Ukrayna Rusiyanın 10 minlik ordusunu mühasirəyə alır

Baxmut və Donetsk vilayəti Ukrayna qoşunları tərəfindən mühasirəyə alınacaq. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pyotr Çernik deyib. Onun sözlərinə görə, Baxmutun Rusiya üçün çox böyük siyasi və ideoloji dəyəri var: "Putin şəxsən Baxmutun ələ keçirildiyini elan etdi və qəhrəmanlarını mükafatlandırdı. Biz tiran üçün şəxsi imicin nə olduğunu başa düşürük. Onlar nə qədər mübarizə apara bilirlərsə, aparacaqlar. Orada kifayət qədər ciddi qruplaşma - 10 mindən çox əsgər var. Bu, demək olar ki, tam mexanikləşdirilmiş bölmədir, belə bir şəhər üçün bu, çox şeydir, lakin əməliyyat mühasirəsi tamamilə mümkündür və baş verməlidir". Onun sözlərinə görə, bir neçə min rus bir anda təslim olsa, bu, Ukrayna üçün unikal təcrübə olar.

Rusiya hava hücumundan müdafiə qüvvələri öz təyyarəsini vurdu

Oktyabrın 6-da, Mariupol yaxınlığında ruslar öz təyyarələrini vurublar. Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı hərbi jurnalist Andrey Tsaplienko məlumat verib. O bildirib ki, təyyarə Rusiya hava hücumundan müdafiə qüvvəlləri tərəfindən vurulub.

Türkiyə Ordusu terrorçuların 15 obyektini vurub

Türkiyə Ordusu Suriyanın şimalında yerli vaxtla saat 22:00-da hava əməliyyatları həyata keçirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirib. Qeyd olunub ki, terrorçulara məxsus qərargah, sığınacaq və anbarlar da daxil olmaqla 15 hədəf məhv edilib.

Azərbaycan xalqının qəhraman oğlu Sərdar Həmidovun adı niyə çəkilmir?

Ağdərə işğaldan azad ediləndə gözləyirdim ki, kimsə onun adını çəkəcək. Yada salacaq. Onun adını silməyə çox cəhd etdilər. Hətta onun yaratdığı Batalyon haqqında film də çəkdilər, amma adını belə çəkməyə qorxdular. Halbuki Ağdərə uğrunda xəyanətkarlar istədiyinə çatana qədər mübarizə aparanlardan biri də o idi. Milli Qəhrəman Vəzir Orucovla Ağdərəni azad edən məhz o idi. Torpağına bağlı, vətəninə bağlı bu adamın adı SƏRDAR HƏMİDOVDUR.. Sərdar Həmidov bu xalqın qəhrəman oğluydu. Müharibənin qaynar vaxtlarında ermənilər Bərdəyə, Tərtərə girməyi, Yevlaxdan çıxıb ölkənin Qərbi ilə əlaqəni kəsməyi planlaşdırmışdılar. Amma bunun qarşısını  Sərdar bəy aldı. O, Birinci Qarabağ müharibəsi illərində Tərtər ərazi özünümüdafiə batalyonunun komandanı olmuşdur. Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi erməni dəstələrindən tam şəkildə müdafiə olunmuşdur. Bundan başqa, o, "Ağdərə" əməliyyatında uğur qazanaraq Ağdərənin bir neçə kəndini, o cümlədən Şıxarxı Tərtərin ərazisinə qatmışdır. O zaman Ağdam işğal olunandan sonra Tərtər rayonunda panika yayıb əhalinin çıxması üçün plan quranların qarşısını məhz Sərdar Həmidov almışdı. O rayonun mərkəzində insanların qarşısında dayandı, dedi ki, kim buradan çıxsa onu şəxsən özüm güllələyəcəm, biz torpağımızı qorumalıyıq. O, bütün imkanlarını səfərbər edərək, şəxsi vəsaitləri hesabına döyüşçüləri silahlandıraraq, ruh yüksəkliyi yaradaraq Tərtəri sonadək qorudu. Qəhrəman şəhər Tərtər ermənilərə xidmət edən güclərin qurbanı olmadı. O zaman Sərdar bəyin yanında olanlar yaxşı bilirlər keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqova dəyən şillələrin səsini, onun tövlədə Sərdara yalvarmasını. Məhz Tərtərin ermənilərə verilməsi üçün rayona gələn Nəcməddinin qarşısında Sərdar bəy durmuş idi.  Sərsəng ətrafında olan döyüşlərdə Sərdar bəyin sayəsində 300-dən çox erməni döyüşçü  bir həmlə ilə məhv oldular. Həmin gün Ermənistanda matəm elan edilmiş idi. 3 gün bu matəm davam etmişdi.  Ağdərədəki qərargahda Sərdar Həmidovun  Surət Hüseynovla davasını da xatırlayan olar. Məhz Surət istəmirdi Ağdərə azad edilsin, ona görə də təyyarələrin qalxmasına əmr vermirdi. Bu zaman Sərdarın Surətin üzərinə gedib onu vurmaq istəməsin də yada salanlar olar. Surət qorxusundan izn verdi və Sərdar bəy özü üç rəngli bayrağı Ağdərədə qaldırmış idi. Ermənilər Sərdar Həmidovun başçılığı altında olan Tərtərin  torpağını belə işğal etməyə nail olmayıb. Tərtərdən bir nəfər belə əsirlikdə qalmayıb. Tərtər rayonu istiqamətində şəhid olmuş bir nəfərin belə cəsədi düşmən əlində qalmayıb. Tərtər rayonu ərazisində şəhid olmuş naməlum şəhidlərimizin belə dəfnini öz hesabına komisiya təşkil edərək həyata keçirən məhz o idi.  1993-cü il yanvar ayının axırlarında Vaqauz Vəng istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və kiçik bir müddət ərzində müalicə alaraq döyüşə qayıdan Sərdar Həmidov əsl qəhrəman idi. "Tərtər” Özünümüdafiə Batalyonu  digər hərbi hissələrin köməkliyi ilə təqribən 6 ay vuruşa-vuruşa gedib Vəngə, Xankəndinin başının üstünə çıxmışdılar.  Yüzlərlə şəhid hesabına Xankəndini ermənilərdən təmizləməyə bircə addım qalmışdı. Cəmi bir addım. Sonra kreslo davası, xəyanət o boyda döyüşün, şəhidlərin bahasına azad edilən torpaqları yenidən ermənilərə verdilər..  AXC hakimiyyəti dövründə icra başçısı işləmiş S.Həmidov 10 ilə yaxın həbsxana cəzası alıb. Halbuki o Milli Qəhrəman adı almalı və böyük diqqət görməli idi. Sərdar Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirmiş idi, bunu belə nəzərə almamış idilər.  Həbsdən azad olandan sonra uzun illər o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi. Nəcməddin Sadıqov o şillələrin, Qarabağın gözəl rayonu Tərtərin  ermənilərə verə bilmədiyi üçün qisasını belə aldı. Tək Nəcməddin deyil, ondan qorxan bəzi müxalif şəxslər, generallar, məmurlar onun həbsdə qalmasına səbəb oldular  .. Əsl döyüşçü, əsl qəhrəman 7 ilini  ağır xəstəlik daşıya daşıya həbsxanada keçirdi.  Sərdar Həmidov 2004-cü ildə Azərbaycan prezidentinin əfv fərmanı ilə azadlığa çıxmışdı.  O vətənə xəyanət edənlərə mübarizə aparırdı, sevdiyi Elçibəyin yanında olub ona xəyanət etmiş insanlara qarşı sərt çıxışlar edirdi. O bilirdi bu gün adını müxalifət qoyanların bəzilərinin əsl siması nə idi. Yazıq deyirdi, dinləyən kim idi ki.. Artıq yaxşı pullar alan həmin bəzi  xain  müxalifətçilər pul hesabına ona medianı yaxın buraxmırdılar..  Deyirdi..güclə nəfəs ala ala deyirdi   Müharibədən, döyüşdən qaçan, ancaq yeyib içib gizlənən müxalifətin bəzi üzvlərini ifşa edirdi.  Dinləmədilər onu 2016-cı ildə son dəfə dedi amma Kəlimeyi Şəhadətin  Qarabağ savaşında cəsarəti və bacarığı ilə ad çıxaran qəhrəmanlardan biri -Sərdar Həmidov fevralın 28-də 1 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişdi. Tanrının yanına getdi qəhrəman Sərdar Həmidov  Gözlərin yumanda da Vətən dedi  Ruhun şad olsun  Komandir  Daha Qarabağ azaddır Ağdərə azaddır Xankəndi azaddır Tərtər təhlükədə deyil  Zaur Aliyev, dosent

Akif Qurbanov: Sülhməramlıların keyfiyyətcə dəyişən statusu nədir?

Putinin dünənki açıqlamaları ilə bağlı hökumətimizin "yumşaq güc"ü yenə təbliğat başındadır. Agah insanların, onları boş verməsi lazım, yoxsa çörəklərinə yağ sürtmüş olacaqsınız. Çıxışın kontekstini tam anlamaq üçün isə verilən sualı da nəzərə almaq lazımdır. Putinin çıxışının əsas mahiyyəti budur ki, "Qarabağın itirilməsi" Ermənistana görə oldu, biz satmaqda qınamaq yersizdir. Xəbərdarlıqlarımız qulaq ardına vuruldu və nəticədə bu mənzərə qaçılmaz idi. Onsuz da əvvəldə Azərbaycanı biz durdururduq. Artıq durdurmağın yeri qalmadı. Putinin dedikləri əslində mahiyyətcə yeni deyil. Sadəcə 2 yeni detal ifadə etdi ki, birincisilə bağlı uzun müddətdir narahatçılığımı ictimaiyyətlə bölüşürəm, aydınlıq gətirilməsi üçün sual ünvanlayıram: 1. Putin deyir:  "...Görüşlərin birində prezident Əliyev mənim yanıma gəlib dedi: “Görürsünüzmü, hamı tanıdı ki, Qarabağ bizimdir. Sizin sülhməramlılarınız bizim ərazimizdədir”...  Başa düşürsünüzmü, Qarabağın statusunun Azərbaycanın tərkibində müəyyən edilməsindən sonra sülhməramlılarımızın statusu məsələsi də keyfiyyətcə dəyişdi. O (Əliyev – red.) deyir ki, sizin ordunuz bizim ərazidədir, gəlin ikitərəfli əsasda qərar verək. Baş nazir Paşinyan təsdiqlədi ki, bəli, indi "ikitərəfli əsasda danışıqlar aparmaq lazımdır". Keçən dəfə yazdığım kimi, son hadislərlə "3 tərəfli bəyanat" faktiki olaraq qüvvədən düşdü. İndi iki tərəf var.  Aydınlıq gətirilməli sualllar budur: deyildiyi kimi, təklif olunan iki tərəfli əsasda verilən qərar nədən ibarətdir? Sülhməramlıların keyfiyyətcə dəyişən statusu nədir? Narahatçılığımın əsas mahiyyəti də budur ki, hökumətimiz açıq şəkildə heç zaman dilə gətirməsə də hamımız yaxşı bilirik ki, bu münaqişə Putinin dediyi kimi Sumqayıtda başlamayıb. Və əsas səbəbi də sadəcə etnik qarşıdurma kimi qələmə verməklə gerçəklik dəyişmir. Azərbaycanın ərazisinin işğal edilməsi və 26 il işğalda saxlanılması da Ermənistanın gücü hesabına olmayıb. Birbaşa Rusiyanın patronajlığı ilə baş verib. Bu patronajlıqdan imtinanın şəxsi qəzəblə əlaqəsi olsa da, təkcə buna görə baş verməsi Putin və Rusiyanın mahiyyətilə tərs mütənasibdir. Onların təfəkkürü, yaradılan imkanın əvəzinin də verilməsini mütləq tələb edir.  Ona görə də illərin Rusiya təcrübəsi aydın insanları yuxarıdakı sualları ölkə rəhbərliyindən açıq soruşmağa sövq etməlidir. 2. Putin: "Keçmiş rəhbərlərə gəlincə, bilmirəm, təfərrüatlara varmaq istəmirəm, amma başa düşdüyüm qədərilə əslində onları Yerevanda görmək istəmirlər. Amma mənim qənaətim bundan ibarətdir ki, Azərbaycan rəhbərliyi Azərbaycanın ərazi məsələlərinin tamamilə həll olunduğunu nəzərə alaraq humanitar xarakterli addımlar atacaq”. Bu qeydi də xüsusi izləmək lazımdır. Akif Qurbanov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri 

Bayden İranı Nobel sülh mükafatı almış Cənubi Azərbaycandan olan hüquq müdafiəçisini azad etməyə çağırıb

ABŞ Prezidenti Cozef Bayden İran hakimiyyətini Nobel sülh mükafatına layiq görülmüş, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədini azad etməyə çağırıb. Prezidentin bununla bağlı bəyanatı Ağ Evin saytında yerləşdirilib. “İran hökumətini onu və gender bərabərliyi uğrunda mübarizə aparan müttəfiqlərini dərhal azad etməyə çağırıram”, - Amerika liderinin yazılı açıqlamasında deyilir. Bayden qeyd edib ki, Birləşmiş Ştatlar insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan İran rəsmilərinin cavabdehlik tələbini davam etdirmək niyyətindədir. Qeyd edək ki, Cənubi Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb. 2023-cü il üzrə sülh mükafatına 212 fiziki şəxs və 93 təşkilatdan 305 namizəd irəli sürülüb. Əsas namizədlər arasında Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və Əfqanıstandan olan jurnalist, qadın hüquq müdafiəçisi Məhbubə Serac da vardı. Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib. 2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib. Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bu il mayın 3-də İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.

Qarabağdakı xuntanın buraxılması Paşinyanın qələbəsidir – ABŞ nəşri

Qondarma “dqr”in buraxılması Ermənistan Baş naziri Nikol Paşinyanın qələbəsi oldu. Sozcu.az xəbər verir ki, bu barədə "Nyusvik" jurnalının məqaləsində bildirilib. Nəşr qeyd edir ki, “dqr hökuməti"nin qurulması otuz il ərzində siyasi problem və regional inteqrasiya üçün maneə olub: “Rusiya ilə Ermənistan arasında uzun müddətdir mövcud olan müttəfiqliyə baxmayaraq, Moskva eyni vaxtda Qarabağdan Ermənistan və Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirdi. İrəvan və ya Bakı Rusiya siyasətindən çox uzaqlaşdıqda, Moskva regiona hərbi dəstəyi artırmaq və ya azaltmaqla hədələyirdi”. Nəşr iddia edib ki, Paşinyan “vəziyyəti dərk edərək”, Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın Azərbaycan torpağı olmasını tanıyıb. “Nyusvik” bildirib ki, Paşinyan Ermənistanı münaqişədən uzaq tutmağın və ölkənin müstəqilliyinin qorunub saxlanmasının vacibliyini anlayıb: “Uzun sürən münaqişənin sonunda Ermənistanın bütün qonşuları ilə sülh münasibətləri quracağı gözlənilir. Belə sülh İrəvana Bakı və Ankara ilə əməkdaşlığı gücləndirməyə imkan verəcək ki, bu da Ermənistanın Qərbə inteqrasiyasına kömək edə bilər”.

Sülh sazişi ilə bağlı son gəlişmə – İmza mərasimi üçün adı çəkilən üç paytaxt

Ermənistan ilə Azərbaycan arasında Qarabağda dair məsələ tamamilə yekunlaşdı. Bu fakt öz növbəsində iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər. Lakin indiki məqamda əsas sual budur: Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi harada və ya hansı platformada imzalanacaq? Son proseslər bunun anonsu sayıla bilərmi? Yəni Azərbaycan Qərb masasından imtina edə bilərmi? Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, hazırda regionda və dünyada geosiyasi vəziyyət sürətlə dəyişir: “Belə olan təqdirdə Ermənistan ilə Azərbaycan arasında yekun sülhün nə zaman və harada imzalanacağını demək çətindir. Lakin hazırda sülh müqaviləsi ilə bağlı üç platforma diqqət çəkir: 1. Brüssel formatı; 2. Vaşinqton formatı; 3. Moskva formatı; Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərin effektivliyi azdır. Çünki Ermənistan ilə Rusiya arasında gərginlik var və proses hələlik səngimir. Belə olan təqdirdə bu formatda keçirilən görüşlərin nəticəsində sülh müqaviləsinin imzalanması çətin görünür. Brüssel formatı isə daha çox son zamanlar Qərbin sərgilədiyi qərəzli mövqeyə görə bir qədər motivasiyanı aşağı salır. Belə ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sanksiyaların tətbiq edilməsini özündə ehtiva edən qətnamə bu formata olan inamı da azaltdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Qranadada keçirilən görüşdə iştirak etməyərək Qərbə qarşı etirazını bildirdi. O ki qaldı Vaşinqton formatına, burada əsas məsələ Rusiya-ABŞ münasibətləridir. Moskva Vaşinqtonla rəqabət içərisində olduğu üçün bu formatda əldə edilən qərarların icrasına mane olmaq istəyir. Bu da öz növbəsində formatı qeyri-effektiv edir”.

Tərtər sakini ikinci dəfə minaya düşübmüş...

Xəbər verdiyimiz kimi, bu gün saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub. Sozcu.az xəbər verir ki, minaya düşən şəxslə bağlı bir sıra detallar məlum olub. Belə ki, Yaquar Hadıyev bundan əvvəl də minaya düşüb. O, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində mina partlaması nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Onun sol aşağı ətrafının pəncə nayihəsi travmatik amputasiya edilib. Qeyd edək ki, Yaquar Hadıyev 1989-cu ildə anadan olub. O, Tərtər rayonunun Həsənqaya kəndindən idi.

Ermənistandan Putinə ÇAĞIRIŞ: Qonşularımızla aramıza girmə...

"Rusiya Federasiyasının prezidentinin medianı izləməsi mənə çox qəribə gəlir. Ancaq burada problem başqadır: hər hansı bir insanın ən dəhşətli xarakter xüsusiyyəti odur ki, o, hər zaman hər hansı bir hərəkətinə haqq qazandıra bilər". Sozcu.az publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Mülki Müqavilə" partiyasının deputatı Ovik Ağazaryan "Ermənistan xəbərləri" - NEWS.am- ın müxbiri ilə söhbətində Rusiya prezidenti Vladimir Putinin Praqada əldə olunmuş razılaşmalar barədə mətbuatdan öyrəndiyi bəyanatını şərh edərkən deyib. "Ermənistanla Rusiya arasındakı münasibətləri Paşinyanla Putinin münasibətləri müəyyən etməməlidir, onları Rusiya Federasiyasının liderinin və ya Ermənistan Respublikasının rəhbərinin şəxsiyyətləri müəyyən etməməlidir, çünki bu, keçib gedən bir şeydir və hər iki ölkənin maraqları həmişə olmalıdır. Ona görə də Putinin qondarma bəraət hökmü qəbuledilməzdir. O, üçtərəfli sazişdə nəzərdə tutulanı etməli idi", - deyə Ağazaryan bildirib. O bildirib ki, Putin Ermənistanın qonşuları ilə münasibətlərinə müdaxilə etməməlidir: "Təbii ki, Putin ermənilərin maraqlarını bizdən çox düşünə bilməz, ona görə də mən bir vətəndaş kimi ondan xahiş etməliyəm ki, bu atmosferdən öz xeyrinə istifadə etmək üçün bizimlə qonşu dövlətlərimiz arasına girməsin, belə tarixi bir dövrdə düşmənçilik mühiti yaratmasın. Biz bu regionda yaşayırıq, bizim qonşularımız var və biz beynəlxalq standartlara uyğun birgə yaşamağın yollarını tapmalıyıq", - deyə Ağazaryan bildirib. O, Putinin "Ermənistan özü Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı" açıqlamasına belə münasibət bildirib: "Yəni bəyan etmək lazım deyildi ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və Ermənistan qana bulaşmalıydı? Sözün həqiqi mənasında, siyasi mənasında, ərazi mənasında qan axırdı. Biz indi dövlətimizi gücləndirmək, sərhədlərimizi qorumaq haqqında düşünməliyik".

Qarabağ müharibəsi veteranının müraciəti - VİDEO

Ömrünün 4 ilini Qarabağ uğrunda müharibəyə sərf etmiş Şəmkir rayon Talış kənd sakini, müharibə veteranı Cavadov Yalçın Əziz oğlunun evindən ürək dağlayan görüntülər.  Xocavənd-Fizuli uğrunda döyüşlərdə iştirak etmiş Yalçın Cavadov böyrəklərindən xəstədir. Böyrəklərində ağrıların artması ilə bağlı iş qabiliyyətini itirmək üzrədir. Dövlətdən 80 manat veteran pulu aldığını və müxtəlif yerlərdə gündəlik işlərdən əldə etdiyi gəlir ilə yaşayışlarını ancaq təmin etdiklərini bildirir. Maddi durumları ağır olduğundan çox acınacaqlı durumda olan evi restavrasiya etmək gücündə deyillər. Bu səbəbdən kömək üçün ləyaqətli, vicdanlı Azərbaycan övladlarına müraciət etməyi tək çıxış yolu bilir: Sözcü.az 

Xocalıda yeni narkotik plantasiyası aşkarlandı

Xocalıda daha bir ərazidə narkotik plantasiyası aşkarlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, plantasiya Xocalının Təzəbinə kəndində tapılıb. Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev jurnalistlərə açıqlamasında ərazinin əkin sahəsi olduğunu bildirib: "Əkin sahəsi olmasına baxmayaraq, ərazidə bu cür fəaliyyətlə məşğul olunub. Plantasiyanın sahəsi 10 hektardan çoxdur". Qeyd edək ki, oktyabrın 2-də də Xocalıda 100 hektarlıq ərazidə kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyası aşkarlanmışdı.

“Normativ hüquqi aktlar” informasiya sistemi yaradılacaq

Prezident İlham Əliyev Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. Sozcu.az xəbər verir ki, Fərmanla “Normativ hüquqi aktlar” informasiya sistemi yaradılıb. “Normativ hüquqi aktlar” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilib. “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə” təsdiqlənib. Müəyyən edilib ki, “Normativ hüquqi aktlar” informasiya sistemi (bundan sonra — Sistem) Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, digər dövlət orqanları, habelə nizamnamələrinə əsasən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən normativ hüquqi aktların layihələrinin hazırlanmasını, digər dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını və yuxarı orqanlara təqdim olunmasını elektron qaydada təmin edir, sistemin sahibi funksiyalarını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, operatoru funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. Nazirlər Kabinetinə normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, sistemin aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görmək, Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Hərbçimiz Füzulidə həlak oldu - FOTO

Azərbaycan Ordusunun hərbçisi Ziya Baba oğlu Babayev avtomobil qəzasında həlak olub. Sozcu.az xəbər verir ki, hadisə Füzuli rayonunda qeydə alınıb. Mərhum doğuluğu Şabran rayonunda dəfn olunacaq.

Tərtər sakini minaya düşərək həlak oldu

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Araşdırma aparılır.

Ölü canlar

Əbil Həsən Kəndimizin sakinlərinin toplaşdığı yeganə meydan bizim evimizin qarşısında yerləşirdi. Demək olar ki, kəndin bütün əlamətdar hadisələri məhz burada baş verirdi. Uşaqlıq xatirələrimin böyük bir hissəsi burada baş verən hadisələrlə bağlıdır.  Hərdən xatirələri varaqladıqca yadıma düşən hadisələrdən biri də qaraçıların kəndimizə gəlişi idi. Onlar, adətən, ilin müəyyən dövrlərində kəndimizə gələr, özləri ilə gətirdikləri ələk, xəlbir və bu kimi digər əşyaları bu məhşur meydanda satardılar. Ancaq daha diribaşları isə evlərə daxil olub fala baxmaq bəhanəsi ilə gələcək oğurluqları üçün plan hazırlayardılar.  Onlara bu işdə Cabbar adlı qaraçı kömək edərdi. Ləqəbi "Çaqqal” olan Cabbar meydanda öz ayısı ilə müxtəlif şoular göstərər və belə demək mümkünsə, camaatın başını qatardı. Bu isə digər qaraçılara evlərə girib qiymətli əşyaları oğurlamaq üçün vaxt qazandırardı. Mənim üçün Cabbarın ayı oynatma şousu xüsusilə maraqlı idi. Boynuna qalın bir zəncir bağlanmış böyük bir ayı "çaqqal”ın işarəsi ilə musiqi sədaları altında müxtəlif rəqslər edər, kəndliləri əyəndirərdilər.  Kənd əhalisi isə öz növbəsində ayıya konfet, şokolad və s. şirniyyatlar verər və ayının əl-üzünü "yuması”na, cürbəcür oyunlar, nömrələr göstərməsinə tamaşa edərdi. Dediyim kimi, ayı nəhəng idi və istəsəydi, nəinki zəncirini qırar, hətta ətrafdakı insanları, o cümlədən də sahibini parça-parça edərdi. Amma ayı bunu  etmirdi, istəsə də, edə bilməzdi. Çünki o artıq ayı deyil, oyunbaz bir meymuna dönmüşdü.  Ayı da başa düşürdü ki, əmrləri yerinə yetirməsə, sahibinin sözündən çıxsa və kəndliləri əyləndirməsə, ona şokolad, konfet verən olmayacaq. Beləliklə, kölə olmaq onun taleyinə cəsarətsizliklə atılmış imza idi.  İllər sonra şəhərdə yaşamağa başladıqdan sonra bir neçə dəfə sirkə getmək imkanım oldu. Burada artıq "Çaqqal” Cabbar yox idi, onu meymunlar əvəz edirdi. Belə ki, sirkdəki tamaşalarda artıq ayıya, işarələri meymunlar verir, oda nəinki rəqs edir, hətta velosiped də sürürdü. Şir, pələng də meymunun sözündən çıxmır, onun bir işarəsi ilə müxtəlif nömrələr nümayiş etdirirdilər.  Uşaqlıqdan meşənin şahı olaraq tanıdığımız şir və haqqında qorxunc hekayələr eşitdiyimiz ayı sirk arenasında tamaşaçıları əyləndirmək üçün müxtəlif hoqqalardan çıxır, bir parça iylənmiş ət üçün sözün əsl mənasında meymunluq edirdilər. Baxmayaraq ki, onlar ən məşhur arenalarda çıxış edir, alqış  qazanırdılar, amma nəticə olaraq sonda qazandıqları bir parça iylənmiş ət olurdu. Belə demək mümkünsə, bir meymunun əlində qalan, onun quluna çevrilən şir, pələng və ya ayı mənimçün artıq azad meşənin vəhşi heyvanları deyildilər. Onlar həmin o azadlığı bir parça ət müqabilində müti həyata dəyişmişdilər.  Bəli, bu "Öyrədilmiş köləlik sindromu”dur və kölələr öz hallarından məmnun olduqları müddətdə belə davam edəcək.

Rusiya regiondan getməmək üçün əlindən gələni edəcək - Məhəmməd Əsədullazadə

“Paşinyanın ərazi bütövlüyümüzü tanıması haqqında bəyannaməyə imza atması birinci hal deyil”. Bu sözləri KONKRET.az-a açıqlamasında Qranadada Avropa Siyasi Birliyinin zirvə görüşünün keçirilməsini şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, “Praqada da Paşinyan Alma-Ata bəyannaməsinə görə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bunu növbəti dəfə gündəliyə gətirmək Avropa İttifaqının birbaşa planına daxil idi. Çünki Aİ Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üçün çalışır və Ermənistanın 29,8 min kv.km ərazisinin katastrını hazırlamaq istəyir. Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün hüquqi baza formalaşdırır. Azərbaycan da həmişə qeyd edib ki, Ermənistanın ərazisinə iddiamız yoxdur. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanın ərazi bütövlüyünü tanıyır. Amma Ermənistan 1975-ci il xəritəsini ortaya atır. Əgər Ermənistan 1975-ci il xəritəsinin üzərində dayanarsa, imzaladığı bəyanatlar yenidən kölgədə qalacaq. Çünki burada ərazi mübahisəsi də ortaya çıxa bilər. Azərbaycan isə indiki şərtlər daxilində delimitasiya və demarkasiyanın aparılmasında maraqlıdır. Ümumiyyətlə, Qranadada növbəti dəfə ərazi bütövlüyü məsələsi ilə bağlı bəyanata Paşinyanın imza atması Ermənistan ərazisini qoruma altına almaq, Rusiyanı sıxışdırmaq, Zəngəzurla bağlı məsələdə önləyici addım atmaqdan ibarətdir”. Daha sonra Rusiya prezidenti Vladimir Putinin Soçidəki çıxışını şərh edən politoloqun fikirincə, Rusiya uzun müddət Qarabağdakı separatçılara dəstək verib, hətta müharibə dövründə də çalışıb ki, Qarabağ Ermənistanın tərkibində qalsın: “Putinin danışdıqlarında müsbət heç nə yox idi. Çünki geosiyasi reallıqlar dəyişib və Rusiya da məcbur olub ki, bu reallıqlarla barışsın. Amma Ukrayna müharibəsi başlamasaydı və Türkiyə faktoru olmasaydı, Rusiya hələ də regionda mövqeyini saxlayacaq və ərazilərimizin işğalı davam edəcəkdi”.

İlham Əliyev Xankəndidən DANIŞDI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı danışıb. Dövlətimizin başçısı bildirib ki, Qarabağda yerli əhali arasında təşviş yaradan və onları Ermənistana köçməyə məcbur edən məhz qondarma rejim olub. Dövlətimizin başçısı vurğulayıb ki, “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin yaradılmasından etibarən Azərbaycan tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə tibbi təxliyələrin təşkili prosesinə dəstək göstərilib. Prezident İlham Əliyev Xankəndidə yanacaq stansiyasında baş vermiş partlayışdan sonra Azərbaycan yanğınsöndürənlərinin bu yanğının qarşısını aldığını, zərərçəkmiş insanlara dəstək göstərildiyini, hazırda Azərbaycanın tibbi heyətinin Xankəndidə yerli əhaliyə xidmətlər göstərdiyini diqqətə çatdırıb.

"Rusiya sülhməramlıları 2025-ci ildən sonra da çıxıb getməyəcək. Qarabağda qalacaqlar"

Azərbaycan ordusunun ötən ay həyata keçirdiyi 24 saatdan az müddət davam edən antiterror tədbirlərindən sonra regionda yeni siyasi vəziyyət yaranıb. Artıq separatçılar təslim olub və Qarabağdakı erməni sakinlərin bir çoxu könüllü şəkildə Ermənistana gedib. Rəsmi Bakı Qarabağın erməni sakinləri ilə reinteqrasiya prosesinə start verib. Artıq onlarla erməni Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edib. Qarabağda vəziyyətin sabitləşməsindən sonra orada sülhməramlıların qalıb-qalmaması müzakirə mövzusuna çevirilib. Ötən gün Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Əsgəran, Ağdərə və Şuşa bölgələrindəki postlarını tərk etdiyini açıqlayıb. Həmçinin, Valdayda keçirilən Beynəlxalq Diskussiya Forumunda Rusiya Prezindenti Vladimir Putin sülhməramlıların statusundan danışıb.  "Azərbaycan hesab edirdi ki, sülhməramlıların statusu ilə bağlı əlavə saziş imzalamağa ehtiyac yoxdur. Azərbaycansız saziş imzalamaq isə mənasız idi. Rusiya sülhməramlılarının missiyası atəşkəsin qorunmasına nəzarət etmək idi. Orada sülhməramlıların başqa hüquqları yoxdur”, - Rusiya prezidenti bildirib. Bu gün isə Rusiyanın TASS dövlət informasiya agentliyi adı açıqlanmayan mənbələrə istinadən yazıb ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək. Bütün bunların fonunda Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxacağı ilə bağlı fikirlər ortaya atılıb. Həqiqətən bu mümkündürmü? Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib ki, Rusiya sülhməramlıların kimisə qorumasına ehtiyac qalmayıb: “10 noyabr 2020-ci il tarixli sənəddə Rusiya sülhməramlılarının hansı missiyaları həyata keçirməli olduğu təsbit olunmuşdu. Lakin səmimi desək, sülhməramlılar ərazimizə gələndən öhdəliklərini həyata keçirmək yerinə, separatçıları, terrorçuları, cinayətkarları qorumaqla, onların fəaliyyətinə şərait yaratmaqla məşğul oldu. Bir sözlə, separatçılarla əməkdaşlıq yolunu tutdular. Ötən 3 il ərzində Azərbaycan ərazisinə silah-sursat daşınmasında sülhməramlılar da iştirak etdi. Azərbaycan 44 günlük müharibə ilə BMT-nin qəbul etdiyi 4 qətnaməni necə icra etdisə, eləcə də 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə sülhməramlıların həyata keçirməli olduğu işləri həyata keçirdi. Yəni erməni silahlılarını ərazidən çıxarmalı olduğu halda, Azərbaycan bunu antiterror tədbirləri ilə özü etdi. Bu gün ərazilərimizdə Ermənistana aid silahlı birləşmələr yoxdur. Separatçıların başçılarının müəyyən qismi həbs olunub, digərləri də həbs olunacaq. Bunların sayı çoxdur. Təbii ki, bunlar haqqında Azərbaycan hüquq-mühafizə orqanlarında kifayət qədər məlumatlar var.  İmkan olduqca, onlar da həbs olunacaq. Belə olan halda, Rusiya sülhməramlıları kimi kimdən qoruyacaq? Artıq kimlərinsə, təhlükəsizliyinin təmin edilməsindən söhbət gedə bilməz. Onların ərazimizdə missiyası başa çatmış hesab olunur”. Deputat Rusiya sülhməramlılarının ərazidən nə vaxt çıxacağı ilə bağlı məsələyə də toxunub: “Rusiya Federasiyasının Prezidenti cənab Putin Valday klubundakı çıxışında sülhməramlıların heç bir missiyasının qalmadığını deyib. Qarabağ məsələsi artıq başa çatıb. Sülhməramlıların orada daha icra edəcəyi vəzifə yoxdur. Onların nə vaxt və necə gedəcəyi artıq gedişatda, işgüzar şəraitdə müəyyən olunacaq. Ərazilərimizdə Azərbaycan Ordusundan başqa bizə qardaş və dost olan dövlətlərə aid müttəfiqlik səviyyəsində müəyyən hərbi birləşmələr ola bilər. Ancaq daha Rusiya və digər məsələlər artıq tarixdə qaldı”. Elman Məmmədov Fransa və Ermənistanın bu məsələyə razılıq verdiyini deyib: “Fransa və Ermənistan bu məsələni rahatlıqla qəbul edirlər. Guya ki, Rusiya  sülhməramlılarının Qarabağdan çıxması ilə yanaşı Ermənistanın tələbi və təzyiqi ilə Rusiyanın 102-ci briqadası da Ermənistandan çıxacaq.  Beləliklə, Fransa və başqa Avropa dövlətləri Cənubi Qafqaza ordu yeridə biləcək. Ancaq bu, onların  xam-xəyallarıdır. Ermənistan ərazisinə gələ bilərlər. Azərbaycan ərazisinə isə təbii ki, gələ bilməyəcəklər. Bir məsələ də var ki, Rusiya sıradan, asan həzm olunan dövlət deyil. Rusiya Cənubi Qafqazda, xüsusilə də, Ermənistanda öz mövqelərini qoruyub, saxlayacaq”. Hərbi ekspert Üzeyir Cəfərov isə deyir ki, Rusiya sülhməramlıları 2025-ci ildən sonra da Qarabağdan çıxıb getməyəcək: “Rusiya sülhməramlıları Qarabağda 20 əvəzinə, 25 post qurmuşdular. Yəni postların sayı əvvəlcədən razılaşdırılmış saydan çox idi. indi Əsgəran, Şuşa və Ağdərədə onların qalmasına ehtiyac yoxdur. Çünki həmin ərazilərdə erməni millətindən olan şəxs yoxdur. Oraya hələ Azərbaycan əhalisi də köçməyib. Boş ərazilərdir. Həmin postlarını tərk ediblər. Azərbaycan cəmiyyəti olaraq, Rusiya Prezidentinin dünən Valdayda keçirilmiş Beynəlxalq Diskusiyya Forumundakı çıxışına ciddi yanaşmalıyıq. Əgər kimsə, düşünürsə ki, noyabr ayında Rusiya sülhməramlıları gedəcək, mən həmin adama imkanım daxilində ən böyük hədiyyəni verməyə hazıram. Eyni zamanda son 3 gün  ərzində Rusiyada rəhbərlikdə təmsil olunan şəxslər sülhməramlılarla bağlı məsələni Azərbaycan ilə müzakirə aparacaqlarını dedilər. Çıxarılacağından söhbət getmədi. Əminliklə deyə bilərəm ki, Rusiya sülhməramlıları 2025-ci ildən sonra da çıxıb getməyəcək. Qarabağda qalacaqlar. Buna heç kəsin şübhəsi olmasın. Dünən Putinin bəzi açıqlamalarından sonra qərarımı qətiləşdirmişəm. Onlar Qarabağdan getməyəcəklər”. Hərbi ekspert Rusiya-Azərbaycan patrulunun yaradılacağını bildirib: “Azərbaycan erməniəsilli vətəndaşların Xankəndidə saxlayacaq. Onlarla azərbaycanlılar arasında Rus-Azərbaycan patrulu yaradılacaq. Ermənilərə etimad edilib, polis kimi işləmələrinə icazə verilənə qədər bu patrul işinə davam edəcək. Buna heç kəsin şübhəsi olmasın”.

Həbsdəki David İşxanyanın terrorçu Monte ilə işbirliyini təsdiqləyən foto üzə çıxdı...-FOTO

Oktyabrın 3-də Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyanyanla yanaşı, barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmiş terrorçu “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və külləri sovrulan separatçı-terrorçu rejimin keçmiş “parlament” sədri David İşxanyanın 1988-1992-ci illərdə, yəni I Qarabağ savaşı zamanı beynəlxalq terrorçu Monte Melkonyan və Xocalı canisi, Ermənistanın 3-cü terrorçu prezidenti Serjik Sərkisyanla işbirliyini təsdiqləyən foto-şəkil üzə çıxıb. Moderator.az-ın araşdırmasından bəlli olub ki, həmin fotonu öz teleqram-kanalında Edqar Elbakyan ad-soyadlı erməni paylaşıb. O, paylaşmaya şərhində xəstə erməni xislətinə uyğun aşağdakı çərənləmələri yazıb:  “Geriyə baxanda qarşımızda faciəli bir mənzərə açan xatirə şəkli... Şəhidlik yeri və azad etdiyi vətəni düşmənin əlində olan Monte, müstəqil Ermənistanın sonuncu rəhbəri olmuş Serj və Bakıda düşmən əsarətində olan David yoldaş(Araşdırmamızdan bəlli oldu ki, bu məhz David İşxanyandır-S.L.)... 1988-ci ildə Artsax hərəkatı ilə doğulmuş Ermənistan yoxdur. Biz ən gec 10-15 ildən sonra nəslin həmin müddətdə hansı Ermənistanı qura biləcəyini biləcəyik. Eposumuzda deyildiyi kimi, “ya vurarıq, ya gedərik”... Bəhs edilən foto, çox güman ki, 1991, yaxud 1992-ci ildə çəkilib. Çünki tərcümeyi-halından bəlli olur ki, həmin vaxt (1992-1995-ci illərdə)D.İşxanyan Xocavənd ərazisindəki “Martuni” batalyonlarının birinə komandirlik edib. O dövrdə həmin əraziyə məhz Monte Melkonyan nəzarət edib...Serjik Sarkisyan isə o illər (1989-1993) separatçı rejimin “özünümüdafiə” qüvvələri komitəsinə(və ya “müdafiə komitəsi”) rəhbərlik edib...  Araşdırmamıza görə, sözügedən fotonu paylaşan Edqar Elbakyan, çox güman ki, 2019-cu ilin noyabrında bir qrup erməni jurnalistlə birlikdə Bakıda səfərdə olmuş, Qız qalasının önündə şəkil paylaşmış, Bakı və Gəncədə olduqlarından məmnunluğunu ifadə etbmiş "Artsax tv" nin əməkdaşı Edqar Elbakyandır... 

Həbsdə olan separatçılar hansı azərbaycanlılarla əməkdaşlıq edib? – Şok açıqlama

“Düşünmürəm ki, həbs edilən cinayətkarlar Azərbaycan cəmiyyətinə bəlli olmayan nələrisə söyləsinlər”. Bu sözləri Yenisabah.az-a açıqlamasında hərbi jurnalist Rey Kərimoğlu deyib. Xatırladaq ki, “Caliber” nəşri separatçı rəhbərlərin istintaq prosesi zamanı açıqlayacağı adlara görə Azərbaycanda səs-küylü həbslərin olacağını iddia edib. R. Kərimoğlunun sözlərinə görə, həbs olunan şəxslərin hər biri Xocalı, Qaradağlı, Meşəli, Ağdaban və digər soyqırımında iştirak edib: “Onlar Azərbaycan xalqına qarşı cinayət törədiblər və bununla bağlı Baş Prokurorluqda kifayət qədər faktlar var. Eyni zamanda, uzun illər açıqlamalarında bunu etiraf ediblər. Bu açıqlamalar separatçıların ən ağır cəzaya məhkum olmasına əsas verir. Satqın hərbçilər, eləcə də bəzi hərbi məqamlarla bağlı iddialara gəlincə, Araik Arutyunyan başda olmaqla, digərləri də ad çəkməyəcəklər. Çünki Azərbaycanda hərbi işlərlə bağlı satqınlıq və xəyanət edən adamlar başda Nəcməddin Sadıkov olmaqla, Rusiyanın adamlarıdır. Onlar da yalnız Rusiyaya hesabat veriblər”. R. Kərimoğlu əlavə edib: “Lakin həyatdır, hər şey ola bilər. Ola bilər ki, separatçıların hərbi nöqteyi-nəzərdən açıqlamaları bəzi şəxslərin aşkara çıxarılmasına kömək etsin. Mən bu fərziyyəni inkar etmirəm, amma bu adamlar törətdiklərini təfərrüatlı şəkildə boynuna alacaq. Məsələn, Natiq Qasımovun dindirilməsi, onun sonrakı taleyi, vəziyyəti, sağdırsa, haradadır, şəhid olubsa, kim qətlə yetirib kimi suallara aydınlıq gətiriləcək.  Bildiyim bir şey var: baş verənlərin hər biri elə ağır cinayətlərdir ki, bununla bağlı Azərbaycanda tarixə düşəcək məhkəmələr qurulacaq”.

TƏBİB-dən Masallıdakı yanğınla bağlı açıqlama: 5 nəfər...

Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd olunub ki, hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.

Antiterror əməliyyatında yaralanan polis şəhid oldu

Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal xarakterli antiteror tədbirləri zamanı ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov şəhid olub. Sozcu.az xəbər verir ki, o, oktyabrın 6-da müalicə olunduğu hospitalda vəfat edib. Ə.Muradov Sabirabad rayonunun Ulacalı kəndində dəfn olunacaq. Xatırladaq ki, Muradov Əzizbəy Etibar oğlu 44 günlük Vətən müharibədə də iştirak edib. Prezident İlham Əliyevin sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Allah rəhmət eləsin!

Əliyev və Paşinyan Brüsseldə görüşəcək - Mişel

Azərbaycan və Ermənistan liderləri oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəliblər. Sozcu.az xəbər verir ki, bunu AB Şurasının rəhbəri Şarl Mişel deyib.