Təhsil nazirliyi ötən ilin noyabr ayında Dövlət Proqramı ilə təqaüdlü təhsil alına biləcək universitetlərin siyahısını konkret ixtisaslar üzrə elan etdi. Rəsmi səhifəsində elan etdiyi sənəddə dünya universitetlərinin TOP siyahısına liderlik edən ABŞ, Kanada kimi ölkələrin və universitetlərin adını bakalavr siyahısına daxil etmədi. Beləcə bu ölkəni və TOP universitetləri hədəfləyən gənclərin çoxu yüksək təhsil xərclərinə görə bu universitetlərin müraciət prosesində iştirak etmək istəmədi.
Bundan beş ay keçdi, təhsil nazirliyi mart ayının sonunda ötən ilin noyabr ayında elan etdiyi həmin siyahıya balaca bir əlavə etdi. Buna görə ABŞ-ın Texas A&M Universitetinin ekologiya mühəndisliyi, neft mühəndisliyi ixtisasları, Michigan Universitetinin dəniz mühəndisliyi ixtisası və Iowa Universitetinin baytarlıq elmləri bakalavr pilləsi üzrə təqaüd siyasına daxil edildi. Bu bəs eləmədi, bir də daha əvvəlki siyahıdan fərqli olaraq əksəriyyəti ABŞ-da yerləşən TOP 10 universitetlər də sakitcə siyahıya əlavə olundu. Hansı ki, bu universitetlərin müraciət tarixi çoxdan, təhsil nazirliyinin "xırda düzəlişindən" üç ay əvvəl başa çatmışdı.
Sual yaranır. Kimin üçün? Hansı dərəcəli yaxınlar üçün? Təhsil nazirliyinin himayə etdiyi hansı özəl təhsil şirkətləri üçün?
Təhsil nazirliyi bu universitetlərdə təhsil almağa layiq olan gənclərin əksəriyyətini beş ay əvvəl öz məqsədlərindən daşındırır, son anda isə bəziləri üçün belə çirkin saxtakarlıqla təqaüd imkanı yaradır. Bu işi ədəb-ərkanla görməyin yolu odur ki, əvvəl təqaüd şərtlərini elan edirsən, sonra bu şərtlərə uyğun olanlar müraciət edir. Amma bizim təhsil nazirliyi deyəsən əvvəl namizədləri seçir, sonra təqaüd şərtlərini həmin namizədlərə uyğunlaşdırır.
Əziz təhsil nazirliyi, təqaüd proqramına xərclədiyiniz vəsait dədə malınız deyil. Bu xalqın vergiləriylə formalaşan dövlət büdcəsinindir. Xalqın vəsaitini xalq üçün xərcləyin. Öz yaxınlarınız, maddi və mənəvi formada durmadan himayə etdiyiniz özəl təhsil şirkətləri üçün xərcləməyin. İdeoloji şəbəkələşmənizi netvorkinq oyunu kimi sırımağa çalışsanız da, kimləri hansı maraqlarla dəstəklədiyinizi çox yaxşı başa düşürük. Sizi indiyə qədər ciddiyə alıb bəzən lehdə, bəzən əleyhdə müzakirə etməkdə çox səhv etmişik. Ən çox layiq olduğunuz münasibət elə lağlağıya qoyulmaq imiş.
Təhsil eksperti, Kamran Əsədov