Təcili yardım maşınımız Xankəndiyə daxil oldu

Bu gün axşam saatlarında ekoloji fəallarımızın aksiyasının keçirildiyi yerin yaxınlığında diqqətçəkən vəziyyət yaşanıb. Sozcu.az xəbər verir ki, saat 18:15 radələrində Rusiya sülhməramlıları Ermənistandan bir qrup erməni vətəndaşı gətirsələr də, onların keçidini ilkin olaraq razılaşdırmayıblar. Vəziyyət aydınlaşarkən səhhəti pis olan üç mülki şəxsə tibbi yardımın gərəkdiyi məlum olub. Azərbaycan tərəfi erməni əsilli vətəndaşları üçün təcili tibbi yardım maşını təşkil edib və o gələnə qədər həkimlərimiz yerindəcə köməklik göstəriblər. Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını xəstələri Xankəndiyə çatdırıb. Çox simvolikdir ki, Xankəndiyə ilk olaraq əsgərlərimiz yox, həkimlər daxil olub. İnteqrasiya öz yolundadır.

Təhsil nazirliyinin fırıldaqlıq etdiyi ölkədə təhsildən nə umasan?

Təhsil nazirliyi ötən ilin noyabr ayında Dövlət Proqramı ilə təqaüdlü təhsil alına biləcək universitetlərin siyahısını konkret ixtisaslar üzrə elan etdi. Rəsmi səhifəsində elan etdiyi sənəddə dünya universitetlərinin TOP siyahısına liderlik edən ABŞ, Kanada kimi ölkələrin və universitetlərin adını bakalavr siyahısına daxil etmədi. Beləcə bu ölkəni və TOP universitetləri hədəfləyən gənclərin çoxu yüksək təhsil xərclərinə görə bu universitetlərin müraciət prosesində iştirak etmək istəmədi.  Bundan  beş ay  keçdi, təhsil nazirliyi mart ayının sonunda ötən ilin noyabr ayında elan etdiyi həmin siyahıya balaca bir əlavə etdi. Buna görə ABŞ-ın Texas A&M Universitetinin ekologiya mühəndisliyi, neft mühəndisliyi ixtisasları, Michigan Universitetinin dəniz mühəndisliyi ixtisası və Iowa Universitetinin baytarlıq elmləri bakalavr pilləsi üzrə təqaüd siyasına daxil edildi. Bu bəs eləmədi, bir də daha əvvəlki siyahıdan fərqli olaraq əksəriyyəti ABŞ-da yerləşən TOP 10 universitetlər də sakitcə siyahıya əlavə olundu. Hansı ki, bu universitetlərin müraciət tarixi çoxdan, təhsil nazirliyinin "xırda düzəlişindən" üç ay əvvəl başa çatmışdı.  Sual yaranır. Kimin üçün? Hansı dərəcəli yaxınlar üçün? Təhsil nazirliyinin himayə etdiyi hansı özəl təhsil şirkətləri üçün?  Təhsil nazirliyi bu universitetlərdə təhsil almağa layiq olan gənclərin əksəriyyətini beş ay əvvəl öz məqsədlərindən daşındırır, son anda isə bəziləri üçün belə çirkin saxtakarlıqla təqaüd imkanı yaradır. Bu işi ədəb-ərkanla görməyin yolu odur ki, əvvəl təqaüd şərtlərini elan edirsən, sonra bu şərtlərə uyğun olanlar müraciət edir. Amma bizim təhsil nazirliyi deyəsən əvvəl namizədləri seçir, sonra təqaüd şərtlərini həmin namizədlərə uyğunlaşdırır.  Əziz təhsil nazirliyi, təqaüd proqramına xərclədiyiniz vəsait dədə malınız deyil. Bu xalqın vergiləriylə formalaşan dövlət büdcəsinindir. Xalqın vəsaitini xalq üçün xərcləyin. Öz yaxınlarınız, maddi və mənəvi formada durmadan himayə etdiyiniz özəl təhsil şirkətləri üçün xərcləməyin. İdeoloji şəbəkələşmənizi netvorkinq oyunu kimi sırımağa çalışsanız da, kimləri hansı maraqlarla dəstəklədiyinizi çox yaxşı başa düşürük. Sizi indiyə qədər ciddiyə alıb bəzən lehdə, bəzən əleyhdə müzakirə etməkdə çox səhv etmişik. Ən çox layiq olduğunuz münasibət elə lağlağıya qoyulmaq imiş. Təhsil eksperti, Kamran Əsədov

Bir milləti öldürmək istəyirlərsə, o prosesə kənddən başlayırlar

Kəndlərdə qapısı bağlı evlər görəndə kədərlənirəm. İnsanlar şəhərə axışır. Kəndlər yavaş-yavaş boşalır. Hal-hazırda isə su qıtlığı çox ciddi bir problemə çevrilib. Belə getsə, qalan adamlar da yavaş-yavaş kənddən çıxacaq. Bir tərəfdən də ən koloritli adamlar yaşa dolub dünyasını dəyişir. Yerini yaddaşsız, tiktokun yaratdığı gənclik tutur. O gənclik isə nə Azərbaycan dilini bilir, nə də milli ruh daşıyıcısıdır. Millətin ruhu kəndlərdədir. Adam şəhərdə xəsis olur, amma kənddə pul xərcləmək istəyir. Bu insanda özünü göstərmək instikidir. Bəs niyə məhz kənddə özünü göstərmək istəyir? Çünki kənd bizim ruhumuzu qoyub gəldiyimiz yerdir. Bir milləti öldürmək istəyirlərsə, o prosesə kənddən başlayırlar. Arvadların danışıqlarına baxıram, kişilərin bir-birləri ilə zarafatlarına baxıram. Nə qədər doğmadır. Onlar zahirən savadsız görünə bilərlər. Ancaq sağlam ruhları var. Bilmirlər, amma fəhmləri var, hiss eləyirlər, duyurlar. Kəramət Böyükçöl 

NATO-ya üzvlüyümüz kiməsə qarşı deyil - Niinistö

Finlandiyanın NATO-ya daxil olması hansısa ölkəyə qarşı yönəlməyib. Sozcu.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Sauli Niinistö Tvitterdə bildirib. “Finlandiyanın üzvlüyü kiməsə qarşı yönəlməyib. Bu, həmçinin dövlətin xarici və təhlükəsizlik siyasətinin əsasını və ya məqsədlərini dəyişmir. Finlandiya mübahisələrin sülh yolu ilə həllinə çalışan sabit və proqnozlaşdırıla bilən Skandinaviya ölkəsidir. Finlandiya üçün vacib olan prinsiplər və dəyərlər bundan sonra da xarici siyasətimizi müəyyən edəcək”, - o, bildirib.

Trampla bağlı növbəti məhkəmə prosesi gələn il keçiriləcək

ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı növbəti məhkəmə iclası dekabrın 4-də keçiriləcək. Sozcu.az-ın CNN-ə istinadla xəbərinə görə, işə 2024-cü ilin yanvarında baxıla bilər.

Rusiya ilə cəbhə xəttinin uzunluğu 1200 km-dan artıqdır

Hazırda Ukraynada aktiv hərbi əməliyyatlar xətti 1200 kilometrdən artıqdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. "Bu, Vaşinqtondan Çikaqoya kimi bir məsafədir. Milyonlarla insan bizim ya Rusiya bayrağını götürdüyümüz, ya da bayraqdan azad etməyə hazırlaşdığımız şəhər və kəndlərdə yaşayır. Bu rəqəmi düşünün: ölkəmizdə 1900-ə yaxın şəhər və kənd bərpa edilməlidir. Məktəblər və kilsələr, yaşayış binaları və müəssisələr, nəqliyyat və elektrik stansiyaları... Dağıdıcı tornadodan sonra yaşayış şəraitini bərpa etməyin nə demək olduğunu hamınız yaxşı bilirsiniz", - Zelenski qeyd edib.

Zelenski NATO sammitinə çağırıldı

Ukrayna Prezidenti Vladimir Zelenski iyulda keçiriləcək NATO sammitinə dəvət olunub. Sozcu.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq məlumat verib. "Güclü müstəqil Ukrayna Avro-Atlantik regionun sabitliyi üçün həyati əhəmiyyət kəsb edir və biz iyulda Vilnüsdə keçiriləcək sammitimizdə prezident Zelenski ilə görüşməyi səbirsizliklə gözləyirik", - Stoltenberq bildirib. Qeyd edək ki, NATO-nun sammiti iyulun 11-də Vilnüsdə keçiriləcək.

“Məhkəmə - hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezident Fərmanının qəbulundan 4 il keçdi

5-ci ilə qədəm qoyulan gün bircə gün də olsa məhkəmə sistemində işləməyən şəxs Ali Məhkəmənin sədri postuna addımladı Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə- hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019 -cu il tarixli 604 saylı Fərmanının qəbulundan 4 il keçdi. Bəs məcburi icra edilməli olan fərmanın icrası nə yerdədir? Ali Məhkəmənin sədri Ramiz Rzayevin yaş həddi ilə bağlı “nəvələri ilə oynamağa getməsindən” özgə bir önəmli dəyişiklik hiss olunmur. Dünən - Fərmanın qəbul olunduğu 03 apreldə MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında bircə gün də olsa məhkəmə sistemində çalışmayan şəxsin Ali Məhkəmənin hakimliyinə tövsiyə edilməsi və bugünkü plenar iclasda hakim təyin olunması məhkəmə - hüquq sistemində islahatların necə dərinləşdirilməsini ortaya qoyur. Amma biz nə edə bilərik, böyük Füzuli demiş, “hökm onun hökmüdür, fərman onun fərmanıdır”! Biz onu deyə bilərik ki, digər normativ hüquqi aktların icra olunmadığı kimi, Prezidentin 4 il qabaq imzaladığı normativ hüquqi akt fərman da kağız üzərində “icra olunub”. “Dərinləşən” qeyri-prosessual münasibətlər, on illərdir məhkəmə qərarlarının icra olunmaması, Prezidentin yanındakıların məhkəmə hakimiyyətini notariat kontoruna çevirmələri “islahatıdır”. Məhkəmə hakimiyyətini ədliyyə, icra, məhkəmə məmurlarının, məhkəmənin texniki işçilərinin könüllü girovluğundan qurtarmaq gerçək islahat olardı. Təsəvvür edin, sıradan bir icra məmuru,  məsləhətçi, vəkil bu boyda məhkəmə - hüquq sistemini “barmağına dolayıb”, bu “dolanışıqdan” hakimiyyətin müstəqil qolu elə şad olur ki, prosessual hüquq da yaddan çıxır, maddi hüquq da. Oxuyanları çox yormadan Prezidentin 03.04.2019 tarixli Fərmanının 6-cı bəndi ilə Ali Məhkəməyə tövsiyə edilən məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıüçün görülən tədbirlərə baxaq . Heç bir tədbir görülməyib. Məhkəmə təcrübəsinin vahidliyi prinsipi eyni xarakterli işlərə baxılmasının vahid mexanizmini doğrulayır. Bakı -Şəki İnzibati Məhkəmələri, apellyasiya instansiyaları, hətta Ali Məhkəmənin özü, hətta Konstitusiya Məhkəməsinin özü isə DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilovun qeyri-prosessual basqısı ilə 4 il qabaq qəbul edilməyən saxta qərardadı (??) hüquqi presedent kimi məhkəmə - hüquq sisteminin normativ hüquqi aktı kimi qüvvəyə mindirib. Bu saxta qərardadın  məhkəmə təcrübəsinin vahidliyi prinsipinə zidd olaraq hələ də Konstitusiya aktı kimi yalnız Qarabağ əlillərinə aidliyi   sürür. Qarabağ əlil(lər)ininmübahisə predmetinə toxunmayan qərardaddan şikayət hüququna,  eyni predmetüzrə yenidən iddia qaldırmaq hüququna qadağa qoyulub. Belə məhkəmə təcrübəsinin vahidliyi prinsipi olar? Fərmanın 7-ci bəndi ilə Ədliyyə Nazirliyinə tapşırılan məhkəmə qərarlarının icrasının vaxtında təmin edilməsi , “Elektron icra” informasiya sisteminin tətbiqi ,icra məmurlarının süründürməçilik və digər sui-istifadə hallarına yol vermələrininqarşısının alınması üçün tədbirlər görülməsinə də əməl edilməyib.  Təsəvvür edin, Prezidentin,  1-ci vitse-prezidentin tapşırığına icra baş idarəsinin məsləhətçisi cavab verir! (?) Belədə hansı məhkəmə - hüquq islahatından danışmaq olar? Ədliyyə Nazirliyifərmanın 7.3 bəndinə əməl edərək alternativ icra mexanizmləri, o cümlədən icranın özəl qurumlara həvalə edilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənib, Azərbaycan Respublikasında tətbiqinin mümkünlüyünə dair Prezidentə məlumat veribmi? Bilinmir, onlarla illərdir məhkəmə qərarlarının icrası nəinki gerçəkləşir, əksinə, icraya elə Ədliyyə Nazirliyinin,  icra baş idarəsinin məsləhətçilərinin qeyri-prosessual göstərişi ilə qadağa qoyulur. Hətta iş üzrə tələbkara icranı tələb etdiyinə görə saxta cinayət işi sifariş edilməsi, işgəncə verilməsi faktı var. Beynəlxalq təcrübə beynəlxalq məhkəməyə üz tutmağı diqtə edir. Prezident aktının 8-ci bəndində baş prokurora dövlət  ittihamının müdafiəsi və protest verilməsinin keyfiyyətinin artırılması üçün tədbirlər görmək tövsiyə edilib. Yəqin buna əməl edilər. Vəkillər Kollegiyasına Fərmanın 9-cu bəndi ilə verilən tövsiyəyə -vəkillərinhəkimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətə yol vermələrinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi- əməl edilməməsidə göz qabağındadır . Vəkillərin başlıca işi elə pullu müştərilərin göstərişi ilə qeyri-prosessual münasibətə girməkdir. Hazırda “MTN işi”ndəvəkilin yarım milyonluq qeyri-prosessual münasibətdən həbsə düşməsi bunun sübutudur. Vəkillərin dövlət orqanlarına vəkillik etmələri, hətta onların səlahiyyətli nümayəndələri olmaları qeyri-rəsmi və qeyri – prosessual qaydada sürür. Hakimlər isə buna qeyri-prosessual basqı altında susur. Bircə fakt :12.12.2022-ci il tarixli Bakı İnzibati Məhkəməsinin iclasında hakim Orxan Həsənov DİN-in“vəkili” Əlirza Həbilovun nümayəndəsi Orxan Babayevin etibarnaməsini , DİN başçısı ilə müqaviləsini, tələb edilsə də, göstərmədi. İnzibati hüquq sahəsində ixtisaslaşmayan 3 ilin vəkili ilə DİN başçısının müqavilə bağlaması mümkün deyil. Deməli, DİN-in keçmiş saxta vəkili və nümayəndəsi Əlirza Həbilov özü DİN -in adından Orxan Babayevi vəkil edib!(?)Vəkillər Kollegiyası Prezidentin tövsiyəsinə niyə əməl etmir? Onu da vurğulayaq ki, Əlirza Həbilov indi də Bakı Apellyasiya Məhkəməsinə qeyri-prosessual sifariş verib ki şikayəti mümkün saymasın ; guya şikayət vaxtında verilməyib. Nə isə, 4 il qabaqkı islahatların dərinləşdirilməsifərmanından bir gün də olsa, məhkəmədə işləməyən şəxsin Ali Məhkəmənin sədri postuna gətirilməsi “islahatı” çıxdı. Görək, daha hansı islahatlarla heyrətlənəcəyik? Daha bizdə,  eldə deyildiyi kimi, issahat – islahat qalmadı. .. Məğrur Bədəlsoy

Donald Trampın həbs qərarı ləğv olunub

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs qərarı ləğv edilib. Bu barədə CNN məlumat yayıb. Qeyd edilir ki, Tramp ittiham olunduğu məhkəmə binasını tərk edib. Daha əvvəl Trampın qiyabi həbs olunduğu xəbər verilib. Bildirilirdi ki, həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək.

İcra başçısı Rəsulzadənin adını küçədən götüzdürdü

Şirvan şəhərində Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adı dəyişdirilərək, "İstiqlaliyyət küçəsi" adlandırılıb. Sozcu.az-ın məlumatına görə, bununla bağlı Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tapşırıq verib.  İcra başçısı İlqar Abbasov sözügedən küçənin adının dəyişdirilməsi ilə bağlı işləri bacanağı və köməkçisi olan Etibar Yolçiyevə həvalə edib.  İcra başçısının bu addımı Şirvan şəhər sakinlərinin ciddi narazılığına səbəb olub.  Şəhər sakinləri bildirib ki, sözügedən küçə 30 ildir Rəsulzadənin adını daşıyıb: "İcra başçısı İlqar Abbasovun bu cür addımı yolverilməzdir, cənab Prezidentimizin siyasətinə qarşı çıxmaqdır. Şəhərin 2-ci ən böyük prospekti olan M. Ə. Rəsulzadə küçəsi 30 il idi ki, onun adını daşıyırdı. Hansı zərurətdən bu cür addım atılıb, anlaya bilmirik". Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinə informasiya sorğusu göndərsək də, hələlik cavab verilməyib./Demokrat.az

Putinin mühafizəçisi Rusiyadan qaçdı və onu “müharibə cinayətkarı” adlandırdı... - FOTO

2022-ci il oktyabrın ortalarına qədər Rusiya prezidenti Vladimir Putinin məxfi rabitəsini təmin edən şöbədə mühəndis işləyən Federal Mühafizə Xidmətinin (FSO) kapitanı Qleb Karakulov xaricə qaçıb. “Dosye” araşdırma mərkəzi Karakulovla müsahibə dərc edib. Karakulov Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra ölkədən qaçaraq müharibəni pisləyən ən yüksək rütbəli kəşfiyyat rəsmisi sayılır. Rusiyada ona qarşı fərarilik maddəsi ilə cinayət işi açılıb. Kapitan Karakulov müsahibəsində qaçmasının əsas səbəbinin Ukraynaya genişmiqyaslı müdaxilə olduğunu söyləyib. FMX-nin keçmiş əməkdaşı Putini “müharibə cinayətkarı” adlandırıb. Karakulov qaçışının təfərrüatları barədə də danışıb. Dediyinə görə, ötən ilin oktyabr ayında o, Qazaxıstana ezamiyyətə göndərilib. Həmin vaxt o, xanımı və uşağını da Qazaxıstana gətirməyi bacarıb. Oradan ezamiyyətinin son günündə ailəsi ilə birlikdə xidməti pasportla İstanbula uçub. Karakulov FMX-nin necə işlədiyi barədə bir sıra təfərrüatlar verib və onu “olduqca müstəqil təşkilat” adlandırıb. Onun bildirdiyinə əsasən, Vladimir Putin nə mobil telefondan, nə də internetdən istifadə edir. “Onun aldığı bütün məlumatlar yalnız birbaşa yaxın adamlardan gəlir. O, bir növ informasiya vakuumunda yaşayır”, - deyə xüsusi rabitə zabiti danışıb. Karakulovun sözlərinə görə, prezidentin ağır xəstə olması faktı ona məlum deyil. Karakulov Putinin Gəlincikdəki iqamətgahına getmədiyini, tez-tez ora səfər edən və əlaqəni yoxlayan həmkarlarından birinə istinad etdiyini bildirib. Keçmiş zabit Putinin xüsusi qatardan istifadə etdiyini təsdiqləyib. “Prezidentin hər bir xarici səfərində istifadə etdiyimiz danışıq kabineti var. Bu, təxminən 2,5 m hündürlüyündə bir kubdur. Burada təhlükəsiz şəkildə bütün orqanlarla əlaqə saxlamaq olur”, - deyə Karakulov bildirib. FMX zabitinin dediyinə görə, Putinin Sankt-Peterburq, Soçi və Novo-Oqaryovodakı ofisləri interyer baxımından tamamilə eynidir. FMX kapitanı 2009-cu ildəki Putinlə indiki Putini “iki fərqli insan” kimi təsvir edib. “İndi o, çox təcrid olunub. Onun reallığı dərk etmə qavrayışı da dəyişib”, - deyə Karakulov vurğulayıb.Musavat.com

Tramp həbs edildi - Təcili

ABŞ-ın keçmiş prezidenti Donald Tramp qiyabi həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.

Prezidentdən İnam Kərimovla bağlı - Sərəncam

İnam İmdad oğlu Kərimov Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanın kənd təsərrüfatı naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası kənd təsərrüfatı nazirinin müavini Sarvan Elxan oğlu Cəfərova həvalə edilib.

Hamınız türk bayraqlarısınız - Alparslan Türkeş

4 aprel türk dünyasının müdrik lideri, türk milliyətçiliyinin və Milliyətçi Hərəkat Partiyasının qurucusu, başbuğ Alparslan Türkeşin anım günüdür. Sozcu.az onun haqqında bir sıra məlumatları təqdim edir: Alparslan Türkeş 25 noyabr 1917-ci ildə Əhməd Həmdi əfəndi və Fatmagül Zəhra xanımın ailəsində Əli Arslan olaraq dünyaya gəlmişdir. Ailəsinin sürgünə göndərildiyi Lefkoşada dünyaya göz açmışdır. Əslən Kayserilidir. İlk və orta təhsilini Lefkoşada almışdır. Türklük və türkçülük şüuru ilə bilənmiş müəllimi Osman Zəki bəy elə o dövrlərdə “Adın Alparslan olsun” deyərək Əli Arslanın adını dəyişir və onun Sultan Alparslana bərabər igid türk olmasını arzulayır. 1933-cü ildə ailəsi ilə birlikdə İstanbula köçmüşdür. Hərbi sferaya böyük sevgisi olan Alparslan Türkeş 1936-cı ildə Qülləli Hərbi Liseyinə daxil olmuş, 1938-ci ildə kiçik leytenant rütbəsi ilə məzunu olmuşdur. 1940-cı ildə Rəfik Yurdsevərin qardaşı qızı Müzəffər xanımla evlənmiş, daha sonra isə Seval xanımla ailə qurmuşdur. Türkeşin iki evlilikdən yeddi uşağı olmuşdur. 1944-cü ildə baş leytenant Türkeş Nihal Adsız və Nejdət Səncərlə birlikdə "İrqçilik-turançılıq" məhkəmə iddiası üzrə mühakimə olunur. 1945-ci ildə həbsdən azad olunur və 1947-ci ildə bəraət alır. 1959-cu ildə də Almaniyanın Atom və Nüvə Tədris Mərkəzinə göndərilir. Buradakı təhsilinin ardınca polkovnik rütbəsi alaraq, Türkiyə Quru Qoşunlarının NATO şöbəsinin müdiri təyin olunur. 1963–1980-ci illər arasında dörd çağırış Ankara və Adanadan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1975-ci ildən sonra qurulan 1-ci və 2-ci Milli cəbhə hökumətləri dövründə baş nazirin müavini vəzifələrində çalışmışdır. 1965-ci ildə Cümhuriyyətçi Kəndli Millət Partiyasının, 1969-cu ildə isə Milliyətçi Hərəkat Partiyasının sədri seçilmişdir. Türkeş Azərbaycana və onun istiqlalına, Azərbaycan davasına böyük önəm verib. Onun Azərbaycan milli azadlıq hərəkatının lideri və daha sonra prezident olan Əbülfəz Elçibəylə xüsusi dostluq münasibətləri var idi. Türkeşin təlimatı ilə xeyli sayda ülküçü gənc 1992-93-cü illərdə Azərbaycana gələrək, ermənilərə qarşı savaşda qəhrəmanlıqlar göstəriblər. “Hamınız türk bayraqlarısınız. Bayrağı ləkələməyin, çirkləndirməyin, yerə atmayın” deyən Alparslan Türkeş 4 aprel 1997-ci ildə Ankarada vəfat etmişdir.kult

"Necə olur ki, İran tərəfindən narkotik rahat keçir, amma bizimkilər tutur?! Bu, bir az şübhəlidir"

“Demək olar ki, hər gün İrandan ölkəmizə keçirilməyə çalışan narkotiklər tutulur, bu haqda məlumat verilir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib. O, son günlər İranla gərginləşən vəziyyətdən, habelə bu ölkədən Azərbaycana keçirilən narkotiklərlə qarşı mübarizədən söz açıb: Xatırladaq ki, Xalq artistini müsahib seçməyimiz təsadüfi deyil. 2011-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən "Tərsinə çevrilən dünya" Azərbaycan-İran birgə filmində o, DİN-in yüksək rütbəli zabiti rolunda çəkilib. Həmin filmdə generalı canlandıran R. Balayevin rəhbərlik etdiyi idarə İrandan Azərbaycan ərazisinə narkotik qaçaqmalçılığı, yerli və xarici mafiozlarla mübarizə aparır.  Xalq artisti narkotraffik və narkomaniya əleyhinə mübarizə mövzuda danışarkən qeyd edib: “Dəqiq deyə bilmərəm, amma yəqin ki, bu da gənclərimizi pozmaq, onları narkotikə qurşandırmaq üçün bir siyasətdir. Necə olur ki, İran tərəfindən narkotik rahat keçir, amma bizimkilər tutur?! Bu, bir az şübhəlidir. Xəbərlərdə görürəm ki, hər gün 40-50 kilo narkotik keçirmək istəyirlər. Gənclik bizim gələcəyimizdir axı. Onlar bu üsulla gəncliyimizi məhv etmək istəyirlər". R. Balayev əlavə edib: "Bu gün İranla vəziyyətimiz gərgindir. Ona görə də bu gün narkotiklərə qarşı birgə mübarizədən danışmaq olmaz. Amma müəyyən bir zamandan sonra bunu bərabər həyata keçirmək olar. Bu gün onlar bizə qarşı təbliğat aparır deyə, hazırda birgə işdən danışmaq çox tezdir. Gələcəkdə isə bunu düşünmək olar”. 

Erməni özlərinin basdırdığı minaya düşdü

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı qeydə alınıb. Sozcu.az xəbər verir ki, Xocavənddə qanunsuz məskunlaşan ermənilərdən biri özlərinin basdırdıqları minaya düşüb. Xəstəxanaya yerləşdirilən şəxsə sol ayağın travmatik amputasiyası diaqnozu qoyulub. Məlumata görə, həmin gün 3 erməni Qırmızı Bazar istiqamətində qulançar yığmağa gedib. Onlardan biri minaya düşüb.

İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib

Ali Məhkəməyə yeni hakim təyin edilib. Sozcu.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, İnam Kərimov hazırda kənd təsərrüfatı naziridir.

Stoltenberq: "NATO Ukraynadakı döyüş meydanında vəziyyəti “dondurmaq"da maraqlı deyil"

"NATO Ukraynadakı döyüş meydanında vəziyyəti "dondurmaq"da maraqlı deyil". Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, hazırkı cəbhə xəttində döyüşlərin dayandırılmaması NATO-nun məsuliyyətinə daxildir: "Biz istəyirik ki, Ukrayna daha çox torpağını işğaldan azad etsin, Rusiya qoşunları Ukraynadan çıxsın, sonra danışıqlara şərait yaransın”. Y.Stoltenberq rəsmi Kiyevə dəstəyin davam etdirildiyini söyləyib: “Rusiya Prezidenti Vladimir Putin qalib gəlsə də, bu, Ukrayna üçün faciə olacaq. Belə bir ssenari eyni zamanda NATO üçün də təhlükəlidir. Ona görə də Ukraynanı dəstəkləməliyik”. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Azərbaycanın İrandakı konsulluğunun qarşısında təxribatın ŞOK DETALLARI... - FOTO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında “Hüseyniyyun” qruplaşmasının “bayraqları” quraşdırılıb. Musavat.com aksiyanın təşkilatçılarına dair bir sıra məlumatlar əldə edib. Belə ki, konsulluğun qarşısında "Hüseyniyyun"un əskilərinin quraşdırılması prosesinə SEPAH-ın kəşfiyyat xidmətinin əmri ilə bilavasitə Bəxtiyar Bayramov rəhbərlik edib. Aksiyada terrorçu qruplaşmanın 6 nəfəri iştirak edib ki, onlar konsulluğun qarşısına İsmayıl və Nəbi adlı iki şəxsin avtomobillərində gəliblər. Bu "aksiya" İranın Kəşfiyyat və İnformasiya Nazirliyinin razılığı ilə keçirilib.

Yanlış reklam siyasətinin iqtisadiyyata vurduğu ZƏRBƏ – “ADRA-nın səhv qərarları...”

Reklam iqtisadiyyatın lokomotividir. Əgər bu gün iqtisadiyyatımızın inkişafına mane olan faktoları araşdırsaq, səbəblərdən birinin reklam siyasətinin düzgün qurulmaması olduğunu görə bilərik. Paytaxtımızdakı açıq hava reklamlarına diqqət yetirsək, görərik ki, yerli istehsal olan məhsulların reklamlarına çox az rast gəlinir. Üstəlik, reklam üçün müəyyən edilmiş qiymətlərdə yerli istehsalçılarla əcnəbi şirkətlərə fərq qoyulmaması xeyli sual doğurur. Bu da təbii ki, yerli istehsalın inkişafına əngəl törədir. Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Millət vəkili Vahid Əhmədovun fikirlərini öyrəndik.  Deputat Bizim.Media-ya açıqlamasında “Reklam haqqında” qanuna bir çox dəyişikliklərin edildiyini bildirib: “Amma çox təssüf ki, bugünkü reallıqlar şəraitində “Reklam haqqında” qanuna tam əməl edilmir. Bu sahədə problemlər kifayət qədər çoxdur. Reklam hərəkətverici qüvvədir. Ölkəmizin sənaye potensialının güclü reklam edilməsi lazımdır. Amma biz daha çox əcnəbi şirkətlərin reklamını görürük. Halbuki, yerli sahibkarlara ADRA daha çox yer ayırmalı, onlara qiymətdə güzəştlər etməlidir. Ən pisi də odur ki, bu qurumdan büdcəyə gələn gəlir çox cüzidir. Bu barədə dəqiq məlumatı Vergi Xidməti bilir. Əslində isə reklamdan Azərbaycana yüz milyonlarla gəlir gəlməlidir. Amma hanı? Çünki, gəlirlər şəxsi ciblərə gedir. Bu gün reklam idarəçiliyində dəyişikliyə çox böyük ehtiyac var. ADRA ilk növbədə yerli şirkətlərlə müqavilələr bağlamalı və onlara qiymətlərdə güzəştlər etməlidir. Yalnız bundan sonra xarici şirkətlərə yer vermək lazımdır. Reklam iqtisadiyyata xidmət edən sahədir. Lakin Azərbaycan iqtisadiyyatı bu xidmətdən məhrumdur”.  Azərbaycan Reklamçılar İttifaqının sədri Etibar Əbdülqasımov ADRA-nın yarandığı dövrdə qurumdan gözləntilərin çox böyük olduğunu bildirib: “Lakin, sonradan bu ümidlər puç oldu. Yeni qurum tərəfindən reklam strategiyası düzgün qurulmadı. ADRA-nın yarandığı andan etibarən apardığı yanlış siyasət reklam sənayesində çalışan yüzlərlə insanı işsiz qoydu. Üstəlik, reklamın dövriyyəsi xeyli kiçildi. Açıq məkanda reklam yayan yerli şirkətlər birtərəfli qaydada sıxışdırıldı. Bütün reklam bazarı bir neçə şirkət arasında bölüşdürüldü. Beləcə, açıq məkanda reklamların sayı çoxalsa da, ADRA tərəfindən toplanan vəsaitin həcmi ilbəil azaldı”. Etibar Əbdülqasımov onu da qeyd edib ki, ADRA yarananda Azərbaycanda reklam bazarının illik dövriyyəsi 30-35 milyon manat civarında idi: “Bu gedişlə 2023-cü ildə açıq məkanlardakı reklamların dövriyyəsi 40 milyona çatmalı idi. Amma bu artımı biz görmürük. ADRA-nın illik dövriyəsi bir neçə milyonla “məhdudlaşır”. Bu da ciddi suallar doğurur”. Reklam üzrə ekspert Cahid Həsənov isə daha bir məsələyə diqqət çəkib: “ADRA qəribə siyasət yürüdür. Məsələn, bu gün regionlarımızda fəaliyyət göstərən yerli zavod və fabriklərə təklif olunan reklam yerinin qiyməti dünya brendlərinə təklif olunan qiymətlərlə eynidir. Bu yarıtmaz qiymət siyasəti nəticəsində regiondakı şirkətlər nəinki xaricə, heç Bakı bazarına nüfuz edə bilmir. Əminliklə deyə bilərik ki, bu disbalans aradan qalxsa, regiondakı sahibkarlar asanlıqla Bakı bazarına girə bilərlər. Üstəlik, istehsal etdikləri əmtəələrini 10-15 dəfə artırarlar. Çox təəssüf ki, məntiqsiz qiymət qaydalarına görə regionlarda istehsal olunan məhsullarımız hələ heç öz rayonlarında belə özlərini tanıda bilmirlər”. Ekspert məsələ ilə bağlı hansı addımların atılmalı olduğunu da qeyd edib: “Bütün bu mənfiliklərin aradan qaldırılması üçün ADRA peşəkar reklamçılarla və yerli sahibkarlarla iş aparmalı, 30 illik iş təcrübəsinə malik ARİ (Azərbaycan Reklamçılar İttifaqı) ilə sıx əlaqə yaratmalıdır. Bakı şəhərinin mərkəzi yerlərində "Region reklamları” lövhələrinin qoyulması lazımdır. Və bu lövhələrdə region sahibkarlarının məhsulları nümayiş etdirilsin”. Səsləndirilən fikirlərlə bağlı ADRA-nın da mövqeyini öyrənmək istədik. Qurumdan məsələ ilə bağlı ən qısa zamanda ətraflı məlumat veriləcəyi bildirilib. Məsələni diqqətdə saxlayacağıq.

Ölkədə hibrid avtomobillərin akkumlyatorları utilizasiya edilir? - AÇIQLAMA

“Ölkəmizdə hibrid və elektromobillərin akkumlyatorlarının utilizasiyası ilə bağlı məsələ 2021-ci ildə tərtib edilmiş yol xəritəsində əks olunub. Bu, Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Dövlət Komissiyasının alt qrupunda hazırlanan bir proqramdır. Həmin proqramda nəzərdə tutulur ki, ölkəmizdə istifadədə olan bu növ avtomobillərin akkumulyatorlarının utilizasiyası məsələsi həll edilsin”. Bu sözləri Pravda.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov hibrid avtomobillərdə akkumlyatorların utilizasiya yerinin olmasının ekologiyaya mənfi təsir göstərməsinə görə yaranan narazılıqlara fikir bildirərkən deyib. “Artıq Sumqayıt Sənaye Parkında belə bir şirkət yaradılıb və hal-hazırda akkumulyatorların utilizasiyası ilə məşğul olur. Bu işi həyata keçirmək o qədər də problem olmamalıdır. Dövlət burada partnyor kimi biznesi də cəlb edir. Bu işləri biznes, sahibkarlıq həyata keçirməlidir. Bunu üçün də müəyyən güzəştlər və rüsumlardan azad olmalar da tətbiq edilir ki, bu sahə sahibkarlar üçün cəlbedici olsun”, - E.Cəfərov deyib.

"Azərbaycan Ordusu Teğdə artıq 11 post yerləşdirib, bir neçə polis postu qurub" - Ovsepyan

Azərbaycanlılar artıq 11 post yerləşdiriblər. Sozcu.az xəbər verir ki, bu barədə Aravusun keçmiş inzibati rəhbəri Arqam Ovsepyan erməni mediasına müsahibəsində deyib. Erməni mediası yazır ki, ötən həftə Paşinyan hökumətin iclasında ermənilərin mövqelərində heç bir dəyişiklik olmadığını, yalnız Ermənistan-Qarabağ marşrutunun dəyişdirildiyini bildirib. Elə həmin gün MTX bunu təkzib edərək bildirib: “Bəzi yerlərdə Azərbaycan tərəfi mövqelərini bərkidib və mühəndis işləri aparıb. Ermənistan tərəfinin hesablamalarına görə, beş belə məntəqə var ki, orada Azərbaycan tərəfi sərhəddən 100-300 metr aralıda yerləşir”. Arqam Ovsepyan isə bu məlumatlara çaş-baş qaldığını vurğulayıb. “Azərbaycanlılar artıq 11-ci postu quraşdırıblar. Onların müqavimətsiz 60 hektardan çox torpaqları var. Dünən öyrəndik ki, Teğ kəndi ərazisində bir neçə polis postu quraşdırılıb və onlar heç kəsi Azərbaycan Ordusunun nəzarətinə keçmiş ərazilərə buraxmırlar”, – deyə Ovsepyan qeyd edib. P.S. Azərbaycan Ordusunun irəlilədiyi hər bir qarış Azərbaycan torpağıdır. Heç kimin torpağında bizim gözümüz yoxdur, sadəcə bizə məxsus olanı götürürük.konkret

İrandan Azərbaycana qarşı növbəti təxribat - Polislər yenə göz yumdu

Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna qarşı təxribat törədilib.  Sozcu.az xəbər verir ki, Baş Konsulluğun binası qarşısına naməlum şəxslər tərəfindən "Hüseyniyyun" terror təşkilatının bayraqları qoyulub. Ərazidə xidmət aparan polis əməkdaşları təxribatın qarşısını almaq üçün müdaxilə etməyib. "Azad İran" teleqram kanalları bununla bağlı görüntülər paylaşıb. Qeyd edək ki, martın 31-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun binası qarşısında aksiya keçirilib. Aksiya iştirakçıları Azərbaycanın İsraildə səfirlik açmasına etirazlarını bildiriblər. Etirazçılar konsulluğun bağlanması tələbi ilə şüarlar səsləndirib, təxribatçı fikirlər irəli sürüblər.

Məhkəmə MTN generalı və digərlərinin şikayəti ilə bağlı qərar verib

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və onunla birgə ittiham olunan eyni nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlərə baxılıb. Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclasda protest və şikayətlər əsassız hesab olunaraq rədd olunub. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, Yasin Məmmədov 10 il 6 ay, Vüsal Ələkbərov 11 il 2 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Mövlan Şixəliyev və Yasin Məmmədovun üzərinə həbs qoyulmuş əmlakları müsadirə olunub. Orta bazar dəyəri 9 milyon manatdan çox təşkil edən daşınmaz əmlaklarına müxtəlif ərazilərdə yerləşən mənzillər və digər qeyri-yaşayış sahələri daxildir. Bundan başqa, Mövlam Şixəliyevin general rütbəsindən məhrum edilməsi ilə bağlı Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.