bağlı 100 texnika və 2 min işçi ilə yolların təmizlənməsinə çalışdığı barədə açıqlama yayıb. Sosial şəbəkələrdə isə dünən gecə saatlarında Bakıdakı kommunal xidmət işçilərinin bəzi yollara duz səpməsinin görüntüləri yayılıb. Duzun xususi maşınlarla deyil, işçilər tərəfindən səpilməsi sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyalarına səbəb olub.