“Demək olar ki, hər gün İrandan ölkəmizə keçirilməyə çalışan narkotiklər tutulur, bu haqda məlumat verilir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Xalq artisti Rasim Balayev deyib.
O, son günlər İranla gərginləşən vəziyyətdən, habelə bu ölkədən Azərbaycana keçirilən narkotiklərlə qarşı mübarizədən söz açıb:
Xatırladaq ki, Xalq artistini müsahib seçməyimiz təsadüfi deyil. 2011-ci ildə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən "Tərsinə çevrilən dünya" Azərbaycan-İran birgə filmində o, DİN-in yüksək rütbəli zabiti rolunda çəkilib. Həmin filmdə generalı canlandıran R. Balayevin rəhbərlik etdiyi idarə İrandan Azərbaycan ərazisinə narkotik qaçaqmalçılığı, yerli və xarici mafiozlarla mübarizə aparır.
Xalq artisti narkotraffik və narkomaniya əleyhinə mübarizə mövzuda danışarkən qeyd edib:
“Dəqiq deyə bilmərəm, amma yəqin ki, bu da gənclərimizi pozmaq, onları narkotikə qurşandırmaq üçün bir siyasətdir. Necə olur ki, İran tərəfindən narkotik rahat keçir, amma bizimkilər tutur?! Bu, bir az şübhəlidir.
Xəbərlərdə görürəm ki, hər gün 40-50 kilo narkotik keçirmək istəyirlər. Gənclik bizim gələcəyimizdir axı. Onlar bu üsulla gəncliyimizi məhv etmək istəyirlər".
R. Balayev əlavə edib: "Bu gün İranla vəziyyətimiz gərgindir. Ona görə də bu gün narkotiklərə qarşı birgə mübarizədən danışmaq olmaz. Amma müəyyən bir zamandan sonra bunu bərabər həyata keçirmək olar. Bu gün onlar bizə qarşı təbliğat aparır deyə, hazırda birgə işdən danışmaq çox tezdir. Gələcəkdə isə bunu düşünmək olar”.