Kəndlərdə qapısı bağlı evlər görəndə kədərlənirəm. İnsanlar şəhərə axışır. Kəndlər yavaş-yavaş boşalır. Hal-hazırda isə su qıtlığı çox ciddi bir problemə çevrilib. Belə getsə, qalan adamlar da yavaş-yavaş kənddən çıxacaq. Bir tərəfdən də ən koloritli adamlar yaşa dolub dünyasını dəyişir. Yerini yaddaşsız, tiktokun yaratdığı gənclik tutur. O gənclik isə nə Azərbaycan dilini bilir, nə də milli ruh daşıyıcısıdır. Millətin ruhu kəndlərdədir. Adam şəhərdə xəsis olur, amma kənddə pul xərcləmək istəyir. Bu insanda özünü göstərmək instikidir. Bəs niyə məhz kənddə özünü göstərmək istəyir? Çünki kənd bizim ruhumuzu qoyub gəldiyimiz yerdir. Bir milləti öldürmək istəyirlərsə, o prosesə kənddən başlayırlar. Arvadların danışıqlarına baxıram, kişilərin bir-birləri ilə zarafatlarına baxıram. Nə qədər doğmadır. Onlar zahirən savadsız görünə bilərlər. Ancaq sağlam ruhları var. Bilmirlər, amma fəhmləri var, hiss eləyirlər, duyurlar.
Kəramət Böyükçöl